Elektron xidmətin tətbiqi dövrün tələbidir
“İKT
ili” çərçivəsində Binəqədi Rayon
İcra Hakimiyyətində görülmüş işlərin
təqdimat mərasimi keçirildi
Dekabr ayının 18-də Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında “İKT ili” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində görülmüş işlərin təqdimat mərasimi keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Rafael Cəbrayılov, vergilər nazirinin müşaviri Akif Musayev, nazirliyin məsul işçisi Elçin Məmmədov, Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı Ramiz Quliyev, RİH başçısının müavinləri, aparatın məsul işçiləri, icra strukturlarının, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Təqdimat mərasimində “İKT ili” çərçivəsində rayon icra hakimiyyətində görülmüş işlərə dair videoçarx nümayiş etdirildi.
Çıxışlar Binəqədi RİH-in başçısı Xaləddin İsgəndərovun giriş nitqi ilə başladı. Tədbirdə Binəqədi RİH-in İKT sahəsində strategiyası və onun əsas prinsipləri barədə ətraflı məlumat verildi. Binəqədi RİH-in Sakinlərin Müraciəti Xidmətinin rəisi Anar Səfərovun təqdimatında “1646 xidməti” və yeni yaradılmış internet səhifəsi barədə məlumat verildi. YAP Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Qabil Qafarov və “Binəqədi Sahibkarları” İctimai Birliyinin icraçı direktoru Yavər Şahbazov tədbir iştirakçılarını təmsil etdikləri qurumların veb səhifələri ilə tanış etdilər.
Binəqədi RİH başçısı Aparatının rayon təsərrüfatı şöbəsinin müdiri Ədalət Rəcəbov “Operativ məlumatlar” alt modulu, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev “Statistik hesabatlar” alt modulu, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov isə “Ev təsərrüfatları” alt modulu haqqında tədbir iştirakçılarına məlumat verdilər. “Elektron xidmətlər” (elektron arayışlar) bölümü isə sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanovun təqdimatında tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
Tədbirdə vergilər nazirinin müşaviri Akif Musayev və millət vəkili Rafael Cəbrayılov çıxış edərək Binəqədi Rayon İcra Hakimiyyətində “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində rayonda görülmüş işləri yüksək qiymətləndirdilər.
Ramiz YUSİFLİ,
Respublika.-2013.-19 dekabr.-S.5.