“Musiqidə keçən ömür

 

 

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, musiqişünas İmruz Əfəndiyevanın 75 illik yubileyinə həsr olunmuş “Musiqidə keçən ömür” adlı biblioqrafik göstərici hazırlayaraq çap etmişdir. Vəsaitə məsul və ixtisas redaktoru fəlsəfə doktoru, dosent, əməkdar mədəniyyət işçisi Kərim Tahirov, tərtibçi Sevgiyə Əsədova, redaktoru Mədinə Vəliyevadır.

Kitabda İmruz Əfəndiyevanın həyat və yaradıcılığının 1960-2012-ci ilədək olan dövrü, beynəlxalq, ümumittifaq, habelə respublika elmi-nəzəri və praktik konfranslarda etdiyi məruzə və çıxışlar,   tanınmış şəxsiyyətlərin onun haqqında fikirləri, haqqında çap olunmuş materialların biblioqrafik göstəricisi öz əksini tapmışdır. Materiallar iki — Azərbaycan və rus dillərində toplanmışdır. Ədəbiyyat xronoloji ardıcıllıqla qruplaşdırılmış və daxildə əlifba sırası ilə verilmişdir. Biblioqrafik vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə göstəricinin sonunda köməkçi aparat tərtib edilmişdir.

Qeyd edək ki,  ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə bu yaxınlarda 90 illik yubileyinə  hazırlaşan Milli Kitabxanada ölkə miqyaslı mühüm işlər həyata keçirilməklə yanaşı görkəmli şəxsiyyətlərin yaradıcılığından, onlar haqqında dərc edilmiş materiallardan oxucuların istifadəsini asanlaşdırmaq məqsədilə biblioqrafik vəsaitlər də hazırlanaraq çap etdirilir. Bu , xüsusilə son illər fəlsəfə doktoru, dosent, əməkdar mədəniyyət işçisi, Milli Kitabxananın direktoru Kərim Tahirovun bilavasitə rəhbərliyi və ixtisas redaktorluğu ilə daha da təkmilləşmiş və sürətlənmişdir. Bunlardan ulu öndər Heydər Əliyevin fəaliyyətinin 1993-2003-cü illərini əhatə edən “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin  köməkçi göstəricisi, “Nizami Gəncəvi”, “Qara Qarayev”, “Mirzə Fətəli Axundzadə-200”, “Mirzə Ələkbər Sabir-150”,”Elçin”, “Azərbaycan xalçası”, nəfis şəkildə çap edilən  illik “Əlamətdar və tarixi günlər təqvimi” və başqalarını göstərmək olar.

Professor İ. Əfəndiyevanın həyat və fəaliyyətini əks etdirən  “Musiqidə keçən ömürbiblioqrafik vəsaiti də bu qəbildəndir. Kitaba Ü.Hacıbəyli adına BMA-nın rektoru, SSRİ Xalq artisti, “Şöhrət” ordenli professor F.Bədəlbəyli “Yüksəlişə gedən yol” adlı “Ön söz” yazmışdır. Biblioqrafik göstəricidə elm, mədəniyyət və incəsənət xadimlərindən V.Adıgözəlov, R.Zöhrabov, F.Əlizadə, A.Əlizadə, E.Mansurov, G.Abdullayeva, Q.Abasquliyev, Ü.İmanova, Z. Dadaşzadə, Z.Səfərova, S.Seyidova, B.Nəbiyev, V.Məmmədəliyev, R.Quliyev, S.Məmmədəliyeva və başqaları musiqişünas İ.Əfəndiyevanın yaradıcılığı və şəxsiyyəti haqqında söz demiş, yubileyi münasibətilə onu təbrik etmişlər.

“Musiqidə keçən ömürbiblioqrafik göstəricinin  nəşriyyat redaktoru Mehriban Cəfərovadır.  Kitabın ərsəyə gəlməsində azacıq da olsa əməyi olanlardan biri də mən olduğum üçün sevinənlər sırasındayam.

Professor İ.Əfəndiyeva,  haqqında işıq üzü görən bu biblioqrafik göstəricini fəaliyyətinə verilən ən yüksək qiymət kimi dəyərləndirərək  başda K.Tahirov olmaqla vəsaitin araya-ərsəyə gəlməsində zəhməti olan bütün əməkdaşlara öz minnətdarlığını bildirmişdir.

“Musiqidə keçən ömür” kitabı M.F.Axundov adına Milli Kitabxananın musiqişünas, professor İ.Əfəndiyevaya 75 illik yubileyi münasibətilə ən dəyərli töhfəsidir.

 

Ədilə Qocayeva,

Respublika.-2013.- 18 dekabr.- S.10.