Azərbaycanın irəliləyiş yolu daimidir

 

  

Bu gün orta və yuxarı yaş nəslinə mənsub olan soydaşlarımızı dünyagörüşü baxımından gənc nəsildən fərqləndirən önəmli məziyyətlərdən biri onların mahiyyət və struktur etibarı ilə bir-birinin tam əksi olan iki ictimai-siyasi formasiyada, iki fərqli cəmiyyətdə yaşaması və hər iki dövrdə  cərəyan edən hadisələrin canlı şahidi olmasıdır. Bir çox gələcək onilliklərin tədqiqat mövzusu olacaq son 50 illik dövr bəşəriyyətin həyatına və o cümlədən xalqımızın taleyinə əhəmiyyətli şəkildə təsir etmiş güclü siyasi-iqtisadisosial transformasiyalar dövrü kimi tarixə çevrilməkdədir. Lakin bu tarix bizdən çox uzaqda deyil. Yaxşı xatırlayırıq ki, gələcəyi dumanlı şəkildə güclə təsəvvür edilən kommunizm epoxası iki yüz milyonluq bir toplumu siyasi-hərbi gücideoloji təzyiq vasitəsilə qeyri-müəyyən bir “xoşbəxt gələcəyə” necə sürükləyirdi.  Lakin mövcud olduğu 70 il ərzində nə bu ideologiyanın sahibləri, nə onun bələdçiləri,  nə də “xoşbəxt gələcək” qurucuları olan sovet vətəndaşları nəyi qurmaqyaratmaq istədiklərini   buna necə nail olacaqlarını başa düşmədilər.

 İndi başqa zamandır. Müstəqilliyimizi bərpa etməklə öz taleyimizə, öz milli ideologiyamıza və öz gələcəyimizə sahib çıxmaq imkanı qazanmışıq. Bu da asan başa gəlmədi. 20 Yanvar şəhidliyindən başlamış, Qarabağ torpaqlarında tərk edilən müqəddəs yurd yerlərimizin, bu yerlərdə torpağa gömülən minlərlə insan həyatının faciəsi hesabına azad xalqa və müstəqil dövlətə çevrildik. Məzmunca da, mahiyyətcə də tamamilə fərqli bir cəmiyyətin təşəkkül və təkamül mərhələsini yaşamaqdayıq. Bu yeni bir epoxadır. İki fərqli epoxanı birləşdirən zaman intervalı isə tarixi nöqteyi-nəzərdən nə qədər qısa görünsə da, kəskin ziddiyyətləri —  siyasi-iqtisadi, maddi-mənəvi, sosial böhranları ilə yanaşı, xalqımıza öz müstəqil dövlətçiliyini bərpa etmək şansını yaratmaq kimi əhəmiyyətli tarixi hadisələrlə də zəngindir. Belə nailiyyətlər isə ictimai-siyasi hadisələrin gedişində kortəbii surətdə əldə oluna bilməzdi. Buna aparan yolun başlanğıcında azadlıq və müstəqillik kimi müqəddəs amallara köklənmiş düşüncə sahibləri və bu tarixi dövr ərzində cərəyan edən hadisələri məhz bu məqsəd və məramların həyata keçməsinə doğru istiqamətləndirən fəaliyyət sahibləri olmalı idivar idi. İlk milli Cümhuriyyətimizin yaranmasına və sovet dövründən keçərək  bugünkü hürriyyətimizə qədər qət olunan tarixi yol milli əqidəmizin, milli məqsəd və məramlarımızın yetişdiyi, əzildiyi, mətinləşdiyi və nəhayət, qələbə çaldığı əzəmətli bir yoldur. Bu uzun, iztirablı, lakin şərəfli yolda mücadilə aparan maarifçilərimiz, cümhuriyyətçilərimiz, dissidentlərimiz öz mübarizələrini məhz bu son qələbəyə çatdırmaq uğrunda öz canlarını, öz doğmalarını və öz həyatlarını fədakarlıqla qurban verdilər. Bu Möhtəşəm Qələbənin müəllifi olmaq səadəti  isə sovet dövründə cəsarətlə millətin gələcəyi üçün çalışan, müstəqillik dövründə  böyük bir fədakarlıqla “həyatının qalan hissəsini də öz xalqına həsr edən” və nəhayət, “Azərbaycanlı olması ilə fəxr etdiyinibütün dünyaya bəyan edən Heydər Əliyevə nəsib oldu.

Keçən əsrin 60-cı illərinin sonundan başlayaraq Azərbaycanda baş verən köklü dəyişikliklər məhz Heydər Əliyevin dəqiq məqsədlərə istiqamətlənmiş məqsədəyönlü fəaliyyəti və siyasi iradəsi ilə baş verirdi. Təsadüfi deyil ki, məhz onun rəhbərliyi dövründə ilk dəfə olaraq milli dövlətçilik təfəkkürünə malik olan yerli milli kadrlar hazırlandı və  ali hakimiyyət orqanlarında yerləşdirildi. Azərbaycanlı mütəxəssislər sovet coğrafiyasının bütün koordinatlarında işləməyə, yaşamağa və tanınmağa başladılar. Azərbaycan iqtisadiyyatı on beş  respublikanın sırasında axırıncı yerlərdən sürətlə irəliləyərək ön sıralara yaxınlaşdı. Elmdə, incəsənətdə xüsusi istedad sahibi olan soydaşlarımız sovetlərin bütün ərazisində tanındı. Hələ kommunist ideologiyasının inadkarlıqla xalqlar və millətlər arasında ayrı-seçkilik etdiyi bir şəraitdə qeyri-slavyan mənşəli bir dövlət adamının Sovet İttifaqı kimi nəhəng bir ölkənin ali siyasi hakimiyyətində təmsil olunması özü nə qədər çətin idisə, onun həmin mövqedən öz ölkəsinin milli mənafeyi naminə çalışması da bir o qədər çətin və demək olar ki, qeyri-mümkün idi. Belə təzadlı bir dövrdə  bütün sovet sistemindəki bu qeyri-mümkünlüyü mümkün edən yeganə siyasətçi məhz Heydər Əliyev oldu. Sovet İttifaqının ovaxtkı dövlət rəhbərlərindən heç birinin siyasi taleyi Heydər Əliyevinki qədər qalibiyyətlərlə zəngin olmadı. Onların heç birinin siyasi irsisiyasi kursu yeni, müstəqil bir dövlətin həyat yoluna çevrilmədi. Heydər Əliyev həyatının uzun müddət davam edən mücadilə səhifəsi Qələbə ilə başa çatdı. Həyatın yeni səhifəsi açıldı. Bütün addımlarında öz xalqına, onun istedadına arxalanan və həqiqəti dərindən duymaq qabiliyyətinə malik olan Heydər Əliyev müstəqil Azərbaycan dövlətini onun tarixi ənənələri və çağdaşlıq prinsipləri əsasında qurmağın tarixi missiyasını da şərəflə yerinə yetirdi. O, parçalanan Azərbaycanı bütövləşdirərək regionun ən nüfuzlu dövlətinə çevirdi. Müstəqillik dövründə Azərbaycan məhz Heydər Əliyevin əsasını qoyduğu milli təməl üzərində, onun siyasi iradəsi ilə öz milli-tarixi ənənəsindən ayrılmadan suveren dövlətçiliyin təkamül prosesinə başladı, qlobal siyasi situasiyaya adaptasiya olunaraq, beynəlxalq münasibətlər sistemində öz  yerini tutdu.

İki fərqli tarix, iki fərqli cəmiyyət məhz Heydər Əliyevin simasında və fəaliyyətində birləşdi dövlətçiliyimizin əbədiliyini, sarsılmazlığını və dönməzliyini təmin etdi. Heydər Əliyev — sözün əsl mənasında, siyasətdə qələbə simvoluna çevrildi.

Bu günlərdə AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən Prezident kitabxanasında düzənlənən “Heydər Əliyev. Elmimizin keşiyində” adlı 2 cildli sənədlər və materiallar toplusunun təqdimat mərasimində səslənən fikirlərin əsas leytmotivi də məhz bundan ibarət idi. Ümummili liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş təqdimat mərasimində çıxış edənlər Heydər Əliyevin hər iki dövrdə xalqımızın milli maraqları naminə, dövlətçiliyimizin qurulması və möhkəmləndirilməsi uğrunda apardığı mücadilənin əhəmiyyətindən, Heydər Əliyev irsinin Azərbaycan xalqının gələcəyi üçün müstəsna rolundan, Heydər Əliyev ideallarının əbədiyaşarlılığından bəhs etdilər.  Sovet dövründə, kommunist sisteminin amansız təqibləri şəraitində Heydər Əliyev fəaliyyətinin görünən və görünməyən tərəfləri haqqında tarixi faktlara və şəxsi xatirələrinə söykənən həqiqətləri açıqlayanlar Heydər Əliyevin timsalında bir insanın öz düşüncələri və əməlləri ilə öz həyatını bütünlüklə doğma xalqına həsr etməyin nadir nümunəsini göz önünə gətirdilər. Səslənən çıxışlarda Heydər Əliyevin zamanla ayaqlaşmayıb bir çox hallarda  zamanın özünü belə çəkib irəliyə gətirən və yaxınlaşdıran bir şəxsiyyət olduğu onun əməli fəaliyyətinin konkret məqamları ilə təsdiq olundu. Öz ölkəsini və öz xalqını hələ o dövrdə içərisində bulunduğu sovet mexanizminin labirintlərindən məharətlə keçirərək irəli çıxarmaq və on minlərlə zəka sahiblərinin uğrunda qurban getdiyi tarixi gələcəyə — müstəqilliyə qovuşdurmaq üçün möhkəm özül yaratmaq  Heydər Əliyevin bütün fəaliyyətinin başlıca qayəsi olmuşdur. Siyasətimiz, ideologiyamız və gələcəyə ümidlərimiz Heydər Əliyevin siyasi baxışlarına, onun dəst-xəttinə və onun öz xalqına olan sonsuz inamına əsaslanır.

Bəşəriyyətin təkamül tarixinə öz adını yazmış Azərbaycan bu gün də əhatəsində yerləşdiyi regionun, çox qədim zamanlardan geniş Avrasiya məkanında lövbər salmış möhtəşəm türk sivilizasiyasının cazibə mərkəzinə çevrilməkdədir. Geosiyasi anlamda getdikcə çəkisi artan, sivilaziyaların, müxtəlif mədəniyyətlərin dialoq və qarşılıqlı anlaşma məkanına çevrilməklə dünya miqyasında daim nüfuzu yüksələn Azərbaycan dünya birliyinin mütərəqqi inkişafına öz töhfələrini verməkdədir. Bu uğurlar Heydər Əliyevin Azərbaycanın gələcəyi haqqında təsəvvürlərinə, məqsəd və məramlarına cavab verən siyasi praqmatizmin nəticəsidir. Məhz bu yüksəlişi böyük bir uzaqgörənliklə müjdələyən Heydər Əliyev Azərbaycan dövlətinin gələcək taleyinə nikbin baxışlarını belə ifadə etmişdi: “Azərbaycan bütün dünyaya günəş kimi doğacaq”. Bu günəşin istisinə sığınan Azərbaycan xalqı isə onu bir daha sönməyə qoymayacaqdır. 

Dünya tarixinin ən böyük şəxsiyyətlərinin həyat və fəaliyyətini araşdıran və qələmə alan ingilis bioqrafı Uilyams Qraham özünün Heydər Əliyevə həsr etdiyi “Heydər Əliyev: Azərbaycanın yüksəlişi, enişi və yenidən yüksəlişi” adlı kitabında Heydər Əliyev fenomenini məlum tarixi-siyasi şəraitdə Azərbaycanın bütövlüyünü təmin edən ən güclü birləşdirici amil kimi dəyərləndirir. Müəllifin qənaətinə görə, Heydər Əliyev və Azərbaycan eyni tarixi mənəviyyat bioqrafiyasına, eyni taleyə malikdir. Heydər Əliyevin keçdiyi enişli-yoxuşlu, lakin sonu qalibiyyətli yol elə Azərbaycanın keçdiyi siyasi təlatümlərlə dolu, lakin gələcəyə sarsılmaz inamını heç vaxt itirməyən irəliləyiş yolunu xatırladır. Azərbaycanın irəliləyiş yolu isə sonsuzdaimidir, Heydər Əliyevin əziz xatirəsi kimi.

 

Cavanşir FEYZİYEV,

Fəlsəfə doktoru, millət vəkili.

 

Respublika.-2013.- 12 dekabr.- S.12.