Nə qədər ki, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır

 

 

Hər bir xalqın tarixdəki yerirolu hansısa mürəkkəb şəraitdə məsuliyyəti üzərinə götürərək onun taleyində misilsiz rol oynamış, mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə sabit dövlətçilik ənənələri formalaşdırmış dahi şəxsiyyətlərin fövqəladə missiyası ilə şərtlənir. Bu günün özündə də dünyanın bir çox inkişaf etmiş dövlətləri məhz fenomen liderlərin müəyyənləşdirdiyi yolla irəliləyir, davamlı və sabit inkişafı bu uğurun nəticəsi hesab edirlər.  Tanrının bizə bəxş etdiyi belə şəxsiyyətlərdən biribu günlərdə anım gününü qeyd etdiyimiz xalqımızın böyük oğlu ümummilli lider Heydər Əlirza oğlu Əliyevdir. Bu böyük insan bu gün cismən aramızda olmasa da, mənən həmişə bizimlədir. Nə qədər ki, Azərbaycan xalqı var, müstəqilliyimiz var, Heydər Əliyev də xalqımızın ürəyində daim yaşayacaqdır.

Azərbaycan tarixində görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin sözün həqiqi mənasında müstəsna yeri var. İstər sovet dönəmində, istərsə də müstəqillik dövründə respublikamızın inkişafı, bütün dünyada tanınması böyük öndərin adı ilə bağlıdır. Bunun təsdiqi kimi dahi şəxsiyyətin ömür yoluna, xalqımızın, Vətənimizin xoşbəxtliyi naminə gördüyü misilsiz işlərə qısaca nəzər salmaq kifayətdir. Vaxtilə keçmiş SSRİ-nin ucqar əyalətlərindən sayılan Azərbaycanın müstəqil dövlətə çevrilməsi ilk növbədə böyük dövlət xadiminin gərgin fəaliyyətinin nəticəsidir.

Böyük öndərin 1969-cu ilə qədər çalışdığı, sonradan rəhbəri olduğu Dövlət Təhlükəsizlik Komitəsi elə bir qurum olub ki, oradakı fəaliyyət ictimaiyyət üçün həmişə qapalı olmuşdur. Amma rəhbər vəzifədə çalışanlar Heydər Əliyevin nüfuzuna və fəaliyyətinə bələd idilər. Bilirdilər ki, onunla işləmək o qədər də asan olmayacaq. Çünki təcrübəli dövlət xadimi Heydər Əliyev olduqca tələbkar, işguzar, prinsipial və təşəbbüskar bir şəxsiyyət idi. Ona görə də çox qısa bir zamanda bütün Azərbaycan xalqı onu sevməyə başlamış, xüsusən də sadə zəhmətkeş insanların, əmək adamlarının qəlbində böyük yer tutmuşdur.

Ümummilli lider Heydər Əliyev 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən sonra özünə qədərki bütün sələflərindən fərqli bir yol tutmuşdur.  Belə ki, o əvvəlki rəhbərlərdən fərqli olaraq Moskvanın işləyib hazırladığı siyasi kursu ilk növbədə Azərbaycanın mənafeyinə yönəltməyi bacarmışdı. Bir həqiqətdir ki, respublikada 1970-1980-ci illərdə güclü iqtisadi potensial yaranmışdı. Azərbaycanın bütövlüklə tikinti-quruculuq meydanına çevrilməsi elmin, təhsilin, səhiyyənin, mədəniyyətin inkişaf etdirilməsi, ölkəmizin hazırkı gününə hesablanaraq neft strategiyasının qurulması, nə vaxtsa respublikamızın müstəqillik əldə edəcəyini düşünərək mili ordu üçün kadrların hazırlanması sovet rejiminin sərt qanunlarına qarşı Heydər Əliyevin çəkinmdən və bacarıqla apardığı mübarizə idi. Bir sözlə, ötən əsrin 70-80-ci illərində Azərbaycanda 250-dən çox sənaye obyekti tikilib istifadəyə verilmiş, əsas fondların 85 faizi təzələnərək həcmi 2-3 dəfə artırılmışdı. Cəmi 14 il ərzində respublikada miqyas etibarilə əvvəlki illərdə yaradılmış potensialla müqayiəsə edilə biləcək güclü sənaye bazası yaradılmışdı. Həmin dövrdə çoxlu sayda səhiyyə, təhsil, mədəniyyət ocaqları tikilmiş, yüzlərlə Azərbaycan övladı SSRİ-nin ən məşhur və tanınmış  ali təhsil məktəblərinə oxumağa göndərilmişdi. Orada təhsil alan gənclər bacarıqlı mütəxəssis kimi respublikamıza qayıdıb işləməyə başlamışlar.

1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Buna baxmayaraq, xalqımız əsl müstəqilliyin bəhrəsini böyük öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra gördü. Tarix üçün çox qısa zaman sayılan 22 il ərzində müstəqil dövlətimizin keçdiyi yol heç də həmişə hamar olmamışdır. Müstəqilliyimizin ilk illərində ovaxtkı iqtidarın səriştəsizliyi ucbatından ölkə iqtisadiyyatı bərbad vəziyyətə düşmüş, inflyasiyanın səviyyəsi yüksəlmiş, xarici ticarət dövriyyəsinin həcmi minimuma enmiş, ictimai-siyasi vəziyyət daha da ağrılaşmışdı.  Böyük öndərin 1993-cü ildə yenidən Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmizin ictimai-siyasi, sosial iqtisadi, elmi-mədəni həyatında, eləcə də beynəlxalq əlaqələrində dönüş yrandı, elmi əsaslarla, qabaqcıl beynəlxalq təcrübəyə uyğun müstəqil dövlət quruculuğu prosesinə başlandı. Həyata keçirilən təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən milli ordunun formalaşdırılması, Azərbaycanın ərazi toxunulmazlığını qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması  ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən cəbhədə atəşkəsə nail olmaq üçün bütün siyasidiplomatik vasitələr işə salınmışdı. Bunun nəticəsi kimi 1994-cü ilin mayında cəbhədə ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur. Sonralar ümummilli lider nitqlərində dəfələrlə bəyan etmişdir: “Müstəqilliyi qazanmaq asandır, onu qorumaq, dönməz, əbədi etmək isə çox çətindir”.

Əlbəttə, bu vəzifənin öhdəsindən təcrübəli dövlət xadimi Heydər Əliyev bacarıqla gəlmişdir.

Daxildə yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inammaraqdan istifadə edərək 1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi” adlandırılan ilk beynəlxalq neft müqaviləsinin imzalanması və onun uğurla gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən hazırlanmışdır. Bununla da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən yeni neft strategiyasının əsası qoyulmuşdur.

Böyük öndərin son dərəcə gərgin əməyi nəticəsində Azərbaycan xalqının taleyi ilə bağlı məkrli oyunlara, siyasi anarxiya və ekstremizmə son qoyulmuş, ölkədə cinayətkarlığa qarşı qətiyyətli və prinsipial mübarizəyə başlanmış, bütün qanunsuz silahlı dəstələr ləğv edilmişdir. Bunlar isə bütövlükdə ölkədə dövlət quruculuğu prosesinin uğurla aparılması üçün çox gözəl şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və demokratik prisiplərin bərqərar olması hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi üçün yeni mili Konstitusiyanın 1995-ci il noyabrın 12-də qəbulu da Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndərin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatına keçid, özəlləşdirmə proqramının həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur.

Fəxrlə demək lazımdır ki, Heydər Əliyev Azərbaycanı canından artıq sevirdi. Çünki ümummilli lider Azərbaycanın ən kiçik uğuruna belə sevinir, daxilən ucalır, hansısa bir uğursuzluğuna isə son dərəcə məyus olurdu. O, çox işlər görməyə tələsirdi. 2003-cü il prezident seçkiləri ərəfəsində söylədiyi bir fikir sanki Azərbaycanın bugününə hesablanmışdı. Böyük öndər demişdir: “Üzümü sizə–həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir...

... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ümumilikdə böyük öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illəri belə xarakterizə etmək olar: müasir, müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsində, ölkəmizin davamlı sosial-iqtisadi inkişaf yoluna çıxarılmasında, milli ordu quruculuğunda xidmətləri əvəzsizdir. Azərbaycan xalqının dünyaya bəxş etdiyi böyük vətəndaş, müdrik siyasi xadim müasir tariximizin ən çətin mərhələsində xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəlməklə dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələri milli mənafelərimizin təmin olunması prinsipləri üzərində qurulmuş, ölkəmizin xarici siyasətini bu istiqamətdə uğurla inkişaf etdirmişdir. Bir sıra əhəmiyyətli layihələrin reallaşmasında mühüm rol oynayan ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, dövlətimizin ərazi bütövlüyünün bərpası, strateji mütəffiqlərin qazanılması, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması istiqamətində diplomatik səylərini gücləndirmişdir.

2003-cü ildə keçirilən prezident seçkilərində xalqımız otuz ildən artıq ona sədaqətlə rəhbərlik etmiş, Azərbaycanı fəlakətlərdən qurtarmış, yeni bir müasir Azərbaycan tarixini yaratmış müdrik oğlunun layiqlialternativsiz siyasi varisi İlham Əliyevə səs verdi. Möhtərəm prezidentimiz cənab İlham Əliyev ulu öndərin yolunusiyasi kursunu artıq on ildir ki, müvəffəqiyyətlə davam etdirir. Azərbaycan müstəqil dövlətdir və müstəqil də siyasət aparır. Dövlət başçımız cənab İlham Əliyevin yeritdiyi siyasətin nəticəsi olaraq ölkəmizdə siyasi sabitlik hökm sürür, əhalinin maddi-rifah halının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ciddi addımlar atılır, bütün bunlar xalqımız tərəfindən bəyənilir və dəstəklənir.  Məhz 2013-cü il 9 oktyabr prezident seçkilərində cənab İlham Əliyevin üçüncü dəfə ölkə rəhbəri vəzifəsinə seçilməsi xalqın etimadının bariz nümunəsidir. Bu gün  dövlət başçısının bütün istiqamətlərdə uğurlu fəaliyyəti, ictimai həyatımızın hər bir sahəsində qazanılan nailiyyətlər ulu öndər Heydər Əliyev siyasətinin təntənəsindən xəbər verir.

 

Aydın ABBASOV,

Milli Məclisin üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti

 

 Respublika.-2013.- 12 dekabr.- S.11.