Azərbaycanlı alim “Qızıl möhür” mükafatına layiq görüldü

 

 

Fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyevin Amerikada fəaliyyət göstərən “Trafford” beynəlxalq nəşriyyat evi tərəfindən çap olunmuşPower, Societ and Religion” (“Hakimiyyət, cəmiyyət və din”, 102 səh.) kitabı bu ilin martında ən çox satılan kitabların ilk onluğuna düşüb. Nəşriyyat evinin www.trafford.com rəsmi saytında həmyerlimizin kitabı “Satış üzrə liderlərin top 10-luğu” içərisində (Best Sellers bölməsi) üçüncü yerə layiq görülmüşdür. Bu ilin sentyabr ayının sonunda professorun sözügedən kitabı Amerikada hər il mütəmadi şəkildə təşkil olunan kitab müsabiqəsində “Trafford Publishing” beynəlxalq nəşriyyat evinin ən yüksək mükafatı ədəbi ustalığın rəmzi hesab olunan “Qızıl möhür” mükafatını qazanmışdır. Ən əsası isə bu barədə məlumatın ABŞ-da həftəlik kitab icmalı toplusuna daxil edilməsidir.

Bu nöqteyi-nəzərdən qeyd edilməlidir ki, “Hakimiyyət, cəmiyyət və din” (“Power, Society and Religion”) kitabı əsl məqamında işıq üzü gördü. Yaxın Şərqin və Şimali Afrikanın siyasi həyatında baş verən dəyişikliklər siyasətçiləri və alimləri din və demokratiyanın birgə mövcudluğunu təmin edən daha mükəmməl modellər axtarmağa vadar edir. Bu baxımdan Azərbaycan Respublikasının əldə etdiyi təcrübə böyük diqqətə və dəqiq tədqiqata layiqdir. Ölkənin qlobal iqtisadi və mədəni layihələrə qoşulması isə onun bu sahədə əhəmiyyətliliyini daha da artırır.

Əməkdaşımız professor Rafiq Əliyevlə görüşərək ondan müsahibə almışdır. Həmin müsahibəni oxucularımıza təqdim edirik:

Rafiq müəllim, sizi bu kitabı yazmağa hansı  məqamlar vadar etdi?

— Dinlə hələ məktəbdə oxuduğum dövrdən maraqlanmağa başlamışam. O zaman müxtəlif dini tədbirlərə (xüsusilə məhərrəmliklə bağlı) qatılsam da, dindar deyildim. Mənim atam kolxozun baş mühasibi işləməsinə baxmayaraq, heç vaxt partiya üzvü olmamışdır. Ateistdeyildi. Bu isə öz növbəsində mənə dini qərəzsiz şəkildə öyrənmək imkanı yaradırdı. Universiteti bitirdikdən sonra 12 il müsəlman ölkələrində işlədim. Həmin ərəfədə artıq anladım ki, din cəmiyyətdə özünəməxsus rol oynayır və son nəticədə onu daha cəlbedici, səbirli və dövrün bir çox neqativ təsirlərinə qarşı dözümlü edir. Hələ 1973-cü ildə “Cənubi Yəməndə sosializm ideyaları” adlı namizədlik dissertasiyası üzərində çalışarkən elmi işimə “Dinin cəmiyyətdə rolu  adlı xüsusi fəsil əlavə etmişdim.

Nə qədər təəccüblü səslənsə də, həmin fəsil Moskvada Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun bəzi alimlərinin hiddətinə səbəb olmuşdu. Onların fikrincə, sosialist cəmiyyətdə dinə yer yoxdur. Mən onların mövzuya bu cür münasibətlərini anlayırdım. Amma onu da dərk edirdim ki, sovet dövründə sosializmi qurub marksizm-leninizm təlimi ilə kommunizmə doğru irəlilədiyimiz bir zamanda din nəsildən-nəslə keçirbütün qadağalara baxmayaraq, yaşayırdı. Deməli, sosializmdə də dinin olmasını zəruriləşdirən amillər vardır.

Amma mən öz mövqeyimi imkanım daxilində müdafiə edib dinin həm cəmiyyətdə, həm də ayrılıqda insan həyatında tutduğu mövqeyinin əhəmiyyətini daha dərindən tədqiq etməyə başladım. Çoxillik elmi araşdırmalar nəticəsində sonda belə qənaətə gəldim ki, din barəsində ateist fikirlərin çoxluğuna baxmayaraq, o, sosialistya kapitalist olmasından asılı olmayaraq, hər bir cəmiyyət üçün vacibdir.

Kitabda həm ayrı-ayrı fərdlərin, həm də ümumilikdə cəmiyyətin həyatında dinin tutduğu mövqeyə daha real yanaşma tərzi əks olunub. Burada bütün dünya dinlərinə qarşı dözümlülük və qarşılıqlı etimadı hiss etmək mümkündür. Fərq etməz — istər zərdüştlük olsun, istər buddizm, istər yəhudilik, istər xristianlıq, istərsə də islam. Zənnimcə, dinə qarşı yüz illər boyunca aparılan mübarizəyə baxmayaraq, o, öz hiss və emosiyalarını idarə etmək, həyatda düzgün istiqamət götürmək baxımından hər bir insan üçün vacibdir. İnsan dinin təbii, bioloji təsirini rəhbər tutaraq həyatda çox şeyə nail ola bilər.

Bu kitab hakimiyyət, cəmiyyət və dinin sabitliyini üç əsas amil kimi təqdim edərək, insan cəmiyyətini təmsil edən fərdlər arasında qarşılıqlı münasibətlərdə imanın roluyeri barəsində təsəvvür yaratmaq məqsədi daşıyır. Onlar bir-birinin əksinə deyil, bir-birini tamamlayan anlayışlardır.

— Qələmə aldığınız bu kitabın müasir cəmiyyətlə nə dərəcədə əlaqəsi var?

— Cəmiyyət ayrı-ayrı fərdlərdən ibarətdir. Üstəlik, nəzərə alaq ki, cəmiyyətdə insanların hərəsinin özünəməxsus yeri, fərqli əqidəsi ola bilər və yəqin ki, bu, belədir. İnsanlar arasında fikir ayrılığının yaranmasına səbəb olan da məhz bu əqidə fərqliliyidir. Bəzən ən kiçik bəhanə belə müxtəlif din daşıyıcıları arasında qanlı qarşıdurmalara gətirib çıxara bilir. Əgər insanlar dini başqalarına təzyiq göstərmək üçün xüsusi imtiyaz kimi deyil, sadəcə, qarşılıqlı münasibətlərin bir hissəsi, insan həyatının vacib elementi kimi qəbul etməyi bacarsaydılar, bu qədər qanlı-qadalı münaqişələr yaşanmazdı.

Bu kitab “cəmiyyətdə dinin rolumövzusunda yazılmış minlərlə digər kitablardan nə ilə fərqlənir?

— Təvazökarlıqdan uzaq da olsa deyim ki, məhz bu mövzuda, bu qoyuluşda hələ yeni kitab yoxdur. Qələmə aldığım bu kitab insanlar, eləcə də hakimiyyət və din arasında qarşılıqlı münasibətlərin əhəmiyyətini və bu münasibətlərə müvafiq qiymətin verilməsi ilə bağlı ideyaları bölüşmək istiqamətində ilk cəhddir.

Zənnimcə, “hakimiyyət-cəmiyyət-din” üçlüyü ilə sıx bağlı olan müasir dövrün həyati əhəmiyyət daşıyan suallarının hamısını da olmasa, xeyli hissəsini cavablandıra bilmişəm. Sözügedən kitab dövrümüzün gerçəklikləri istisna olmaqla, heç bir siyasiya digər maraq daşımır. Bir vacib məqamı da qeyd etmək istərdim ki, haqqında bəhs etdiyim gerçəkliyə dinin həm cəmiyyət, həm də insan həyatında iştirakını, mövcudiyyətimizin mühüm ünsürü, cəmiyyətdə birgə yaşayışımızı nəzərdə tutur. Din və siyasət, hakimiyyət və sırf din mövzusunda olan kitablarda, təəssüf ki, din həmişə siyasətlə təzad təşkil edir. Onların təbii və bizdən asılı olmayan bağlılığı və bunun həyati vacibliyi məsələsi tədqiqatdan kənarda qalır. Əksər müəlliflər — alimlər, din üləmaları dini və siyasəti ayrılıqda tədqiq edirbirinin digərindən üstünlüyünü təsdiqləməyə çalışırlar. Eyni zamanda onlar məntiqdən kənara çıxaraq, bu iki vacib amilin mütləq toqquşacağını proqnozlaşdırırlar. Mənim müəllifi olduğum kitabda bu ənənəvi yanaşma özünə yer tapmayıb. Hesab edirəm ki, bu amilxarici mütəxəssislərin diqqətini cəlb edib, onların marağına səbəb olub. Bunu kitaba müsbət rəy verən amerikalı alimlər də dəfələrlə qeyd ediblər. Güman edirəm ki, məhz elmi yanaşma reallığa daha yaxın tədqiqat üslubudur.

— Oxucularınızın bu kitabdan hansı nəticəni çıxarmasını istərdiniz?

— İstərdim oxucular anlasınlar ki, şəxsi istəklərimizlə yanaşı, həm də bizim düşüncələrimizdən asılı olmayan, izaha və təsdiqə ehtiyac duymayan başqa gerçəkliklər də var. Hakimiyyət, cəmiyyət və din münasibətlərinin sirləri, görünməyən tərəfləri  məhz belə gerçəkliklərdəndir. Onların mövcudluğu, hətta mən deyərdim ki, birgə mövcudluğutaleyi bizdən və bizim birbaşa fəal iştirakımızdan asılı deyil. Bu üçlük təbii qanunauyğunluqdur. Həmin üç ünsür bizim mövcudiyyətimizi vahid orqanizm şəklində nizamlayan sistemin ayrılmaz hissəsidir.

Kitabda ifadə etdiyimiz fikirlər bir neçə mühüm təməl əsaslara söykənir: dinin mahiyyətinin formalaşması və inkişafının səbəbləri; müsəlman ərəb ölkələrində olduğum zaman, eləcə də Vətənimdə din, cəmiyyət və hakimiyyət problemlərinə həsr etdiyim iyirmiillik araşdırma nəticəsində əldə etdiyim şəxsi təcrübə; sonda həm özümə, həm də kitabımda yazdıqlarıma inamım. Çıxardığım nəticə cəmiyyətin üzvlərinin dinietnik mənsubiyyəti ilə bağlı bir sıra suallara cavab tapmaqda, həmçinin bizim eyni ölkədə, eyni siyasi-ideolojidini məkanda birgə yaşayışımıza aydınlıq gətirməkdə mühüm rol oynaya biləcəyinə ümidlərimdir. Gəldiyim son qənaət ondan ibarətdir ki, kitabda özünə yer tapmış fikirlər hakimiyyət uğrunda siyasi mübarizə çərçivəsindən kənarda (siyasi mübarizənin şərtləri həmişə adi məntiq çərçivəsinə sığmır) bütün digər insanlararası əlaqələrdə neqativ məqamları aradan qaldırmağa yardım edə bilər.

Kitabın söykəndiyi əsas müddəa Azərbaycan Respublikasında daha çox tətbiq olunan hazırkı “Dövlət və din” konsepsiyasıdır. Bu konsepsiyanın xeyli sayda müddəaları mənim 2003-cü ildə hazırladığım 32 mühazirəlik “Dinin əsasları” adlı tədris vəsaitinə daxil edilmişdir. Orta məktəblərdə dinin tədrisinə rəsmi razılıq olmasa da, bir çox müəllimlər, şagirdlər və tələbələr bu kitabdan faydalanırlar.

Güman edirəm ki, haqqında danışdığımız yeni kitab dinə münasibətdə daha səbirli və dözümlü olmağa təkan verəcək qədər əhəmiyyətli ola bilər. Təki belə olsun. Cəmiyyətə, insanlara faydası olmayan kitab yazmağa dəyməz. Bu, mənim şəxsi qənaətimdir.

Müsahibəni apardı:

 

Rauf İLYASOĞLU,

 

Respublika.-2013.-22 dekabr.-S.7.