XALQIMIZIN MİLLİ QÜRURU VƏ İFTİXARI OLAN
ƏBƏDİYAŞAR LİDER
Bu gün xalqımızı müstəqil Azərbaycanın tarixini yaratmış, özü də Azərbaycanın tarixinə çevrilmiş dünya şöhrətli siyasətçi ümummilli liderimiz Heydər Əliyevlə 10 illik bir zaman kəsiyi ayırır. Bu zaman kəsiyi uzandıqca, çiçəklənən Azərbaycanı onun iqtisadi, siyasi tərəqqisini, artan beynəlxalq nüfüzunu gördükcə, bu dahi insanın şəxsiyyətinin böyüklüyü, uzaqgörənliyi, müdrikliyi, əvəzedilməzliyi bir daha göz önünə gəlir. İstər-istəməz onun ömür yolunu və siyasi fəaliyyətini xəyalən canlandırmalı olursan.
Hələ Sovet dönəmində, 60-cı illərin sonunda onun dövlət təhlükəsizlik orqanlarının rəhbərliyindən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilməsi ilə geridə qalmış Azərbaycanın iqtisadiyyatında, sənayesində, kənd təsərrüfatında əmələ gələn dirçəliş, milli-mənəvi dəyərlərimizə, dilimizə, hardasa dinimizə qayıdış, gənclərin tərbiyə və təhsilinə verilən önəm, onların ölkədən kənar ali təhsil ocaqlarına, eyni zamanda ehtiyac olan sahələr üzrə mütəxəssislər yetişdirilməsi üçün göndərilməsi və ayrı-ayrı iri sənaye müəssisələrinin yaradılması, onun dərin zəkası, fitri istedadı, yüksək işgüzarlığı və gərgin əməyinin məhsulu olmuşdur.
Hakimiyyətə gəldiyi ilk gündən respublikada nizam-intizam tərəfdarı olmuş, qanunçuluğun möhkəmləndirilməsi və onun aliliyinin təmin edilməsi, xüsusən bu gün “korrupsiya” adlandırılan rüşvətxorluğa qarşı qəti mübarizə əzmində olmuş və cəmiyyəti bu kimi neqativ hallara qarşı mübariz olmağa səsləmişdir.
Ulu öndərin cinayətkarlığa qarşı mübarizəyə qalxması o dövrdə tərkibində olduğumuz İttifaq rəhbərliyində eyni mənalı qarşılanmamışdır. Bütün bunlara baxmayaraq, ulu öndərin fəaliyyəti respublikanı o zamanki müttəfiq respublikalar arasında öncüllər sırasına çıxarmaq, iqtisadiyyatın bütün sahələrində, eyni zamanda elmi-tədris, mədəniyyət, incəsənət, sosial sahə, ictimai-siyasi həyatın bütün sahələrində əməli yüksəlişə nail olmaq və xalqın güzəranının yaxşılaşdırılmasına istiqamətlənmişdir.
Onun dövlət idarəçiliyi sahəsindəki bacarıq və səriştəsi, uğurlu fəaliyyəti İttifaq rəhbərliyinin diqqətini cəlb etdi. 1982-ci ilin noyabr ayında o İttifaq rəhbərliyinə yeni məsul vəzifəyə dəvət aldı. Moskvaya uçmazdan bir gün qabaq ulu öndər Heydər Əliyevin Mərkəzi Komitənin aparat əməkdaşları ilə vida görüşü keçirildi. Həmin görüş bu gün də mənim yadımdadır. Çox təsirli bir səhnə idi. Nə rəhbər işçilər, nə də sıravilər ondan ayrılmaq istəmirdilər. Zalda ağlayanların sayı-hesabı yox idi. O, özü də çox kövrəlmişdi və bildirdi ki, bu təyinat ürəyincə deyil, onun respublikada hələ başa çatdırmadığı çoxlu işləri qalıb. Amma o çox nikbin idi, görüşün sonunda bildirdi ki, bu partiyanın tələbidir və bu gün orda ona ehtiyac var.
Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilsə də, ona İttifaq üzrə ən çətin sahələrin kuratorluğu həvalə edilmişdir. Lakin Heydər Əliyev bu vəzifədə də daha əzmlə çalışır, tez bir zamanda İttifaq miqyasında da böyuk nüfuz və etimad qazanır.
Çox keçmir ki, onun malik olduğu bilik, dövlət idarəçilik qabiliyyəti, qazandığı nüfuz və etimad ətrafındakı səriştəsizlərdə qısqanclıq hissi yaradır. Bir tərəfdən də bizə düşmən kəsilmiş erməni məddahlarının təsiri ilə o, 1987-ci ildə xəstəlik adı ilə Sov.İKP MK-nın Büro üzvlüyündən və tutduğu vəzifədən azad edilib istefaya göndərildi. Elə bununla da Azərbaycanın başına gətirilən bəlaların, torpaqlarımıza erməni təcavüzünün təməli goyulmuş olur. Bədnam “qonşular” bilirdilər ki, Heydər Əliyev necə ki hakimiyyətdədir, heç vaxt onların mənfur Qarabağ xülyaları müsbət həll edilə bilməz.
İstefaya göndərildikdən bir müddət sonra ulu öndər Azərbaycanın bir hissəsi olan Naxçıvana pənah gətirmişdir. Naxçıvan əhalisi öz keçmiş rəhbərini böyük məhəbbət və qayğı ilə əhatə etmiş və təkidli tələblə onu Naxçıvan MR-nın Ali Məclisinə sədr seçmişlər. O buna razılıq vermədikdə hətta Ali Məclisin iclasları bir necə dəfə təxirə salınmışdır. Ulu öndərin Ali Məclisə seçilməsi ilə o illərdə bütün ölkəmizdə olduğu kimi, Naxçıvandakı hakimiyyət böhranına son qoyuldu və blokada şəraitində yaşayan Naxçıvan tədricən dirçəlməyə başladı.
Elə bu illərdə ulu öndərin soy kökümüzə, milli dəyərlərimizə bağlılığı və demokratik düşüncə tərzi Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adından “Sovet Sosialist” sözlərinin çıxarılması və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərindən biri olan üçrəngli bayrağın Muxtar Respublikanın dövlət rəmzlərindən biri kimi qəbul edilməsi ilə nəticələndi.
1993-cü ilin yayında Azərbaycanın dövlət hakimiyyətində yaranmış böhran və vətəndaş müharibəsi təhlükəsi o dövrdə ulu öndərə düşmən kəsilmiş şəxsləri belə Azərbaycanı düşdüyü bəlalardan qurtarmaq üçün ona üz tutmağa, onu Bakıya rəhbərliyə dəvət etməyə məcbur etdi. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya gəldi.
Onun yenidən hakimiyyətə qayıdışı ölkəmizdə bütün sahələrdə geriləmənin qarşısını aldı, dövlətimizi dağılmaqdan, beynəlxalq təcriddən, anaları oğulsuz qalmaqdan, gəncləri həyatını itirməkdən, hakimiyyəti zorla devrilmək tendensiyasından, cəmiyyəti xaos və anarxiyadan xilas etdi. ulu öndər öz gəlişi ilə Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürdü.
Ulu öndər çox gözəl bilirdi ki, hər bir ölkənin inkişafı, gələcəyi, müqəddəratı və sabitliyi onun qanunvericiliyinin mükəmməlliyi ilə ölçülür. Hələ ötən əsrin 90-cı illərində müstəqillik əldə edildikdən sonra Azərbaycanda yaranan hakimiyyətsizlik, özbaşınalıq bütün sahələrdə olduğu kimi qanunvericilik islahatlarını da arxa plana keçirmişdi.
Ölkəmizin inkişafını təmin etmək üçün mükəmməl və beynəlxalq dəyərlərə söykənən qanunvericilik toplusunun yaradılmasına ehtiyac var idi.
Azərbaycanın tarixinə nəzər salsaq görərik ki, hələ Azərbaycanın müstəqil dövlətçilik tarixinin şanlı səhifəsinin açıldığı 1918-ci il mayın 28-də Xalq Cümhuriyyəti tərəfindən xalqımızın çoxəsirlik müstəqillik və milli dövlətçilik arzularını bircə səhifəlik (preambula və cəmisi 6 bənd) mətndə əks etdirən Azərbaycanın ilk konstitusiya aktı sayılacaq sənəd - İstiqlal Bəyannaməsi qəbul edilmişdi. Gənc cümhuriyyət üçün o dövrdə bu hüquqi sənəd böyük tarixi əhəmiyyət kəsb edirdi.
1920-ci ilin aprel işğalından sonra da Azərbaycanda
bir neçə konstitusiyalar qəbul olunmuşdur.
Lakin bu konstitusiyalar sovet recimi dövrünün məhsulu
olmaqla İttifaq konstitusiyasından köçürmə idilər. Bu konstitusiyalardan yalnız
sonuncu 1978-ci il konstitusiyası mahiyətcə
əvvəlkilərdən fərqlənməsədə, həmin
sənədin bir tarixi özəlliyi var idi. Belə
ki, ilk dəfə olaraq Azərbaycan SSR-nin Əsas Qanunu Azərbaycan
dilində yazılmış və Azərbaycan dili dövlət
dili elan edimişdi. Sözsüz ki, o
dövr üçün bu çox siyasi və tarixi əhəmiyyət
kəsb etməklə məhz respublikaya o vaxt rəhbərlik
edən ulu öndərimiz Heydər Əliyevin əzmkarlığının,
siyası fəhm və üzaqgörənliyinin nəticəsi
idi.
Lakin müstəqillik əldə etdikdən sonra
artıq bu Konstitusiyada dövrün
çağırışlarına, hüquqi dövlət və
demokratik cəmiyyət quruculuğunun məqsəd və vəzifələrinə
cavab vermirdi. Ona görə də gənc müstəqil Azərbaycanın
qarşısında birinci növbədə yeni Konstitusiya
layihəsinin hazırlanması dururdu.
Azərbaycan
Respublikası Milli Məclisinin 2 may 1995-ci il
tarixli qərarı ilə ümummilli liderimiz Heydər
Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini
hazırlayan komissiyanın 34 nəfər üzvdən ibarət
tərkibi təsdiq olundu.
Yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın ilk
iclasında ulu öndərimiz geniş nitq söyləmiş
və göstərmişdir ki, “Müstəqil Azərbaycanın
ilk Konstitusiya layihəsinin hazırlanması ölkəmizin həyatında
çox böyük bir hadisədir. Ona görə də konstitusiya
yaratmaq üçün tarixi keçmişimizə nəzər
salmalıyıq, eyni zamanda ümumbəşəri dəyərlərdən,
dünyanın demokratik dövlətlərinin əldə
etdiyi nailiyyətlərdən istifadə etməli, bəhrələnməliyik...
Konstitusiya birinci növbədə dövlətlə,
hakimiyyətlə, xalqın arasında olan münasibətləri
özündə əks etdirməlidir. Hakimiyyət
bölgüsü qanunvericilik, ali icra, məhkəmə
hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə
söykənməli, seçkilər yolu ilə təmin
olunmalıdır. Dövlət xalqın işi
olmalıdır. Xalq dövlət
üçün yox, dövlət xalq üçün
olmalıdır və bu prinsiplər konstitusiyamızın əsasını
təşkil etməlidir”.
Komissiyanın iclaslarında Konstitusiya layihəsinin hər
bir maddəsi ayrı-ayrılıqda müzakirə edilirdi,
ancaq dillə bağlı maddə xüsusi müzakirəyə
səbəb oldu.
Konstitusiya
komissiyasındakı müzakirələrdən əlavə
ulu öndərin göstərişi ilə dövlət dili
ilə bağlı maddə Elmlər Akademiyasında alimlərin,
yazıçıların, şairlərin, jurnalistlərin və
dil sahəsi mütəxəssislərinin iştirakı ilə
geniş müzakirə olundu və son nəticədə
konstitusiya layihəsində dövlət dilinin Azərbaycan
dili yazılması qərara alındı.
Hazırlanmış layihə mətbuatda dərc edilməklə
ümumxalq müzakirəsinə çıxarıldı. Konstitusiya
layihəsi ilə yanaşı, “Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilər
haqqında” Qanun layihəsidə hazırlanıb qəbul
edildi və elə referendum günü ilk dəfə Milli Məclisə
demokratik prinsiplərə uyğun çoxpartiyalı sistem əsasında
həmin dövr üçün məqbul sayılan mojaritar və
proporsional qaydada seçkilər keçirildi. Azərbaycan
vətəndaşlarının 86 faizi seçkilərdə
iştirak etməklə onların 91,9 faizi
Konstitusiya layihəsinin qəbul olunmasına tərəfdar
çıxmışlar.
Azərbaycanın
bu Konstitusiyası fundamental bir sənəd kimi demokratik
inkişaf, hüquqi dövlətçilik və insan
hüquqları sahəsində mütərəqqi dünya təcrübəsinin
başlıca nailiyyətlərini özündə ehtiva edən
və Azərbaycanın müstəqil dövlətçilik
tarixinin şanlı səhifəsi sayılan, 1918-ci ildə qəbul
olunmuş İstiqlal Bəyannaməsini özündə
yaşadan, tarixi varisliyi təmin edən bir sənəd
olmuşdur.
Əgər nəzərə alsaq ki, “konstitusiya”
sözü təsis etmək, qurmaq, yaratmaq anlamını
verir, bu müdrik insanın Konstitusiyanın qəbuluna niyə
belə yüksək qiymət verməsi, onun hər cümləsini
zərgər dəqiqliyi ilə ölçüb-biçməsi
başa düşülən olur. Axı müstəqil
Azərbaycanı qurmaq yaratmaq, nəsə təsis etmək
üçün birinci növbədə onun hüquqi əsaslarını
yaratmaq lazım idi.
Əsas
Qanunumuzun preabulasında dövlətin müstəqilliyinin və
suverenliyinin qorunması ilə yanaşı demokratik
quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin
bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin
edən hüquqi, dünyəvi dövlət qurmaq,
hamının layiqli həyat səviyyəsini təmin etmək,
ümümbəşəri dəyərlərə sadiq olaraq
bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq
şəraitində yaşamaq və bu məqsədlə
qarşılıqlı fəaliyyət göstərmək
kimi ülvi niyyətlər bəyan edilmişdir.
İlk dəfə olaraq Konstitusiyada hakimiyyətin yeganə
mənbəyinin xalq olması prinsipi deklarativ şəkildə
bəyan edilmişdir. Hakimiyyət bölgüsü- qanunverici,
icra və məhkəmə hakimiyyətləri kimi öz təsbitini
taparaq onların səlahiyyətləri, hüquq və vəzifələri
dəqiq müəyyən edilmişdir.
Konstitusiyada insan hüquq və azadlıqlarının təminatına
geniş yer verilmişdir. Onun üçdən
bir hissəsi insan hüquq və azadlıqlarına həsr
edilmişdir.
Nəzərə
alsaq ki, Konstitusiya insan və vətəndaş hüquq və
azadlıqlarının, cəmiyyətin ictimai, siyasi institutlarının
fəaliyyətini, dövlətin özünü idarə
sistemini tənzimləyir, vətəndaş cəmiyyətinin
formalaşmasının və inkişafının hüquqi təminatçısıdır,
bu konstitusiyanın qəbulu çağdaş tariximizin ən
mötəbər hadisələrindən biri olmaqla, ulu öndərimiz
Heydər Əliyevin Azərbaycan dövlətçiliyi
qarşısındakı ən mühüm xidmətlərindən
biri sayılır. Çünki, əminliklə
demək olar, Konstitusiya layihəsi komissiya tərəfindən
hazırlansada onun banisi və baş memarı ulu öndər
özü olmuşdur.
Ümumbəşəri, demokratik dəyərlərə
əsaslanan Konstitusiyanın qəbulu ilə ulu öndərimizin
bilavasitə sədrliyi ilə yaradılmış hüquq
islahat komissiyası intensiv işləyərək öz əsas
qayəsini Konstitusiyadan götürən və beynəlxalq təcrübəyə
əsaslanan yeni milli qanunvericiliyimizi yaratmağa başladı. İlk
növbədə hüquq-mühafizə orqanlarının və
məhkəmələrin bilavasitə fəaliyyətini tənzimləyən
qanunlar, maddi və prosessual məcəllələr, ölkəmizin
iqtisadiyyatının inkişafına təminat verən
iqtisadi qanunlar, torpaq islahatı və özəlləşməni
tənzimləyən qanunlar hazırlanıb qəbul edildi və
bundan sonra ardıcıl olaraq demokratik təsisatların
yaradılmasına başlandı.
İlk dəfə olaraq Azərbaycan
Konstitusiyasının “məhkəmə hakimiyyəti” fəslində
demokratik təsisat olan Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi öz əksini tapdı, onun say
tərkibi, formalaşdırılması qaydası, vəzifələri
və səlahiyyətlərinin əsas prinsipləri qeyd
olundu.
14 iyul
1998-ci ildə isəmuasir hüquqi dövlətin ən vacib
institutlarından biri sayılan ali
konstitusiya nəzarəti orqanı kimi Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi yaradıldı.
Qadınların
dövlət quruculuğunda və siyasətdə daha geniş
iştirakını təmin etmək, gələcəyimiz
olan uşaqların tərbiyəsi, sağlamlığı, təhsilində
ailənin rolu önə çəkilərək ilk dəfə
Qadın Problemləri üzrə Dövlət Komitəsi və
dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin
möhkəmlənməsini, onların beynəlxalq
konvensiyalarda təsbit olunmuş hüquq və
azadlıqlarının azərbaycan dövləti tərəfindən
qorunması məqsədi ilə Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət
Komitəsi yaradıldı və digər iqdisadi qurumların
strukturları təkmilləşdirildi.
1998-ci ildə
ulu öndərin rəhbərliyi ilə Azərbaycan
qadınlarının birinci və müəlimlər
qurultaylarının, gənclər forumlarının
keçirilməsi, 2001-ci ildə isə Bakı şəhərində
Dünya Azərbaycanlılarının 1-ci Qurultayının
keçirilməsi bu sahədə konstitusyon vəzifələrin
yerinə yetiriilməsinin təntənəsinə
çevrildi.
1998-ci ildə keçmiş possovet məkanında ilk dəfə
Azərbaycanda ölüm cəzası ləğv edildi, mətbuatda
senzuraya son qoyuldu. 1999-cu ildə beynəlxalq standartlara
uyğun olaraq istintaq təcridxanaları Daxili İşlər
Nazirliyinin tabeliyindən çıxarılıb Ədliyyə
Nazirliyinə verildi.
1998-ci ilin dekabrında ilk dəfə olaraq hakimiyyətin
bir qolu olan məhkəmələrin beynəlxalq meyarlara
uyğun olaraq seçimini təmin etmək üçün
Azərbaycan Respublikası Prezidentinin yanında Məhkəmə-Hüquq
Şurası yaradıldı və 2000-ci ilin yayında ilk dəfə
olaraq məhkəmələr yazılı test imtahanı və
şifahi müsahibədən keçmə yolu ilə
seçilmiş hakimlərdən formalaşdırıldı. Məhkəmə
sisteminin üçpilləliyinin və müstəqilliyinin təmin
edilməsi, bu prosesin şəffaf və ictimaiyyətin
nümayəndələrinin nəzarəti altında
keçirilməsi, yeni yaradılmış məhkəmələrə
ədalət mühakiməsinin yüksək səviyyədə
həyata keçirilməsini təmin edəcək
binaların ayrılması, hakimlərin sosial müdafiəsinin
gücləndirilməsi üçün zəruri tədbirlər
görüldü.
Vətəndaş cəmiyyətinin və xalq idarəçiliyinin
atributlarından biri olan yerli özünüidarə təsisatlarına
- bələdiyyələrə seçkilərin keçirilməsi
1999-cu ildən başlayaraq ardıcıl olaraq təmin edildi.
Ölkəmizdə demokratik təsisatlar olan İnsan
Hüqları üzrə Elmi-Tədqiqat və İnsan
Hüquqları üzrə Müvəkkil (Ombudsman)
İnstitutları yaradıldı.
Ulu öndərin rəhbərliyi ilə həyata
keçirilən demokratik proseslər ölkəmizi hərtərəfli
inkişafa apararaq nəinki onun iqdisadi cəhətdən
qüdrətlənməsinə, eyni zamanda nüfuzlu beynəlxalq
qurumların bərabər hüquqlu üzvlüyünə qəbul
edilməsinə təminat yaratdı.
Bu gün qürurla deyə bilərik ki, ulu öndərimizin
banisi, memarı və müəllifi olduğu müstəqil Azərbaycanın
ilk demokratik Konstitusiyası yaşayır və ölkəmizi
daha yüksək inkişafa aparır. Ümummilli liderimizin
siyasi kursunun layiqli davamçısı dövlət
başçımız cənab İlham Əliyev öz
gündəlik fəaliyyətində daim Konstitusiyaya istinad edərək
dövlətçiliyimizi, iqdisadiyatimizi və cəmiyyətimizi
daha mütərəqqi inkişafa aparır, daha yüksək
və qlobal uğurlara imzalar atır. Bunu
hazırda ölkəmizdə həyata keçirilən, xalq tərəfindən
dəsdəklənən və müsbət nəticələri
beynəlxalq qurumlar tərəfindən etiraf olunan genişmiqiyaslı
dövlət proqramlarının reallaşması, iqdisadi,
sosisal və mədəni siyasətin nəticələri təsdiq
edir.
Azərbaycan hazırda dünya dövlətləri
arasında söz sahibinə, Cənubi Qafqazın isə ən
qüdrətli dövlətinə çevrilmişdi. 2010-cu ilin sentyabrın 1-dən
paytaxtımızın möhtəşəm Dövlət
Bayrağı Meydanında müstəqilliyimizin,
xalqımızın mili mənsubiyyətinin, tarixinin, mənəvi
dünyasının rəmzi olan dünyada ən hündür
və böyük ölçülü üçrəngli
bayrağımızın vüqarla dalğalanması, eləcə
də Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizllik Şurasının üzvlüyünə
qəbul edilməsi bir daha deyilənlərin sübütu və
ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu siyasi xəttin, dövlət
başçımız İlham Əliyevin isə müdrik
diplomatiyasının uğurlu nəticəsidir.
Bu gün
ulu öndərin adını daşıyan Fondun və onun rəhbəri,
Milli Məclisin deputatı, bir necə nüfuzlu beynəlxalq
qurumların üzvü olan xanım Mehriban Əliyevanın rəhbərliyi
ilə həyata keçirilən ölkəmizdə təhsilin,
səhiyyənin, incəsənətin, mədəniyyətin
inkaşıfına yönəlmiş uğurlu layihələr
xalqımız tərəfindən yüksək dəyərləndirilir
və təqdir edlir.
Min təssüf ki, bu gün ulu öndər cismani olaraq
aramızda yoxdur. O, hamı üçün müvəqqəti olan,
dünyasını dəyişərək əbədiyyətə
qovuşmuşdur. Lakin ulu öndər bizim
üçün cicəklənən Azərbaycan,
bütün dünyanın nəzər diqqətinin yönəldiyi
müstəqil milli dövlət və öz sözünü
istənilən səviyyədə deyə bilən İlham
Əliyev kimi dövlət başçısı qoyub
getmişdir. Bu, ulu öndərin Azərbaycan
xalqı qarşısında ən böyük xidmətlərindən
biridir. Ulu öndərin ölkəmiz, xalqımız
üçün gördüyü işləri, Azərbaycanı
və millətimizi dünyada tanıtdırmasını
yüksək qiymətləndirən xalqımız möhtərəm
Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək
ulu öndərin qoyduğu siyasi, iqtisadi, beynəlxalq xəttin
daha yüksək səviyyədə həyata keçirilməsində
ona yardımçı olur və olacaqdır.
Bu gün
yeni məzmun və keyfiyyətdə inkişaf edən Azərbaycanı
səviyyəsinə görə 10 il bundan
əvvəlki Azərbaycanla müqayisə etmək, əlbəttə
ki, insafsızlıq olar. Əbəs yerə
demirlər ki, hər şeyin zamana ehtiyaci var. Zaman ən ədalətli
hakimdir. Bu gün müstəqilliyimizin 22-ci il dönümünü yaşayırıq.
Amma bu qısa müddətdə bir əsrdə görülə
biləcək inkişaf prosesi keçmişik və bu proses həyatımızın
bütün sahələrini iqtisadiyyat,elm,
təhsil, incəsənət, mədəniyyət, texnologiya və
sair əhatə etmişdir. Əminik ki, müstəqilliyimizin
üçüncü onilliyinin uğurları bundan qat-qat
artıq olacaq. Elə bugünkü
inkişafın maddi təminatının əsası da demək
olar ki, ulu öndərimiz tərəfindən hələ
1994-cü ildə bağlanmış “Əsrin Müqaviləsi”
və digər neft konraktları ilə qoyulmuşdur.
Ulu öndərimizin gördüyü titanik işləri
və onların əhəmiyyətini bir yazıda əhatə
etmək qeyri mümkündür. Bu gün
xalqımızın əfsanəvi qəhrəmanına
çevrilən o dahi insanın kəlamları gənclərimizin
dilinin əzbərinə çevrilib. Onun
heykəlləri təkçə mərmər, bürünc,
daşdan deyil, öz vətənini, xalqını, dövlətini
və dövlətçiliyini sevən hər bir insanın qəlbində
qurulub, bu sevgi və ehtiram isə əbədidir. Azərbaycan var olduqca, yaşadıqca Heydər
Əliyev fenomeni xalqımızın milli qüruru və iftixarı
olaraq əbədi yaşayacaqdır.
Bu gün ulu öndərin əbədiyyət məkanı
olan məzarı xalqımızın and yerinə
çevrilib.
Mən də bu kiçik yazımla son günlər
onun əziz xatirəsinə deyilənlərə qoşulub “əbədiyyət
məkanın nurla dolsun, ULU ÖNDƏR”, deyirəm.
Südabə Həsənova,
Konstitusiya Məhkəməsinin Hakimi.
Respublika.-2013.- 12
dekabr.- S.1;3.