Meliorasiya və su təsərrüfatı sisteminin misilsiz himayədarı

 

  

Müstəqil Azərbaycan Republikasının bugünkü dövlət quruluşu modelinin banisi, yaradıcısı, qurucusu və ona əbədi həyat bəxş edən şəxs ümummilli liderimiz Heydər Əliyevdir. Ulu öndərimizin həyat salnaməsini diqqətlə araşdırdıqda əmin olursan ki, o, bütün ömrü boyu doğma xalqı barəsində düşünüb, bütün şüurlu həyatını canı ilə, qanı ilə sevdiyi Azərbaycanın tərəqqisinə həsr edib. Gənclik illərində də, sonra da müxtəlif məsul vəzifələrdə çalışdığı, vəzifə pillələri ilə addım-addım irəlilədiyi vaxtlarda da Azərbaycan xalqının taleyi onu həmişə düşündürmüşdür.

“Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir”.

 Dahi Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna yeri və xidmətlərini dəqiq müəyyən edən bu sözlər “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamından götürülmüşdür. Ölkəmizdə meliorasiya və su təsərrüfatı sahəsinə maraq XIX əsrin ikinci yarısından başlanılmasına baxmayaraq, meliorasiya və irriqasiyanın intensiv inkişafı, geniş meliorasiya potensialının yaradılması, sahə üzrə perespektiv proqramların qəbul edilməsi ulu öndərimizin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərə təsadüf edir. Bu illərdə onun rəhbərliyi, şəxsi təşəbbüsü və bilavasitə köməkliyi ilə sahədə böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə-axtarış institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradılmışdır.

1969-cu ildə, ulu öndərimiz respublika rəhbərliyinə gəldikdən sonra kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında Mərkəzi Komitənin və İttifaq hökumətinin bir neçə tarixi qərarının qəbul olunmasına nail oldu. Bunlardan “Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında” (1970-ci il), “Azərbaycanda kənd təsərrüfatı istehsalının daha da intensivləşdirilməsi tədbirləri haqqında” (1975-ci il), 1976-1980-ci illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” (1976-cı il) qərarlarını göstərmək lazımdır. Bu qərarlarla kənd təsərrüfatı istehsalının yüksəldilməsi, onun intensivləşdirilməsi və ixtisaslaşdırılması əsasında respublika iqtisadiyyatının gələcək dinamik inkişaf proqramları qəbul olunmuşdur.

Ulu öndərimizin şəxsi təşəbbüsü ilə keçmiş SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin tabeliyində xüsusi tikinti təşkilatı — “Azərsutikinti” Baş idarəsi yaradıldı. Respublikanın meliorasiya və su təsərrüfatına İttifaq hökuməti tərəfindən sərmayə qoyuluşu qat-qat artırıldı. 1970-1980-cı illərdə bir sıra mühüm əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektləri inşa edilib istismara verildi.

Həmin illərdə Sərsəng, Madagiz, Araz, Arpaçay, Sirab su anbarları və su elektrik stansiyaları, Mil-Muğan hidroqovşağı, Tərtərçay, Baş Mil-Muğan hidroqovşağı, Tərtərçay, Baş Mil, Yuxarı Mil, Yeni Xan qızı, Caqar-cibir magistral kanalları, Naxçıvan MR-də üçpilləli Qaraçuq və ikipilləli Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Abşeron suvarma sistemi, Zaqolovoçay su anbarı, Lənkərançay su anbarı kompleksi, Mərkəzi-Muğan və Cənub-Şərqi Şirvan qış otlaqlarının su təminatı sistemləri və s. kimi yüzlərlə obyekt tikilib istifadəyə verilmişdir ki, bu da respublikanın müxtəlif zonalarında münbit torpaq sahələrində yüksək məhsul götürülməsinə imkan vermişdir.

Ümumiyyətlə, ulu öndərimizin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə meliorasiya və su təsərrüfatı kompleksinə Sovet hakimiyyəti dövrünün əvvəlki 50 ili ərzində qoyulan vəsaitdən 2 dəfə artıq vəsait yönəldilmişdir. Həmin illərdə aparılmış geniş quruculuq işləri nəticəsində suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artmış, kənd təsərrüfatı sahəsində böyük nailliyyətlər əldə olunmuşdur.

Bu dövrdə sel və daşqın sularından mühafizə məqsədilə Kür çayı boyunca 124 kilometr uzunluğunda torpaq mühafizə bəndləri tikilmiş, dağ və dağətəyi çaylarda 45 kilometr uzunluğunda yığma-beton, daş-beton bəndlər quraşdırılmışdır.

1970-ci ildəkinə nisbətən 1983-cü ildə Azərbaycanda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 2,2 dəfə artmışdır. Bitkiçilik üzrə bu göstərici 2,6 dəfə, heyvandarlıq sahəsində isə 1,7 dəfə yüksək olmuşdur.

Müstəqil Azərbaycan dövlətinin xilaskarı missiyasını həyata keçirən Heydər Əliyev fəaliyyətə başlayanda bütün sahələrdə olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsində də böhranlı vəziyyət hökm sürürdü. Böyük zəhmət və külli miqdarda vəsait hesabına yaradılmış qurğular, suvarma sistemləri qəza halına düşmüşdü, sahənin fəaliyyətinə və inkişafına ayrılan sərmayənin həcmi heçə endirilmişdi. Bizim böyük xoşbəxtliyimizdir ki, dövlətçiliyin bütün incəliklərini bilən bu əvəzsiz insan ölkənin ağır məqamında imdadımıza çatdı.

Heydər Əliyevin qısa bir müddətdə həyata keçirdiyi titanik işlər bütün dünyanı heyran qoydu. Daxildən və xaricdən törədilən əngəllərə baxmayaraq, az vaxt ərzində ölkədə sabitlik yaradıldı, əsas milli sərvətimiz sayılan yanacaq ehtiyatları hərəkətə gətirildi, dünyanın aparıcı ölkələrin güclü maliyyə imkanlarına malik şirkətləri ilə 30 il müddətinə “Əsrin müqaviləsi” bağlandı və beləliklə, iqtisadiyyatın bütün sahələrində islahatlara geniş meydan açıldı.

Aqrar sahədə həyata keçirilən islahatlarla paralel meliorasiya və su təsərrüfatında da islahatların aparılması başlandı. İlk növbədə islahatların normativ hüquqi bazası yaradıldı. Bu məqsədlə 30-dan artıq normativ hüquqi sənəd hazırlandı. 1996-cı ildə “Meliorasiya və İrriqasiya haqqında”, 1997-ci ildə “Azərbaycan Respublikasının Su Məcəlləsi”, 2003-cü ildə “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” qanunlar qəbul edildi.

“Meliorasiya və İrriqasiya haqqında” Qanunla meliorasiya və irriqasiya sahəsində fəaliyyətin əsas istiqamətləri və prinsipləri, meliorasiya və irriqasiya obyektlərinin mülkiyyət hüququ müəyyənləşdirildi. Azərbaycan Respublikasının “Su Məcəlləsi” ölkəmizdə su münasibətlərinin tənzimlənməsi yolunda uğurlu bir addım olmuşdur.

Azərbaycan meliorativ fondunun əksər hissəsi dövlət əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektləri və onların istismarı müəssisələri olduğundan, su anbarları, rayonlararası magistral kanallar və kollektorlar, təsərrüfatlararası suvarma kanalları və kollektorlar, selötürücülər, iri nasos stansiyaları, hidroqovşaqlar, qışlaqların su təminatı sistemləri, Kür-Araz və dağ çayları boyunca mühafizə bəndləri, irriqasiya meşə zolaqları, rejim müşahidə quyuları, istismar müəssisələri və sair özəlləşdirilməsi qadağan olunan müəssisə və obyektlərin sırasına daxil edildilər.

Ulu öndərimiz Heydər Əliyevin idarəetmə işinin təkmilləşdirilməsi ilə bağlı verdiyi göstəriş və tövsiyələri rəhbər tutaraq, Meliorasiya və Su Təsərrüfatı ASC-nin (o dövrdə Komitə idi) mərkəzi aparatı və yerli idarəetmə orqanlarının yeni strukturu və yeni əsasnaməsi hazırlandı. “Meliorasiya və irriqasiya haqqında” qanuna uyğun 1997-ci il yanvarın 1-dən respublikada mərhələ-mərhələ sudan pullu istifadəyə keçilməsinə başlandı.

Suvarma suyunun paylanmasını, sudan səmərəli istifadə olunmasını, su ödənişlərinin toplanmasını təmin etmək, sudan istifadə zamanı meydana çıxan mübahisələri və digər məsələləri həll etmək məqsədilə könüllülük prinsipləri əsasında torpaq mülkiyyətçiləri və su istifadəçiləri tərəfindən yerlərdə Sudan İstifadəedənlər birliklərinin yaradılmasına başlandı.

Müəyyən təşkilati çətinliklər olmasına baxmayaraq, görülmüş tədbirlər nəticəsində respublika üzrə Sudan İstifadəedənlər birliklərinin yaradılması başa çatdırılmış, bütün suvarılan sahələri əhatə edən 547 SİB yaradılmışdır.

Hazırda Səhmdar Cəmiyyəti tərəfindən istismar olunan suvarma və kollektor-drenaj şəbəkələrinin böyük əksəriyyəti əvvəllər kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin balasında olmuş daxili təsərrüfat sistemləridir. Respublikamızda aparılan aqrar islahatlar nəticəsində kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələri ləvğ olunduqdan sonra bu şəbəkələr bir müddət sahibsiz qaldığından və baxımsızlıq üzündən istismara yararsız vəziyyətə düşmüşdü. Bir çox şəbəkələr, xüsusilə dəmir-beton novlu suvarma və qapalı şəbəkələr dağılıb sıradan çıxmışdı.

Respublika Nazirlər Kabinetinin müvafiq qərarına əsasən bu şəbəkələr 2000-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansına götürüldü və onların təmir-bərpasına və tənzimlənməsinə başlandı. Təsərrüfatdaxili suvarma və kollektor-drenaj sistemlərinin dövlət himayəsinə götürülməsi ulu öndərimizin respublikada sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsi olmaqla, bu sistemlərin tamamilə məhv olması təhlükəsini aradan qaldırdı.

İstismar tədbirləri və əsaslı təmir hesabına bu şəbəkələrdə hər il müəyyən həcmdə təmir-tənzimləmə işləri aparılır və onların normal istismarı təmin edilir. Hər il 3,5 min kilometrdən artıq kollektor-drenaj, 11 min kilometrdən çox suvarma kanalları lildən təmizlənir, onların üzərində 6 mindən artıq hidrotexniki qurğu, mindən çox hidropost, 3 min ədəddən çox subartezian quyusu nasoslarının təmiri işləri yerinə yetirilir.

Ulu öndərimizin göstərişləri əsas tutularaq, xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Sahəyə investisiya qoyuluşunun səmərəliliyini təmin etmək məqsədi ilə tikintisi yarımçıq qalmış 11 obyekt seçildi və onlardan iqtisadiyyatımız üçün son dərəcə vacib olan üç obyektin (Baş Mil-Muğan kollektoru tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Naxçıvan MR-də Vayxır su anbarı tikintisinin) birinci növbədə maliyyələşdirilməsi qərara alındı.

Baş Mil-Muğan kollektorunun tikintisnə 1985-ci ildə başlanmış və onun ümumi uzunluğundan 90 kilometrlik birinci buraxılış obyektinin tikintisi 1994-cü ildə istismara verilmişdir. Kollektorun 52,7 kilometrlik ikincı hissəsinin tikintisinə İslam İnkişaf Bankının krediti hesabına 1998-ci ildə, kollektorun Araz çayı ilə kəsişməsində dükerin tikintisinə Dünya Bankının krediti hesabına 2000-ci və 2002-ci illərdə başa çatdırılmışdır.

Dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına bütövlükdə 1993-2003-cü illərdə əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədi ilə 12530 metr suvarma kanalları və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 369200 metr kollektor-drenaj şəbəkəsi tikilmiş və bərpa edilmiş, çaylarda sel və daşqın təhlükəsizliyinin qarşısının alınması üçün 14603 metr mühafizə bəndləri tikilib istifadəyə verilmişdir.

Bu gün biz fəxrlə deyə bilərik ki, Azərbaycanda meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, bu sahə üzrə həyata keçirilmiş əzəmətli işlərin və əldə edilmiş nailiyyətlərin həm müəllifi, həm də təşkilatçısı Heydər Əliyevdir. Eləcə də əvvəlki illərdə həyata keçirilmiş meliorativ quruculuq işləri nəticəsində respublikamızda 53 min kilometr suvarma kanalları, 31 min 578 kilometr kollektor-drenaj şəbəkələri, 116 min 695 hidrotexniki qurğu, 135 su anbarı, 16 hidroqovşaq, 978 nasos stansiyası, 7 min 693 subartezian quyusu, 2037 kilometr mühafizə bəndləri, 3 min 40 kilometr boru kəmərlərindən ibarət muasir tələblərə cavab verən nəhəng meliorasiya və su təsərrüfatı kompleksi yaradılmışdır. Suvarılan sahələr 1432,8 min hektara, meliorasiya olunmuş sahələr 609,4 min hektara çatdırılmışdır.

Fəxr etməyə dəyər ki, ulu öndərimizin qurub yaratdığı müstəqil Azərbaycan Respublikası bu gün etibarlı əllərdədir. Prezident kimi fəaliyyət göstərdiyi dövrdə cənab İlham Əliyev sübuta yetirdi ki, o, ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısıdır.

Cənab İlham Əliyevin təşəbbüsü ilə təsdiq olunub uğurla başa çatdırılan “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və qəbul edilən İkinci Dövlət Proqramı qeyri-neft sahəsi, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafında mühüm rol oynamışdır.

Möhtərəm Prezidentimizin 2007-ci il noyabr ayının 8-də Taxtakörpü su anbarının, 2009-cu ilin may ayının 25-də Şəmkirçay su anbarının SES-lə birlikdə təməlqoyma, 2010-cu ilin aprel ayının 29-da Cəlilabad rayonunda tikintisi başa çatdırılmış Göytəpə su anbarının və 15 avqust 2011-ci il tarixində Vəlvələçay-Taxtakörpü kanalının 10,7 kilometrlik birinci mərhələsinin açılış mərasimlərində iştirak etməsi, Taxtakörpü su anbarında tikintinin gedişi ilə tanış olaraq tikinti işlərinin yüksək keyfiyyətlə başa çatdırılması üçün tapşırıq və tövsiyələrini verməsi bunun bariz sübutudur. 2011-ci il noyabr ayının 16-da Qax rayonunda Hamamçay çayı üzərində tikilmiş körpünün açılış mərasimlərində iştirak etməsi və İlisu kəndinin sel və daşqın sularından mühafizəsi üzrə aparılan sahilbərkitmə işləri ilə tanış olması, cari ilin iyulun 19-da Dövlət Neft Fondunun vəsaiti hesabına tikintisi başa çatdırılmış Vəlvələçay-Taxtakörpü kanalının ikinci mərhələsinin istifadəyə verilməsi və Taxtakörpü su anbarının su ilə doldurulmasına başlanılması, iyul ayının 18-də Siyəzən,19-da Şabran şəhərlərində, 14 avqust tarixində İsmayıllı və 4 sentyabr tarixində Yardımlı şəhərlərində içməli su xəttinin və kanalizasiya şəbəkəsinin, sentyabr ayının 28-də Taxtakörpü Su Anbarının (su elektrik stansiyası ilə birlikdə) və ondan su götürən Taxtakörpü-Ceyranbatan kanalının istifadəyə verilməsi mərasimlərində iştirak etməsi də cənab Prezidentin ölkədə meliorasiya və su təsərrüfatı sisteminin inkişafına olan ardıcıl qayğısından xəbər verir.

Onun fərman və sərəncamları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarında və Tədbirlər Planında nəzərdə tutulmuş meliorasiya və su təsərrüfatı obyektlərində xarici investisiyalar, Dövlət Neft Fondu və dövlət büdcəsində əsaslı vəsait qoyuluşu hesabına 2012-ci ildə 2003-cü ilə nisbətən 31 dəfə çox tikinti, yenidənqurma və bərpa işləri aparılmışdir.

Sahəyə ayrılan investisiya vəsaitinin həcmi 2003-cü illə müqayisədə 2012-ci ildə 48 dəfəyə qədər artmışdır. Bunun nəticəsi olaraq ümumilikdə 2003-2012-ci illərdə respublikanın rayonlarında 1481 kilometr suvarma kanallarının, 1036 kilometr kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması və bərpası aparılmışdır. 722 ədəd subartezian quyuları qazılmış, 126 min hektar sahədə torpaqların su təminatı və 153 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılmış, 16 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə verilmişdir. Eyni zamanda sel və daşqınlara qarşı dağ çaylarında 165 km sahilbərkitmə işləri, Kür-Araz çaylarında isə 780 kilometr uzunluğunda bəndlərin möhkəmləndirilməsi işləri görülmüşdür.

Respublika üzrə ötən il bütün kənd təsərrüfatı bitkiləri 1353,7 min hektar sahədə orta hesabla 3,3 dəfə, o cümlədən taxıl 567323 hektarda 2,4 dəfə, pambıq 31192 hektarda 3,1 dəfə, tütün 1332 hektarda 3,6 dəfə, bostan-tərəvəz 70758 hektarda 4,8 dəfə, çoxillik əkmələr 83714 hektarda 3,4 dəfə və həyətyanı sahələr 156373 hektarda 4,6 dəfə suvarılmışdır. Bütün suvarma mənbələrindən 7,0 milyard kubmetr su götürülmüş və ayırıclardan su istifadəçilərinə 5,0 milyard kubmetr su verilmişdir. Torpaq eroziyasına və su itkilərinə qarşı mübarizə məqsədi ilə kanallar, kollektorlar və su təsərrüfatı obyektləri boyunca 160 hektar sahədə yeni meşə zolaqları salınmışdır.

2012-ci ildə cəmiyyətin sənaye müəssisələrində 6975 min manat dəyərində məhsul istehsal olunmuşdur. Hidrotexniki qurğuların təmirində və yenidən qurulmasında istifadə olunan müxtəlif adda 250 ton metal konstruksiya, 102 ədəd elektrik mühərriki təmir edilmiş, nasoslar üçün 260 min manatlıq ehtiyat hissələri hazırlanmış, müxtəlif sazlama-quraşdırma və servis xidmətləri həyata keçirilmişdir.

2003-2012-ci illərdə ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edən bir sıra meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi işləri başa çatdırılmışdır.

Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan kollektorunun tikintisi 2006-cı ildə başa çatdırılaraq Mil-Qarabağ kollektoru ilə birləşdirilmişdir.

Samur-Abşeron suvarma sistemində kanalın qurğularla birlikdə ilk 50 kilometrlik hissəsinin və 188 kilometrlik uzunluğunda təsərrüfatlararası kanalların yenidənqurulması işləri Dünya Bankının maliyyələşdirməsi ilə 2007-ci ildə, 67,2 kilometr uzunluğunda Xanarx kanalının tikintisi İslam İnkişaf Bankının maliyyələşdirməsi ilə 2006-cı ildə başa çatdırılmışdır. Xanarx kanalının istifadəyə verilməsi ilə respublikanın şimal zonasında yerləşən 62,6 min hektar ərazidə, o cümlədən Qusar rayonunda 10,4 min hektar, Xaçmaz rayonunda 40,8 min hektar, Şabran rayonunda 11,4 min hektar torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılmışdır.

Bütün maliyyə mənbələrindən ayrılan vəsait hesabına 2003-2012-ci illərdə respublikanın sel və daşqın təhlükəli çaylarında 166732 metr sahilbərkitmə tədbirləri həyata keçirilmişdir ki, bu da əvvəlki 30 il ilə müqayisədə dəfələrlə çoxdur

Yalnız Asiya İnkişaf Bankının krediti ilə həyata keçirilən “Selə qarşı tədbirlər” layihəsi çərçivəsində 2006-2008-ci illərdə respublikanın 11 rayonunda sel və daşqın təhlükəli çaylarda və Naxçıvan MR-in Şərur rayonunda Araz çayında 34089 metr uzunluğunda sahilbərkitmə işləri yerinə yetirilmişdir. Bu tədbirlərin yerinə yetirilməsi nəticəsində respublikada 80 min hektar ərazinin, 215 min nəfər əhalinin məskunlaşdığı 5 şəhər və 43 kəndin sel və daşqın təhlükəsindən müdafiəsi təmin edilmişdir.

Dünya Bankının krediti ilə 140 min hektar suvarılan sahələrə xidmət edən Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağının, respublikanın 9 rayonunun və Naxçıvan MR-in (Babək və Şərur rayonları) 52 min hektara yaxın ərazisində suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işləri 2010-cu ildə başa çatdırılmış, 2011-ci ildən isə respublikanın daha 15 rayonunda 85 min hektar ərazidə SİB-lərin inkişafına dəstək məqsədi ilə təsərrüfatdaxili suvarma-drenaj şəbəkələrinin təmir-bərpasına başlanılmışdır.

Ölkə əhalisinin daxili istehsal hesabına çörək və çörək məhsulları ilə təmin edilməsi məqsədi ilə iri taxılçılıq təsərrüfatlarının yaradılması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırığın icrası olaraq Yuxarı Mil kanalının 10,7 kilometrlik hissəsinin tikintisi tamamlanmış, Beyləqan və Ağcabədi rayonları ərazilərində 4800 ha sahədə özəl taxılçılıq təsərrüfatları yaradılmışdır. Cari ildə Füzuli və Ağcabədi rayonlarının ərazilərində 5725,6 hektar torpaq sahələrində iri taxılçılıq təsərrüfatlarının yaradılması məqsədi ilə “Yuxarı Mil kanalının tikintisinin davam etdirilməsi obyekti daxilində kanalın 4,75 kilometrlik hissəsinin və onun üzərində 2 ədəd nasos stansiyasının tikintisi və 2,3 kilometr hissədə kanalın yenidənqurulması”, “Hacıqabul rayonunun Muğan, Padar qəsəbələrində və Qarasu kəndində torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədi ilə tədbirlərin görülməsi” obyekti daxilində Hacıqabul magistral kanalının 4,3 kilometrlik hissəsinin və Padar magistral kanalının tikintisi işləri aparılmışdır.

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı Abşeron magistral kanalının 20 kilometrlik hissəsində yenidənqurma işləri aparılmış, Xəzər rayonunun Zirə qəsəbəsi, Sabunçu rayonunun Bilgəh, Suraxanı rayonunun Hövsan və Abşeron rayonunun Goradil kəndlərinin 2917 hektar əkin və həyətyanı sahələrinin su təminatının yaxşılaşdırılması və 2146 hektar yeni suvarılan sahələrin istifadəyə verilməsi üçün nasos stansiyalarının, suyığıcı hovuzların və 25,0 kilometr təzyiqli və 62,6 kilometr uzunluğunda suvarma boru kəmərlərinin tikintisi və təmir-bərpası üzrə işlər yerinə yetirilmişdir. Eyni zamanda Suraxanı rayonunun Zığ, Sabunçu rayonunun Zabrat, Maştağa, Kürdəxanı, Abşeron rayonunun Novxanı, Fatmayı, Saray, Məhəmmədi, Mehdiabad və Digah qəsəbələri üzrə layihə sənədləri hazırlanmışdır.

Tikintisinə 2009-cu ildə başlanılmış Şəmkirçay su anbarının tikintisinin başa çatdırılması ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 50122 hektar torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq, 20834 hektar yeni sahələrin suvarılması təmin ediləcəkdir. Bununla yanaşı, Gəncə, Şəmkir və Samux rayonlarına saniyədə 1,6 kubmetr içməli su veriləcəkdir.

Hacıqabul rayonunda Pirsaat, Şamaxı rayonunda Zoqalavaçay su anbarlarında əsaslı təmir işləri başa çatdırılmış, Tovuz rayonunda Tovuzçay su anbarının tikintisi üzrə işlər davam etdirilir.

İşğal zonası ilə təmas xəttində və sərhəd ərazilərdə yerləşən Ağdam, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Ağstafa, Qazax, Samux, Göygöl və Şəmkir rayonlarının ərazilərində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədi ilə 26,4 kilometr uzunluğunda suvarma şəbəkəsi və təzyiqli boru kəmərləri tikilmişdir.

Dünya Bankının krediti hesabına respublikanın Şabran və Siyəzən rayonlarında içməli su təchizatı və kanalizasiya sistemlərinin bərpası və tikintisi işləri başa çatdırılmış, Ağsu, İsmayıllı, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonlarında isə bu işlər uğurla davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 15 may 2013-cü il tarixli 2894 nömrəli sərəncamı ilə respublikanın əhalisi 310 min nəfərdən çox olan 29 rayonunun 104 yaşayış məntəqəsində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmiş 107 ədəd subartezian quyusunun qazılması işləri başa çatdırılmışdır.

Ümumilikdə respublikanın rayonlarında 209204 metr suvarma kanalarının, 161825 metr suvarma kanallarının, 161825 metr kollektor-drenaj şəbəkələriin tikintisi, yenidən qurulması və bərpası aparılmış, 92550 metr qapalı suvarma şəbəkəsi və 3701 metr uzunluğunda təzyiqli metal boru xətti çəkilmiş, 7828 hektar sahəyə torpaqların su təminatı və 5947 hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılmış, 874 hektar suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə verilmişdir.

Dövlətimizin qayğısına söykənən Azərbay

can Meliorasiya və Su Təsərrüfatı ASC-nin çoxminli kollektivləri ölkənin meliorasiya və su təsərrüfatı sistemində uğurlu göstəricilərə nail olmuşlar. Ötən ildə əldə edilmiş nailiyyətlər bu ilin birinci yarısında da uğurla davam və inkişaf etdirilmişdir.

2013-cü ilin mürəkkəb təbii-iqlim şəraitinə baxmayaraq, öz daxili imkanlarını səfərbər edərək, Cəmiyyət üzərinə düşən vəzifələri yerinə yetirmiş, balansında olan irriqasiya və meliorasiya sistemlərinin, hidrotexniki qurğuların normal istismarını və qəzasız fəaliyyətini təmin etmiş, müvafiq təmir-bərpa işlərini həyata keçirmişdir.

2013-cü ilin 9 ayı ərzində suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 43,9 milyon kubmetr həcmində lildəntəmizləmə işləri görülmüş, 4500-dən artıq hidrotexniki qurğu, 750 hidropost, 3018 subartezian və 196 stasionar nasosları, 229 elektrik və dizel mühərrikləri, 2 üzən nasos stansiya təmir edilib işlək vəziyyətə gətirilmişdir. Bu işlər hazırda da davam etdirilir.

Çay məcralarında 11,8 milyon kub metr həcmində məcratəmizləmə işləri aparılmış, 13,0 min kubmetr şax-daş və faşin bəndlər quraşdırılmış, 16,5 min kubmetr həcmində daş-beton bəndlərdə təmir işləri görülmüşdür.

01 oktyabr 2013-cü il tarixə bütün kənd təsərrüfatı bitkiləri 1357847 hektar sahədə 3,2 dəfə suvarılmış, o cümlədən taxıl 583386 hektarda 2,4 dəfə, pambıq 26242 hektarda 3,2 dəfə, tütün 1569 hektarda 4,0 dəfə, yem bitkiləri 432742 hektarda 3,6 dəfə, bostan-tərəvəz 73057 hektarda 4,8 dəfə, çoxillik əkmələr 85370 hektarda 3,3 dəfə və həyətyanı sahələr 155481 hektarda 4,6 dəfə suvarılmışdır. Hazırda payızlıq əkinlərin suvarılması davam etdirilir.

Bütün suvarma mənbələrindən 7,1 milyard kubmetr su götürülmüş və ayırıclardan su istifadəçilərinə 5,0 milyard kubmetr su verilmişdir. Meliorasiya və irriqasiya sistemlərinin lazımi səviyyədə istismarının təşkili, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, inkişafı, sel və daşqın sularının zərərli təsirinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi sahəsində Cəmiyyət fəaliyyətini davam etdirir.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyevin meliorasiya və su təsərrüfatının inkişafına olan diqqət və qayğısı ardıcıldır. 29 aprel 2008-ci il tarixdə Prezident Sarayında dövlət başçısı cənab İlham Əliyevin sədrliyi ilə ölkəmizdə su təchizatı, meliorasiya, irriqasiya və kanalizasiya sistemlərinin inkişafı ilə bağlı layihələrə dair xüsusi iclas keçirilməsi bu qayğı və diqqətin parlaq təzahürüdür.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da meliorasiya və su təsərrüfatının inkişafına önəm verilmişdir. Sahənin qarşısındakı vəzifələrdən danışarkən dövlət başçısı demişdir: “Hazırda Azərbaycanda iki nəhəng layihə Taxtakörpü su anbarı Samur-Abşeron kanalı və Şəmkirçay su dəryaçası layihələri icra edilir. Bu layihələrin icrası nəticəsində on minlərlə hektar torpaq dövriyyəyə buraxılacaq və minlərlə fermer bundan bəhrələnəcəkdir. Bu layihələr çox böyük maliyyə vəsaiti tələb edir və biz bu vəsaiti ayırırıq. Çünki bu, ölkə iqtisadiyyatı, biznesin aparılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün lazımdır. Taxtakörpü su anbarı bu il istifadəyə verilməlidir. Şəmkirçay su anbarı isə yəqin ki, gələn il istifadəyə veriləcəkdir. Hər halda, Dövlət İnvestisiya Proqramında və Neft Fondunun investisiya layihələrində bu sahəyə kifayət qədər böyük məbləğ ayrılır. Sadəcə olaraq, bütün işlər yüksək keyfiyyətlə və vaxtında aparılmalıdır”.

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda, Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün, ilin birinci yarısının və 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclaslarında, regionlara səfərləri zamanı etdiyi çıxışlarında dövlət başçısı hər zaman ölkədə meliorasiya və su təsərrüfatının inkişafına ciddi önəm verir.

Xalqın taleyüklü problemlərini həll etmək zərurəti əbədi liderimizi zirvəyə ucaltmış, doğma xalqını da ardınca aparmağa sövq etmişdir. Bunun müqabilində Azərbaycan xalqı da Heydər Əliyev dühasından bəhrələnərək mənən güclənmiş, siyasi və iqtisadi inkişaf yolları ilə irəliləmiş, öz işıqlı gələcəyini təmin etməyə qadir olduğunu sübuta yetirmişdir. Sonrakı dönəmdə ulu öndərimizin siyasi varisi Prezident İlham Əliyev onun ideyalarını uğurla davam və inkişaf etdirmişdir.

Dövlətimizin və onun başçısı cənab İlham Əliyevin diqqət və qayğısına söykənən, ulu öndərimizin müəyyən etdiyi kursa sadiq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, onun çoxminli kollektivləri şübhə yoxdur ki, qarşılarına qoyulmuş vəzifələri uğurla yerinə yetirmək üçün bundan sonra da səylə çalışacaqlar.

 

 

Əhməd ƏHMƏDZADƏ,

Azərbaycan Meliorasiya və

Su Təsərrüfatı ASC-nin sədri.

 

Respublika.-2013.- 12 dekabr.- S.7.