Görkəmli
poliqrafçı, naşir və təşkilatçı
O, kübarlığı, xanım-xatın görkəmi ilə həmişə diqqəti cəlb edir. Təbiətindəki həlimliklə ciddiliyi gözəl bir vəhdət yaradır. Son dərəcə sadədir...Təbii ki, bu məziyyətləri həyatda qazanmaq mümkün deyil, o, insanın özü ilə doğulur, soyundan, kökündən gəlir. Mən hər dəfə onunla rastlaşanda bu fərqliliyin arxasında nəsildən, şəcərədən gələn nələrinsə durduğunu düşünmüşəm. Və yanılmamışam...
Bəsti Şahmərdanova. 1948-ci ilin payızında Naxçıvanda çoxuşaqlı bir ailədə dünyaya göz açandan 1969-cu ilədək, yəni sonralar 45 il bir yerdə həyat sürdüyü Rahib İsmayılovla ailə qurduğu günədək onu bu ad və soyadı ilə tanıdılar.
Heç özündən soruşmadan adının nəyə görə Bəsti qoyulduğunun səbəbini təxmin etmişdim. Ailənin altıncı qız övladı olması özü bunu açıq söyləyirdi. Atası Şahbaz müəllim: “Tanrının verdiyi paydır, buna da şükür, mənim üçün heç bir fərqi yoxdur, oğul, ya qız. Uşağa başqa bir ad qoyaq, Tanrıya xoş getməz!” desə də, anası Xanım fikrində qəti və israrlı idi.
Körpənin adını Bəsti qoydular. Qoydular ki, bəlkə Tanrı bundan sonra... Təəssüf ki, Bəstinin dünyaya gəlişindən sonra ailəyə böyük faciə üz verdi. O dövrdə polis (milis) rəisi işləyən, el-oba içində sayılıb-seçilən Şahbaz müəllim qəflətən 46 yaşında dünyasını dəyişdi, 36 yaşlı gənc ana 6 qız uşağı ilə başsız qaldı. Və ömrünün sonunadək “Bəlkə bu adı qoymağım, doğrudan da Allaha xoş getmədi”—deyə düşündü və özünü həmişə günahkar bildi.
“Azərbaycan” nəşriyyatının baş direktor müavini Bəsti xanım İsmayılovanı çoxları tanıyır. Tanıyanlar bilir ki, son dərəcə təvazökar bir insandır, haqqında yazılmağı da çox xoşlamır. Və bunu o qədər incə, etik normalar çərçivəsində edir ki, ondan “yox” cavabı alan müxbirin ruhu da incimir. Ancaq 65 illik mənalı, şərəfli bir ömrün xatırlanası məqamları çoxdur və Bəsti xanım bu dəfə bizə “güzəştə getdi”.
Bəsti xanımın istər ata, istərsə də ana tərəfdən soykökü çox maraq doğurur. Atası tarixdə yaşamış, ədalətliliyi ilə ad çıxaran Mərdan şahın nəslindəndir. Şahmərdanlılar kimi tanınan bu nəslin sayılıb-seçilən nümayəndələri çox olub. Ana babası Mirzə Abdulla da dövrünün savadlı insanlarından idi, təkcə mirzəlik etmir, ictimai həyatda baş verən hadisələrdən kənarda qalmır, öz sözünü deyir, insanların işinə yarıyırdı. Elə Bəsti xanımın peşəkar bir poliqrafçı məsuliyyəti, yüksək idarəçilik məharəti, prinsipiallığı, ziyalılığı, humanistliyi və s. kimi müsbət keyfiyyətləri də bu amillərdən qaynaqlanır. Onun poliqrafçı peşəsini seçməsi heç də təsadüfi olmayıb. Belə ki, orta məktəbdə oxuyarkən dil və ədəbiyyat müəllimlərinin sinif uşaqlarını Naxçıvanda nəşr olunan “Şərq qapısı” qəzeti redaksiyasına ekskursiyaya aparması, redaksiya və mətbəənin işi ilə tanışlıq onun yeniyetmə qəlbində gələcək arzularının başlanğıcını qoydu. Mürəttib və metrampajların bir-bir şriftlərdən düzəltdikləri sətirlər, müxtəlif formatlı səhifələr, onların qəzet və kitablara çevrilməsi, bir sözlə, bütövlükdə çap prosesi sanki onu sehrləmişdi. Odur ki, 1965-ci ildə orta məktəbi bitirəndə Bakıya gəlib Çingiz İldırım adına Politexnik İnstitutuna qəbul oldu, həm işlədi, həm də oxudu, texnologiya fakültəsinin poliqrafıya ixtisasını bitirdi.
“Tanrı bir tərəfdən bağlayanda, digər tərəfdən açır” — deyiblər. Bəstigilin ailəsinə Tanrı kömək oldu, bir-birindən kiçik, atasız qalmış altı qız uşağının ruzisini yetirdi. Dayısı Əkrəm ailəsinin böyük olmasına baxmayaraq, bacısı qızlarını bütünlüklə öz himayəsinə götürdü. Digər dayıları da köməklərini əsirgəmədilər. Qızlar hamısı ali təhsil alıb hərəsi bir ocağın gəlini oldu, cəmiyyətdə lazımi yerlərini tutdular. Xanım ana bütün həyatını balalarına həsr edib qara saçını ağ hördü, sevgisini əsirgəmədi, onlara atasızlıqlarını unutdurmağa çalışdı.
Bəsti lap uşaqlıqdan ağlı, fərasəti, qayğıkeşliyi ilə fərqlənirdi, ağrı-acısını qəlbində yaşadır, tez böyüyüb ailəyə kömək etmək arzusu isə içini didib parçalayırdı. Məhz buna görə də o, ali məktəbin gündüz şöbəsinə qəbul olanda ərizə yazıb gecə növbəsinə keçdi, elə həmin il o zamankı “Kommunist”—indiki “Azərbaycan” nəşriyyatına işə düzəldi, 47 il ərzində adi texnoloqdan, baş direktorun müavini vəzifəsinədək yüksəldi. “Əməkdar mədəniyyət işçisi”dir. Bir çox mükafatlara layiq görülüb.
O, peşəsini çox sevir, yarım saatlıq söhbətimizdə bu ifadəni bəlkə bir neçə dəfə səsləndirdi. Bəsti xanım deyir: “Poliqrafiya incə sənətdir. Təəssüf ki, bu gün poliqrafistlər hazırlanmır, o, dar çərçivədə olan sənət kimi qəbul edilir. Bir müddət Politexnik İnstitutunda poliqrafiya ixtisasının bağlanması bu sahədə böyük boşluq yaradıb. Bu gün poliqrafiya geniş vüsət alıb, təkcə Bakıda 60-dək nəşriyyat var. Həmin nəşriyyatlar, sadəcə, texnologiyanın, avadanlıqların gücünə fəaliyyət göstərir. Ancaq bu texnologiya və avadanlıqlardan da baş çıxaran təhsilli mütəxəssislərə böyük ehtiyac duyulur”.
Bütün həyatını poliqrafiya işinə həsr edən Bəsti xanım ölkədəki kitab çapının indiki vəziyyətindən də narazıdır. Deyir ki, keyfiyyətsiz, standartlara cavab verməyən kitablar zövqləri korlamaqdan başqa bir şeyə xidmət etmir. Mütaliəni çox sevir, əsasən klassiklərimizi təkrar-təkrar oxuyur. Bu isə onları 40-50 il əvvəlki gənc, yeniyetmədən fərqli olaraq həyatın çox üzünü görmüş yetkin bir insan kimi daha yaxşı və fərqli cəhətdən qavramağa kömək edir. İşinin xüsusiyyətinə görə gün ərzində 30 qəzetə, 20 jurnala baxmalı olsa, yorulsa da belə, masasının üstündən sevimli kitabı da əskik olmur. “Kitaba sevgi, ilk növbədə onun tərtibatından başlayır. Elə ki zövq oxşadı, səni özünə cəlb etdi, ünsiyyət yaranır, istər-istəməz vərəqləyirsən. Sonra özün də hiss etmədən gəlib çıxır kitab rəfinə” -deyir Bəsti xanım.
Onun üçün iş nə qədər önəmli olsa da, ailə daha öndə olub. Bu illər ərzində həmişə işləyib, eyni zamanda, ailədə hər şeyi nizamlaya bilib. Özünün dediyi kimi, vaxtı saatlara yox, dəqiqələrə bölüb, hər şeyi vaxtında görmək üçün. Bu isə ailə üzvlərinə tam səfərbər olmağa imkan yaradıb, hər kəs öz üzərinə düşən işlə məşğul olub. Ailədə böyüyən iki oğlan uşağı ana, həyat yoldaşı Rahib müəllim qadın qayğısından kənarda qalmayıb, birgə gəliblər çətinliklərin öhdəsindən. Gözü-könlü tox olublar. Tamah boğazdan aşağı dayanıb, az tapanda az, çox tapanda çox yeyiblər.
Bu da ilk növbədə Bəsti xanımın qadınlıq məsuliyyətinin nəticəsidir.
O, bu gün
cəmiyyətimizdə baş verənlərə
də laqeyd deyil. Elə məqamlar
var ki, ona
sevinir, elə məqamlar da var ki... Bu gün
hərtərəfli inkişaf
edən gənclərimizi
görəndə qürur
duyur, dövlətimizin
onlara qayğısından
bir vətəndaş
kimi məmnun qalır, gələcəyimizin
etibarlı əllərdə
olduğuna sevinir: “Mən demokratiyanı da, dünyaya inteqrasiyanı da dəstəkləyirəm. Lakin hər
şey öz əndazəsində olmalıdır.
Bu gün gənclərimizin
Aropaya inteqrasiyasında
bəzilərinin etdikləri
yanlışlıqlar, buraxdıqları
səhvlər bizim hamımızı düşündürməli,
narahat etməlidir.
Gənclərimizin narkomaniyaya
meylinin artması, pis vərdişlərə
qurşanması, milli-mənəvi
dəyərlərimizə ləkə
gətirməsi, yad təriqətlərə qoşulması
və s. məni bir qadın, ana, ziyalı, vətəndaş kimi narahat edir. Doğrudur,
cəmiyyətimiz, dövlətimiz
bu istiqamətdə iş görür, lakin, görünür yetərli deyil. Bu, həm də
hər birimizin işidir. Nə lazımdır? Azacıq diqqət və qayğı”.
Həyatın böyük sınaqlarına
çəkilmiş və
bu sınaqlardan üzüağ çıxmış
bir insanın bu narahatlığı başadüşüləndir, çünki insan həqiqətən doğulandan
həyatının sonunadək
diqqət və qayğıya ehtiyac duyur. Kim bilir, bir vaxtlar bu diqqətdən,
bu qayğıdan uzaq düşsəydi, onun və bacılarının
aqibəti necə olardı?!.
Onunla yeni il ərəfəsində görüşmüşdük.
Bu məqamda arzulardan
necə söz açmayasan?
—İndi söyləyəcəyim
fikirlər qoy pafoslu səslənməsin.
Hər kəs kimi, mənim də arzularım çoxdur.
Arzularımın içində
bir arzu var: torpaqlarımızı
azad görmək! Bir də ki,
bütün xalqımızı,
xüsusən də ətrafımda olan insanları xoşbəxt görmək istəyirəm...
Bəli, bir ömrün akkordlarını dinlədik,
portretinə ştrixlər
vurub bəzəməyə
çalışdıq. Lakin qəhrəmanımızın ömür
yolu elə bunlarsız da sadə, maraqlı və işıqlıdır...
Zümrüd Qurbanqızı,
Respublika.-2013.-19 dekabr.-S.7.