Vətəndaş jurnalist, nəcib insan

 

Hacı Əli Xankişiyev Azərbaycanda uzun əsrlər boyu milli-mənəvi deyərlərimiz əsasında formalaşmış insani keyfiyyətlərə köklənmiş bir şəxsdir. Onun ömrünün ahıl çağında dünya müsəlmanlarının bir saylı ziyarətgahı olan Məkkəni ziyarət edərək Hacı adına yiyələnməsi də Əli müəllimin layiq olduğu hörmət və məhəbbətin təcəssümüdür. Hacı Əli Xankişiyevi tanıdığım illərdən üzügülər; səmimi ve saf bir insan olduğunun şahidi olmuşam.

 Hacı Əli Xankişiyev 1934-cü ilin 20 sentyabrında Qubadlı rayonunun Qaralar kəndində anadan olmuşdur. O, “Ömür karvanım” kitabında yazır: “Qədim Odlar Yurdunun səfalı bir bölgəsi Qubadlı elinin dilbər güşəsində, Həkəri və Bərgüşad çaylarının qovuşağında, Hinduverd burnunun yaxınlığında yerləşən bizim Qaralar kəndi ulu tarixə malikdir. Kəndin adını daşıyan “Qaralartürk sözü olub, rəmzi mənası “Böyüklər” deməkdir. Yəni ta qədimdən öz doğma yurdunu mərdliklə qoruyan, düşmənə əyilməyən, mətanətli, dəyanətli insanlar, böyüklər burada yaşayıblar” Ərazisi Həkəri və Bərgüşad çayları arasında olan alçaq sıra dağ yamacının Həkəriyə söykənən hissəsində olan bu kənd Mahruzlu-Muğanlı, Qurd-Zilanlı, Kavdadıq, Hüseynuşağı, Əbilcə və Qılıcan kəndləri əhatəsindədir.

Hacı Əli Xankişiyev 2003-cü ildən Azərbaycanın şaqqıldayıb kükrəyən Həkəri çayının adından götürülmüş “Həkəri” qəzetinin təsisçisi və baş redaktorudur. Əli müəllim sonsuz mərhəmətilə  bu qəzeti öz məvacibi hesabına çap etdirərək — Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın rayonlarının və digər bölgələrin məcburi köçkünləri və qaçqınları üçün pulsuz paylayır. Onun vətənə bağlılığı “Həkəri” qəzetində çap olunan digər mövzularda da özünü göstərməkdədir.

Yuxarı Qarabağın bir çox bölgələrində olduğu kimi Qubadlı rayonunun Qaralar kəndi də erməni-rus işğalına  məruz qalaraq 1993-cü ilin 30-31 avqustunda düşmənlərin əlinə keçmişdir. Qaralar kəndini tərk etmiş didərgin insanlar hər gün böyük səbirsizliklə özlərinin ata-babalarının uyuduğu torpağa dönmək arzusu ilə yaşayır.

Əli Xankişiyev 1956-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin təyinatı  ilə Qubadlı rayonuna işə göndərilib və 1956-cı ilin may ayından 1959-cu ilin mart ayına qədər bu rayonun Əzizbəyov və Əli Bayramov adına kolxozlarında heyvandarlıq üzrə baş mütəxəssis işləyib.  Sonralar, yəni 1959-cu ilin 20 martından həmin ilin 10 noyabrınadək Mərdəkanda yerləşən Abşeron rayonlararası Dövlət Damazlıq Stansiyasında aparıcı mütəxəssis olaraq fəaliyyət göstərmişdir.

Hacı Əli Xankişiyev 1959-1988-ci illər Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində, Sovxozlar və Meyvə-Tərəvəz Təsərrüfatı nazirliklərində, Respublika Dövlət Aqrar Sənaye Komitəsində baş mütəxəssis, Baş Heyvandarlıq İdarəsi rəisinin müavini — Maldarlıq İdarəsinin rəisi və Qoyunçuluq Şöbəsinin rəisi vəziflərində çalışıb.

Paytaxtda önəmli vəzifələr sahibi olmaq iqtidarında olan Əli Xankişiyev Respublika Dövlət Aqrar Sənaye Komitəsinin təyinatı ilə(köçürmə qaydasında) 1988-ci ildə Zəngilan rayonuna Aqropromun sədr müavini vəzifəsinə göndərilir. Xalqımıza qənim kəsilən erməni quldurlarının haqsız-ədalətsiz olaraq Vətənimizə ardıcıl basqınları nəticəsində yaranan ekstremal şəraitdə rayonun heyvandarlıq sahəsinə rəhbərlik edən Əli Xankişiyevin təşkilatcılığı və gərgin əməyi, rayon rəhbərliyinin (Raykomun birinci katibi Tofiq Mehdiyevin) yaxından köməyi və 1969-cu ildə Zəngilan rayonu, heyvandarlıq işçilərinin ümumittifaq yarışında qalib gəlmiş (Zəngilanın tarixində üç dəfə) və rayonun heyvandarlıq işçiləri ümumittifaq fondu hesabına böyük məbləğdə mükafatlandırılmışdır. Həmin illər Əli müəllimin heç ağlına da gəlməzdi ki, o, 20 il Qubadlısız — Qaralarsız qalacaqdır.

Ermənilərin fəallaşması Əli Xankişiyevi vadar etdi ki,  o, Zəngilandan  doğma yurdu Qubadlının özünə gəlsin, bacardığı qədər öz qohum-qardaşı, qeyrətli hemyerlilərilə bu torpağa dayaq olsun. Odur ki, 1992-ci  ildən Qubadlıda heyvandarlıq üzrə baş mütəxəssis vəzifəsi ilə “barışdı”. 1992-1993-cü illərin əzablı vaxtlarını Qubadlıda keçirməli oldu. Qubadlı qəddar düşmənimiz ermənilər tərəfindən viran edildi.

Doğma yurdundan didərgin düşən Hacı Əli Xankişiyev Bakıda bacardığı hər bir işinqulpundan yapışdı, qəzet təsis etdi, Qubadlı ilə  əlaqəli hər bir yığıncaqda, mərasimdə çıxış etdi, fikir söylədi, bacardıqlarını mətbuata çıxardı, bir çox ictimai birliklərin hörmətli üzvlərindən birinə çevrildi.

O, 2004-cü ildə anadan olmasının 70 illiyini öz dostları, qohumları və yaxınları ilə birlikdə keçdiyi ömür yolunu xatırlatmaqla qeyd etdi.

Bu tədbirdə iştirak edən Qubadlı rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev, tanınmış şair, hüquqşünas Hacı Mirhəsən Hadi, yubiley tədbirinin aparıcısı Azərbaycan Dünyası Beynəlxalq Əlaqələr Mərkəzinin prezidenti, görkəmli yazıçı Yasif Nəsirli, tanınmış partiya işçisi olmuş Zöhrab Məmmədov, folklorşünas alim Elxan Məmmədli, təcrübəli həkim, alim Fərəməz Qulıyev, Bakı Şəhər Veteranlar Şurasının məsul əməkdaşı Camal Qəhrəmanov, Bakı Dövlət Universitetinin kafeda müdiri Abbas Abbasov, Yazıçılar Birliyinin üzvü şair-publisit Mahirə Abdulla, böyük Sabirin davamçısı Hacı İsgəndər Etibar, tanınmış yazıçı-publisist Elburus Şahmar, bir çox dövlət qulluğunda çalışmış Tofiq Mehdiyev, Qubadlının başçısı olmuş Şahsuvar Yəhyayev, “Respublika” qəzetinin xüsusi müxbiri Rauf İlyasoğlu, “Qafqaz Mediaİctimai Birliyinin rəhbəri Hacıxanım Azadə Taleh Abbasqızı, “Müstəqil Respublika” qəzetinin baş redaktoru Gülxas Səmədli, professor Ziyadxan Nəbibəyli, “Azad Azərbaycan” qəzetinin əməkdaşı professor Hacı Tofiq Seyidov, Qubadlı RİH-in məsul əməkdaşı Razim Əliyev, Xətai Rayon Ağsaqqallar Şurasının sədri Qurbanəli Əlizadə, “Əsrin ziyalıları” qəzetinin baş redaktoru Məleykə Göyçəli və digər çoxsaylı yazarlar, elm adamları, cəmiyyət sədrləri Hacı Əli Xankişiyevi həm bu yığıncaqda və həm də müxtəlif mətbuat səhifələrində təbrik etmiş, onun ünvanına, şərəfinə dəyərli fikirlər söyləmişlər.

Əli müəllim sovetlər dönəmində, ömrünün gəncliyində biliyini, zəkasını, təcrübəsini məşğul olduğu hər sahədə vicdanla sərf etmişdir. O, heyvandarlığın inkişafı və problemləri ilə bağlı Moskva, Kiyev, Estoniyanın Tartu, Kişinyov, Ukraynanın TernopolÇerniqov şəhərlərində keçirilən Ümumittifaq müşavirələrində, SSRİ XTNS-də iştirak etmiş, bu tədbirlər zamanı öyrəndiyi qabaqcıl təcrübə və mütərəqqi texnologiyaların Azərbaycanda təbliği və tətbiqi üçün dövri mətbuatda mütəmadi yazıları ilə çıxış etmiş və “Azteleradionun verilişlərində iştirak etməklə yanaşı, XX əsrin 80-ci illərində Azərbaycan televiziyasında gedən “Heyvandarlıq - vəzifələr, problemlər” verilişinin aparıcısı olmuşdur.

Hacı Əli Xankişiyev xidməti işi ilə əlaqəli doğma Vətənimizin bütün bölgələrini, yaylaq və qışlaqlarını gəzib-dolanmış, habelə heyvandarlıqla təcrübə mübadiləsi məqsədilə 1968-ci ildə Danimarkada, 2006-cı ildə müqəddəs Məkkə-Mədinə ziyarətgahlarında olmuşdur. Onun bir çox yazıları, elmi-təsərrüfat yönümlü məqalələri, oçerk və hekayələri dövri mətbuatda dərc olunmuş və “Azteleradionun efirində yayımlanmışdır.

O 2003-cü ildən işıq üzü görən “Həkəri” qəzetinin təsisçisi və baş redaktoru olmaqla yanaşı, “Müdrik el ağsaqqalı Seyid Haşım Ağa”, “Eldən gələn səslər”, “Nurlu Mir Əli Ağa ocağı”, “Ömür karvanım”, “Müqəddəs Məkkə-Mədinə ziyarətgahları”, “Düşündürən, güldürən maraqlı hekayətlər”, “Eldən soruşun məni”, “Mirhaşım Ağa”, “Ülvi məhəbbətli səfakeş ana” kitablarının müəllifidir.

Hacı Əli Xankişiyev yazıb-yaratmaq “eşqindən” hələ doymamışdır, böyük həvəslə yaradıcılığını davam etdirməkdədir. O, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, habelə “İti qələm” Respublika Ədəbi BirliyininDünya Azərbaycanlıları Konqresinin üzvüdür.

Dövlət qulluqçusu olan Hacı Əli Xankişiyev həm də Bakı şəhəri Veteranlar Şurasının Plenum üzvü, Xətai Rayon Ağsaqqallar Şurası sədrinin müavinidir.

Tanınmış kənd təsərrüfatı mütəxəssisi, sevilən yazılar və kitablar müəllifi Hacı Əli Xankişiyev mətbuatda, televiziyada, radioda və digər sahələrdə mütəmadi və səmərəli yaradıcılıq fəaliyyətinə, ədəbi-bədii yaradıcılığındakı uğurlarına görə “Qızıl qələm”, “Həzrət Əli”, “Vətən”, “Vicdanlı qələm”, “Həsən bəy Zərdabi” və sair fəxri media mükafatlarına layiq görülmüşdür.

Dünyanın hər üzünü görmüş, yaxşı, xoş məqamlarını, habelə ağrı-acılarını yaşamış, Vətəninə, xalqına sədaqətlə xidmət etmiş, dəyərli ədəbi-bədii yaradıcılıq töhfələri ilə geniş oxucu məhəbbəti qazanmış, mənalı və şərəfli ömür yolu keçmiş, dövlət təqaüdçüsü Hacı Əli Xankişiyevin indi yeganə arzusu doğma Qubadlı torpağına, dünyaya göz açdığı Qaralar kəndinə qovuşmaqdır.

Ulu Tanrıdan diləyimiz budur ki, Hacı Əli müəllim ömrünün müdrik çağlarını Qubadlının Qaralar kəndində, doğma el-obasında keçirsin.

 

Ziyadxan NƏbibƏyli,

Professor.

 

Respublika.-2013.-22 dekabr.-S.8.