Milyonların qəlbində yaşayan lider

 

            Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi məhkəmə-hüquq islahatları son 10 ildə uğurla davam etdirilir

 

Tarixi təcrübə dəfələrlə sübut etmişdir ki, hər bir xalqın minilliklər boyu formalaşmış dövlətçilik ənənələrinin milli irs və düşüncə əsasında praktik həyata vəsiqə alması üçün əlverişli siyasi mühitmilli iradənin olması mühüm şərtlərdir. Mənən güclü və vətənpərvər liderə malik olmayan xalqın əlverişli siyasi şəraitdə real şansdan yetərincə yararlanması, milli iradəsini toparlayaraq müstəqillik, azadlıq ideallarına qovuşması da mümkün deyildir.

Şərq müdriklərindən Nizamülmülk zamanında “Siyasətnamə” əsərində əbəs yerə yazmırdı ki, Ulu Yaradan sevimli insanları arasından birini seçib ona əzəmətli şahlara xas istedad və qabiliyyət bəxş edir, ad və hədsiz şöhrət qazandırır. XX əsr Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyət  ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını tarixi irs və ənənə əsasında yaradaraq praktik surətdə gerçəkləşdirmiş strateq kimi xalqımızın əbədi sevgisini qazanmışdır. Bu gün Heydər Əliyev dühası həyatının mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, bu müqəddəs amal uğrunda çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət atası kimi hər bir azərbaycanlının qəlbində yaşayır və rəğbətlə yad edilir. Ulu öndərin əbədiyyətə qovuşmasından ötən 10 illik zaman kəsiyi bizə bu fövqəlşəxsiyyətin çağdaş tariximizdə yerinirolunu daha dərindən başa düşmək, onun həyata keçirdiyi siyasətin mahiyyətini dərindən dərk etmək, qiymətləndirmək imkanı vermişdir.

Hər bir xalqın taleyində mühüm rol oynamış xarizmatik rəhbərlər ən çətin situasiyalarda qarşıda duran vəzifələrin həlli yollarını müəyyənləşdirmək, cəmiyyəti milli ideya ətrafında səfərbər etmək və irəli sürdükləri mütərəqqi ideyaları, məqsədləri əzmlə gerçəkləşdirərək əzmi sayəsində ümummilli liderlik zirvəsinə yüksəlmişlər. Bu gerçəklik fonunda ümummilli lider Heydər Əliyevin XX  əsr Azərbaycan tarixindəki yerirolu daha qabarıq görünür. Böyük strateqin respublikaya rəhbərlik etdiyi dövrdə xalqın minilliklərlə intizarında olduğu arzular, niyyətlər, məramlar gerçəyə çevrilmiş, milli dövlətçilik ənənələrinin formalaşması prosesi sürətlənmişdir. Bu zaman kəsiyi Azərbaycanda müstəqilliyin əbədi, daimi və dönməz xarakter alması, sabit dövlət quruluşunun formalaşması, xalqın təbii və konstitusion haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması kimi mühüm tarixi prosesi əhatə edir.

Ulu öndər Heydər Əliyev fenomen şəxsiyyət kimi daim haqqa, ədalətə bağlı olaraq cəmiyyətin mütərəqqi ruhda inkişafının yalnız hüququn aliliyi şəraitində mümkün ola biləcəyini müdrikliklə qeyd etmiş, qanunçuluğun bütün səviyyələrdə təminatına çalışmışdır. Müstəqil respublikamızda ötən 20 ildə hər bir fərdin maraq və mənafeyi əsas tutulmaqla həyata keçirilən siyasət ölkədə demokratikləşmə xəttinin davamlı və dönməz xarakter daşıdığını, vətəndaşların hüquq və mənafeyinin qorunmasının dövlətin ali məqsədlərindən biri olduğunu təsdiqləmişdir. 

“Ədaləti ədalətsizliklə bərpa etmək olmaz” deyən ümummilli lider Heydər Əliyev insan hüquq və azadlıqlarının təmini, cəzanın adekvatlığı, humanistliyi məsələlərinə daim xüsusi diqqətlə yanaşmış, bu məqsədlə hüquq-mühafizə orqanlarında müasir dövrün tələblərinə uyğun mütərəqqi islahatların aparılması zəruriliyini vurğulamışdır. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə demokratik prinsiplərə uyğun hazırlanmış və ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk Konstitusiya Azərbaycanda hüquqi islahatların sürətlənməsinə real zəmin yaratmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipi ilə yanaşı, məhkəmə hakimiyyətinin müstəqilliyi, özünüidarə funksiyaları, hakim vəzifəsinə tələblər, onların statusu ilə bağlı mühüm məsələlər də əksini tapmışdır.

Konstitusiyamızın 125-ci maddəsinin bir sıra bəndlərində də məhkəmə hakimiyyətinin formalaşdırılması prinsipləri dəqiq əksini tapmışdır. Həmin maddəyə əsasən məhkəmə hakimiyyəti Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Apelyasiya məhkəmələri, habelə ümumi və ixtisaslaşdırılmış məhkəmələr vasitəsilə həyata keçirilir. Əsas Qanunun 127-ci maddəsi Azərbaycanda müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması baxımından vacib əhəmiyyətə malikdir. Bu maddədə göstərilir ki, hakimlər müstəqildirlər, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər, səlahiyyətləri müddətində dəyişilməzdirlər.

Konstitusiyanın qəbulundan sonra ulu öndər Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahatı Komissiyası tərəfindən hazırlanmış “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya məhkəməsi haqqında”,  “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının qəbulu məhkəmə-hüquq islahatlarının gerçəkləşdirilməsi sahəsində mühüm addımlar kimi vurğulanmalıdır.

1 dekabr 1998-ci il tarixdən qüvvədə olan “Məhkəmələr və hakimlər haqqında” qanunda məhkəmə hakimiyyətinin hüquqi prinsipləri konstitusion tələblərə tam cavab verir. Qanun əsasında müstəqil məhkəmə hakimiyyətinin yaradılması, ədalət mühakiməsini həyata keçirən hakimlər korpusunun sağlamlaşdırılması istiqamətində mühüm işlər görülmüşdür.

Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurasının yaradılması da məhz hakim vəzifəsinə müstəqil namizədlərin seçilməsi məqsədinə yönəlmişdir. Şura hakimliyə namizədlərin şəffaf prosedur əsasında beynəlxalq tələblərə uyğun seçilməsi məqsədilə test üsulu ilə imtahan və müsabiqənin keçirilməsini təmin etmişdir. Müsabiqə zamanı hakimlərin ümumi hazırlığına, şəxsi və mənəvi keyfiyyətlərinə, məntiqi düşünmək və analitik qabiliyyətinə, hakim vəzifəsinə yararlı olmasına xüsusi diqqət yetirilmiş, bu zaman beynəlxalq ekspertlərin tövsiyə etdiyi suallardan istifadə olunmuş, nəhayət zəruri keyfiyyətlərə malik hakimliyə namizədlər seçilmişdir.

İmtahanlarda uğur qazanaraq hakim təyin edilmiş şəxslər Ali Məhkəmənin Plenumunun iclasında Azərbaycan Respublikasının dövlət bayrağı önündə and içmiş və 2000-ci il sentyabrın 3-dən səlahiyyətlərinin icrasına başlamışlar. Ümummilli lider Heydər Əliyev hüquq ictimaiyyəti üçün son dərəcə əlamətdar olan bu hadisəni yüksək dəyərləndirərək demişdir: “Son 6-7 ay ərzində biz Azərbaycanın məhkəmə sistemini tamamilə müasir səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim təyin olundu. Bu, Azərbaycan tarixində birinci dəfədir. Biz bunun çox müsbət tərəfini gördük və əvvəl də görürdük”.

2003-cü ilin 15 oktyabrından bu islahatları davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin daha da müasirləşdirilməsinə xidmət edən tədbirlər genişləndirilmişdir. Prezidentlik fəaliyyətinin ilk günlərindən ədalət mühakiməsinin səmərəsinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılmasına xüsusi diqqət yetirən dövlət başçısının siyasi iradəsi ilə 2004-cü ildən məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması işinə başlanılmışdır. Bu məqsədlə Azərbaycan-Avropa Şurası birgə işçi qrupları yaradılaraq Avropa Şurası ilə əməkdaşlıq şəraitində Məhkəmələr və hakimlər haqqında qanun əsaslı şəkildə yenilənmiş, Məhkəmə-Hüquq Şurası haqqında yeni qanun, Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə, Hakim vəzifələrinə namizədlərin seçimi Qaydaları, Hakimlərin Etik Davranış Kodeksi, məhkəmələrdə işin şəffaf təşkili ilə bağlı digər mühüm sənədlər qəbul edilmişdir.

Aparılmış islahatlar nəticəsində yeni təsisatın — məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının yaradılması hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlərin həlli baxımından mühüm addımlardan olmuşdur.

Ölkə başçısının 19 yanvar 2006-cı il tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanı respublikanın məhkəmə sisteminin əsaslı şəkildə müasirləşdirilməsi və təkmilləşdirilməsi prosesində ən mühüm addımlardan biri olmuşdur.  Fərman əsasında bölgələrdə yeni Apelyasiyaİqtisad məhkəmələri yaradılmışdır. Fərman əsasında, həmçinin, Ədliyyə Akademiyası yaradılmış, Hakimlərin Etik Davranış Kodeksi hazırlanaraq təsdiqlənmiş, məhkəmələrdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, məhkəmə təcrübəsində nəzərə alınması təmin olunmuşdur.

Ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi baxımından hakimlərin yükünün azaldılması, məhkəmələrdə hakimlərin sayının artırılması məsələlərinə də xüsusi diqqətlə yanaşılmışdır. Son illərədək Azərbaycanda hakimlərin əhaliyə nisbətdə sayı Avropa Şurasına digər üzv dövlətlərlə müqayisədə aşağı göstərici ilə xarakterizə edilir, hər 100 min nəfərə orta hesabla 4 hakim düşürdü. Bu da işlərin vaxtında və keyfiyyətlə baxılmasına müəyyən dərəcədə mənfi təsir göstərirdi. Məsələnin kompleks həlli baxımından Prezident İlham Əliyevin 17 avqust 2006-cı il və 9 avqust 2010-cu il tarixli fərmanlarının əhəmiyyəti xüsusi vurğulanmalıdır. Ölkənin sürətli iqtisadi inkişafı ilə əlaqədar məhkəmələrin yükünün dəfələrlə çoxalması nəzərə alınaraq hakimlərin sayı 2 dəfə artırılaraq 600-ə çatdırılmış, məhkəmə aparatı işçilərinin sayı 75 faiz artırılmış, hər bir hakimə köməkçi ştatı ayrılmışdır.

Son illər Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən tədbirlər hakim vəzifəsinə seçkilərin tamamilə azad, obyektiv və ədalətli keçirilməsinə, bu məsul vəzifəyə ən layiqli insanların seçilməsinə xidmət etmişdir. Hakimliyə namizədlərin seçilməsi kimi mühüm vəzifənin yerinə yetirilməsi məqsədilə yaradılmış Hakimlərin Seçki Komitəsinin məqsədyönlü fəaliyyətinin nəticəsi kimi Avropada ən mütərəqqi və şəffaf hesab edilən seçim qaydaları əsasında 2600-dən çox namizəd sırasından seçilmiş 307 nəfər yüksək hazırlıqlı hüquqşünas müxtəlif hakim vəzifəsinə təyin olunmağa layiq bilinmişdir.

Hakimlərin seçim prosesi kadr seçimi tarixində ilk dəfə olaraq internet vasitəsilə onlayn rejimində birbaşa yayımlanmışdır. Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) Avropa hüquq sistemləri üzrə hesabatında respublikamızda məhkəmə islahatlarına göstərilən diqqətin, o cümlədən maliyyə ayırmalarının səviyyəsini, hakimlərin sayındakı artım tempini Avropa dövlətləri sırasında yüksək göstəricilərlə xarakterizə etmiş, həmçinin məhkəmələrdə informasiyakommunikasiya texnologiyalarının tətbiqi sahəsində ölkəmizin səylərini yüksək dəyərləndirmişdir. Avropalı ekspertlər Azərbaycana səfər edərək hakimliyə namizədlərin seçimini bilavasitə izləmiş və nəticələr üzrə ekspertlər tərəfindən hazırlanmış əhatəli hesabatda Azərbaycanın bu sahədə müsbət təcrübəsi örnək kimi qiymətləndirilmişdir.

Regionların dinamik sosial-iqtisadi şəraitində vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması da xüsusi diqqət mərkəzində olmuşdur. Belə ki, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı qorunması, onların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması məqsədilə regionlarda yeni Apelyasiyaİqtisad məhkəmələri yaradılmışdır. Bunun davamı olaraq dövlət başçısının fərmanları ilə ölkədə 20-dək yeni məhkəmələr, o cümlədən ağır cinayətlər, inzibati-iqtisadi, hərbi məhkəmələr fəaliyyətə başlamışdır. Nəticədə regionlarda əhalinin məhkəmələrə müraciət imkanları asanlaşmış, vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyəti və səmərəsi yüksəlmişdir.

Məhkəmələrin maddi-texniki bazasının müasirləşdirilməsi tədbirləri də xüsusi diqqət mərkəzindədir. Dünya Bankı ilə birgə həyata keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində ən müasir tələblərə cavab verən konsepsiya əsasında 33 məhkəməni və 18 icra qurumunu əhatə edən məhkəmə kompleksləri və binalarının layihələndirmə işləri aparılmışdır. Yalnız son 2 ildə 4 rayon məhkəməsi üçün ən müasir İKT-lərlə təchiz olunmuş yeni binalar tikilərək istifadəyə verilmişdir və 7 məhkəmə üçün bina və komplekslər inşa olunur. Dövlət başçısı İlham Əliyevin Bakı şəhəri Yasamal, eləcə də Oğuz rayon məhkəmələrinin açılışlarında şəxsən iştirak etməsi və görülən işləri yüksək qiymətləndirməsi xüsusilə əlamətdar olmuşdur.

Yeni məhkəmə binalarında müasir İKT-lər tətbiq edilməklə hazırda bütün məhkəmələr arasında, o cümlədən Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyi ilə elektron sənəd dövriyyəsi və sənədlərin avtomatlaşdırılmış idarəetmə sistemi üçün zəruri infrastruktur quraşdırılmışdır. Həmçinin vətəndaşların məhkəmələrə müraciət imkanlarının daha da asanlaşdırılması və hüquqi xidmətin yaxşılaşdırılması məqsədilə məhkəmə sisteminin vahid internet portalı yaradılmışdır ki, portal ali, regional apelyasiya, ixtisaslaşdırılmış, habelə rayon məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, müraciətə əlavə edilməsi zəruri olan sənədlər, qəbul günləri və s. barədə ətraflı məlumat almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, həmçinin onlayn rejimində müraciət etmək və cavab almaq imkanı yaradır. Portalda, həmçinin bütün hakimlər barədə məlumatlar öz əksini tapır.

Qeyd olunmalıdır ki, Dünya Bankı ilə birgə həyata keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi Bank tərəfindən ən uğurlu layihələrindən hesab olunmaqla ötən ilin sonunda “Azərbaycan Respublikası vətəndaşlarına yüksək səviyyəli xidmətlərin göstərilməsi məqsədilə müasir infrastrukturun yaradılması” nominasiyasında qalib gəlmişdir.

Ümummilli lider Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun müəyyənləşdirdiyi  yol daim müdrik xalqımızın yeganə ümidistinadgah mənbəyi olaraq qalır. Hazırda  onunla təsəlli tapırıq ki, bu uğur magistralında bizə ulu öndərin layiqli siyasi davamçısı — Azərbaycan Prezidenti cənab İlham Əliyev kimi vətənpərvər, qətiyyətli, peşəkar, yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, islahatçı və çevik, praqmatik lider rəhbərlik edir. Bu da təsadüfi deyildir ki, müdrik xalqımız bu il oktyabrın 9-da keçirilmiş prezident seçkilərində növbəti dəfə cənab İlham Əliyevə etimad göstərmişdir.

Əminliklə demək olar ki, dövlət başçısının uğurla davam etdirdiyi bu islahatlar nəticəsində Azərbaycanda məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti daha da müasirləşəcək, əhaliyə göstərilən hüquqi yardımın səviyyəsi yüksələcək, ədalət mühakiməsinin daha çevik, işlək və obyektiv mexanizmlər əsasında həyata keçirilməsi mümkün olacaqdır.

 

Bəylər ƏLƏKBƏROV,

Binəqədi Rayon Məhkəməsinin hakimi.

 

Respublika.-2013.- 12 dekabr.- S.11.