Vergilər Nazirliyi qlobal
vergi əməkdaşlığının
fəal iştirakçısıdır
Beynəlxalq əməkdaşlığını genişləndirən Vergilər Nazirliyi 2013-cü ildə də bu sahədə bir sıra mühüm uğurlara imza atmışdır. Nazirliyin Beynəlxalq Münasibətlər İdarəsinin rəisi Mətin Kərimli qəzetimizə müsahibəsində beynəlxalq əlaqələr sahəsində əldə olunan uğurlar və planlaşdırılan layihələr barədə ətraflı məlumat vermişdir.
– Son illər Vergilər Nazirliyinin bir sıra beynəlxalq təşkilatlar, xüsusilə IOTA, Avropa İttifaqı və OECD ilə əlaqələri genişlənmişdir. Beynəlxalq təşkilatlarla əməkdaşlığın cari vəziyyətini və perspektivlərini necə qiymətləndirirsiniz?
– Vergilər Nazirliyi son illər qlobal vergi münasibətlərinin fəal iştirakçılarından birinə çevrilmişdir. Əməkdaşlıq etdiyimiz təşkilatların və qurumların coğrafiyası bunu bir daha təsdiq edir. Hazırda nazirliyin Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA), Avropa İttifaqı, MDB vergi orqanları rəhbərlərinin Koordinasiya Şurası, Amerikadaxili Vergi Administrasiyaları Mərkəzi (CIAT), BMT, İslam Ölkələrinin Vergi Administrasiyaları Assosiasiyası (ATAIC), Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və digər təşkilatlarla əməkdaşlıq münasibətləri mövcuddur. Nazirliyin istər beynəlxalq təşkilatlar, istərsə də qabaqcıl dövlətlərin vergi orqanları ilə əməkdaşlıq istiqamətləri ölkəmizin strateji hədəfləri, vergi sisteminin prioritetləri, eləcə də beynəlxalq vergitutma sahəsində mövcud tendensiyalar nəzərə alınmaqla müəyyən edilir.
Beynəlxalq əlaqələrimizin cari vəziyyətinə gəlincə, bir neçə konkret nümunəni diqqətinizə çatdırmaq istərdim. Vergilər Nazirliyinin əsas beynəlxalq tərəfdaşı 2002-ci ildən tamhüquqlu üzvü olduğu IOTA-dır. Ötən illərdə əməkdaşlarımız müntəzəm olaraq təşkilatın müxtəlif tədbirlərində yaxından iştirak etmişlər. Vergilər Nazirliyi IOTA-nın bir neçə mühüm tədbirinə, o cümlədən “Vergi ödəyicilərinə xidmət”, “ƏDV fırıldaqçılığının aşkarlanması və qarşısının alınması”, “Vergi borclarının idarə edilməsi” işçi qruplarının iclaslarına ev sahibliyi etmişdir. 2013-cü ilin fevral ayında 33 ölkənin nümayəndəsinin iştirakı ilə IOTA-nın Baş Əlaqələndirici Şəxslərinin Forumu da Bakı şəhərində keçirilmişdir. IOTA-nın prezidenti Samuel Tanner ilk dəfə olaraq həmin forumda iştirak etmişdir.
IOTA-nın 17-ci Baş Assambleyasının 2013-cü il iyun ayının 27-si və 28-də İsveçrənin Bern şəhərində keçirilmiş iclasında Vergilər Nazirliyi təşkilatın İcraiyyə Şurasına üzv seçilmişdir. Vergilər Nazirliyi MDB ölkələri arasında IOTA-nın İcraiyyə Şurasına üzv seçilmiş ilk vergi administrasiyasıdır. Təşkilatın əsas qərarverici və idarəetmə orqanı olan İcraiyyə Şurasına üzvlük nazirliyin IOTA ilə əməkdaşlığının yeni mərhələsi olmaqla, onun beynəlxalq əlaqələrinin inkişafı və nüfuzunun artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Vergilər Nazirliyinin digər mühüm beynəlxalq tərəfdaşı OECD-dir. Bu təşkilatla əməkdaşlıq əsasən 2 struktur - OECD-nin Vergi Məsələləri üzrə Qlobal Şəffaflıq Forumu və Vergi Siyasəti və İnzibatçılığı Mərkəzi vasitəsilə aparılır. Vergilər Nazirliyinin həyata keçirdiyi tədbirlər sayəsində Azərbaycan 2013-cü il fevralın 26-da Qlobal Foruma üzv qəbul edilmişdir. Növbəti ildə Qlobal Forum çərçivəsində ölkəmizin milli qanunvericiliyinin şəffaflıq və məlumat mübadiləsi üzrə beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsi prosesi keçiriləcəkdir. Hazırda bu prosesə hazırlıq məqsədilə OECD və Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq edirik. Bundan əlavə, qiymətləndirmə prosesinə cəlb olunacaq nazirlik əməkdaşlarının lazımi təlim kurslarında iştirakı təmin olunur.
OECD-nin Vergi Siyasəti və İnzibatçılığı Mərkəzi ilə qurulmuş əməkdaşlıq çərçivəsində 2013-cü il iyunun 10-dan 14-dək Bakı şəhərində ilk dəfə olaraq “Çoxmilli müəssisələrin auditi” mövzusunda seminar keçirilmişdir. Növbəti tədbirin gələn ilin iyun ayında keçirilməsi, eləcə də əməkdaşlarımızın OECD-nin vergi məsələləri üzrə işçi qruplarının işində iştirakı nəzərdə tutulur. Bununla yanaşı, əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə imzalanması nəzərdə tutulan OECD ilə əməkdaslıq fəaliyyəti haqqında saziş layihəsi ilə bağlı işi yekunlaşdırmaq üzrəyik.
Vergilər Nazirliyinin beynəlxalq əməkdaşlığının mühüm istiqamətlərindən biri də MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurası və Vergi (maliyyə) təhqiqat orqanları rəhbərlərinin Koordinasiya Şurasının işində iştirakdan ibarətdir. Vergilər Nazirliyi koordinasiya şuralarının yarandığı vaxtdan (2000, 2001) onların üzvüdür. MDB iştirakçısı olan ölkələrin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının 2012-ci ilin iyun ayında Bakı şəhərində keçirilmiş iclasının qərarına əsasən, vergilər naziri cənab Fazil Məmmədov bir il ərzində Şuraya sədrlik etmiş, Şuranın cari ilin oktyabr ayında Minsk şəhərində keçirilmiş iclası da məhz Vergilər Nazirliyinin sədrliyi ilə keçirilmişdir.
2013-cü ilin mühüm uğurlarından biri də cari ilin 9-11 dekabr tarixlərində Tailand Krallığının Banqkok şəhərində keçirilmiş Beynəlxalq Antikorrupsiya Akademiyasının təsis olunması haqqında Müqaviləyə tərəf dövlətlərin 2-ci Assambleyasında Vergilər Nazirliyinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin iştirakı və tədbir zamanı ölkəmizin növbəti il üçün bu mötəbər beynəlxalq təşkilatın rəhbər orqanı olan Büronun 5 üzvündən biri seçilməsi olmuşdur.
Nəhayət, qeyd etmək istərdim ki, Vergilər Nazirliyinin əməkdaşları mütəmadi olaraq müxtəlif tədbirlərdə və beynəlxalq strukturların işində ekspert qismində yaxından iştirak edir, öz bilik və təcrübələrini digər ölkələrin nümayəndələri ilə bölüşür. Bu baxımdan, mühüm uğur kimi cari il iyulun 26-da BMT Baş katibinin qərarına əsasən, Vergilər Nazirliyinin nümayəndəsinin növbəti 4 illik müddətə BMT-nin Vergi məsələlərində beynəlxalq əməkdaşlıq üzrə Ekspertlər Komitəsinin 25 üzvündən biri təyin edilməsini göstərmək olar.
– Vergilər Nazirliyinin Avropa ölkələri ilə ikiqat vergitutmanın aradan qaldırılması sahəsində imzaladığı sazişlər ölkəmizin iqtisadi və investisiya əməkdaşlığı sahəsində əsas tərəfdaşlarını tam əhatə edirmi? Ümumiyyətlə, perspektivdə daha hansı ölkələrlə belə konvensiyaların imzalanması nəzərdə tutulur?
– Son illər Azərbaycanın ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlər şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənmişdir. Ölkəmiz tərəfindən imzalanmış 45 bu cür sazişdən 41-i artıq qüvvədədir. Qalanları isə müvafiq prosedurlar tamamlandıqdan sonra qüvvəyə minəcək. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, iqtisadi və ticarət əlaqələrinin sürətlə genişlənməsi mövcud sazişlər şəbəkəsinin daha da genişləndirilməsini və yeni tərəfdaşları əhatə etməsini obyektiv zərurətə çevirir. Hazırda Vergilər Nazirliyi tərəfindən bu istiqamətdə sistemli iş aparılır.
Avropa İttifaqı ölkələrinə gəldikdə, deyə bilərəm ki, quruma üzv 28 dövlətdən 20-si ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında müvafiq sazişlər imzalanaraq qüvvəyə minmişdir. İspaniya və Danimarka ilə danışıqlar artıq başa çatmışdır, İsveç, Portuqaliya, Malta, İrlandiya və Slovakiya ilə müzakirələri davam etdiririk və yəqin ki, yaxın zamanda bu müzakirələr uğurla başa çatdırılacaqdır.
– Hazırda vergi məlumatlarının mübadiləsi bütün dünyada müzakirə olunan aktual məsələlərdən biridir. Azərbaycanın bu məsələdə mövqeyi necədir?
– Məlumat mübadiləsi ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin müvafiq müddəalarına, xüsusi sazişlərə, eləcə də çoxtərəfli sazişlərə əsasən həyata keçirilə bilər. Qeyd edim ki, Azərbaycan Respublikası 2003-cü ildən “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında” Avropa Şurası və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının birgə Konvensiyasına da qoşulmuşdur. Hazırda şəffaflıq və informasiya mübadiləsi üzrə beynəlxalq standartların tətbiqi ilə bağlı Konvensiyaya dəyişikliklər edilməsi haqqında Protokolun imzalanması məqsədilə müvafiq prosedurlar yekunlaşmaqdadır.
Vergilər Nazirliyi ölkəmizin imzaladığı müvafiq sazişlər əsasında digər dövlətlərin vergi orqanlarından daxil olan məlumat sorğularının icrası sahəsində yüksək intizam nümayiş etdirir. Hazırda bütün dünyada geniş müzakirə olunan məsələlərdən biri vergi məlumatlarının yalnız sorğu və spontan əsasda mübadiləsi deyil, həm də səmərəli və təhlükəsiz avtomatik məlumat mübadiləsi sisteminin yaradılmasıdır və Avropa İttifaqına üzv ölkələrlə yüksək əməkdaşlıq pilləsində olan dövlətlər arasında belə bir ümumi sistemin yaradılması və ya mövcud elementlərin təkmilləşdirilməsi aparılır.
ABŞ isə bu münasibətləri daha çox ikitərəfli sənədlər əsasında qurmağa üstünlük verir. İstənilən halda, Vergilər Nazirliyi bu təşəbbüslərə müsbət yanaşır. Həm ikitərəfli əsasda, həm də hər hansı ümumi sistemdə iştirak barədə müvafiq təkliflər alınarsa, qanunvericiliyə uyğun şəkildə baxılacaqdır.
– Vergi sahəsində zəngin təcrübəyə malik inkişaf etmiş Asiya ölkələri ilə bu istiqamətdə əməkdaşlıq və təcrübə mübadiləsi aparılırmı?
– Azərbaycanın xarici siyasətində əhəmiyyəti getdikcə artan regionlardan biri də Cənub-Şərqi Asiya regionudur. Son illər bu regionda yerləşən iqtisadi güc mərkəzləri, xüsusilə Çin, Cənubi Koreya, Sinqapur, Malayziya və Yaponiya ilə həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli qaydada əməkdaşlığımız genişlənir. Dövlət səviyyəsində Koreya və Sinqapura səfərlər zamanı genişmiqyaslı iqtisadi layihələrin, o cümlədən qarşılıqlı sərmayə qoyuluşunun müzakirəsi buna əyani sübutdur. Vergilər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, Cənub-Şərqi Asiya regionunda yerləşən ölkələrlə vergi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, o cümlədən hüquq-müqavilə bazasının genişləndirilməsi istiqamətində sistemli iş aparılır.
Regionun öncül ölkələrinin vergi sistemləri təhlil edilir, qabaqcıl təcrübələri olan dövlətlərlə təcrübə mübadiləsinin aparılması üçün konkret addımlar atılır. Oktyabr ayında nazirliyin nümayəndə heyətləri məhz bu məqsədlə Sinqapur və Cənubi Koreyaya səfərlər etmişlər.
– Son illər ərzində Azərbaycan vergi sahəsində bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu tədbirlərin Azərbaycanın vergi sisteminə verdiyi töhfələr nədən ibarətdir?
– Bu məsələyə bir neçə müstəvidən yanaşa bilərik. Birincisi, beynəlxalq təşkilatların tədbirlərinin Azərbaycanda təşkili ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir. Beynəlxalq təşkilatlar Azərbaycanı dinamik inkişaf edən, regional proseslərdə həlledici rola malik olan ölkə kimi təqdir edirlər. Beləliklə, hər hansı beynəlxalq tədbir ölkəmiz və onun hərtərəfli inkişafı haqqında dolğun və əyani məlumat vermək imkanı yaradır.
İkincisi, Vergilər Nazirliyinin nüfuzlu tədbirlərə ev sahibliyi etməsi onun digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən etibarlı və peşəkar tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. 2013-cü ilin birinci yarısında Vergilər Nazirliyi Avropadaxili Vergi Administrasiyaları Təşkilatının bir Forumuna və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının seminarına ev sahibliyi etmişdir. Bu kimi tədbirlər milli vergi sisteminin tanıdılması ilə yanaşı, əməkdaşlarımıza digər ölkələrdən olan həmkarları ilə geniş fikir və təcrübə mübadiləsi aparmaq imkanı verir.
Hazırladı:
Ülvi QARAYEV,
Respublika.-2013.-19 dekabr.-S.5.