Liderlik zirvəsində

 

     Ulu öndər Heydər Əliyevin mütərəqqi məhkəmə-hüquq islahatları son 10 ildə uğurla davam etdirilir

 

  

Fərqli ictimai-iqtisadi formasiyalarda cəmiyyətin dəstəyinə iddia edən hər bir siyasi lider ictimai inam qazanmağa çalışmışdır. Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyev də böyük siyasətdə qarşıya qoyduğu hədəflərə doğru irəliləyərkən təkcə daxili inamına, iti fəhminə, yüksək intellektinə və parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır. Şəxsiyyət və lider kimi miqyasının böyüklüyü ona ümummilli liderlik zirvəsini fəth etmək imkanı vermiş, məhz bu qeyri-adi xüsusiyyəti sayəsində ulu öndər həm də idarəçilikdə böyük uğurlara imza atmış, cəmiyyətin həlledici kəsimini arxasınca apara bilmişdir.

 Ötən əsrin nüfuzlu dövlət xadimlərindən olmuş Uinston Çörçil demişdir ki, “Siyasətçi növbəti seçkilər, əsl lider isə gələcək nəsillər barədə düşünür”. Tarixən bir çox nüfuzlu liderlərin siyasətdə qarşıya qoyduğu məqsədlərə yetişərək uğur qazanması, rəhbərlik etdiyi kütləni, xalqı böyük fəlakət və faciələrdən hifz etməsi məhz iti fəhm, intuisiya və uzaqgörənliyin nəticəsi olmuşdur. Bu il 10-cu ildir ki aramızda olmayan, lakin əziz xatirəsi ürəklərdə yaşayan ümummilli lider Heydər Əliyev də məhz belə uzaqgörən, siyasi proseslərin inkişaf trayektoriyasını duyan, hadisələrə pozitiv təsir göstərən fenomenal şəxsiyyətlərdən biri kimi xatırlanır.

Hələ ötən əsrin 70-ci illərində məhkəmə

, prokurorluq, daxili işlər orqanlarında həyata keçirilən köklü kadr dəyişiklikləri, təsərrüfat-iqtisadi xarakterli cinayətkarlığa qarşı mübarizənin sərtləşdirilməsi məqsədilə atılan addımları, hüquq-mühafizə orqanları əməkdaşlarının mənəvi cəhətdən sağlamlaşdırılması, qanun keşikçisi adını daşımağa layiq olmayanların orqanlardan uzaqlaşdırılması ulu öndərin cəmiyyətdə hüquq normalarının möhkəmlənməsində maraqlı olduğunu bir daha təsdiqləyir. Ali məktəblərə qəbulun şəffaflığını təmin edən, bu sahədəki əyintilərin kökünü kəsmək niyyətini cəsarətlə, qətiyyətlə gerçəkləşdirən Heydər Əliyevin səyləri ilə universitetin hüquq fakültəsi yenidən istedadlı gənclərin üzünə açılmış, burada təhsilin səviyyəsi və nizam-intizamla yanaşı, hüquqşünas kadr hazırlığı işi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Məhz bu qətiyyətli tədbirlərin nəticəsi olaraq o zamankı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsi əvvəlki hörmət və nüfuzunu bərpa etmiş, yüksək səviyyəli hüquqşünas kadrların hazırlığı prosesində aparıcı statusunu qorumuşdur.

Dövlət idarəçiliyində, ümumilikdə, siyasi arenada uğuru təmin edən cəhətlər sırasında novatorluqpraqmatizm xüsusi yer tutur. Xaraktercə yenilikçi, təşəbbüskar liderlər həm də praqmatik keyfiyyətləri özlərində daşıyırlar. Ümummilli lider xalqın milli xüsusiyyətlərinin saxlanılması və gələcək nəsillərə çatdırılması məsələsində nə qədər mühafizəkar idisə, elmi-texniki tərəqqiyə, inkişafa, sosial-mədəni tərəqqiyə xidmət edən proqram və konsepsiyaların həyata keçirilməsində, yeni texnologiyaların geniş tətbiqində bir o qədər yenilikçi, islahatçı, novator idi. Ulu öndərin lider kimi yenilikçilik, təşəbbüskarlıq keyfiyyətləri onun qurucu və yaradıcı, eyni zamanda maarifçi insan olmasından irəli gəlirdi. Böyük strateq Heydər Əliyevin siyasətçi və lider kimi praqmatizmi onun reallığa adekvat qərar və proqramlar qəbul etmək, qonşu dövlətlərlə münasibətləri qarşılıqlı faydalılıq prinsipi əsasında qurmaq, gələcək naminə optimal qərarlar qəbul etmək məharətində təsdiqini tapmışdır.

Çin filosofu Konfutsinin fikridir — hər kəsin taleyini onun xarakteri müəyyən edir. Ulu öndər Heydər Əliyevin də hələ gənc yaşlarından qarşıya qoyduğu amallar uğrunda apardığı mübarizə, məqsədinə doğru inamla irəliləməsi, prinsipiallığı və qətiyyəti, özünə inamı onun liderlik xüsusiyyətlərini aşkara çıxarmışdır. Gənc yaşlarından həyatının təhlükəsizlik orqanları ilə bağlanması da onun xarakter etibarilə nə qədər möhkəm, mətin və cəsarətli bir şəxsiyyət olduğunu təsdiqləyir. Şübhəsiz, o dövrdə dövlət təhlükəsizlik orqanlarında çalışanların özlərinin həyatı da ciddi risk altında idi. Buna rəğmən, Heydər Əliyev nəinki bu riskdən çəkinməmiş, hətta reallığın imkan verdiyindən də yüksək dərəcədə xalqının mənafeyi naminə çalışmış, milli ruhlu, vətənpərvər insanları keçmiş rejimin repressiyalarından qorumuşdur.

Heydər Əliyevin ümummilli liderə çevrilməsini təmin edən ən başlıca amil onun ən çətin və mürəkkəb siyasi şəraitdə məsuliyyətdən boyun qaçırmaması, xalqının, dövlətinin problemlərinə biganə qalmaması olmuşdur. Heydər Əliyevin siyasi iradəsi, düşüncəsinin dinamizmi, dünyada gedən prosesləri təhlil edib modelləşdirmək və siyasi davranışın ən əlverişli sxemlərini reallaşdırmaq qabiliyyəti 1993-cü ilin iyunundan etibarən Azərbaycanı xaosanarxiya mühitindən, vətəndaş müharibəsi təhlükəsindən xilas edib, stabil inkişaf yoluna çıxarmışdır. Böyük strateq iqtisadihüquqi islahatların paralelliyini təmin etməklə məhz bu prinsipə əsaslanmışdır ki, hüquqi dövlət insanların birgə fəaliyyətinin təşkili və tənzimlənməsinin mühüm amili, onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının, cəmiyyətdə nizam-intizamın və sabitliyin təmini vasitəsidir.

Bəşəriyyətin tarixi təkamül prosesi təsdiqləyir ki, yalnız ədalət, müdriklik, humanizm kimi ali dəyərləri şəxsiyyətində bir araya gətirməklə kamillik zirvəsinə yüksəlmiş liderlər qanuna söykənən cəmiyyət yaratmaq idealı ilə yaşamış və fəaliyyət göstərmişlər. Bu baxımdan əminliklə deyə bilərik ki, Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1995-cü ildə ulu öndərin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasının müddəalarının üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması ulu öndərin haqqa, ədalətə tapınan lider olduğunu bir daha təsdiqləyir. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır.

1998-ci il 1 dekabr tarixli— “Məhkəmələr və hakimlər haqqında” Qanunun qəbulundan sonra 2000-ci ildə ölkədə üçpilləli məhkəmə hakimiyyəti formalaşdırılmışdır. Aparılan məhkəmə-hüquq islahatı nəticəsində keçmiş Sovetlər birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuş, birinci instansiya, apelyasiyakassasiya instansiyalarından ibarət yeni üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır.

Bu islahatlara adekvat olaraq məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının da cəmiyyətdə roluna yenidən baxılmış, onun fəaliyyəti beynəlxalq normalarademokratik institutların tələblərinə uyğunlaşdırılmışdır. 1999-cu ildə qəbul edilmişProkurorluq haqqında” Qanuna müvafiq olaraq prokurorluğun əvvəllər mövcud olmuş bir sıra səlahiyyətlərindən imtina edilmiş, o cümlədən həbsə alma üçün sanksiyanın verilməsi səlahiyyəti məhkəmələrə verilmiş, məhkəmələr üzərində prokurorluğun nəzarətinə son qoyulmuşdur. Eyni zamanda müstəqil təsisat olan Vəkillər Kollegiyasının fəaliyyətinin yeni, demokratik əsaslarla təşkil edilməsi, əhaliyə hüquqi yardımın yaxşılaşdırılması məqsədilə 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun qəbul edilmiş, hüquqi yardımın göstərilməsində bu orqanın rolunun daha da artırılması üçün  qanunvericilik daha da təkmilləşdirilərək müasir tələblərə uyğunlaşdırılmışdır.

“Məhkəmələr və hakimlər haqqında” Qanun əsasında formalaşdırılmış Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası hakimliyə namizədlərin şəffaf prosedur əsasında, beynəlxalq tələblərə uyğun seçilməsi məqsədilə 2000-ci ildə ilk dəfə test üsulu ilə imtahan və müsabiqənin keçirilməsini təmin etmişdir. Məhkəmə-Hüquq Şurası ötən illərdə Azərbaycan Respublikasında müstəqil məhkəmə sisteminin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən, məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən müstəqil orqan kimi fəaliyyət göstərmişdir.

Ümummilli lider sonrakı mərhələdə də ölkə həyatının bütün sahələrində çevik və işlək mexanizmlər üzərində çoxşaxəli islahatları təmin etmişdir. Hüquqa və ədalətə söykənən mülki cəmiyyətin formalaşdırılması üçün, ilk növbədə, milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması prosesi davam etdirilmiş, ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosialhüquqi islahatların qayəsində insana qayğı, insan ləyaqətinə, şəxsiyyətinə hörmət prinsipi dayanmışdır.

Fransız mütəfəkkiri Jan-Jak Russo demişdir ki, dövlət onun inkişafı ilə bağlı yeni fikirideyalar tükənəndə uçuruma yuvarlanır. Müstəqil Azərbaycan dövləti isə bu təhlükədən birdəfəlik qurtulmuşdur: Azərbaycanın dayanıqlı və sabit inkişafı üçün nəinki proqressiv proqramkonsepsiyalar mövcuddur, eyni zamanda, ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanaraq ölkəmizin intibahının təminatına çevrilmiş sosial-iqtisadi inkişaf strategiyası uğurlu nəticələr verir. Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək, çoxşaxəli mütərəqqi islahatların varisliyini uğurla təmin edəcək layiqli davamçı da yetişdirmişdir.

2004-cü ildən həyata keçirilən islahatlar nəticəsində məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının tərkibi yenilənərək əsasən hakimlərdən, eyni zamanda, ölkə Prezidentinin, Milli Məclisin, prokurorluğun, Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət formalaşdırılmışdır. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir.

Məhkəmə hakimiyyətinin müstəqilliyinin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında rolu nəzərə alınaraq hakimlərin müddətsiz — son yaş həddinədək təyinatı, fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinə cəlb edilməsinin demokratik əsasları təsbit olunmuşdur. Korrupsiya hallarının qarşısının alınması üçün hakimlər tərəfindən vətəndaşların qəbulu qadağan edilmiş, məhkəmə qərarlarının dərci nəzərdə tutulmuş, məhkəmələrdə kargüzarlığın aparılmasının yeni, demokratik qaydaları müəyyən olunmuşdur.

Ədalət meyarının hər bir cəmiyyətdə bərqərar olması, uca tutulması tarixən qanunçuluğun keşiyində dayanan, hüququn aliliyini rəhbər tutan səlahiyyət sahiblərinin — ilk növbədə, insan taleyi ilə bağlı qərar qəbul edən hakimlərin fəaliyyətindən asılı olmuşdur. Son illərdə Hakimlərin Etik Davranış Kodeksinin qəbul edilməsi, məhkəmə hakimiyyətinin hazırlıqlı və mənəvi cəhətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə tədbirlərin davam etdirilməsi, bütün məhkəmələrin tərkibinin təzələnməsi məhz bu reallıqlarla şərtlənir.

Dövlət başçısının hələ 2006-cı il 19 yanvar tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanında Məhkəmə-Hüquq Şurasına tövsiyələrdən biri də məhz məhkəmələrdə hakimlərin sayının artırılması ilə bağlı olmuşdur. Prezident İlham Əliyevin 2006-cı il 17 avqust tarixli Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 153 ştat vahidi artırılmışdır. Fərmanın icrası ilə bağlı son illər Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən tədbirlər hakim vəzifəsinə seçkilərin tamamilə azad, obyektiv və ədalətli keçirilməsinə, bu məsul vəzifəyə ən layiqli insanların seçilməsinə xidmət etmişdir. Ümumilikdə, ölkənin sürətli iqtisadi inkişafı ilə əlaqədar məhkəmələrin yükünün dəfələrlə çoxalması nəzərə alınaraq hakimlərin sayı son illər ərzində 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75 faiz artırılmış, hər bir hakimə köməkçi ştatı ayrılmışdır.

Bundan əlavə, Dünya Bankı tərəfindən dəstəklənən “Ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi” çərçivəsində Azərbaycanda xüsusi işlənilmiş və dünyada analoqu olmayan unikal proqram təminatı vasitəsi ilə 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanmış, respublikamızın müxtəlif bölgələrində məhkəmələr üçün ən müasir məhkəmə binaları inşa olunmuşdur. Yeni məhkəmə binalarında hakimlərlə vətəndaşların birbaşa ünsiyyətin məhdudlaşdırılması şəffaflığın təminatı və korrupsiyaya qarşı mübarizə baxımından mühüm addımlardan biri kimi dəyərləndirilməlidir.

Ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi çərçivəsində, həmçinin Məhkəmə-Hüquq Şurası, Hakimlərin Seçki Komitəsi, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, habelə Ədliyyə Nazirliyinin qeydiyyat qurumları ən müasir İKT-lərlə təchiz olunmuş, “Qeyri-kommersiya hüquqi şəxslər” üçün avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi, Bakıda və bölgələrdə hüquqi məsləhət mərkəzləri yaradılmışdır. Ölkə Prezidenti möhtərəm İlham Əliyevin bir sıra məhkəmə binalarının açılışında şəxsən iştirak etməsi məhkəmə hakimiyyətinin müasirləşdirilməsinə verilən önəmin növbəti təzahürü olmuşdur.

Son illər Azərbaycanda milli gəlirin artım tempi ilə siyasi-hüquqi islahatların həyata keçirilməsi prosesi mütənasiblik təşkil etməyə başlamışdır. Adambaşına düşən milli gəlirin 7000 manata, dövlət büdcəsinin gəlirlərinin 25 milyard dollara, strateji valyuta ehtiyatlarının 46 milyard dollara yüksəlməsi ölkə iqtidarına liberallaşma və modernləşmə istiqamətində daha qətiyyətli addımlar atmağa, vətəndaş maraqlarına xidmət edən məhkəmə-hüquq islahatlarını inamla davam etdirməyə imkan verir. Möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Strategiyasında məhkəmə-hüquq islahatlarının gələcək prioritetləri əksini tapmış, eyni zamanda, respublikanın yaxın perspektivdə orta inkişaf etmiş ölkədən yüksək inkişaf etmiş ölkəyə çevrilməsi qarşıya ali məqsəd kimi qoyulmuşdur.

Haqq-ədalətə, qanuna bağlılıq bəşər sivilizasiyasının qədim dövrlərindən insanlığı səciyyələndirən, onu dünyanın ali varlığına, zinətinə çevirən ülvi keyfiyyət sayılmışdır. Yaşadığı zaman və məkandan asılı olmayaraq vicdanının səsi ilə hərəkət edən, daxilindəki həqiqət işığına boylanan, bütün varlığı ilə düzgünlüyə, ədalətə can atan böyük liderlər bütün cəmiyyətlərdə sevilib-seçiliblər. Parlaq şəxsiyyəti, yüksək mənəvi idealları ilə tanınan ulu öndər Heydər Əliyevin həyat amalı da, ilk növbədə, onun cəmiyyətə fayda verməyə, haqq-ədaləti, qanunçuluğu təmin etməyə hesablanmış fəaliyyətində təcəssümünü tapmışdır. Ulu öndərin əsasını qoyduğu mütərəqqi hüquq islahatlarının uğurla davam etdirilməsi keyfiyyətcə yeni mərhələdə məhkəmə hakimiyyətinin müstəqilliyinə, ədalət mühakiməsinin səmərəliliyinə etibarlı təminatdır.

 

Rəşad ƏLİYEV,

Binəqədi Rayon Məhkəməsinin hakimi

 

Respublika.-2013.- 18 dekabr.- S.7.