Elektron tullantılardan
yaşıl İKT-yə doğru
İnsanların istənilən sahədə fəaliyyəti prosesində maddi nemətlər və xidmətlərlə yanaşı, tullantılar da yaranır. Beynəlxalq terminologiyada tullantılar dedikdə xammalların, yarımfabrikatların, digər məmulat və məhsulların istehsalı və istehlakı prosesində yaranmış qalıqları, eləcə də istehlak xüsusiyyətlərini qismən və ya tam itirmiş mallar (məhsullar) başa düşülür. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP — United Nations Environment Programme) məlumatına görə, keçən il dünyada 250 milyard ton müxtəlif çeşidli tullantılar yaranmışdır ki, bu da istehsal edilmiş maddi nemətlərin həcmindən bir neçə dəfə çoxdur. İnsanların fəaliyyət dairəsi genişləndikcə və istehsal intensivliyi yüksəldikcə tullantıların həcmi daha sürətlə artır. Tədqiqatlar göstərir ki, son bir neçə on il ərzində bu artım dinamikası getdikcə daha da intensivləşir.
Əhalinin həyat fəaliyyəti nəticəsində, məişət şəraitində (yaşayış yerində) yaranan, fiziki və mənəvi aşınma nəticəsində öz ilkin istehlak xüsusiyyətlərini itirmiş məmulat və materiallar isə məişət tullantıları kimi təsnifatlaşdırılır. Məişət tullantılarının əsas hissəsini təşkil edən bərk məişət tullantıları (BMT) məişətdə, adətən, “zibil” termini ilə (zibil tullantıları) adlandırılır və ümumi tullantıların orta hesabla beş faizini təşkil edir. Tullantılar problemi ilə məşğul olan beynəlxalq təşkilatların təsnifatına görə, elektron cihaz, qurğu və avadanlıqlarla (o cümlədən kompyuterlər) bərabər elektrik (elektrotexniki) avadanlıqlarından yaranan tullantılar elektron tullantılar (e-tullantılar) adlanır və beynəlxalq terminologiyada qısaca olaraq “e-waste” və ya WEEE (Waste Electrical and Electronic Equipment) kimi göstərilir.
2012-ci ilin sonunda bəzi ölkələrdə və dünyada yaranmış tullantıların əsas sinifləri üzrə həcmi aşağıdakı kimi olmuşdur.
Tullantılar prinsipial fərqli ikili xüsusiyyətlə səciyyələnir. Bir tərəfdən tullantılar insan sağlamlığı və ətraf mühit üçün təhlükə mənbəyidirsə, digər tərəfdən fasiləsiz bərpa olunan material-xammal və istilik-energetik resurs (təkrar material resursları) mənbəyidir. Son bir neçə ildə tullantıların həcmi o həddə çatmışdır ki, ətraf mühit və insan sağlamlığı üçün yaratdığı təhlükə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qlobal təhlükələr sırasına daxil edilmişdir.
Tullantılar ətraf mühit və insan sağlamlığı üçün yaratdığı təhlükəyə (ziyana) görə beş sinfə bölünür: I sinif — fövqəladə təhlükəli, II sinif — yüksək təhlükəli, III sinif — orta təhlükəli, IV sinif — az təhlükəli və V sinif — təhlükəsiz (inert). E-tullantılar təhlükəlilik dərəcəsinə görə II sinfə aid edilir. Ənənəvi qaydada poliqonlara (zibilxanalara) atılmış tullantılar, günəş şüaları, yağış, külək və s. kimi ətraf mühit amillərinin təsiri ilə aşınır və ayrılan metan, karbon dioksid, azot və kükürd oksidləri, ftorlu hidrogen, ammiak, hidrogen-sulfid və digər zəhərli qazlar havaya ayrılır. Digər tərəfdən, özbaşına alışmalar və törədilən yanğınlar nəticəsində əlavə olaraq yaranan dioksinlər, fenol və xlorfenol birləşmələri və s. kimi zəhərli maddələr ətrafa yayılaraq ekoloji vəziyyəti, həyat fəaliyyəti üçün əlverişli təbii mühiti pisləşdirir, əhalinin səhhətinə təsir edir. Nəticədə bir sıra ağır xəstəliklərin (bədxassəli şişlərin, qan xəstəliklərinin, toksikozların və s.) yaranması ehtimalı artır. Qeyd olunan ziyanlı maddələr uşaqlar və hamilə qadınlar üçün xüsusilə təhlükəlidir: ağır metalların birləşmələri və dioksinlər aktiv inkişaf edən orqanizmin hüceyrələrində daha aktiv toplanmaq xüsusiyyətinə malikdir. Eyni zamanda tullantı poliqonlarında yaranan və ziyanlı kimyəvi və biokimyəvi komponentlərdən ibarət maddələr torpağı, su axarlarını, qrunt sularını zəhərləyir.
Digər tərəfdən, tullantılar sənaye və energetika üçün böyük həcmdə ucuz resurs mənbəyidir və daim bərpa olunur, yenilənir. Hesablamalar göstərir ki, e-tullantılların tərkibində orta hesabla 48 faiz polad, 22 faiz plastika, 14 faiz əlvan və qiymətli metallar, 10 faiz kağız, karton və ağac, 6 faiz digər materiallar var. Bir sıra ölkələrin təcrübəsi göstərir ki, bu tullantıları “e-tullantılar — utilizasiya — təkrar emal” sxemi və sənaye üsulu ilə emal etməklə komponentlərinin 85-90 faizini təkrar istifadə etmək mümkündür. Təxmini hesablamalara görə keçən il dünya üzrə bu sinif tullantıların ümumi kütləsi 50 milyon tondan çox olmuşdur ki, bu da sənaye sahələri üçün 40-45 milyon ton əlavə material-xammal resursu ekvivalentinə bərabərdir. Daha önəmlisi odur ki, bu qədər tullantının poliqonlarda təbii aşınması nəticəsində insan sağlamlığına və ətraf mühitə mənfi təsirinin qarşısı alınır, xeyli ərazi təsərrüfat dövriyyəsinə daxil edilir. Məsələn, sahildən və gəmilərlə daşınıb Sakit Okeana atılan tullantılardan su axınlarının toplayaraq yaratdığı sahə təxminən ABŞ sahəsinin 25 faizinə bərabərdir ki, bu da həmin ərazidə dəniz ovu və nəqliyyat üçün böyük əngəllər yaradıb. Bu kütlənin xeyli hissəsini e-tullantılar təşkil edir. Halbuki, məsələn, təcrübələr nəticəsində sübut edilmişdir ki, içməli su hövzələrinə atılmış iki ədəd adi batareya 1000 litr suyu istifadə üçün yararsız hala salır.
Digər tərəfdən, bir istilik-energetik resurs kimi bir ton BMT-nın utilizasiyası, daha doğrusu yandırma üsulu ilə ləğv edilməsi nəticəsində təxminən 250 kilovat saat elektrik enerjisi yaranır. Məsələn, hesablamalar göstərir ki, Azərbaycanda hər il yaranan bu sinif tullantıları tam utilizasiya etməklə 400 min nəfərlik şəhərin əhali kateqoriyasından olan istifadəçilərinin illik elektrik enerjisinə olan tələbatını ödəmək olar.
Hazırda dünyanın bütün ölkələrində böyük həcmdə tullantılar toplanıb və yeni tullantıların yaranma intensivliyi ildən-ilə artır. Ona görə də tullantılarla bağlı münasibətlərin tənzimlənməsi bəşəriyyət qarşısında duran aktual və qlobal problemlərdən biri hesab edilir. Bu problemin həlli əsasən iki məqsəd daşıyır: tullantıların ətraf mühitə və insan sağlamlığına ziyanlı təsirini azaltmaq və alternativ xammal-enerji mənbəyi kimi istifadə etmək. Bir sıra ölkələrin təcrübəsi göstərir ki, bu iki məqsədə yalnız dövlət qanunvericiliyi və bazar tənzimləmə mexanizmlərindən birgə və səmərəli istifadə etməklə nail olmaq mümkündür. Halbuki, son illərədək ikinci məqsədin bazar mexanizmlərinin təsiri ilə avtomatik həll ediləcəyi güman edilirdi.
E-tullantılarla bağlı təhlükəsiz və resursyaradıcı münasibətlərin tənzimlənməsi standartlaşdırma, pasportlaşdırma, sertifikatlaşdırma, lisenziyalaşdırma, ekspertiza, informasiya və texniki təminat mərhələlərini həyata keçirməyə imkan verən infrastrukturun — istehsalat (sənaye) sahəsinin yaradılmasını zəruri edir. Əlbəttə, e-tullantıların kompleks emalı prosesinin təşkili mürəkkəb və böyük kapital qoyuluşu tələb edən bir problemdir və bu xüsusilə e-tullantılara aiddir. Çünki, elektrik və elektron avadanlıqları istehsalı sahəsi yüksək artım sürəti və avadanlıqları isə daha qısa həyat dövrü (istismar müddəti) ilə fərqlənir. Məsələn, təxmini hesablamalara görə hazırda dünyada 11 milyard kompyuterdən istifadə edilir və bu avadanlıqlar parkının 25 faizi cari ildə fiziki və mənəvi aşınaraq tullantı halına keçəcək. Son illər kompyuterlərin daha yüksək yenilənmə dinamikası fondunda tullantılarının zəif emalı intensivliyi onların ümumi həcmini kəskin şəkildə artırır ki, bu da bir sıra amillərlə bağlıdır. Əsas səbəblər kimi dövlətlərin milli maraqlarının üst-üstə düşməməsi nəticəsində mükəmməl və işlək beynəlxalq və milli qanunvericilik bazalarının olmaması, tullantıların emalının qənaətbəxş gəlir yaratmaması və ya ümumiyyətlə, rentabelli olmaması səbəbindən iş adamlarını bu sahə biznesinə geniş şəkildə cəlb etməyin çətinliyi və s. göstərilir. Bunun nəticəsidir ki, əlverişli hüquqi bazanın, həvəsləndirici iqtisadi bazar mexanizmlərinin — güzəştli kredit və vergi siyasətinin, məqsədli subsidiyaların geniş tətbiq edildiyi Avropa ölkələrində e-tullantıların toplanması və təkrar emalı səviyyəsi dünya göstəricilərindən 2-2,5 dəfə yüksəkdir. Lakin buna baxmayaraq, bir sıra inkişaf etmiş Avropa ölkələri, xüsusilə ABŞ “Təhlükəli tullantıların transsərhəd daşınması və onların ləğv edilməsinə nəzarət haqqında” — Beynəlxalq Bazel Konvensiyasına (Basel Convention on the control of transboundary movements of hazardous wastes and their disposal) məhəl qoymayaraq mənəvi aşınmış, bərpa edilmiş və zay kompyuter avadanlıqlarını “xeyriyyəçilik fəaliyyəti” adı altında (əslində istehsalçıların öz ölkələrində tullantıların emalı ilə bağlı maliyyə məsrəflərini azaltmaq məqsədilə) bir sıra zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə, o cümlədən Azərbaycana “bağışlama” praktikası sistem halını almışdır. Hərçənd ki, bu ölkələrin özləri də iş yerlərinin açılması, “rəqəmsal uçurumun” (ölkələr üzrə İKT-nin tətbiqi səviyyəsindəki kəskin fərq) azaldılması və s. səbəblərdən bu məhsulun “eksportunda” maraqlıdırlar. Çünki geniş əhali kütləsi kompyuter avadanlıqlarını yalnız bu yolla çox ucuz qiymətə almaq imkanına malikdir. Yeri gəlmişkən qeyd edək ki, xarici ölkələrdən Azərbaycana gətirilmiş və “Second Hand” (ikinci əl) şəbəkəsi ilə satılan kompyuter avadanlığının müəyyən hissəsinin tam yararsız olması və ya bərpasının rentabelli olmaması səbəbindən adi məişət tullantısı kimi zibilxanalara və ya ətrafa atılması halları məlumdur.
Qana Respublikasının paytaxtı Akkranın şəhərətrafı yaşayış məntəqəsi Aqoqbloşda yaranmış ekoloji fəlakət və onun acı nəticələri, e-tullantıların insan sağlamlığı və ətraf mühit uçun yaratdığı vəziyyət xarakterik nümunə kimi məşhurdur. Burada böyük bir ərazidə torpaq, su, hava, civə, qurğuşun, tallium, sinil turşusu, polivinilxloridlər, müxtəlif qaz birləşmələri ilə zəhərlənmiş vəziyyətdədir. Əhalinin əsas məşğuliyyəti e-tullantıların emalı ilə bağlı olduğu üçün onlar bu şəraitdə yaşamaq məcburiyyətindədirlər. Hesablanmışdır ki, dünyanın e-tullantılarının 50 faizi Çinə, 20 faizi Hindistana, 20 faizi Afrika ölkələrinə və digər yerlərə
qeyri-qanuni olaraq “ixrac” edilir. İnkişaf etmiş
ölkələrdə ilkin istehlak xüsusiyyətlərini
qismən itirmiş və ya mənəvi
aşınmış kompyuterlərin sosial zəif qrupların
istifadəsinə verilməsi praktikasından da geniş istifadə
edilir. Bu ölkələrdə
e-tullantıların (eyni zamanda digər tullantı növlərinin)
emalı sahibkarlar üçün güzəştli kredit,
vergi, tarif siyasəti və əlverişli qanunvericilik
bazasına əsaslanır. Məsələn, Avropa
Birliyində (AB) tullantılar və e-tullantılarla
bağlı münasibətlər uyğun olaraq AB
Şurasının 75/442 saylı direktivi (Council Directiv 75/442
of 15 July1975 “On Waste”) və Avropa Parlamenti və Şuranın
2002/96 saylı direktivi (Directiv 2002/96 of the Euvropean Parlament and
of the Council of 27 January 2006 On Waste Electrical and Electronic Equipment,
WEEE”), digər normativ aktlarla tənzimlənir. Sonuncu sənədin
tələblərinə görə AB-yə üzv olan
ölkələr hələ 2006-cı ilin sonunadək, bu qanunla
təsnifatı verilmiş və e-tullantıların 3-cü
qrupuna daxil olan informasiya texnologiyaları və telekommunikasiya
avadanlıqları tullantılarının bərpa edilib yenidən
istifadəsini 70 faizə, tərkibindəki komponentlərin
material-xammal resursu kimi təkrar istifadəsini 60 faizə, il ərzində
növ kimi istifadəçilərdən ayrıca toplama həcmini
isə əhalinin hər nəfəri hesabilə 4 kiloqrama
çatdırmışdır. Qeyd etmək lazımdır ki,
bu göstəricilər təkcə tullantıların
emalı üzrə istehsalçıların qanunla məsul edildiyi fəaliyyətin
nəticələrini əks etdirir. Məsələ
ondadır ki, AB-də tullantıların emalı
“istehsalçıların məsuliyyəti” prinsipinə,
başqa sözlə “kim çirkləndirirsə o da ödəyir”
prinsipinə əsaslanır. Bu prinsipin tətbiqi mexanizmlərindən
biri ondan ibarətdir ki, istehsalçı öz məhsulunun
e-tullantılarının idarə edilməsi ilə bağlı çəkiləcək
xərcləri məhsulun satış qiymətinə daxil
edir, əvəzində, tullantıların toplanması və kompleks emalı
üzrə məsuliyyəti öz üzərinə
götürür. E-tullantıların xeyli hissəsinin fərdi
və kollektiv istifadəçilər (firmalar, idarə və
təşkilatlar), eləcə də bu sahə ilə məşğul
olan geniş biznes şəbəkəsi tərəfindən
emal edildiyini, AB-yə daxil olmayan ölkələrə
“ixracını” nəzərə alsaq problemin həlli səviyyəsi
daha aydın təsəvvür edilər. Qeyd etmək
lazımdır ki, e-tullantılar həmin sənədlərlə
məişət tullantıları (zibil) kateqoriyasına aid
edilmədiyi üçün onların adi qaydada zibilxanalara
atılması inzibati xəta, bəzi hallarda isə cinayət
əməli kimi qiymətləndirilir.
Bütün
bu tədbirlərin nəticəsidir ki, AB-də
tullantıların emal səviyyəsi orta dünya göstəricilərindən
2-2,5 dəfə yüksəkdir.
Aparılan araşdırmalar göstərir ki,
tullantıların aşağı emal səviyyəsinin səbəblərindən
biri də sahə üzrə xüsusiləşdirilmiş
beynəlxalq təşkilatların, xüsusilə də milli hökumətlərin,
ictimai təşkilatların, kütləvi informasiya vasitələrinin
məsələyə laqeyd münasibəti, maarifləndirmə
və təbliğat işlərinin lazımi səviyyədə
aparılmamasıdır. Halbuki, bu sahənin problemləri ilə, o cümlədən
maarifləndirmə işinin aparılması məqsədilə
məqalənin əvvəlində qeyd olunmuş UNEP-dən
başqa Birləşmiş Millətlər Təşkilatı
Universitetinin e-tullantılar problemləri bölməsi (StEP —
Solving the E-waste Problem) və UNİDO (United Nations İndustrial
Development Organization) təşkilatları, Beynəlxalq
Standartlaşdırma Təşkilatının (İSO —
İnternational Organization Standartization) 5-ci işçi qrupu,
Bazel Konvensiyası Katibliyi (SBC —
Secretariat of the Bazel Convention), çoxlu sayda regional və
milli tədqiqat mərkəzləri
yaradılmışdır. Ümumiyyətlə problem o dərəcədə
təhlükəli xarakter almışdır ki, dünya
öz intellektual, maliyyə və s. resurslarının xeyli
hissəsini bu sahəyə yönəltmək məcburiyyətindədir.
Məsələn, hər il bir sıra beynəlxalq
təşkilatların (BMT, İTU, İSO, və s.) dəstəyi
ilə ekoloji təhlükəsizlik problemlərinin həllinə
həsr edilən İnformasiya Cəmiyyəti Məsələləri
üzrə Dünya Sammitinin (WSİS —World Summit on the
İnfamation Society Forum) bir bölməsi e-tullantılar
problemlərinin həlli məsələlərinə həsr
edilir. Bundan başqa, bir çox beynəlxalq, regional,
milli elmi tədbirlər keçirilir, jurnallar nəşr
edilir. Yeri gəlmişkən, cari ildə
keçirilən Sammitdə Azərbaycanın nümayəndə
heyəti tərkibində müəllifin əməkdaşı
olduğu institutun rəhbəri də iştirak etmişdir.
E-tullantıların emal problemlərindən biri də
onlarda əks olunmuş sirr xarakterli məlumatların
informasiya təhlükəsizliyinin təmin edilməsidir. E-tullantıların
informasiya təhlükəsizliyi dedikdə bu
tullantıların informasiya daşıyıcılarında (o
cümlədən kağız daşıyıcılarda)
müəyyən fəaliyyət, texnoloji proses, hadisə,
şəxs, nou-hau və s. haqqında
saxlanılan məxfi və sirli məlumatların etibarlı məhv
edilməsi prosesi başa düşülür. Başqa
sözlə, elə zərərsizləşdirmə prosesi nəzərdə
tutulur ki, tullantıların material-energetik resurs xüsusiyyətlərini
saxlamaq şərtilə onlardakı ilkin məlumatları bərpa
etmək mümkün olmasın. Problem
ondadır ki, yaddaşı etibarlı silinməmiş (məhv
edilməmiş) e-tullantıların informasiya
daşıyıcılarında qalan izə əsasən ilkin
məlumatları bərpa etmək və müxtəlif qərəzli
məqsədlərlə istifadə etmək
mümkündür. Məsələn, ABŞ-da
e-tullantıların informasiya təhlükəsizliyi problemləri
ilə məşğul olan İdentity Theft Resource Center təşkilatının
məlumatına görə e-tullantıların zərərsizləşdirilməsinin
etibarlı metodlarla aparılmaması nəticəsində,
keçən il ölkədə, 50 halda, dövlət sirri də
daxil olmaqla, hökumət və hərbi sektorda sirli məlumatların
itirilməsi baş vermişdir (2,5 milyon ədəd mətn —
fayl şəklində).
Məsələnin
mahiyyəti ondan ibarətdir ki, İKT
avadanlıqlarının yaddaş qurğularına (maqnit,
optik, lazer və s.) yazılmış məlumatları həmin
qurğuların öz funksional imkanlarından istifadə etməklə
etibarlı şəkildə silmək mümkün deyil: belə
bir qovşaq güclü maqnit sahəsi (və ya cərəyan
şiddəti) tələb etdiyi üçün böyük
qabarit ölçülərə malik olardı ki, bu da
miniatürləşmə prinsiplərinə ziddir. Ona görə də bu məqsədlə
böyük silmə gücünə malik avtonom qurğulardan
— maqnit məhvedicilərdən istifadə edilir.
Optik
informasiya daşıyıcılarının məlumatlarını
etibarlı silmək üçün prinsipial fərqli texnologiyalardan
istifadə edilir: optik diskin xüsusi tərkibli həssas yazma
qatı məhv edilir. Bu məqsədlə
müxtəlif metodlardan, o cümlədən pirotexniki
metodlardan istifadə edilir. Məlumatları
etibarlı silməklə yaddaş qurğusunun
özünü korlamayan metodlara üstünlük verilir.
Tullantı kimi atılmış kağız
daşıyıcılardakı informasiyanın zərərsizləşdirilməsi
məqsədilə əsasən onların doğranmasından
istifadə edilir. Aşağı sirlilik sinfinə aid məlumat
daşıyan kağızlar şreder (shreder) adlanan
qurğular vasitəsilə eni 12 millimetr olan zolaqlar şəklində,
yüksək sirr daşıyan (V sinif — dövlət sirri)
kağızlar eni 0,8 millimetr, uzunluğu 13
millimetr olan zolaqlara doğranır. Daha
kiçik ölçüləri təmin edən
qurğulardan (qrinder, dezinteqrator və s.) da istifadə edilir.
Emalın mahiyyəti kağızı oxuna bilən
ən kiçik ölçülü şriftin enindən də
kiçik hissələrə doğramaqdadır.
Elektron və elektrik avadanlıqları istehsalı
prosesində yaranan axar çirkab sular, ətrafa yayılan hava
axını, eləcə də istifadə edilən radioaktiv
element və birləşmələrin ətrafa yayılan
şüaları da özündə müəyyən sirli
informasiya daşıya bilər və texniki vasitələrlə
kənardan bu məlumatları əldə etmək
mümkündür. Bir informasiya daşıyıcısı
kimi bu mənbələrin informasiya təhlükəsizliyini təmin
etmək məqsədilə mövcud metodlardan yararlanaraq
müəyyən tədbirlər görülməlidir.
Təbiidir ki, tullantılar problemi Azərbaycandan da yan
keçməyib. Məlumdur ki, tullantıların əsas
kütləsi təbii sərvətlərin
çıxarılması, faydalı qazıntıların zənginləşdirilməsi
və İKT sahələrində yaranır. Azərbaycanda bu sahələrin yüksək
inkişaf səviyyəsi və inkişaf dinamikası indiyədək
böyük həcmdə sənaye və e-tullantıların əmələ
gəlməsinə səbəb olmuşdur. Araşdırmalar göstərir ki, son illər bu
resursların yüksək artım dinamikası müşahidə
olunur və İKT sahəsi üçün bu hal daha səciyyəvidir.
Məsələn, AB ölkələrində kompyuterlərin
yenilənmə tezliyi 1-1,5, ABŞ-da bir il
olduğu halda, Azərbaycanda dövlət təşkilatlarında
7, özəl firmalarda orta hesabla 3 ildir. Nəticədə
mənəvi aşındığı üçün
istifadə olunmayan, lakin hesabdan silinməsinə icazə verilməyən
kompyuter avadanlıqları potensial tullantılar kimi anbarlarda
yığılıb qalır və sonda adi məişət
tullantıları kimi atılır. Səbəb
isə bu günədək respublikamızda
e-tullantıların idarə edilməsi probleminin sistemli şəkildə
həll edilməməsidir. Aydındır
ki, şəxsi təşəbbüsü ilə bu
avadanlıqların (əsasən kompyuterlərin) qəbulu,
kustar formada bərpası və pərakəndə
satışı ilə yarımleqal şəkildə məşğul
olan bir qrup şəxs bu problemi əsaslı şəkildə
həll edə bilməz.
Digər
tərəfdən, ölkə rəhbərliyi İKT-ni
prioritet sahə elan edib və görülmüş məqsədyönlü
tədbirlər nəticəsində son 8-10 ildə sahə
üzrə orta illik artım dinamikası 20-25 faiz olmuşdur
ki, bu da orta ümumdünya göstəricilərindən 2-3 dəfə
yüksəkdir. Azərbaycan Dövlət Statistika Komitəsinin
məlumatına görə 2011-ci ildə hər yüz nəfərə
48 kompyuter, 65 internet istifadəçisi və 110 mobil telefon
düşmüşdür ki, bu da ümumilikdə təxminən
5 milyon kompyuter, 10 milyon mobil telefon deməkdir. Aydındır ki, bu siyahıya digər elektron və
elektrik (elektrotexniki) avadanlıqlarını da əlavə etsək
istismarda olan bu qədər elektron və elektrik
avadanlıqlarının e-tullantılarının həcmini təsəvvür
etmək olar.
Qeyd etmək lazımdır ki, son 10-15 ildə digər
sahələrlə yanaşı, ümumilikdə,
tullantılar problemləri də ölkə rəhbərliyinin
diqqət mərkəzində olmuş, qanunvericilik
bazasının yaradılmasında və praktiki istiqamətdə
mühüm irəliləyiş əldə edilmişdir.
Hələ
1990-cı illərin ikinci yarısından başlayaraq
ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə
bu sahə üzrə qanunvericilik bazasının
yaradılması işinə başlanmış və 1998-ci
ildə onun imzası ilə “İstehsalat və məişət
tullantıları haqqında” respublika Qanunu qəbul
edilmişdir. Bu qanun adı çəkilən
tullantı sinifləri üzrə dövlət siyasətinin əsas
prinsiplərini müəyyənləşdirən və
münasibətləri tənzimləyən çərçivə
sənədidir. 2006-cı ildə “Azərbaycan
Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün Kompleks Tədbirlər Planı” qəbul
edildi. Bu tədbirlər planı çərçivəsində
Bakı şəhəri ərazisində əmələ gələn
BMT-nin idarə edilməsinə aid “Bakı şəhərində
məişət tullantıları ilə bağlı idarəetmənin
təkmilləşdirilməsi haqqında” Prezident sərəncamı
imzalandı və utilizasiya mərhələsini həyata
keçirmək məqsədilə “Təmiz Şəhər”
ASC yaradıldı (2008). “Bakı şəhərində
Balaxanı Sənaye Parkının yaradılması
haqqında” və “Bakı şəhərində Balaxanı Sənaye
Parkının fəaliyyətinin təmin edilməsi ilə
bağlı tədbirlər haqqında” Prezident Sərəncamları
qəbul edildi (2011) və s. Ətraf mühitin mühafizəsi
və ekoloji təhlükəsizlik sahəsində qeyd olunan
digər normativ — hüquqi aktların və normativ aktların
və formalaşdırdığı qanunvericilik bazası əsasında
məişət tullantılarının emalı sahəsində
bir sıra mühüm praktiki işlər görüldü. Bu işlər sırasında keçən ilin sonunda
istismara verilmiş Bərk Məişət
Tullantılarının Yandırılması Zavodu (BMTYZ) və
Bərk Məişət Tullantılarının
Çeşidlənməsi Zavodu (BMTÇZ) xüsusi əhəmiyyət
daşıyır. Fərəhli haldır ki, 500 min ton məişət
tullantıları və 10 min ton tibbi tullantı emalı
gücündə olan BMTYZ şərqi Avropa və MDB məkanında
bu tipli ən böyük müəssisədir. Zavodun fəaliyyəti
nəticəsində çox qısa müddət ərzində
Bakıda BMT-nin həcminin 10 dəfə azalacağı, hər
il 100000 ton karbon dioksidi ekvivalentinə bərabər
qazların atmosferi zəhərləməsinin
qarşısının alınacağı və 60 milyon
kubmetr təbii qaz ekvivalentinə qənaət yaranacağı
gözlənilir. İllik gücü 200000 ton olan BMTÇZ-də
qəbul edilən tullantılar tərkib hissələrinə
görə çeşidlənir və ümumi həcmin 40
faizi təkrar material-xammal resursu kimi emal müəssisələrinə,
qalıq kütlə isə istilik-energetik resurs kimi BMTYZ-yə
göndərilir.
Qeyd edilməlidir
ki, əsas vəzifəsi Balaxanıdakı Şəhər
Tullantılarının Zərərsizləşdirılməsi
Poliqonunun, BMTYZ və BMTÇZ-nin idarəçiliyini həyata
keçirmək olan “Təmiz Şəhər” ASC fəaliyyət
göstərdiyi beş ildən az müddətdə
tullantılarla bağlı digər sahələrdə də
xeyli işlər görmüş, respublikamızda ətraf
mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin
təmin edilməsinə böyük töhfələr
vermişdir. Belə ki, əhalinin maarifləndirilməsi məqsədilə
təşkil etdiyi seminarlar, şəhər ərazisindəki
qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi,
qısa müddət ərzində poliqon və ətraf ərazilərdə
aparılmış abadlıq işləri, Bakının Xəzər
rayonunun bir sıra qəsəbələrində
tullantıların növlərə görə ayrıca
yığılması və daşınması üzrə
pilot layihələrin təşkili və s. çox əhəmiyyətli
məsələlərdir.
Araşdırmalar
göstərir ki, bütün bu nailiyyətlərə baxmayaraq, respublikamızda bu
günədək e-tullantılarla bağlı münasibətləri
tənzimləyən normativ-hüquqi baza və emal mərhələlərini
həyata keçirən infrastruktur
yaradılmamışdır. Lakin təməli
2012-ci ilin sonunda qoyulan Balaxanı Sənaye Parkında digər
istehsal və xidmət sahələri ilə yanaşı,
e-tullantıların kompleks emalı üzrə
yaradılması nəzərdə tutulan istehsal sahəsinin və
infrastrukturun fəaliyyəti nəticəsində bu sahədəki
çatışmazlıqların xeyli dərəcədə
aradan qaldırılacağı gözlənilir.
Azərbaycan Milli Elmlər Akademiyasının elmi tədqiqat
institutu olaraq İnformasiya Texnologiyaları İnstitutu
informasiya texnologiyaları və informasiya cəmiyyəti
istiqamətlərinin müxtəlif problemləri ilə
yanaşı, e-tullantıların elmi-texniki problemləri ilə
də məşğul olur. İnstitutda
e-tullantılar üzrə aparılan tədqiqat işlərinin
əsas məqsədi dünya təcrübəsinin analiz edilməsi,
Azərbaycanda problemin mövcud vəziyyətinin monitorinqinin
aparılması, Azərbaycan özəlliklərini nəzərə
almaqla mütərəqqi texnika və texnologiyaların
respublikamızda tətbiqi məsələləri üzrə
tövsiyələrin işlənməsi, əhalinin sahə
üzrə maarifləndirilməsi işində iştirak etməkdir.
İnstitut həmçinin qrant layihəsi çərçivəsində
kiçik yaşayış məntəqələrinin birində
e-tullantıların ayrıca toplanması və sonrakı emal
mərhələlərinin təşkili üzrə pilot layihəsini
həyata keçirməyi planlaşdırır.
Ümidvarıq ki, ölkə rəhbərliyinin, aidiyyəti
olan təşkilatların, ictimaiyyətin
qarşılıqlı səyləri nəticəsində
respublikamız digər sahələrdə olduğu kimi,
e-tullantılarla bağlı problemlərin həlli istiqamətində
də yüksək göstəricilər əldə edəcək
və qabaqcıl ölkələr səviyyəsinə
yüksələcək.
Rəşid ƏlƏkbƏrov,
AMEA İnformasiya Texnologiyaları
İnstitutunun baş mühəndisi, texnika fəlsəfə
doktoru,
Bikəs Agayev,
AMEA İnformasiya Texnologiyaları
İnstitutunun şöbə müdiri, texnika fəlsəfə
doktoru.
Respublika.-2013.-22
dekabr.-S.5.