BİR ƏSRDƏN O BİRİ ƏSRƏ. HƏMİŞƏYAŞAR ALİM

 

 

 

Azərbaycan dilçiliyi tarixində öz yeri, öz üslubu, xüsusi mövqeyi olan Hadi Mirzəzadə elm aləmində ciddiliyi, işgüzarlığı, məhsuldar yaradıcılığı ilə tanınmışdır.

 Hadi müəllim uzun həyat yaşamayıb, cəmi 57 il (1908-1965). Ömrünün ən dəyərli illəri isə dilimizin, daha doğrusu dilimizin tarixinin tədqiqi ilə bağlı olmuş və Azərbaycan dilçiliyində bir elm sahəsi kimi tarixi qrammatikanın əsasını qoymuşdur. Onun tələbələrindən görkəmli alim AMEA-nın müxbir üzvü Tofiq Hacıyev yazır ki, təməlini qoyduğu tarixi qrammatika elmimizi Hadi müəllimin bir bina kimi mərtəbə-mərtəbə ucaltması mənim gözlərimin qarşısında olmuşdur. Hadi müəllim yığdığı dil tarixi nümunələrini təhlil edir, üzərində tədqiqat aparır və bunun üstündə tədrisini qururdu. O, tədqiqatlarını dərs vəsaiti kimi çap etdirib tələbələrinə çatdırırdı.

Göründüyü kimi, Hadi müəllim dil tarixi nümunələrini özü yığır, özü təhlil edir, üzərində tədqiqat aparır və bunun üstündə də tədrisini qururdu (bu işi laborantlarına, aspirantlarına tapşırmışdı). Məhz buna görə də onun əsərləri dilçiliyimizin tarixində həmişəyaşarlıq möhürü qazanıb, çox asanlıqla XX əsrdən XXI əsrə keçib. Bu gün müəyyən dil faktları xüsusən üslubiyyat, nitq mədəniyyəti ilə əlaqədar nümunələr bir kitabdan o kitaba, bir dərs vəsaitindən o biri dərs vəsaitinə köçürülür, nəticədə müəyyən məsələlər geniş tədqiq olunmur, tədrisə faydası olmur.

Tarixi fonetika, tarixi morfologiyatarixi sintaksis sahəsindəki elmi axtarışlarının labüd nəticəsi kimi Hadi Mirzəzadənin nəşr olunan “Azərbaycan dilinin tarixi morfologiyası”, “Azərbaycan dilinin tarixi sintaksisikimi qiymətli və əvəzsiz kitabları bugünkü nəslə yadigar qaldı. Məhz bu əsərlərdən sonra alimin güclü dilçi həssaslığı ilə yazılan “Azərbaycan dilinin tarixi qrammatikası” kitabı Azərbaycan dilçiliyi üçün yeni bir əsər, yaxşı bir hədiyyə oldu. Onun “Azərbaycan dilinin tarixi qrammatikasına aid materiallar” (1953), “Azərbaycan dilinin tarixi qrammatikasına aid xülasələr” (1956), “Azərbaycan dilinin tarixi fonetikasına dair qeydlər (1958), “Azərbaycan dilinin tarixi qrammatikası” (1959), sonuncunun ikinci nəşri (1990), “İraq ərazisində yaşayan azərbaycanlıların dili haqqında bəzi mülahizələr” (1981), “Azərbaycan dilinin tarixi morfologiyası” (1962), “M.Füzulinin dili” (1965), “Azərbaycan dilinin tarixi sintaksisi” (1968) bu gün də dilçilərimizin, eləcə də elmə qədəm basan ali məktəb tələbələrinin bəhrələndiyi qiymətli tədqiqat əsərləridir.

Hadi Mirzəzadənin iki kitabı ölümündən sonra çap olunmuşdur -”Azərbaycan dilinin sintaksisi” (1968) və “Azərbaycan dilinin tarixi qrammatikası” (1990).

Yazılışından çox illər keçməsinə baxmayaraq “Azərbaycan dilinin tarixi qrammatikası” müasir dilçi alimlərimiz üçün yeniliyini, elmi mənbə mövqeyini saxlayıb. Müəllif XII əsrdən başlayaraq XX əsrin əvvəllərinədək 8 əsrlik mövcud olan yazılı abidələrin əksəriyyətini tədqiqatına cəlb edib, məhz bu mənbələr əsasında dilimizin fonetik, qrammatik, leksik səviyyələri bütün incəliklərinə qədər kitabda öz əksini tapıb. Müəllif bugünkü dilimizin əsrlər boyu inkişaf tarixini izləməklə yanaşı həm də qədimliyini, sabitliyini, dözümlülüyünü konkret dil faktları əsasında təsdiqləyə bilib. Bu abidələrin araşdırılması bir tərəfdən ədəbi dilin formalaşması tarixinə aydınlıq gətirdi, digər tərəfdən də Azərbaycan dilinin yazılı abidələrlə zəngin olduğunu göstərdi. Hadi müəllimin bu tədqiqatının üstünlüyü, məziyyəti onun ilk mənbələri gözəl bilməsində, onlardan Azərbaycan dilinin ən kiçik hissəciklərini zərgər dəqiqliyi ilə seçib toplamasında, yüksək elmi səviyyədə təhlil edə bilməsindədir.

Dilin qrammatik kateqoriyalarından yazmaq dəqiqlik tələb edir. Hadi Mirzəzadənin tədqiqatlarında biz yüksək elmiliklə yanaşı həm də üslubi dəqiqlik görürük. Müəllif qədim və orta əsr türk dili abidələrini, Mahmud Kaşğari, İbn Mühənna, Hinduşah Naxçıvaninin lüğətləri, XVI və sonrakı əsrlərə aid rəsmi sənədləri də dövrün mötəbər mənbələri kimi əsas götürüb. Şifahi xalq yaradıcılığı nümunələrində dilimizin tarixi üçün maraqlı faktlar qorunub saxlanır ki, bunlar da müəllifin diqqət mərkəzindən kənarda qalmayıb, onlardan da istifadə olunub.

Morfoloji kateqoriyaların izahında da müəllifin əsas götürdüyü mənbələr xüsusi ilə canlı danışıq dili, dialektlər dilimizin ruhunu, təbiətinin daxili imkanlarının qoruyucusu kimi həmişə əsas istinad nöqtəsi olub. Məsələn, III şəxs nisbət şəkilçisi qəbul edən isimlərin yiyəlik, yönlük, təsirlik hallarında iki sait arasına düşdüyü üçün əksər hallardav” səsinə çevrilir. Qərb qrupu dialektləri istisna edilməklə bu xüsusiyyətlər əksər dialektlərdə var. Kitabda müxtəlif abidələrdən buna dair maraqlı nümunələr gətirilir. Həmçinin XVII əsrə qədərki yazılı abidələrdə təsirlik hal şəkilçisindən əvvəl bitişdiricin” əvəzinə “ysamiti işlənib (çananəyi, vəfayi, qapıyı və s.). Hazırda qərb qrupu dialektlərində “nyox, “ydaha işləkdir.

Kitabda felin şəkilləri ilə bağlı çox maraqlı xüsusiyyətlər və bunların dialektlərdə, bəzilərinin isə canlı dildə mövcudluğu haqqında fikirlər, nəticələr yenə dilin əsrlər boyu sabitliyini təsdiq edən amillər kimi geniş təhlil olunur.

Hadi Mirzəzadənin İraqda yaşayan azərbaycanlıların dilinə həsr olunan böyük həcmli məqaləsi də başqa ərazidə yaşayan azərbaycanlıların tək dilini öyrənmək baxımından deyil, həm də dövlətlər arasında olan əlaqələri, dil əlaqələri, xüsusilə yad mühitdə dildə gedən prosesləri, dilxarici amilin dilə təsiri məsələləri və s. öyrənilməsi baxımından dil üçün böyük əhəmiyyət kəsb edir. Bu sahədə də H.Mirzəzadənin addımı ilkin oldu və sonrakı 1980-90-cı illərdə Azərbaycan dilçiliyində respublikamızdan kənarda yaşayan azərbaycanlıların — türklərin dilləri müxtəlif səviyyələrdə tədqiqat obyekti oldu, dissertasiyalar müdafiə olundu, kitablar çap edildi.

Kiçik fasilələr nəzərə alınmazsa onun bütün 30 illik elmi-pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) ilə bağlıdır. 1961-ci ildən həmin ali məktəbin ümumi dilçilik kafedrasının professoru seçilən Hadi Mirzəzadə ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. Professor Hadi Mirzəzadə məzmunlu mühazirələri, aspirant və tələbələrinə göstərdiyi qayğıkeşliklə həmişə seçilmiş, öz həmkarları arasında nümunə olmuşdur.  Hazırda respublikamızın ali məktəblərində, elmi-tədqiqat institutlarında, dövlət təşkilatları və idarələrində, həmçinin orta ümumtəhsil məktəblərində onun minlərlə tələbəsi çalışır.

Hadi Mirzəzadə ömrü onun övladlarının və tələbələrinin əməllərində yaşayır və yaşayacaqdır.

 

Qızqayıt MUSTAFAYEVA,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti.

 

 Respublika.-2013.- 18 dekabr.- S.10.