Sumqayıtlılar ümummilli liderimizi hörmət və iftixarla yad etdilər

 

 

Demək nə qədər ağır olsa da, artıq 10 ildir ki, Azərbaycan Respublikasının eks-prezidenti, ümummilli liderimiz Heydər Əliyev vəfat edib. On ildir o möhtərəm şəxsiyyət, böyük rəhbər, nəhəng siyasətçi aramızda yoxdur. Lakin Heydər Əliyev cismən dünyasını dəyişsə də, ruhən hər bir azərbaycanlının qəlbində yaşayır. Xalqımızın ulu öndərə olan məhəbbəti hədsiz və tükənməzdir. Bu ölçüyəgəlməz sevgi Heydər Əliyevin anım günündə bir daha təsdiqlənir. Bu il də dekabrın 12-də qarçovğuna baxmayaraq, ulu öndərə ehtiram göstərib təzim etmək üçün paytaxt Bakıda Fəxri Xiyabana, yerlərdə isə Heydər Əliyevin abidəsi önünə axışan insan selinin ardı-arası kəsilmirdi.

Sumqayıtda da ümummilli lider Heydər Əliyevin əziz xatirəsi böyük ehtiramla yad edildi. Sumqayıtlılar yağan qara, şaxtalı küləyə fikir vermədən dəstə-dəstə gəlib şəhərin mərkəzində ulu öndərə ucaldılmış abidə önünə tər gül-çiçəklər qoyurdular. Daha sonra ümummilli liderin adını daşıyan parkda yenicə tikilib istifadəyə verilmiş Heydər Əliyev mərkəzində anım mərasimi keçirildi. Mərasimdə təşkilat və müəssisə rəhbərləri və eləcə də şəhər fəalları və gənclər iştirak edirdi. Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov çıxış etdi. O, çıxışında xalqımızın uğur simvolu, güvənc yeri, qürur mənbəyi olan Heydər Əliyevin simasında öz mənəvi xəzinəsinin ən qiymətli, ən nadir incisini itirdiyini söylədi. Sonra Eldar müəllim müdrik rəhbərin Sumqayıt şəhəri ilə bağlı fəaliyyətini qısaca olaraq yada saldı. Sumqayıtda mövcud əksər sənaye müəssisələrinin, zavod və fabriklərin, sosial-mədəni obyektlərin, çoxsaylı təhsil, səhiyyə ocaqlarının bilavasitə onun rəhbərliyi altında tikildiyini xüsusi vurğuladı.

Eldar Əzizov nitqinin yekununda qeyd edərək dedi: “Azərbaycan xalqına, dövlətinə xidmət etmək Heydər Əliyevin ən böyük məqsədi, həyat amalı idi. Ümummilli liderimizin başladığı işləri uğurla davam etdirmək, onun məqsəd və amallarını gerçəkləşdirmək üçün möhtərəm Prezidentimiz cənab İlham Əliyev möhtəşəm quruculuq tədbirləri və irimiqyaslı islahatlar həyata keçirir. Ölkə rəhbərinin bu gün dünyada qazandığı böyük nüfuz, qabaqcıl dövlətlərin başçıları ilə bərabərhüquqlu tərəfdaş kimi danışıqlar apararaq, xalqımızın həqiqətlərini uca səslə bəyan etməsi bir daha sübuta yetirir ki, Heydər Əliyevin dövlətçilik ideyalarının, onun seçdiyi siyasi yolun alternativi yoxdurbu yol Azərbaycanı yeni-yeni uğurlara, zirvələrə çatdıracaq”.

 

Söhrab Səfiyev

 

Respublika.-2013.- 13 dekabr.- S.4.