ƏZƏMƏTLİ, BƏNZƏRSİZ DAHİ
ŞƏXSİYYƏT
İqtisadi yüksəliş, sosial tərəqqi müasir
tariximizin reallıqlarıdır
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxası əhəmiyyətinə, görülən işlərin miqyasına görə müstəsna yer tutur. Məhz ulu öndərimizin Azərbaycana hələ birinci dəfə rəhbərlik etdiyi ötən əsrin 70-ci illərində gələcək müstəqilliyimizin təməli hörülüb, güclü sosial-iqtisadi, mədəni potensialı yaradılıb. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə inşa olunan möhtəşəm sənaye, idman kompleksləri, memarlıq adidələri, məişət və ticarət mərkəzləri bu gün də dövlətimizə və xalqımıza xidmət göstərir. Həmin vaxt görkəmi ilə hamını heyran qoyan möhtəşəm obyektlərdən biri də 1978-ci ildə ulu öndərimizin açılışında şəxsən iştirak etdiyi, əvvəllər “Gənclər”, hazırda isə “Moskva” Univermağı adlanan ticarət mərkəzi idi. Ulu öndər yenicə fəaliyyətə başlayan mərkəzə rəhbərliyi Elmira Mədətovaya həvalə etmişdi. Bu, Heydər Əliyevin gənc və bacarıqlı kadrlara olan böyük etimadından irəli gəlirdi. Əməkdaşımız ulu öndərimizin anım günü ərəfəsində artıq 35 ildir ki, “Moskva” Univermağı ASC-nin sədri işləyən Elmira xanımla görüşüb və bu dahi şəxsiyyətlə bağlı fikirlərini oxucularımıza təqdim edir.
—Ulu öndər Heydər Əliyevin anım günündə əziz xatirəsini yad edərkən, ilk öncə zəmanəmizin bu əzəmətli, bənzərsiz dahi şəxsiyyətinə Azərbaycan xalqının hörmət və ehtiramını ifadə etmək istərdim. Azərbaycan xalqının milli iftixarı, tariximizin yaddaşına əbədi həkk olunan bəşəriyyətin fenomen şəxsiyyətlərindən olan Heydər Əliyev artıq on ildir ki, cismən aramızda yoxdur. Lakin bütün dünya azərbaycanlılarının ümummilli liderinə və güvənc yerinə çevrilmiş Heydər Əliyev ideyaları daim qəlblərdə yaşayır. Fəxri Xiyabanda gülüstana çevrilmiş məzarı nəinki xalqımızın, həm də ölkəmizə qonaq gələnlərin ilk ziyarət yerinə çevrilib. Müstəqil Azərbaycanın qurucusu və banisi, dövlətçiliyimizin qarantı olmuş bu dahi şəxsiyyətin ölkəmiz və xalqımız üçün etdikləri əsrlər keçsə də, tarixi dəyərini itirməyəcəkdir.
Xarizma, yüksək nüfuz, təşkilatçılıq bacarığı, müdriklik, yüksək intellektuallıq, milli-mənəvi dəyərlərin daim uca tutulması, novatorluq, qətiyyətlilik, prinsipiallıq və bu qəbildən olan digər keyfiyyətlər həm də ümummilli liderimizin ölkəmizin inkişafında oynadığı rolu müəyyən edən əsas cəhətlər kimi çıxış edib. Fəaliyyəti ilə tarix yaradan bu dahi şəxsiyyət beynəlxalq siyasətdə də heyranlıqla qarşılanıb, daim böyük hörmət və ehtiramla anılıb. Bu mənada Azərbaycan xalqı özünü xoşbəxt saya bilər ki, kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən XX əsrdə 30 ildən artıq bir müddətdə Heydər Əliyev kimi xarizmatik lider ölkəmizə rəhbərlik etmiş, məhz bu dahi insanın yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində Azərbaycan sürətli, dönməz inkişaf yoluna qədəm qoymuşdur. Müstəqil Azərbaycanın qurucusu və banisi, dövlətçiliyimizin qarantı olmuş bu dahi şəxsiyyətin ölkəmiz və xalqımız üçün etdikləri əsrlər keçsə də, tarixi dəyərini itirməyəcəkdir. Heydər Əliyev siyasi-mənəvi irsi təkcə xalqımızın deyil, eyni zamanda bəşəriyyətin zəngin xəzinəsinə çevrilmişdir.
1993-cü ilin kəşməkeşli iyun günlərində xalqımızın təkidli xahişi ilə Azərbaycanda hakimiyyətə qayıdan ulu öndərimiz Heydər Əliyev müstəqilliyimizi qoruyub möhkəmləndirdi, milli dövlətçilik konsepsiyasının əsasını qoymaqla onun inkişafına təkan verdi, ölkədə getdikcə gərginləşən iqtisadi və siyasi böhranların qarşısı alındı, qısa müddət ərzində onun birbaşa rəhbərliyi ilə sosial-iqtisadi inkişaf strategiyası hazırlandı. İlk növbədə liberal bazar iqtisadiyyatının qanunvericilik bazası yaradıldı, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq qanunlar, dövlət proqramları qəbul olundu. Ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, özəlləşdirmə proqramlarını gerçəkləşdirmədən, ən başlıcası, milli sahibkarlar ordusunun yaranması yolu ilə qeyri-neft sektorunda güclü istehsal potensialı yaratmadan həqiqi demokratiyaya, iqtisadi azadlığa, səmərəli təşəbbüskarlığa, sabitliyə və əmin-amanlığa nail olmaq mümkün deyil. Odur ki, ulu öndər Heydər Əliyev 1996-cı ildən başlayaraq ölkədə sahibkarlıq sinfinin formalaşmasına və güclənməsinə xidmət edən tədbirlər görmüş, milli qanunvericiliyin təkmilləşdirilməsinə çalışmış, köklü struktur islahatları həyata keçirmiş, infrastukturun bütün sahələrdə yeniləşməsinə nail olmuşdu.
Ümummilli lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində məhz özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır. 1997-2002-ci illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək üçün kompleks tədbirlər həyata keçirilmişdir. 1997-ci ildə Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramı əhəmiyyətinə, aktuallığına və miqyasına görə milli sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olmuş, bu sahədə dövlət siyasətinin başlıca prinsiplərini müəyyənləşdirmişdir. Həmin proqramda ilk dəfə olaraq milli sahibkarlığın stimullaşdırılması və onun dövlət maliyyə təminatı mexanizmlərinin formalaşdırılması, daxili bazarın qorunması yolu ilə sahibkarlığın inkişaf etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması ilə bağlı kompleks tədbirlər planı öz əksini tapmışdır.
Ulu öndərin inkişaf strategiyasını uğurlu şəkildə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət də sahibkarlığın tərəqqisinin təminində, yerli istehsal və sosial infrastrukturun yaradılmasında, güzəştli kreditlərin ayrılmasında, insan kapitalı və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasında, yerli və xarici investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasında yeni bir səhifə açıb. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə zamanın tələblərinə uyğun şəkildə aparılan islahatlar daha geniş vüsət alaraq, həm də sosial-iqtisadi inkişaf sahəsində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoyub. Bu kontekstdə ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.
Sahibkarların investisiya təminatının gücləndirilməsi sahəsində də dövlət tərəfindən son illərdə mühüm addımlar atılıb və atılmaqdadır. Azərbaycan Prezidentinin 2006-cı il 30 mart tarixli sərəncamı ilə iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə Azərbaycan İnvestisiya Şirkəti yaradılıb. Hazırda şirkət fəal şəkildə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını uğurla davam etdirir.
Bu sektorun inkişafında kifayət qədər vacib rol oynayan qanunverici sənədlərdən biri də Prezident İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” fərmanıdır. Sahibkarlığa mane olan süni maneələrin aradan qaldırılması istiqamətindəki addımların ardıcıl və davamlı səciyyə daşımasını özündə ehtiva edən bu fərmanın verilməsi o dövrə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin həlli, eyni zamanda süründürməçilik hallarının, bürokratik əngəllərin aradan qaldırılması sahəsində, sözün əsl mənasında inqilabi dəyişikliklərə yol açıb. Bu məqsədlə fərmanda vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının “bir pəncərə” — vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri əksini tapıb, həmçinin biznes strukturlarının fəaliyyəti üçün torpaq ayırmalarının, tikinti, yenidənqurma və bərpa işlərinə icazə verilməsi prosedurlarının sadələşdirilməsi, tikintinin ekspertizadan keçirilməsi sahəsindəki bürokratik əngəllərin aradan qaldırılmasına geniş imkanlar açılması kimi məsələlər ehtiva olunub.
Son 10 ildə Azərbaycanda müşahidə edilən sosial-iqtisadi tərəqqi mahiyyət və miqyasına görə Azərbaycan tarixində görünməmiş bir hadisədir. Təbii ki, bütün bunlar insanda iftixar hissi doğurur. Vətəni abad, xalqı xoşbəxt görmək istər-istəməz insanı qürurlandırır. Sevinirsən ki, el-oba, Vətən gözəlləşir, dövlət möhkəmlənir, xalqın güzəranı yaxşılaşır, cəmiyyətdə asayiş və əmin-amanlıq bərqərar olur. Heç şübhəsiz, bütün bu nailiyyətlərin qazanılmasında özəl sektorun da özünəmüvafiq yeri və rolu var. Bunlar bilavasitə müstəqilliyin bəhrəsidir. Onun qədrini bilmək, bu günümüzə dəyər vermək bizim vətəndaşlıq borcumuzdur, başçılıq etdiyim “Moskva” Univermağı Açıq Səhmdar Cəmiyyəti paytaxtımızın mərkəzində yerləşən qədim ticarət mərkəzlərindəndir, 35 ildir ki, Bakı şəhər sakinlərinə, turistlərə və qonaqlara ən yüksək səviyyədə xidmət göstərir. Bu illərdə həmin ticarət mərkəzinin istər adında, istər fəaliyyət istiqamətində müəyyən dəyişikliklər olsa da, dəyişməyən yalnız bir şey olmuşdur: kollektivimizin Azərbaycan iqtisadiyyatının inkişafına sədaqətlə xidmət etməsi. Məhz buna görədir ki, zaman, dövr dəyişsə də, bakılıların, paytaxtımızın qonaqlarının sevə-sevə üz tutduqları bu ünvan dəyişməmiş, “Moskva” Univermağı öz möhtəşəmliyini, nüfuzunu qoruyub saxlaya bilmişdir. Yeni iş yerlərinin açılması, işçilərin daimi işlə təmin olunması baxımından da “Moskva” Univermağı ölkəmizin ən önəmli xidmət obyektlərindəndir. Sayca 600 nəfərdən çox olan işgüzar kollektivimiz var. Burada əhaliyə ən müxtəlif çeşiddə, yüksək keyfiyyətli mallar təklif olunur. Təsadüfi deyil ki, “Moskva” Univermağı istər Bakı sakinlərinin, istərsə də şəhərimizə təşrif buyuran hər bir kəsin ilk növbədə baş çəkdiyi, alış-veriş etdiyi ən izdihamlı ticarət mərkəzlərindəndir. Çalışırıq ki, öz yüksək ticarət, biznes və mədəni xidmətimizlə ümumi işə, ölkəmizin inkişafına layiqli töhfəmizi verək. İndi o illəri xatırlayarkən bir daha demək istəyirəm ki, məhz ulu öndərin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlişi ilə çox şey dəyişdi. O həyatın bütün sahələrinə dərindən nüfuz edir, böyük uzaqgörənliklə ən çətin məsələlərin belə həlli yolunu tapırdı. Heydər Əliyevin kadr siyasəti də onun bu sahədə yanılmadığını dəfələrlə sübuta yetirib. İşbacaran, qabiliyyətli kadrların irəli çəkilməsi ulu öndərin əsas prinsiplərindən biri idi. İndi qürur hissi keçirirəm ki, o vaxt mənim bu vəzifəyə namizədliyimi bu dahi şəxsiyyət vermişdi. Bu illərdə mənə göstərilən etimadı doğrultmaq üçün var qüvvəmi əsirgəməmişəm.
Son illər şahidi olduğumuz möhtəşəm sosial-iqtisadi uğurlar və genişmiqyaslı layihələrin reallaşmasında mühüm xidməti və mövqeyi olan sahibkarlar sinfi dövlətimizin uğurlu siyasəti və qayğısı sayəsində günbəgün genişlənməkdə və möhkəmlənməkdədir. Bu məşğuliyyəti seçmiş sahibkarlar əvvəllər lüzumsuz müdaxilələr ucbatından çox əziyyət çəkməli olurdu. Hazırda dövlətimizin özəl sektora, sahibkarlığa dəstək və qayğısı sayəsində yaradıcı, təşəbbüskar sahibkar olmaq çox önəmli bir məşğuliyyətə çevrilib. Bu sahə dövlətimizin aparıcı istiqamətinə çevrilir. Təsadüfi deyil ki, ölkə başçısı cənab İlham Əliyev sahibkarlığın inkişafı üçün son 10 ildə çoxlu sayda fərman və sərəncam imzalayıb. Bu, özəl sektorda ümumi işin yenidən qurulmasına, sahibkarlığın sürətli və davamlı inkişafına təkan verib.
Prezident İlham Əliyevin siyasi idarəçiliyi həm də uzaq hədəflərə hesablanmış proqram xarakteri daşıyır. İndi biz qarşımızda yeni məqsəd qoymuşuq. Məqsəd artıq üç dəfə artmış ümumi daxili məhsulu yenidən ikiqat artırmaqdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu əsasən özəl sektorun inkişaf etdirilməsi hesabına artırılacaqdır. 9 oktyabr prezident seçkilərinin nəticələri təsdiqlədi ki, Azərbaycan xalqı məhz cənab İlham Əliyevi ölkənin gələcək inkişafının qarantı kimi görür və sevinirik ki, xalqımız öz müdrik seçimi ilə məhz inkişafa, firavan gələcəyinə səs verdi. Çünki Azərbaycanda bu siyasi kursa alternativ yoxdur.
Söhbəti
apardı:
Nurəngiz
Adilqızı,
Respublika.-2013.- 12 dekabr.- S.12.