Özbəkistanda Heydər Əliyevin anım günü ilə bağlı mərasimlər
keçirildi
Daşkənd
Özbəkistanın paytaxtı, qədim Daşkənd şəhərində müdrik insan, dahi şəxsiyyət, ürəklərdə işıq heykəlinə çevrilən ulu öndərimiz Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Azərbaycanın Özbəkistandakı səfirliyinin və Azərbaycan Milli Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Heydər Əliyevin adını daşıyan küçədə keçirilən anım tədbirində milli diasporumuzun fəalları, qonaqlar, həmçinin özbəkistanlı gənclər iştirak edirdilər.
Mərasimdə öncə ümummilli liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və ulu öndərimizin büstü önünə tər gül-çiçək dəstələri qoyuldu.
Anım mərasimində Azərbaycan Respublikasının Özbəkistandakı səfiri Hüseyn Quluyev çıxış edərək vurğuladı ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 10 il keçir. Ulu öndər Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaqdır. Bu dahi insan öz xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş ən böyük azərbaycanlıdır. Heydər Əliyev Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan, əfsanəvi şəxsiyyət, ulu öndər, müasir müstəqil Azərbaycanın qurucusu, xalqının sevimli övladı kimi qalacaqdır.
Dahi şəxsiyyət Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının ümummilli liderinə, dünya siyasətinin nəhənglərindən birinə çevirmişdir. Ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Vətəni və xalqı qarşısında müstəsna xidmətləri, dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında, Azərbaycan dövlətçiliyinin nailiyyətlərində əvəzsiz rolu və misilsiz fəaliyyəti qədirbilən xalqımız tərəfindən həmişə dərin minnətdarlıq hissi ilə yad edilir.
Anım mərasimində Azərbaycan Müdafiə Nazirliyinin Özbəkistandakı müşaviri, general-mayor Elburus Orucov və başqaları çıxış etmiş və Heydər Əliyevin mənalı ömür yolundan söhbət açmışlar.
Səmərqənd
Özbəkistanın Səmərqənd şəhərində əbədiyaşar şəxsiyyət, ulu öndər Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı anım mərasimi keçirildi. Tədbirdə ilk öncə ulu öndərin parlaq xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Diaspor fəallarının, çoxsaylı qonaqların iştirak etdiyi tədbirdə çıxış edən Özbəkistan Respublikasındakı Azərbaycan Milli Mədəniyyət Mərkəzi idarə heyətinin sədri Mobil Məmmədov çıxış edərək vurğuladı ki, Azərbaycanın müasir tarixinin 30 ildən çox davam edən və öz miqyasına görə əsrə bərabər olan böyük bir dövrü bilavasitə dünya səviyyəli siyasətçi və dövlət xadimi, zəmanəmizin əzəmətli və bənzərsiz şəxsiyyəti, ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin xalqımızın çoxəsrlik dövlətçilik tarixində və taleyində ən möhtəşəm xidmətlərindən biri 1993-cü ilin iyununda Azərbaycanın və xalqımızın başının üstünü almış bütün bəlalardan qoruması, müstəqilliyimizi əbədi etməsidir.
Hələ sağlığında canlı əfsanəyə çevrilən və adı Azərbaycanın rəmzi kimi səslənən nəhəng siyasətçi və dövlət xadimi Heydər Əliyev dünyanın nadir şəxsiyyətləri sırasında özünə əbədi yer tutur.
Vurğulamaq lazımdır ki, bu gün müstəqil Azərbaycanda Heydər Əliyev siyasi kursu inamla davam etdirilir. İnkişaf tempi sürətlə həyata keçirilir.
Özbəkistan xalqı Heydər Əliyevin parlaq xatirəsini həmişə yad edir, onun tarixi xidmətlərini heç vaxt unutmur. Bəli, Heydər Əliyev Azərbaycan və Özbəkistan dostluğunun memarıdır. O, Özbəkistanda rəsmi səfərlərdə olarkən həmişə xalqlarımızı dostluğa, həmrəyliyə çağırmış, diaspor fəalları ilə maraqlı görüşlər keçirmişdir.
Anım mərasimində Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Nəsimi Ağababayev, diaspor fəallarından Elçin Cabbarov və Asif Mustafayev çıxış edərək Heydər Əliyevin xalqımızın qarşısındakı tarixi xidmətlərindən danışdılar.
Tədbirin sonunda mərasim iştirakçılarına dahi şəxsiyyət, müdrik insan Heydər Əliyevlə bağlı özbək dilində nəşr olunmuş kitablar paylandı, həmçinin kitab sərgisi keçirildi və film göstərildi.
Özbəkistanda Heydər Əliyevlə bağlı keçirilən anım tədbirlərinə ölkənin televiziya kanallarında geniş yer ayrıldı.
Heydər Əliyevin vəfatının 10 illiyi ilə bağlı anım mərasimləri Özbəkistanın Nəvai, Sırdərya, Buxara və digər bölgələrində də keçirildi.
Qədir ASLAN,
Respublika.-2013.- 18 dekabr.- S.8.