Xalqımızın
xilaskarı
Hər bir xalqın tarixini onun dahi insanları yaradır. Azərbaycanın müasir tarixinin 30 ildən çox davam edən və öz miqyasına görə əsrə bərabər olan böyük bir dövrü bilavasitə dünya səviyyəli siyasətçi və dövlət xadimi, zəmanəmizin əzəmətli və bənzərsiz şəxsiyyəti, ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Heydər Əliyevin xalqımızın çoxəsrlik dövlətçilik tarixində və taleyində ən möhtəşəm xidmətlərindən biri 1993-cü ilin iyununda Azərbaycanın və xalqımızın başının üstünü almış bütün bəlalardan qoruması, müstəqilliymizi əbədi bəlalardan qoruması, müstəqilliyimizi əbədi etməsidir.
Həmin kəşməkəşli iyun günlərində ölkə dərin siyasi və iqtisadi böhran içində çapalayırdı. Belə bir taleyüklü məqamda xalqımız öz böyük oğlu Heydər Əliyevə müraciət edərək onu təkidlə Azərbaycanda hakimiyyətə çağırdı. Heydər Əliyev xalqının ağır günündə onun taleyinə biganə qala bilməyərək Naxçıvandan Bakıya gəldi. Xilaskar missiyası ilə Azərbaycana qayıdan Heydər Əliyev ölkədə baş alıb gedən özbaşınalığın, xaosun, dövlət çevrilişi cəhdlərinin qarşısını aldı, qanunsuz fəaliyyət göstərən silahlı dəstələr zərərsizləşdirildi və bununla da ölkədə sabitlik bərqərar oldu. Qısa bir zamanda iqtisadi tənəzzülün qarşısını alan Heydər Əliyev respublikanın davamlı inkişafı istiqamətində islahatlar həyata keçirdi.
1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanması, dünya iqtisadiyyatına inteqrasiya dövrü kimi yazıldı. 1995-ci ilin 12 noyabrında müstəqil Azərbaycanın ilk Konstitusiyası ümumxalq referendumu ilə qəbul olundu. Əsas Qanunda xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, dövlətin demokratik, hüquqi və dünyəviliyi, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunmasının təməl prinsipləri təsbit olunmuş, insan hüquq və azadlıqlarının təmini dövlətin ali məqsədi kimi ön plana çəkilmişdir. Azərbaycanın ilk Milli Konstitusiyasında mənəvi sərvətlərimizə, dinimizə, tarixi irsimizə qayğı dövlət səviyyəsinə qaldırıldı. Başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya və dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni ideologiyanın əsası qoyuldu. Ulu öndər bəyan etmişdi: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək.”
Ümummilli liderimiz Heydər Əliyevin siyasi uzaqgörənliyinin və siyasi iradəsinin məntiqi nəticəsi olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin dinamik inkişafına güclü təkan verdi.
Nəhəng dövlətçilik təcrübəsi və idarəçilik qabiliyyəti ilə səciyyələnən siyasi fəaliyyəti bu böyük şəxsiyyəti dünya şöhrətli siyasi xadim kimi tanıtmışdır. O, nəinki öz xalqının sevimlisi olmuş, eyni zamanda dünyanın böyük dövlət başçılarının, tanınmış siyasi xadimlərin də hörmət və məhəbbətini qazanmışdır. Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl ulu öndərimizin həyat və fəaliyyətini belə qiymətləndirmişdir: “Heydər Əliyev Azərbaycanı israrla və demokratik yollarla müstəqil olaraq məqsədinə çatdırmaq üçün canını sipər edib qeyrət göstərən oğuldur”. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə qeyd etmişdir: “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Bir millət iki dövlət sözü ona məxsusdur”. Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer Heydər Əliyev haqqında danışarkən demişdir: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”. Rusiya, ABŞ, Gürcüstan, Ukrayna, Qazaxıstan və digər ölkələrin tanınmış dövlət xadimləri də Heydər Əliyevi dahi şəxsiyyət, dünya səviyyəli siyasətçi kimi qiymətləndirmişlər.
Ulu öndərin öz xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri müəyyənləşdirdiyi milli inkişaf kursunu inamla davam etirə biləcək siyasi varis yetişdirməsidir. Böyük öndər 2003-cü ildə xalq ünvanladığı tarixi müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Azərbaycan Prezidenti cənab İlham Əliyev ona olan bu ümidləri layiqincə doğrultdu. Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf kursunu müasir dövrün tələblərinə uyğun şəkildə böyük inamla, əzmkarlıqla aparan ölkə başçısının rəhbərliyi altında Azərbaycan bu gün dünya birliyində özünə layiqli yer tutub, iqtisadiyyatın artım tempinə görə dünyada lider mövqedə dayanıb. Azərbaycan Prezidenti İlham Əliyevin ümummilli liderimizin 90 illik yubileyi haqqında imzaladığı sərəncamda qeyd olunur: “Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətimizin tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə-Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir”.
Bu gün ulu öndərin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə nəqliyyatının yenidən qurulması, əsaslı təmiri işləri uğurla davam etdirilir, mühüm tədbirlər həyata keçirilir. Nəqliyyat sektorunun inkişafını prioritet istiqamət kimi önə çəkən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Hər bir istiqamət —avtomobil yollarının, dəmir yollarının bərpası üzrə iş gedir. Bu da çox vacibdir. Çünki biz sürətli dəmir yollarının fəaliyyətinə nail olmalıyıq. Yeni dəmir yolu xətləri o məqsədlə tikilir ki, qatarlar yüksək sürətlə hərəkət edə bilsin. Nəzərə alsaq ki, Azərbaycan yaxın zamanlarda nəqliyyat sahəsində böyük tranzit ölkəsinə çevriləcəkdir, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşmaq üzrədir, Azərbaycanın dəmir yolları da yüksək dünya standartlarına cavab verməlidir. Bu sahənin sürətli inkişafını təmin etmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Dövlət Proqramında lokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə, rabitə və digər sahələrin əsaslı təmiri, Bakı-Böyük-Kəsik istiqamətində sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşməsi və s. mühüm işlər öz əksini tapmışdır.
Ölkəmizin beynəlxalq xarakterli nəqliyyat yolları və burada Azərbaycanın iştirakını qeyd edək ki, ilk öncə Şərq-Qərb, Şimal-Cənub dəhlizlərini önə çəkmək lazımdır, burada əsas etibarilə İpək Yolu nəzərdə tutulur ki, onun da keçdiyi əsas ərazilərdən biri Azərbaycandır. Ölkəmiz bir çox dünya dövlətləri ilə, Avropa İttifaqı və başqa beynəlxalq təşkilatlarla İpək Yolunun bərpa olunması sahəsində—TRASEKA Proqramının hazırlanmasında yaxından iştirak etmişdir. Son on ildə Azərbaycanın artıq dünya miqyasında bir nəqliyyat mərkəzi kimi tanındığını bildirən cənab İlham Əliyev qeyd edib ki, əgər nəqliyyat sektoru olmasa, coğrafi yerləşmə böyük əhəmiyyət kəsb etməz: “Məhz son illərdə bu sahəyə qoyulan investisiyalar Azərbaycanı artıq bir logistika—nəqliyyat mərkəzinə çevirmişdir. Bizim nəqliyyatımızın bütün növləri bu gün ən yüksək standartlara cavab verir...”
Azərbaycanda dünya əhəmiyyətli magistralların inşası, həm Bakıda, həm də bölgələrimizdə yol-nəqliyyat infrastrukturunu təkmilləşdirilməsi respublikamızın nəqliyyat-tranzit şəbəkəsinin beynəlxalq tələblərə cavab verdiyinin bariz göstəricisidir. Görülən bütün işlərdə, qazanılan uğurlarda nəqliyyat naziri Ziya Məmmədovun bu sahəyə rəhbərliyini, diqqət və qayğısını xüsusi qeyd etmək lazımdır. Onun rəhbərliyi ilə bu gün genişmiqyaslı, qlobal layihələr uğurla reallaşdırılır.
Bu gün uğurla həyata keçirilən genişmiqyaslı islahatlar müstəqilliyimizi dönməz və əbədi edib. Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “İndiki müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır, möhkəmlənir, yeni formalarla zənginləşir”.
Kazım
MƏMMƏDOV,
ADY QSC Biləcəri-Yuyucu-Buxarlayıcı
Stansiyasının rəisi.
Respublika.-2013.- 13 dekabr.- S.7.