“Zeytun Bağları” Azərbaycan zeytununun şöhrəti” mövzusunda
yazı müsabiqəsi elan olundu
Dünən Azərbaycan Mətbuat Şurasının və “Azərsun Holdinq”in birgə təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında “Zeytun Bağları” Azərbaycan zeytununun şöhrəti” mövzusunda yazı müsabiqəsinin başlandığı elan olundu. Bununla bağlı Mətbuat Şurasında keçirilən mərasimdə MŞ İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri və jurnalistlər iştirak etdilər.
Toplantını giriş sözü MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə açaraq bildirdi ki, Şuranın müxtəlif qurumlarla birgə jurnalistlər üçün yazı müsabiqələrini keçirməsi artıq ənənəyə çevrilib. Bu mənada “Azərsun Holdinq”lə əməkdaşlıq xüsusilə əhəmiyyətlidir. Belə yaradıcılıq müsabiqələri jurnalistlərin ayrı-ayrı sahələr üzrə ixtisaslaşması işinə yaxından töhfə vermək baxımından da xüsusi önəm daşıyır. Elan etdiyimiz müsabiqənin media nümayəndələrini zeytunçuluq kimi qədim ənənələrə malik sahənin təbliğinə stimullaşdırması xüsusilə sevindirici haldır. Hesab edirəm ki, ayrı-ayrı qələm sahiblərinin məsələyə diqqət göstərməsi nəticəsində nəinki zeytunçuluğa maraq artacaq, eyni zamanda onun dünya miqyasında Azərbaycan məhsulu kimi tanıdılması işində də konkret nəticələr əldə olunacaq. V.Rəhimzadə həmçinin müsabiqədə iştirak edəcək kütləvi informasiya vasitələri təmsilçilərinə uğurlar arzuladı.
“Azərsun Holdinq”in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov təmsil etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açaraq bunların içərisində “Zeytun bağları” yağ markasına xüsusi önəm verildiyini vurğuladı. O bildirdi ki, Mətbuat Şurası ilə birgə keçirilən müsabiqə zeytun ağaclarının qorunması və zeytunçuluğa olan marağı artırmaq məqsədi daşıyır. O dedi: “Müsabiqə bu istiqamətdə ilk addımdır. Onun yekunları mart ayında açıqlanacaq və jurnalistlərin iştirakı ilə zeytun ağaclarının əkilməsi aksiyası ilə başa çatacaq”. “Zeytun bağları”nın Azərbaycanın yağ brendi kimi dünyada tanıdılmasının da müstəsna səciyyə daşıdığını vurğulayan Afiq Səfərov “Azərsun Holdinq”in hazırkı istiqamətdə gördüyü işlər haqqında da məlumat verdi.
MŞ İdarə Heyətinin üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas çıxışında “Azərsun Holdinq”in jurnalist fəaliyyətinin səmərəli təşkilinin stimullaşdırılması baxımından Azərbaycanda fəaliyyət göstərən digər şirkətlər üçün örnək olduğunu qeyd etdi. Yazı müsabiqəsinin əhəmiyyətini bu baxımdan əsaslandıran T.Abbas KİV təmsilçilərinin əməli iş müstəvisində holdinqin müəyyənləşdirdiyi xəttə dəstək göstərəcəklərinə əminliyini bildirdi.
MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Azərbaycanda fəaliyyət göstərən şirkətlərin öz işlərinin təbliği nöqteyi-nəzərdən media faktoruna önəm verməsini müsbət hal kimi dəyərləndirdi. Eyni fikri bölüşən “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də həmçinin bildirdi ki, zeytunçuluq bir xalqın qədimliyindən, tarixi ənənələrə malikliyindən xəbər verən önəmli təsərrüfat sahəsidir. Buna görə də mövcud sahədə görülən işlər xalqın, ölkənin tanıdılmasına xidmət edir. Elçin Mirzəbəyli Mətbuat Şurasının “Azərsun Holdinq”in timsalında özəl sektorla əməkdaşlığının jurnalistikamız üçün səmərəliliyindən də söz açdı.
“Azərsun Holdinq”in nümayəndəsi Ellada Şiriyeva “Zeytun bağları” yağ məhsulunun keyfiyyət xüsusiyyətlərinə dair ətraflı məlumat verərək onun dünyada məhz Azəbaycan məhsulu kimi tanıdılmasının qürurverici məqam olduğunu vurğuladı. O, jurnalistlərin “Zeytun Bağları” Azərbaycan zeytununun şöhrəti” mövzusundakı müsabiqədə aktiv iştirakının müsbət nəticələr verəcəyinə inandığını qeyd etdi.
MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə və Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu da çıxışlarında jurnalistləri mövzuya həssas yanaşmağa, peşəkar nümunələr təqdim etməyə çağırdılar.
Sonda toplantı iştirakçılarına “Azərsun Holdinq”in “Zeytun bağları” yağ məhsulları təqdim edildi.
Mehparə ƏLİYEVA,
Respublika.-2013.-22 dekabr.-S.7.