“Dədə Qorqudun qəbrinin izi ilə” kitabının təqdimat mərasimi

 

  

Dünən AYB-nin Natəvan klubunda tanınmış tədqiqatçı alim, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, DAMM-nin vitse-prezidenti Vaqif Arzumanlının “Dədə Qorqudun qəbrinin izi ilə” kitabının, eləcə də Dağıstanda rus dilində Hüseynbala Hüseynovun “Dərbənd və “Kitabi-Dədə Qorqud” kitabını Azərbaycan dilinə tərcümə etmiş yubilyarın kitablarının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri AYB-nin katibi Arif Əmrahoğlu açmış, görkəmli alim Vaqif Arzumanlının alim və tədqiqatçı fədakarlığından danışmışdır.

Tədbirin aparıcısı görkəmli folklorşünas alim, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev alimin yaradıcılığından danışmışdır: “Vaqif Arzumanlı ictimaiyyətçi kimi, tədqiqatçı kimi böyük şöhrət qazanmış alimlərimizdəndir. O, 1979-cu ildə “Dədə Qorqudu tərcümə edərək Litvada çap etdirmişdir. Təqdim olunan kitabda Dədə Qorqudun Dərbənd yaxınlığında məzarı ilə bağlı araşdırmalar öz əksini tapmış, bu istiqamətdə indiyə qədər aparılmış axtarışlar və yazılı mənbələr nəzərdən keçirilmişdir. Hazırkı araşdırmada “Kitabi-Dədə Qorqudeposunun öyrənilməsi və nəşri ilə bağlı bəzi məsələlər öz əksini tapmışdır”. Qəzənfər müəllim onu da qeyd etmişdir ki, Vaqif Arzumanlı dəfələrlə Gürcüstanda olmuş və Azərbaycanın tanınmış ziyalılarının, elm xadimlərinin məzarlarını tapmış, bir sözlə, 30-dan artıq Azərbaycanın görkəmli şəxsiyyətlərinin son mənzilinin dəqiqləşdirilməsində böyük əmək sərf etmişdir. Qəzənfər Paşayev xüsusilə vurğulamışdır ki, bu günlərdə Bakıda Dədə Qorqud parkının açılması dövlətimizin Azərbaycan tarixinin qədim keçmişini əks etdirən möhtəşəm sənət abidəsinə layiqli töhfəsinin bariz nümunəsidir.

Şair Abbas Abdulla çıxış edərək demişdir ki, Vaqif Arzumanlı Dədə Qorqudun qəbrinin tapılması ilə bir daha sübut etmişdir ki, Dərbənd Azərbaycanın qədim torpaqlarındandır. Orada hazırda 200 mindən artıq azərbaycanlı yaşayır.

Tənqidçi, ədəbiyyatşünas Qurban Bayramov vurğulamışdır ki, Azərbaycan türk dünyasının mərkəzi olub. Bizim tariximizin sirli qatları hələ torpağın altındadır. Bizim tariximiz xarici ölkələrin arxivlərindədir. Biz tariximizi dəqiq öyrənməliyik.

Vaqif Arzumanlının Pribaltika respublikalarında 10-dan artıq kitabı çap olunmuşdur. Azərbaycan klassiklərini xaricdə tanıtmaq ən böyük fədakarlıqdır.

Tanınmış şair-alim Oqtay Rza qeyd etmişdir ki, ADPU-da Dədə Qorqud adına elmi laboratoriyada baş elmi işçi kimi işləməkdən qürur duyuram.

Vaqif Arzumanlı tədqiqat apararaq sübut etmişdir ki, Çanaqqala döyüşündə Osmanlı türkləri ilə birlikdə 1500-dən çox azərbaycanlı türkləri də Türk dünyasının xilası naminə düşmənə qarşı vuruşaraq şəhid olmuşlar.

Tədbirdə professorlar Sakit Hüseynov, Nəsir Əhmədov, Asif Rüstəmli, Almaz Ülvi, folklorşünas alim-şair Rəşid Təhməzoğlu, AMEA Ədəbiyyat İnstitutunun xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr şöbəsinin elmi işçisi Ofelya İsmayılova və başqaları Vaqif Arzumanlının çoxşaxəli yaradıcılığından, vətənpərvərliyindən və insani keyfiyyətlərindən danışmışlar.

Tədbirin sonunda Vaqif Arzumanlı demişdir:

“Biz indi ulu Dədə Qorqudun qəbrinin qayğısına qalmasaq, bərpasına nail olmasaq, sonra çox gec ola bilər. Təbiətin az-çox qoruyub saxladığı məzar yerinin izini-tozunu məhv etmək istəyən bədxahlarımız məqam gözləyirlər. Fürsət ələ düşən kimi onlar bu çirkin əməllərini utanmadan reallaşdıra bilərlər”.

Daha sonra Vaqif Arzumanlı AYB-nin rəhbərliyinə, eləcə tədbir iştirakçılarına təşəkkürünü bildirmiş bundan sonra da elmi fəaliyyətini uğurla davam etdirəcəyinə söz vermişdir.

 

Rauf İLYASOĞLU,

 

Respublika.-2013.-19 dekabr.-S.6.