Miqrantların hüquq və azadlıqlarının qorunması

 

 

 Min illərdir insanlar daha yaxşı həyat axtarışında miqrasiya edirlər. Bunların arasında daha çox sosial imkanlar əldə etmək, daha yaxşı şəraitdə, daha təmiz ekoloji yerdə yaşamaq, yaxud xaricdə yaşayan ailəsinə, dostlarına qovuşmaq arzusunda olanlar da tapılır. Lakin bəzi miqrantlar miqrasiyanı qeyri-iradi edirlər, evlərini tərk etməyə məcbur olurlar - bu şəxslər konfliktlər, təbii fəlakətlər və ya insan alveri təhlükəsindən öz evlərini tərk edən məzlumlardır.

 Hazırda dünyada qaçqınların və məcburi köçkünlərin sayı 43 milyondan artıqdır. Əslində, sığınacağa ehtiyacı olan bir adam belə varsa, bu, artıq böyük rəqəmdir.

Hazırda dünyada 232 milyondan artıq şəxs miqrasiya edir. Ona görə də “Miqrasiyaqlobal mövzudurqlobal diqqət tələb edir. BMT ekspertlərinin hesablamalarına görə, dünyada hər 35 nəfərdən biri miqrantdır.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 18 dekabr 1990-cı il tarixdə “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Beynəlxalq Konvensiya qəbul etmişdir. 4 Dekabr 2000-ci ildə isə Baş Assambleya həmin Konvensiyanın qəbul tarixini Beynəlxalq Miqrant Günü kimi müəyyənləşdirmişdir. Elə həmin vaxtdan 18 dekabr dünyanın bir çox ölkələrində həm dövlət orqanları, həm qeyri-hökumət təşkilatları tərəfindən Beynəlxalq Miqrant Günü kimi qeyd edilir.

BMT-yə üzv dövlətlərə, həmçinin hökumət və qeyri-hökumət təşkilatlarına həmin gün miqrantların əsas hüquq və azadlıqlarına dair məlumatların ictimaiyyətə çatdırılması, təcrübə mübadilələri vasitəsilə onların müdafiəsinin təmin edilməsi tövsiyə olunur.

14-15 sentyabr 2006-cı ildə keçirilən görüşlərdə Baş Assambleyanın Beynəlxalq Miqrasiyaİnkişaf üzrə Yüksək Səviyyəli Dialoqunda iştirak edən 132 üzv dövlət bir sıra mühüm məsələləri bir daha təsdiqləmişdilər. Birincisi, onlar beynəlxalq miqrasiyanın düzgün siyasətlə dəstəkləndiyi təqdirdə həm mənşə, həm də təyinat ölkələrində inkişafa müsbət töhfə verə biləcək fenomen olduğunu xüsusi qeyd etmişlər. İkincisi, beynəlxalq miqrasiyanın faydalarından bəhrələnmək üçün miqrantların əsas hüquq və azadlıqlarına hörmətlə yanaşmağın əhəmiyyətini vurğulamışlar. Üçüncüsü, onlar beynəlxalq miqrasiya sahəsində əməkdaşlığın ikitərəfli, regionalqlobal səviyyədə gücləndirilməsinin vacibliyini bəyan etmişlər.

2013-cü ilin oktyabr ayında Baş Assambleyanın Beynəlxalq Miqrasiyaİnkişaf üzrə II Yüksək Səviyyəli Dialoqu keçirilmişdir. Bu dialoq çərçivəsində dünyanın hər yerində və sosial statusundan asılı olmayaraq bütün miqrantların hüquqlarının müdafiəsi istiqamətində üzv dövlətlər fundamental müzakirələr aparmışlar.

Bundan başqa, təəssüflə qeyd etmək istərdik ki, Azərbaycan Respublikası müstəqilliyinin ilk illərindən miqrasiya problemləri ilə üzləşmişdir. Ermənistanın Azərbaycan torpaqlarını işğalı və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq soydaşımız öz doğma yurdlarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmişlər. Onların əksəriyyəti respublikamıza miqrasiya edərək müxtəlif bölgələrdə məskunlaşmışlar.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 822 (30 aprel 1993-cü il), 853 (29 iyul 1993-cü il), 874 (14 oktyabr 1993-cü il), 884 (11 noyabr 1993-cü il) saylı qətnamələrində Azərbaycan Respublikası ərazilərinin işğalını pisləmiş, Azərbaycan Respublikasının dövlət suverenliyini və ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin toxunulmazlığını, ərazilərin zəbt edilməsi üçün güc tətbiqinin yolverilməzliyini təsdiqləyərək, hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin bütün işğalçı qüvvələrin Azərbaycanın işğal rayonlarından tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2008-ci ildə keçirilmiş 62-ci plenar iclasında Azərbaycan Respublikasının ərazi bütövlüyünü təsdiqləyən və Ermənistan silahlı qüvvələrinin dərhal çıxarılmasını tələb edən 62/243 saylı qətnamə qəbul etmişdir.

Ürək ağrısı ilə demək məcburiyyətindəyəm ki, hazırda terrorçuların sığınacaq yerinə çevrilən işğal olunmuş rayonlar narkotiklərin qanunsuz dövriyyəsi və tranziti, silah qaçaqmalçılığı, insan, o cümlədən uşaq alveri, insan orqanlarının transplantasiyası üçün əlverişli məkana çevrilmişdir.

Bununla belə, Azərbaycan Respublikası suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır.

Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, qanunvericiliyin beynəlxalq normalaramüasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqində yol verilə biləcək nöqsan və sui-istifadə hallarının, tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılması, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və sabit sosial-iqtisadi, demoqrafik inkişafının təşkili Dövlət Miqrasiya Xidmətinin prioritet vəzifələrindəndir. Bu vəzifələr sırasında həmçinin əmək ehtiyatlarından səmərəli istifadə olunması, ölkə ərazisində əhalinin mütənasib yerləşdirilməsi, miqrantların intellektual və əmək potensialından istifadə edilməsi, insan alveridaxil olmaqla, qeyri-qanuni miqrasiyanın qarşısının alınması önəmli yer tutur.

Əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinin təmin olunması məqsədilə Azərbaycan Respublikası bir sıra ölkələrlə əməkdaşlıq edir. Hazırda miqrasiya sahəsində əməkdaşlığa dair  Moldova, Qazaxıstan, Qırğızıstan, UkraynaBelarus dövlətləri ilə ikitərəfli sazişlər mövcuddur. Bundan başqa, bu yaxınlarda Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair saziş imzalanmışdır. Rusiya Federasiyası ilə bu cür sazişin layihəsi hazırlanmışdır. Əməkçi miqrantların hüquqlarının müdafiəsi, sosial təminatı, işə düzəlmə prosedurlarının asanlaşdırılması bu sazişlərin əsasını təşkil edir.

Bu il miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə ölkədə bir sıra zəruri normativ hüquqi aktlar qəbul edilmiş, institusional və təşkilati tədbirlər həyata keçirilmiş, əcnəbilərin ölkəyə gəlməsi, ölkədən getməsi, onların yaşayış yeri üzrə qeydiyyatı sahəsində göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün elektron informasiya resursları formalaşdırılmışdır.

Dövlət Miqrasiya Xidməti fəaliyyətinin ilk günlərindən başlayaraq miqrasiya proseslərinə insan hüquqlarına hörmət baxımından yanaşmışdır. İnanırıq ki, miqrasiya ilə bağlı qurumlararası, dövlətlərarası beynəlxalq müzakirə və əməkdaşlıq daha müntəzəm xarakter almalıdır. Qəbul edilən bütün qanun, proqram və sənədlərin mərkəzində insan hüquq və azadlıqlarına hörmət prinsipi dayanmalıdır.

Miqrasiya sahəsində vahid qanunvericilik bazasının formalaşdırılması məqsədilə Avropa İttifaqı qanunvericiliyi nəzərə alınmaqla hazırlanmış “Miqrasiya Məcəlləsi” qəbul olunmuşdur. Miqrasiya Məcəlləsi”nin layihəsi hazırlanarkən Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq edilmiş, eyni zamanda, qeyri-hökumət təşkilatları ilə keçirilmiş görüşlərdə miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində onlar tərəfindən verilən təkliflər nəzərə alınmışdır. Məcəllə cari il avqust ayının 1-dən qüvvəyə minmişdir.

Məcəllə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirən vahid sənəddir. Məcəllədə yeni normalarla yanaşı, bugünədək miqrasiya sahəsini tənzimləyən müxtəlif normativ hüquqi aktların müddəaları toplanmışdır. Miqrasiya sahəsində münasibətləri tənzimləyən normaların vahid sənəddə toplanması miqrasiya prosesi iştirakçılarının – həm aidiyyəti dövlət orqanlarının, həm vətəndaşlarımızın, həm də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz hüquq və vəzifələrini bilməsi, məsuliyyət yaradan halların dairəsi, miqrasiya ilə bağlı digər tənzimləyici müddəalar barədə məlumat əldə etmək işini daha da asanlaşdıracaqdır.

Müasir dünyada miqrasiya proseslərinin tənzimlənməsi, miqrantların, xüsusilə əməkçi miqrantların  hüquqlarının qorunması ən aktual problemlərdən biridir. Ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində siyasi-iqtisadi böhran nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının xaricə miqrasiyası kütləvi xarakter daşıyırdı. Lakin son illər Azərbaycan Respublikasında sürətli sosial-iqtisadi inkişafın təmin edilməsi, enerji-nəqliyyat sahələrində beynəlxalq layihələrin həyata keçirilməsi, əhalinin həyat səviyyəsinin yüksəlməsi, həmçinin ölkəmizin coğrafi mövqeyi miqrasiya proseslərinin daha da intensivləşməsinə gətirib çıxarmışdır. Bunun nəticəsi olaraq, hazırda Azərbaycan vətəndaşlarının xaricə miqrasiyası kütləvi xarakter daşımır, əksinə nə vaxtsa ölkə ərazisini tərk etmiş vətəndaşların geriyə dönmə tendensiyası, həmçinin Azərbaycana gələn əcnəbilərin sayının artması müşahidə olunur.

Eyni zamanda, miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və sadələşdirilməsi məqsədilə müvafiq hüquqi aktlara zərurət yarandıqca dəyişikliklər və əlavələr edilir. Belə ki, 2013-cü ilin mart ayında “Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyat səlahiyyəti Dövlət Miqrasiya Xidmətinə verilmişdir. Son dəyişikliklərə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ləğv edilmişdir.

Miqrasiya proseslərinə məsul dövlət orqanı kimi Dövlət Miqrasiya Xidməti tərəfindən kütləvi informasiya vasitələrində dövri olaraq əmək miqrasiyası, xüsusən də “Bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında Beynəlxalq Konvensiyada əks olunmuş və qanunvericilikdə nəzərdə tutulmuş məsələlər üzrə məlumat-maarifləndirmə işləri aparılır. Belə ki, Azərbaycan Respublikasının regionlarında Dövlət Miqrasiya Xidməti ilə rayon və şəhər icra hakimiyyətlərinin, həmçinin ali təhsil ocaqlarının birgə təşkilatçılığı ilə 2012 və 2013-cü illərdə ictimaiyyətin miqrasiya sahəsində məlumatlandırılmasına dair tədbirlər keçirilmişdir. Eyni zamanda, 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin fəaliyyətini əks etdirən 38 dəqiqəlik filmin Azərbaycandilli versiyası yerli kanallar vasitəsilə yayımlanmış, ingilisdilli versiyası isə Beynəlxalq Miqrasiya Təşkilatının xətti ilə dünyanın 60-dan artıq ölkəsinə göndərilmiş və Xidmətin rəsmi internet səhifəsində yerləşdirilmişdir.

Bunlarla yanaşı, Xidmətin rəsmi internet səhifəsinin (www.migration.gov.az) 3 dildə — Azərbaycan, ingilisrus dillərində fəaliyyət göstərməsi, o cümlədən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin bu üç dildən onlara daha münasib olan birində “Sual-cavab” xidmətinə, həmçinin qurumun elektron ünvanlarına onları maraqlandıran məsələlərlə bağlı müraciət etmələri və vaxtında hüquqi yardım almaları üçün lazımi təşkilati tədbirlər həyata keçirilmişdir.

Ölkəmizə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmin edilməsi, onların Dövlət Miqrasiya Xidmətinə gəlmək üçün regionlardan uzaq məsafə qət etməməsi, həmçinin xidmətin fəaliyyətinin genişləndirilməsi, xüsusilə ölkədə miqrasiya proseslərinin ciddi nəzarətdə saxlanması məqsədilə regional idarələrin tam fəaliyyət göstərməsi istiqamətində işlər davam etdirilməkdədir. Hazırda Dövlət Miqrasiya Xidmətinin səkkiz regional idarəsi, Bakı və Gəncə Beynəlxalq Hava limanlarında miqrasiya şöbələri yaradılmış, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə xidmətlərin göstərilməsi təmin olunmuşdur.

Dövlət Miqrasiya Xidmətinə 2013-cü il ərzində Türkiyə, Türkmənistan, FilippinPakistandan olan bir neçə əməkçi miqrantın əməkhaqlarının tam ödənilməməsi ilə bağlı dəfələrlə həm bilavasitə, həm də Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi vasitəsilə şikayətlər daxil olmuşdur. Həmin məsələlərə operativ müdaxilədən sonra əməkçi miqrantların əməkhaqları tam ödənilmiş və onların bəziləri öz istəyi ilə ölkələrinə göndərilmişdir. Dövlət Miqrasiya Xidməti miqrantların hüquqlarının pozulması ilə bağlı şikayətləri dərhal araşdırır, zərərçəkənlərin hüquqlarının müdafiəsi, hüquq pozuntusuna yol verən subyektlərin isə inzibati məsuliyyətə cəlb edilməsinə nail olmuşdur.

Beləliklə, insan hüquqları natiqlik və xeyriyyəçilik deyildir. Onları immiqrasiya qanunlarına əməl etməyə görə mükafat kimi də təqdim etmirlər. Onlar siyasi ziddiyyətlərin mövzusu olmaqdan daha böyük məfhumdur. İnsan hüquqları bütün bəşəriyyətə məxsus ləyaqət və dəyərin təcrübi və dünyəvi ifadəsidir. Hər bir hüquq könüllü olaraq dövlətlər tərəfindən yaradılmış və qəbul edilmişdir. Hər bir hüququn məzmunu və mənası vardır və dövlətlərin üzərinə ona riayət etmək üçün əməli addımlar atmaq öhdəliyi qoyur. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti miqrantların hüquqlarının müdafiəsi üzrə qarşıda duran vəzifələri uğurla yerinə yetirmək üçün daim öz qüvvə və bacarığını səfərbər edir.

 

Pərviz MUSAYEV,

Dövlət Miqrasiya Xidməti rəisinin müavini,

III dərəcəli dövlət miqrasiya xidməti müşaviri.

 

Respublika.-2013.-19 dekabr.-S.4.