“İpək küləyi” nəqliyyat layihəsi reallığa çevrilir

 

 

 

Qədim İpək Yolu əsrlər boyu şərqdən qərbə Avropa və Asiyanın əsas mərkəzləri arasında ticarət, mədəniyyət, dini və yaradıcılıq münasibətlərinin inkişafında başlıca rol oynayaraq sivilizasiyaların inkişafına təsir etmişdir.

Müasir kommunikasiya və beynəlxalq aviasiya nəqliyyatı olan indiki dövrdə, təbii ki, əvvəlkilərdən fərqlənir, amma “İpək küləyi” nəqliyyat layihəsinin inkişafı — yüksək sürətli konteyner qatarı vasitəsilə yükləri Çindən Cənubi Avropaya ən qısa marşrut vasitəsilə nəql edilməsinə imkan yaradılması hələ də xalqların dirçəlişinə və bütövlükdə regiona böyük fayda gətirməyə qadirdir.

Layihədə nəzərdə tutulduğu kimi qatar yeni — Çin-Qazaxıstan-Xəzər dənizi Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa marşrutu ilə fəaliyyət göstərəcək. Avropa Birliyinin maliyyələşdirdiyi TRASEKA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) proqramı bu iri beynəlxalq layihəyə texniki yardım göstərir. Eyni zamanda TRASEKA-nın məqsədi dövlətlərarası təşkilat olaraq bu nəqliyyat dəhlizinin maneəsiz həyata keçirilməsi üçün siyasi dialoqu artırmaqdan ibarətdir.

 TRASEKA proqramında Azərbaycanın milli katibi Akif Mustafayevin sözlərinə görə “İpək küləyi” nəqliyyat marşrutunun inkişafı mültimodal yük daşınmalarının iqtisadi əhəmiyyətliliyini ciddi şəkildə artıracaq. Layihə nəqliyyat dəhlizinin yeni, real məzmunla doldurulmasına yönəlib. O hazırda Çindən Avropaya böyük həcmdə digər vasitələrlə daşınan yüklərin bir hissəsini dəmir yollarına cəlb edəcəkdir.

Çinin qərb hissəsində hazırda baş verən sənaye bumu bu layihəni daha cəlbedici edir. Hazırda Çin hər il ölkədən Qərbi AvropayaABŞ-a 240 milyon ton konteynerlər çıxarır. Buna görə də TRASEKA dəhlizi bu yüklərin bir hissəsini özünə cəlb etmək üçün bütün imkanlara malikdir.

Bu yüklərin hətta üç faizinin cəlb edilməsi ildə təxminən 360 min ton deməkdir və bu da “İpək küləyi” layihəsinin iştirakçısı olan ölkələrə böyük gəlir gətirəcək.

Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə “İpək küləyi” nəqliyyat layihəsinin planlaşdırılması və həyata keçirilməsinin iştirakçı ölkələridir. Onlar bu layihəni fasiləsiz, təhlükəsiz, yüksək sürətli və maliyyə cəhətdən səmərəli yük daşımaları üçün müasir infrastrukturun yaradılmasına yönələn konkret tədbirlər vasitəsilə həyata keçirilməsi barədə öz niyyətlərini bildirmişlər. Qazaxıstanın TRASEKA proqramında milli katibi Marat Saudovun fikrincə, “İpək küləyi” layihəsi Qazaxıstanın bölgədə işgüzar, nəqliyyat və loqistika mərkəzi kimi inkişafına mühüm təsir edəcək. Qazaxıstan və bütün Mərkəzi Asiya bölgəsi nəhəng tranzit potensialına malikdir. Çinlə sərhəddə Altıngöl dəmiryol keçid məntəqəsinin açılışı iki ölkə arasında əmtəə mübadiləsini ciddi şəkildə artırmış, həmçinin Qazaxıstan ərazisindən tranzit yük daşımalarının həcmini xeyli çoxaltmışdır və 2015-cı ildə bu göstəricinin ildə 6 milyon tona çatacağı gözlənilir.

Təbii ki, Azərbaycan da öz infrastrukturunu inkişaf etdirir. Bakıdan 70 kilometr cənubda, Ələt qəsəbəsində, müasir Beynəlxalq Dəniz Ticarət Limanının istismara verilməsi də 2015-ci ilin sonunadək gözlənilir. Bu vaxtadək Azərbaycanı, Gürcüstanı və Türkiyəni birləşdirəcək Bakı-Tbilisi-Qars yeni dəmiryolu xətti də istifadəyə veriləcək.

Bu arada Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçıliyi yeni bərələr və Ro-Ro tipli gəmilər alaraq öz nəqliyyat donanmasının potensialını artırır. Hazırda Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi 80 gəmiyə, o cümlədən 17 bərəyə malikdirbunlar da Xəzər dənizində TRASEKA dəhlizində fəaliyyət göstərir. Hər bir bərənin tutumu 54 dəmiryolu vaqonundan ibarətdir və bunlar da beynəlxalq konvensiyaların tələblərinə uyğundur.

Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisilə yanaşı, Azərbaycan daxili imkanlardanDünya Bankının kreditlərindən istifadə etməklə dəmiryolunun inkişafına dair Dövlət Proqramını da həyata keçirir.

Bu proqram çərçivəsində Bakıdan Gürcüstanla sərhəddə yerləşən Böyük Kəsik stansiyasınadək uzanan 530 kilometr uzunluğunda olan dəmiryolunun 317 kilometrinin yenidən qurulması nəzərdə tutulur. İşlər başa çatdıqdan sonra qeyd olunan ərazidə yüklərin nəqlinin təhlükəsizliyini təmin etməklə qatarların maksimal sürətini saatda 100-120 kilometrədək yüksəltməyə imkan verəcək. Orta sürət isə saatda 60-70 kilometrədək yüksəlməklə indikindən 2 dəfə çox olacaq.

Eyni zamanda bu ilin sonunadək Türkiyədə Bosfor boğazının altından keçən dəmiryolu tunelinin tikintisini başa vurmaq planlaşdırılır. Bu, yük və sərnişin qatarlarının Avropaya çatdırılmasını təmin edəcək.

Bütün bu infrastruktur layihələrin icrası dörd TRASEKA ölkəsində yük və sərnişin qatarları üçün yolun uzunluğunu indiki 5000 kilometrdən təxminən 1000 kilometr azaldacaq. Qeyd edək ki, bu ölkələr təkcə infrastrukturu inkişaf etdirmir, həm də gömrük və sərhəd keçid məntəqələrində prosedurların sadələşdirilməsinə, ətraf mühitə zərərin azaldılmasına, ümumi tarif siyasətinin yaradılmasına, eləcə də yeni informasiya texnologiyalarının tətbiqinə üstünlük verilir ki, bu da qatarların sərhədlərdə dayanıb gözləmə vaxtının azalmasına xidmət edir. Avropa Birliyi tərəfindən maliyyələşdirilən TRASEKA proqramı bu prosesi texniki yardım göstərmləklə dəstəkləyir.

Bütün bunlar Qərbi Çindən İstanbuladək yükdaşımaların vaxtını 12 sutkayadək azaldacaq. Bu, Qazaxıstandan İstanbula Qara dəniz vasitəsilə istifadə olunan yoldan təxminən 4 sutka azdır.

“İpək küləyi” qatarı sazişin imzalanmasından bir il sonra, yəni 2014-cü ilin sonlarında fəaliyyətə başlaya bilər. Amma qatarın tam üstünlüklərindən Cezkazqan-Beyneu dəmir yolunun istifadəyə verilməsi və Aktau limanının yenidən qurulmasından sonra faydalanmaq mümkün olacaq. Çünki layihənin tam gücü ilə işləməsi üçün digər ölkələr də öz infrastruktur layihələrini başa vurmalıdırlar. Ölkələr həmçinin vahid tariflər və inzibati prosedurların sadələşdirilməsi barədə razılığa gəlməlidir.

 

Şahin ABBASOV,

Avropa Birliyinin qonşuluq üzrə İnformasiya Mərkəzinin

(Neighbourhood Info Centre) Azərbaycandakı müxbiri.

 

 Respublika.-2013.- 18 dekabr.- S.9.