Ümummilli liderin siyasi kursu yaşayır və qalib gəlir

 

  

Azərbaycanın müasir tarixi dahi siyasətçi, zəmanəmizin böyük dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev bəşər tarixinin dünyaya bəxş etdiyi ən böyük şəxsiyyətlərindəndir. Ulu öndərimizin polad iradəsi və qətiyyəti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi ucaldılıb. Taleyüklü hadisələrlə dolu olan bu dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi tərəqqisinə nail oldu. Bu qüdrətli şəxsiyyətin müəyyənləşdirdiyi yeni strateji-siyasi kurs daim Azərbaycana uğur gətirib. Bütün mənalı ömrünü öz xalqının və Vətəninin inkişafı naminə sərf edən ümummilli liderimiz Azərbaycanı öz möhtəşəm fəaliyyəti ilə bütün dünyaya tanıtdırıb, xalqımızın xoşbəxt və firavan gələcəyi üçün etibarlı bünövrə qoyub, onun idarəçilik mexanizmini formalaşdırıb.

Bu gün müstəqil Azərbaycanın yaşamasına, dünyada qüdrətli bir ölkə kimi tanınmasına görə məhz Heydər Əliyevə borcluyuq. Ümummilli lider Azərbaycanın gələcək iqtisadi inkişaf strategiyası barədə danışarkən demişdir: “Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.

1993-cü ilin iyun ayında ölkəmizdə baş verən hadisələr dövlətçiliyimizi və müstəqilliyimizi böyük təhlükə altına salmışdı. Siyasiiqtisadi böhranla üzləşmiş respublikamızda vəziyyət son dərəcə ağır və çıxılmaz idi. Ölkədə xaos, özbaşınalıq, hakimiyyətsizlik hökm sürürdü. Azərbaycan dağılıb parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Hakimiyyətsizlikdən cana yığılan xalq özünün nicatını yalnız böyükmüdrik siyasi xadim Heydər Əliyevdə görərək, onu təkidlə Naxçıvandan Bakıya, ölkə rəhbərliyinə dəvət etdi. Öz xalqının taleyinə heç vaxt biganə qalmayan dahi rəhbər 1993-cü il iyunun 9-da Bakıya gəldi, Azərbaycanı vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas etdi, suverenliyimizə, dövlətçiliyimizə qarşı çıxan qeyri-qanuni silahlı qüvvələri zərərsizləşdirdi və bununla da dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Ölkədə siyasi sabitlik bərqərar oldu.

Dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli sərvətlərimizdən ölkəmizin və xalqın mənafeyinə uyğun istifadə olunmasında Heydər Əliyevin uğurlu neft strategiyası xüsusi əhəmiyyət kəsb edir. 1994-cü il sentyabr ayının 20-də dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna rol oynamışdır.

Heydər Əliyevin dövlət quruculuğundakı müstəsna xidmətlərindən biridemokratikhüquqi islahatların ardıcıl olaraq həyata keçirilməsidir. O, hər şeydən öncə, insan hüquq və azadlıqlarının təminatı məsələsinə xüsusi diqqət yetirmişdir. Ulu öndərin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının 1995-ci il 12 noyabrında ümumxalq referendumu ilə qəbul olunması respublikamızın inkişaf prioritetlərini müəyyənləşdirmiş, siyasiiqtisadi islahatların bazisinə çevrilmişdir. Yeni Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizm, söz, mətbuat azadlığı bərqərar olmuş, məhkəmə-hüquq islahatları uğurla davam etdirilmişdir.

Ümummilli liderimizin uğurlu xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına hörmət, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Heydər Əliyevin rəhbərliyi altında qısa bir zamanda dövlət institutları təkmilləşdirildi, xarici əlaqələr genişləndirildi, çoxşaxəli enerji strategiyası reallaşdırıldı. Azərbaycan Avropa Şurasına üzv oldu, NATO və Avropa İttifaqı kimi regional təşkilatlarla əməkdaşlığın əsası qoyuldu. 1996-cı ildə Azərbaycan Avropa Birliyi ilə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzaladı, TACİS, TRASEKA proqramları çərçivəsində faydalı əməkdaşlıq başladı.

Ulu öndərimizin rəhbərliyi ilə aparılan uğurlu siyasət sayəsində dövlət əmlakının idarə edilməsi sahəsində də yeni sistem qurulmuşdur. Bu sahədə müvafiq dövlət qurumları yaradılmış, zəruri qanunvericilik bazası formalaşdırılmışdır. Heydər Əliyevin verdiyi fərmanlara uyğun olaraq dövlət əmlakının registrinin yaradılması və aparılmasının, icarəyə və istifadəyə verilməsinin, dövlət əmlakından səmərəli istifadəyə nəzarətin çevik mexanizmləri müəyyən edilmişdir. Heydər Əliyevin özəlləşdirmə və dövlət əmlakının idarə edilməsi sahəsində müəyyən etdiyi strategiya cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Özəlləşdirmə proseslərinin genişlənməsi, dövlət əmlakının idarə edilməsi strategiyasının təkmilləşdirilməsi zəruriliyini şərtləndirən əsas vəzifələr və onların həlli istiqamətləri Prezident İlham Əliyevin 6 iyun 2007-ci il tarixli fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nda öz əksini tapmışdır. Bu proqramın həyata keçirilməsi nəticəsində ilk növbədə dövlət əmlakının uçotqeydiyyat sistemi inkişaf etdirilmişdir, eyni zamanda dövlət əmlakının icarəyə verilməsi şərtləri və qaydaları təkmilləşdirilmişdir. Proqrama uyğun olaraq dövlət əmlakının qorunub saxlanması, mexanizmləri formalaşmışdır.

Ötən on il, ilk növbədə Heydər Əliyev ideyalarının əbədiyaşarlılığının, müəyyən etdiyi siyasi kursun alternativsizliyinin təsdiqi, xalqın tarixi seçiminin düzgünlüyü, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və inkişafı, Azərbaycanımızın dünyada önəminin artması ilə əlamətdar olub. Cənab İlham Əliyevin rəhbərliyi altında xalqımız çox böyük uğurlar əldə edib, öz inkişafının keyfiyyətcə yeni tərəqqi mərhələsinə qədəm qoyub. Keçən bu dövr həm də onunla əlamətdardır ki, Prezident İlham Əliyevin simasında bəşəri səviyyəli siyasətçinin – Avrasiya məkanında yeni liderin parlaması ilə müşayiət olundu.

Son illər ölkə iqtisadiyyatının üç dəfə artımı, yoxsulluq səviyyəsinin 49 faizdən 5 faizə enməsi, 1 milyon 200 minə yaxın yeni yerinin açılması, insanların yaşayış səviyyəsinin xeyli yüksəlməsi, əməkhaqlarının ildən-ilə mütəmadi olaraq artırılması və s. dinamik inkişafımızın real mənzərəsini əks etdirir. Dövlət başçısının müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır. Təsadüfi deyil ki, müstəqil dövlətimiz iqtisadi yüksəliş, demokratikləşmə sahəsində dünyanın bir çox inkişaf etmiş ölkələrini arxada qoyub. Azərbaycanın 2011-ci ildə 193 ölkədən 155-nin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin son illər əldə etdiyi uğurların təntənəsidir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik inkişaf edir. Demokratik cəmiyyət, hüquqi dövlət, insan və vətəndaş haqlarının aliliyi, siyasi plüralizm prinsiplərini rəhbər tutaraq dünya dövlətləri ilə sıx əməkdaşlıq edir. Hazırda dünya əhəmiyyətli qlobal layihələr Azərbaycanın iştirakı, bizim mənafelərimiz nəzərə alınmadan reallaşmır. Bu gün ölkəmizin iqtisadi həyatı yenidən qurulur. İqtisadiyyatımızda qeyri-neft sektorunun payı daim artır.

Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu müasir dövrün reallıqlarına uyğun davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız tarixi nailiyyətlərə imza atır. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” — deyən cənab İlham Əliyev, həqiqətən də, son 10 ildə hər bir azərbaycanlının Prezidentinə çevrildi. Bu səbəbdəndir ki, bu ilin oktyabr ayının 9-da keçirilən Prezident seçkilərində xalqımız növbəti dəfə də yekdilliklə ölkəni sürətlə inkişaf etdirən, xalqın xoşbəxt gələcəyinə möhkəm təminat verən Heydər Əliyev siyasi kursunun təntənəsinə səs verdi. Bu gün cənab İlham Əliyevin uğurlu, gərgin fəaliyyəti nəticəsində ölkəmizin müstəqilliyinin daha da möhkəmlənməsi üçün dünya ölkələri və Avropa Birliyi dövlətləri ilə əməkdaşlıq yenidaha yüksək mərhələyə çatmışdır.

Rasim MƏMMƏDOV,

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət

müəssisələrinin idarəetmə mərkəzi

“Ticarət Mərkəzi-4” MMC-nin direktoru,

ehtiyatda olan polis polkovniki. 

 

Respublika.-2013.- 12 dekabr.- S.14.