DÖVLƏTİMİZİN İNNOVASİYA SİYASƏTİ AZƏRBAYCANIN İNKİŞAFINDA MÜSTƏSNA ROL OYNAYIR

 

  Azərbaycan dövləti tərəfindən həyata keçirilən innovasiya siyasəti yeni bilik və texnologiyaların istehsalı, yayılmasını və tətbiq edilməsi üçün lazımi şəraitin yaradılmasını nəzərdə tutur. Bu siyasət, ilk növbədə, iqtisadi təhlükəsizliyin təmin edilməsinə, yeni texnologiyalar sahəsində imkanların beynəlxalq iqtisadi əlaqələrdə istifadəsinə, elmi nəticələrin ənənəvi inzibati amirlik metodları ilə tətbiqinin yenisi ilə əvəz edilməsinin labüdlüyünə, ölkənin əmək potensialının bütün növləri və ilk növbədə yüksək ixtisaslı kadrlar üçün iş yerlərinin yaradılması zərurətinə, eləcə də elmtutumlu istehsal mədəniyyətinin yenidən bərpa edilməsinə yönəlib.

 Maraqlı məqamlardan biri də bundan ibarətdir ki, Azərbaycanda innovasiya siyasəti istehsalata və sosial sahəyə elmi-texniki tərəqqinin nailiyyətlərini tətbiq etmək üçün investisiya fəaliyyətinin bir forması kimi həyata keçirilir. Belə ki, bura uzunmüddətli elmi-texniki proqramların həyata keçirilməsi, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi məqsədi ilə məhsuldar qüvvələrin vəziyyətində keyfiyyət dəyişiklikləri etmək üçün fundamental tədqiqatların maliyyələşdirilməsi, texnika və texnologiyanın prinsipcə yeni, qənaətcil növlərinin işlənib hazırlanması, buraxılması, yayılması və tətbiqi daxildir. Bu sahədə ölkədə görülən işlərə toxunan Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir: “Bildiyiniz kimi, ümumiyyətlə, yeni texnologiyaların, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi Azərbaycanda geniş vüsət almışdır. Biz bu sahədə bölgədə birinci yerlərdəyik. Ümumiyyətlə, dünya miqyasında reytinq siyahılarında qabaqcıl yerlərdəyik”.

Milli iqtisadiyyatımızın inkişafının müasir dövrdə səciyyələndirən ən mühüm xüsusiyyətlərindən biri sahibkarların innovasiya sahəsində həyata keçirilən fəaliyyətlərinin səmərələşdirilməsidir. Bu isə, öz növbəsində, ölkə iqtisadiyyatının ümumi dinamizminin və tərəqqisinin təmin edilməsindən, habelə innovasiyalı idarəetmənin effektivliyinin yüksəldilməsindən asılıdır. Bu baxımdan respublikada innovasiya inkişafına verilən dövlət dəstəyi ölkəmizin ümumi inkişafında böyük əhəmiyyət kəsb edir.

Təbii ki, keçmiş SSRİ-nin tərkibində olan zaman Azərbaycan Respublikası özünün tam və vahid innovasiya sisteminə malik deyildi. Bu sistemin tərkib hissələri olan elmi-texniki və istehsalat potensialları ayrı-ayrılıqda SSRİ-nin müvafiq komplekslərinə daxil idilər. SSRİ miqyasında həyata keçirilən məqsədli elmi-texniki proqramların Azərbaycana aid olan tapşırıqları yalnız elmi-tədqiqat işi, ya da sırf istehsal fraqmenti kimi həyata keçirilirdi. Beləliklə, SSRİ məkanına daxil olduğu dövrdə Azərbaycanda vahid milli innovasiya sisteminin formalaşması üçün heç bir şərait yox idi. İnzibati amirlik sistemi şəraitində Azərbaycanda həyata keçirilən innovasiya əsasən büdcə vəsaitləri hesabına istehsal prosesində maliyyələşdirilirdi.

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycan Respublikası özünün həqiqi müstəqilliyini əldə etmişdir. Ümummlilli liderimizin müəllif olduğu inkişaf strategiyasında bazar münasibətlərinə keçidi ilə əlaqədar adekvat milli innovasiya sisteminin yaradılması və uğurlu fəaliyyəti üçün yeni texnologiyaların, yeni texnikanın, ideya və biliklərin istehsalçısı olan müəssisələr şəbəkəsinin yaradılması və mövcud olanların təkmilləşdirilməsi, yeni ideya və texnologiyalar əsasında yeni məhsul istehsal edən istehsalat müəssisələri şəbəkəsinin yaradılması, sadalanan istehsal proseslərinin iştirakçılarının, yəni müəssisələr və digər subyektlərin maliyyələşdirilməsi sisteminin formalaşdırılması, habelə bütün tərəflər arasında münasibətlərin tənzimlənmə mexanizminin əmələ gəlməsi öz əksini tapmışdır.

Qeyd etməliyik ki, son illər ərzində ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar nəticəsində istehsalın əsas amili kimi respublikamızda innovasiyanın inkişafı üçün istənilən şərait tam yaradılmışdır. Belə ki, yaxın gələcəkdə innovasiya fəaliyyətinin genişləndirilməsi və tətbiqinin sürətləndirilməsi məqsədilə bütün biznes fəaliyyəti ilə məşğul olanlar üçün stimullaşdırıcı mexanizm işlənilib hazırlanmasına böyük önəm verilmişdir. Burada əsas yeri, əlbəttə ki, yüksək informasiya texnologiyasının tətbiq olunmasına imkan verən dövlətin innovasiya siyasəti tutur.

Mövcud şərait Azərbaycanın beynəlxalq səviyyədə elmi-texniki proseslərdən geri qalmamaq imkanını verir. Texniki və texnoloji cəhətdən geri qalmamağı şərtləndirən amillərdən biri də bundan ibarətdir ki, Qərbin inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da iqtisadi inkişafın investisiyalı tipindən innovasiyalı tipinə keçid, sənayeləşdirilmiş cəmiyyətdən elm və biliyə əsaslanan postsənayeləşmə cəmiyyətə daxil olmasına yönəlmiş islahatlardır. Məhz bu səbəbdən hazırda Azərbaycanda iqtisadi siyasətin əsas prioritetlərindən biri inkişafın innovasiyalı tipinə keçidi reallaşdırmaqdır ki, bu da bir sıra amillərlə əlaqədardır.

Hər şeydən əvvəl, innovasiyalı məhsul istehsalçılarının sayını artırmaq, innovasiyalı məhsul istehlakçılarının davranışına üstünlük vermək, innovasiyalı məhsul istehsalçıları ilə istehlakçıları arasında qarşılıqlı əlaqəni gücləndirmək bu innovasiya siyasətinin əsas mahiyyətidir. İnnovasiya prosesi əsasında davamlı iqtisadi inkişafa nail olmaq üçün elmi bazaya əsaslanan məhsulların təklifini irəli sürmək, innovasiyalı məhsul istehsal edənlərin birbaşa innovasiya bazarına sərbəst daxil olması mexanizmini daima təkmilləşdirmək vacibdir. Bunun üçün də innovasiyalı bazarın təşkilati-hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülür. Bu da öz növbəsində intellektual mülkiyyətçilərin müdafiə olunmasına səbəb olur. Onu da qeyd etmək lazımdır ki, innovasiya prosesinin iştirakçılarını informasiya xidməti ilə təmin etmək davamlı iqtisadi inkişafın zəruri və mühüm şərtidir. Çünki informasiyanı bazar subyektləri arasında bərabər paylaşdırmaq innovasiya prosesinin əhatəli şəkildə baş verməsinə səbəb olur.

Azərbaycanda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və uğurla fəaliyyət göstərməsi ölkə başçısı cənab İlham Əliyevin bu sahəyə nə qədər önəm verdiyini əks etdirir. Bu Agentliyin yaradılmasının əsas mahiyyəti vətəndaşlara dövlət qurumları tərəfindən göstərilən xidmətlərin daha keyfiyyətli və rahat şəkildə, habelə müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsindən ibarətdir. Şübhəsiz, bütün bunların reallaşdırılması dövlət idarəçiliyində yeni mərhələdir və yüksək peşə vərdişlərinə yiyələnmiş gənc kadrların yetişməsinə də böyük təkan verəcəkdir. Ölkə başçısı qeyd etmişdir: “İKT sahəsində Azərbaycan, doğrudan da, son illər ərzində böyük uğurlar əldə edibdir. Bu, həm biznes, həm zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir. Biz bu imkanlardan daha da geniş şəkildə istifadə etməliyik. Elektron xidmətlərin sayı artmalıdır və bu sahədə görülən işlər davam etdiriləcəkdir. İctimai nəzarət daha da güclü şəkildə təşkil edilməlidir. Şəffaflıq maksimum dərəcədə təmin edilməlidir”.

Artıq respublikamızda texnoparkların yaradılması üçün dövlət tərəfindən bütün şərait formalaşdırılmışdır və informasiya-kommunikasiya sahəsində qəbul olunmuş mühüm qanunlar və aparılan dövlət siyasəti bu istiqamətdə həyata keçirilməsi zəruri olan islahatların sürətinə, heç şübhəsiz, böyük təkan vermiş olacaqdır. “Elektron imza və elektron sənəd haqqında”, “Elektron ticarət haqqında”, “İnformasiya əldə etmək haqqında” və “Telekommunikasiya haqqında”, “Poçt rabitəsi haqqında” mühüm qanunlar, “Azərbaycan Respublikasında telekommunikasiya sahəsinə dair siyasət planı”, “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” buna misal ola bilər.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən dövlətin hədəfi İKT-nin illik artımını təxminən 18-20 faiz ətrafında saxlamaqla, qarşıdakı səkkiz ildə sektorun gəlirlərini 8-9 milyard ABŞ dollarına çatdırmaqdır. Buna əsasən, rəqabət mühitinin yaxşılaşdırılması, sektora olunan fiskal və monetar güzəştlər, ixrac potensialının artırılmasına yönəlmiş siyasət, regional İKT resurslarının, yüksək texnoloji məhsul və xidmətlərin yaradılması, güclü insan kapitalına əsaslanan innovativ sahibkarlığın inkişafı hesabına nail olunması planlaşdırılır.

Tam əminliklə söyləmək olar ki, Azərbaycanın ilk telekommunikasiya peykinin istehsal olunması və müvəffəqiyyətlə orbitə çıxarılması böyük tarixi hadisə olması ilə yanaşı, innovasiya və yeni texnologiyaların inkişaf etdirilməsi və tətbiqi sahəsində respublikamızda görülən işlərin ciddiliyinin və geniş perspektivlərə malik olmasının təzahürüdür.

Azərbaycan dövləti tərəfindən həyata keçirilən innovasiya siyasəti respublikamızda mövcud olan dayanıqlı və davamlı iqtisadi inkişafın və rəqabətliliyinin daha da möhkəmləndirilməsini təmin etmək üçün dünyada mövcud olan ən yeni ideyaların, elmi biliklərin, texnologiya və məhsulların iqtisadiyyatın müxtəlif istehsal sahələrinə, habelə ümumiyyətlə ölkəmizin idarəetmə sisteminə tətbiq edilməsinə yönəlib. Ölkəmizin inkişafı üçün olduqca əhəmiyyətli rola malik olan bu mühüm prosesdə dövlət tərəfindən elmi-texniki tərəqqinin yenilikləri nəzərə alınır, müasir elmi tədqiqatların aparılmasına diqqət artırılır. Təsadüfi deyil ki, Azərbaycanın son illər artan maliyyə imkanları ölkə rəhbərliyi tərəfindən innovasiya texnologiyalarının inkişafına xidmət edən təhsil və elm sahələrinə diqqətin artırılması ilə müşahidə olunur.

 

Emin QASIMOV

 

Respublika.-2013.-22 dekabr.-S.1;3.