Azərbaycan İKT sahəsində də dünyanın inkişaf edən ölkələri səviyyəsinə yüksəlmişdi

 

Azərbaycanda həyata keçirilən strateji inkişaf kursunun müsbət nəticələri bütün sahələrdə özünü göstərir. Ölkə iqtisadiyyatının çoxşaxəli inkişaf etdiyini və növbəti illərdə də bu yüksəlişin özünü daha qabarıq şəkildə göstərəcəyini vurğulayan dövlət başçısı bildirib ki, iqtisadiyyatımızın neft-qaz amilindən asılılığı ildən-ilə daha da azalır və iqtisadiyyatın şaxələndirilməsi məsələləri öz həllini tapır: “...qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin nəticəsidir. Çünki mən bu məsələlərlə bağlı fikirlərimi mütəmadi qaydada bildirirəm və qeyd edirəm ki, iqtisadi sahədə əsas prioritet məsələ qeyri-neft sektorunun inkişafıdır”.

 2013-cü ilin ötən dövrü ərzində Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru 11 faiz səviyyəsində artmışdır. Ölkəmizin iqtisadi inkişafında, təbii ki, İKT sektorunun da əhəmiyyətli payı var. Bu sahənin inkişafının ölkəmiz üçün önəmi böyükdür. İKT sahəsinə verilən diqqət və bu sahədə əldə edilən uğurlara görədir ki, 2013-cü il ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ilielan edilmişdir. Bu ilin əvvəlində ilk telekommunikasiya peykimizin orbitə çıxarılması həm də Azərbaycanın prestijidir. Bu həm müasirlik, həm də yeni texnologiyaların inkişafı üçün bütün cəhətlərdən böyük nailiyyətdir.

Məlumat üçün bildirək ki, 2003-cü ilin fevralında ümummilli liderimiz Heydər Əliyevin xüsusi fərmanı ilə regionda ilk dəfə olaraq İKT-nin inkişafı üzrə 20 illik Milli Strategiya təsdiq edilmişdir. Və İKT sektoru 2004-2012-ci illər üzrə hər üç ildə təxminən iki dəfə genişlənmişdir. 2012-ci ildə isə bu sektorun artım tempi təxminən 18 faiz olmuşdur. MDB ölkələri sırasında ilk dəfə 2008-ci ildə Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılmış, 2010-cu ildə isə tam elektronlaşdırılmışdır, yəni rəqəmləşdirilmişdir. Keçən il şəbəkəyə təxminən 20 min nömrə də əlavə olunaraqyeni nəsil şəbəkəsi” texnologiyaları tətbiq olunmuşdur. Ötən il bu sektora 400 milyon ABŞ dollarından çox investisiya qoyulmuşdur. Azərbaycan Cənubi Qafqazda İnformasiya cəmiyyətinə keçid strategiyasını qəbul etmiş birinci və yeganə dövlətdir.

Bu gün ölkəmizdə yüksək texnoloji İT sənayesinin formalaşdırılması üçün bütün şərait yaradılıb.

Dövlət başçısı cənab İlham Əliyevin “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması” haqqında, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamları isə öz növbəsində Azərbaycanın kosmik məkana inteqrasiyasını təmin etmişdir. Proqramlara əsasən 2023-cü ildə Azərbaycanda İKT sektorundan əldə olunmuş gəlirlər neft gəlirlərini üstələyəcək. Təsadüfi deyil ki, son bir neçə il ərzində Azərbaycanda İKT sektorundan qazanılan gəlirlərin artımı dünyada bu sahədə əldə olunan artımdan 2,5-3 dəfə çoxdur. Bu nailiyyətlər dövlətin düşünülmüş siyasətinin, İKT məsələlərinə böyük diqqət və qayğısının, bu sahəyə müasir prizmadan yanaşılmasının nəticəsidir. Neft sektorunun insan kapitalına çevrilməsi tezisi bu gün Azərbaycanda uğurla reallaşır.

Azərbaycan beynəlxalq aləmdə bu sahə üzrə genişmiqyaslı kütləvi tədbirlərin keçirilməsi ilə də seçilir. Artıq ənənəyə çevrilmiş və hər il ölkəmizdə keçirilən “BakuTel” sərgisi də bu mənada çox əhəmiyyətlidir. Bakıda “BakuTel-2013” 19-cu Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiyaları sərgisi və konfransı zamanı Prezident İlham Əliyev “Euronews” telekanalına müsahibəsində bildirib ki, informasiya texnologiyaları sektorunun çox böyük perspektivi vardır: “Bu, ideyalar yaradan, ölkəmizdə ümumi təhsilin səviyyəsinin yüksəlməsinə təkan verən sektordur, bizim aparıcı beynəlxalq elmi araşdırmalara qoşulacağımıza kömək edir. Eləcə də əlbəttə ki iqtisadiyyatın, xüsusən də qeyri-neft sahəsinin inkişafı üçün informasiya texnologiyaları sektoru böyük əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, bu il ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ilielan edilib. Bu əsasən onunla əlaqədardır ki, bu il Azərbaycanın ilk süni peyki buraxılıb. Bu minvalla biz kosmik sənayesi olan ölkəyə çevrildik. Həmin peyk tamamilə Azərbaycan mütəxəssislərinin idarəsinə verilib. Biz bu proqramı daha da genişləndirmək niyyətindəyik, yaxın vaxtlarda ikinci, üçüncü peyklər də buraxılacaqdır. Bizim ölkəmizi informasiya texnologiyalarının tamamilə əhatə etməsi əhaliyə müasir xidmətlər göstərilməsinə imkanlar yaradacaqdır. Bildiyimiz kimi, ölkəmizdə bu yaxınlarda əhaliyə kütləvi xidmətlər göstərən “Asan xidmət”fəaliyyətə başlayıb. Bu, əslində Azərbaycanın brendidir”.

İKT sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının şaxələndlirilməsi üçün çox əhəmiyyətli olduğunu və ölkəmizdə bu sahənin inkişaf etdirilməsi istiqamətində çox mühüm işlər görüldüyünü vurğulayan Birləşmiş Ştatların ölkəmizdəki səfiri Riçard Morninqstar jurnalistlərə müsahibəsində bildirib ki, bu forumun ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə həyata keçirilməsi ölkələrimiz arasındakı sıx əməkdaşlığın bariz nümunəsidir: “Azərbaycan regionda İKT sahəsində yaxşı imkanlara malik olan ölkədir. Hazırda Azərbaycanda bu sahədə fəaliyyət göstərən bir neçə ABŞ şirkətləri vardır. Əminəm ki, Azərbaycan-ABŞ əməkdaşlığı bu sahəyə mühüm töhfə verəcəkdir”.

Qeyd edək ki, Azərbaycanın ikinci süni peykinin texniki əsaslandırılmasını ABŞ-ın Ticarət və İnkişaf Agentliyi həyata keçirir.

Azərbaycanda İnformasiyakommunikasiya texnologiyaları (İKT) sektorunda əldə edilən nəticələr təsdiqləyir ki, gələcək perspektivlər böyükdür. Bu sahə, həqiqətən də, böyük potensiala, qloballaşan dünyada mühüm təsir gücünə malikdir. Odur ki, İKT sektorunda islahatların sürətləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Əsas məqsəd İKT-nin ümumi daxili məhsulda payının yaxın 8-10 il ərzində iki dəfə artırılmasından ibarətdir. İKT-nin inkişafına dövlət dəstəyi və bu sahədəki perspektivlərə diqqət ayıran cənab İlham Əliyev bildirib ki, iqtisadisosial sahələrin bütün istiqamətlərində davamlı artım tempinə nail olan Azərbaycan İKT sahəsində də dünyanın inkişaf edən ölkələri səviyyəsinə yüksəlmişdir.

 

 

Şükür ƏLİZADƏ,

 

Respublika.-2013.- 6 dekabr.- S.1.