Yeni hədəflərə, yeni zəfərlərə doğru

 

 

Dövlətimizin başçısı İlham Əliyevin 10 ildəki fəaliyyəti, reallaşdırdığı layihələr və ulu öndər Heydər Əliyev siyasətindən qaynaqlanan yeni-yeni ideyalar ölkənin hərtərəfli inkişafını təmin edir. AzərTAc Əməkdar Jurnalist Vüqar Rəhimzadənin bu barədə analitik məqaləsini təqdim edir.

 

İqtisadi inkişaf tempinə görə son 10 ildə Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur

Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində böyük inamla səsləndirdiyi bu fikir təbii ki, reallıqlara əsaslanır. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı uğurla həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsini prioritet məsələ kimi qarşıya qoydu.

Son on ildə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların uğurlu nəticələri rəqəmlərdə öz əksini taparaq, gələcək barədə aydın təsəvvür yaradır. Bu gün özəl sektor iqtisadiyyatın 85 faizini təşkil edir. İşsizliyin səviyyəsi 4,8 faizə, yoxsulluğun səviyyəsi 5,5 faizə enmişdir. Dövlət büdcəsinin 25 milyard dollardan çox olması uğurlu sosial-iqtisadi islahatların nəticəsidir. Valyuta ehtiyatlarımız 50 milyard dollara yaxındır. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünya miqyasında ön sıralardadır. Son on ildə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 150 milyard dollardır. Təkcə cari ilin ötən dövründə ölkə iqtisadiyyatına 17,7 milyard dollar sərmayə qoyulub ki, bunun da 10,5 milyardı daxili investisiyalardır. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə edir ki, daxili və xarici investisiyaların həcminin artması ölkə iqtisadiyyatının inkişafına daha böyük təkan verəcəkdir.

Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da Azərbaycan uğurlu sosial-iqtisadi göstəriciləri ilə liderliyini qoruyur. Məlum olduğu kimi, Ümumdünya İqtisadi Forumunun “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014” hesabatında Azərbaycan 7 pillə irəliləyərək 39-cu yerə layiq görülmüşdür. Bu, bir tərəfdən ölkənin iqtisadi inkişafının düzgün istiqamətdə aparıldığının, digər tərəfdən isə xarici sərmayədarlar üçün bir fəaliyyət istiqaməti olduğunun göstəricisidir. Avropada iqtisadi böhran fonunda Azərbaycan investisiyalar üçün yüksək gəlir vəd edən bir iqtisadi məkan kimi təqdim olunur. Sərmayələr isə yüksək rəqabət qabiliyyətlilik məkanlarına istiqamətləndirilir. Yüksək rəqabətqabiliyyətlilik böyük gəlir vəd edən amildir. Eyni zamanda, bu, bütövlükdə Azərbaycan iqtisadiyyatının, o cümlədən Azərbaycanın özəl sektorundakı şirkətlərin qiymətləndirilməsi və beynəlxalq reytinqidir. Belə qiymətləndirmə isə onlara olan beynəlxalq marağı artırır.

Prezident İlham Əliyev iqtisadiyyatın modernləşdirilməsini, bütün istiqamətlər üzrə yeni texnologiyaların tətbiqini iqtisadi siyasətin prioritetlərindən biri elan etmişdir. Artıq bu siyasət real nəticələrini verir. Sözügedən hesabatda texnoloji səviyyə üzrə indeks bu istiqamət üzrə Azərbaycanın mövqeyinin beynəlxalq səviyyədə etirafıdır. Hesabatda texnoloji səviyyə parametri üzrə Azərbaycanın 148 ölkə sırasında 11 pillə yüksəlməsi ölkə iqtisadiyyatına yeni texnologiyaların cəlbi siyasətinin artıq müsbət nəticələr verməsinin sübutudur. Bu gün müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol düzgündür və bu yol bizi daha uğurlu gələcəyə aparır.

 Azərbaycanın reallığa çevirdiyi layihələr ölkələr, xalqlar arasında körpü rolunu oynayır

“Bizim qərarlarımız, Bakıda verilən qərarlar enerji təhlükəsizliyi məsələlərində həlledici rol oynayır. Biz bunu bilirik. Bu reallığı öz siyasətimizlə, cəsarətli addımlarımızla və müstəqil siyasətlə biz yaratmışıq. İki neft və qaz kəmərinin tikintisi demək olar ki, bölgədə yeni enerji xəritəsini yarada bilmişdir. Bu gün enerji xəritəsinin yaradılması, o xəritəyə düzəlişlərin edilməsi məsələləri də Azərbaycanda həll olunur”.  Bu günlərdə Bakıda “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimi bir daha dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyimiz fikirlərinin təsdiqidir. Bu mühüm hadisə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunun təsdiqidir. Layihə Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Transanadolu və Transadriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaqdır. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır.

Göründüyü kimi, ölkəmiz malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə iqtisadi və siyasi mövqeyini günbəgün möhkəmləndirir. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi qeyri-mümkündür. Artıq bu rol regional çərçivədən çıxaraq qlobal xarakter daşıyır.

“Əsrin müqaviləsi”nin imzalandığı 1994-cü ildən bu günə qədər ölkəmizin böyük və uğurlu yol keçdiyini ötən dövrə qısaca nəzər salmaqla aydın görərik. Bu gün reallıq sayılan layihələr o illərdə əfsanəvi ideyalar kimi təqdim edilirdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri nəinki Azərbaycanın inkişafını müəyyən etmiş, eyni zamanda, regionda tamamilə yeni situasiya yaratmışdır. Prezident İlham Əliyev həmin dövrün xarakteristikasını belə ifadə edir: “1994-cü ildə Azərbaycan böyük işlərin astanasında idi. Ölkə iqtisadiyyatı o vaxt böyük çətinliklərlə üzləşmişdi. Ölkədə sabitlik yaradılması üçün addımlar atılırdı. Ancaq 1994-cü ildə Azərbaycanın, ümumiyyətlə, gələcəyi haqqında birmənalı fikir yox idi: Azərbaycan hansı yollarla inkişaf edəcək? Azərbaycan iqtisadiyyatı nəyin hesabına formalaşacaq? Azərbaycan öz strateji inkişaf yolunu hansı istiqamətdə görür? Bütün bu suallar ölkə qarşısında durmuşdu. O illərdə edilən strateji seçim Azərbaycanın bugünkü uğurlu inkişafını təmin etdi”.  Bir məqam da hər zaman önə çəkilir ki, “Əsrin müqaviləsi” imzalanan illərdə qaz təchizatı amili, ümumiyyətlə, dünya neft və enerji siyasətində o qədər də mühüm yer tutmurdu. Ancaq bu gün dünya enerji siyasətində bu yanaşmada böyük dəyişiklik edildi. Hazırda qaz təchizatı amili nəinki iqtisadi maraqları təmin edir, eyni zamanda, enerji təhlükəsizliyi məsələlərinə mühüm təsir göstərir. “Şahdəniz-2” layihəsi əbəs yerə XXI əsrin müqaviləsi kimi dəyərləndirilmir. 2006-cı ildə BTC neft, 2007-ci ildə BTƏ qaz kəmərlərinin istifadəyə verilməsi, 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair Memorandumun imzalanması ölkəmizin uğurlu enerji strategiyasının təsdiqidir.

Ölkəmizdə enerji sahəsinin iki strateji tərəfdaşı olan ARDNŞ və bp şirkətinin rolunu yüksək dəyərləndirən dövlət başçısı İlham Əliyev “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanmasının bu əməkdaşlığın 40 il və hətta ondan da uzun müddət davam edəcəyinə böyük imkanlar yaratdığını diqqətə çatdırdı. Ölkə iqtisadiyyatının inkişafına öz töhfələrini verən ARDNŞ-in bu gün malik olduğu imkanlar ən mürəkkəb layihəni belə həyata keçirməyə stimul verir. ARDNŞ-in artan nüfuzu və önəmi mərasim iştirakçılarının hər birinin çıxışında xüsusi qeyd olundu. Zəngin enerji ehtiyatlarına malik Azərbaycanın çox xoşbəxt ölkə olduğunu qeyd edən ABŞ-ın enerji nazirinin müşaviri Conatan Elkind bildirdi ki, bu gün SOCAR başda olmaqla müxtəlif şirkətlər bu ehtiyatları dünya bazarlarına çıxarırlar. Bu ehtiyatlarda marağı olan ölkələrə təbii qazın nəqli çox vacib bir elementdir. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger “Şahdəniz-2” layihəsinin yekun investisiya qərarının imzalanmasını gələcəyin inkişafını təmin edən siyasi təməl kimi dəyərləndirdi və bu inamı ifadə etdi ki, “Şahdəniz-2” və onunla birləşəcək digər kəmərlər Avropa İttifaqında ehtiyac duyulan nəhəng qaz infrastrukturu olacaqdır.

Enerji sahəsində qazanılan uğurlar bir daha bu reallığın təsdiqidir ki, möhtəşəm başlanğıc növbəti uğurlar üçün möhkəm bazadır. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan enerji strategiyasının uğurlarını yaşayırıq. Ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi “Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz” proqram xarakterli fikri dövlətimizin iqtisadi siyasətinin əsasını təşkil edir.

 Bizim sözümüzün imzamız qədər qüvvəsi vardır

Xarici siyasətində ikitərəfli və çoxtərəfli əməkdaşlığı əsas amil kimi önə çəkən dövlətimizin son on ildə qazandığı uğurların miqyası böyükdür. Ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır. Azərbaycan dünyada öz prinsipial mövqeyi ilə seçilir. “Bizim sözümüzün imzamız qədər qüvvəsi vardır” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, nəzərə alsaq ki, dünyada ölkəmizə qarşı əks təbliğat kampaniyası aparan ermənilər və erməni diasporu fəaliyyət göstərir, inam qazanmağın heç də asan məsələ olmadığını görərik. Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi bu inamın təsdiqi, Azərbaycanın bütün sahələrdə qazandığı uğurların göstəricisidir. Bu uğur, eyni zamanda, Azərbaycanın ədalətli mövqeyinin təntənəsidir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlərin və təşkilatların sayının artması Prezident İlham Əliyevin qətiyyət və səyinin nəticəsidir. Möhtərəm İlham Əliyev ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan edir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil. Münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapmalıdır. Qəbul olunan sənədlərdə ölkəmizin ədalət prinsiplərinə əsaslanan mövqeyi öz əksini tapmışdır. Hətta indiyədək seyrçi mövqedə dayanan hərbi-siyasi təşkilat NATO-nun Lissabon, Çikaqo sammitlərində Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamə qəbul olunmuşdur. Dövlətimizin başçısı İlham Əliyev bəyan edir ki, məsələ ilə bağlı diplomatiyamız bundan sonra da hücum diplomatiyası olacaqdır. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı hüquqi baza mövcuddur.

Diplomatik mübarizədə qələbə qazanan ölkəmizin münaqişənin həllində hərb siyasətini seçərsə, qələbəsi şübhəsizdir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanın çox güclü, qüdrətli ordusu vardır.

Ulu öndər Heydər Əliyev bildirirdi ki, sülh danışıqlarını cəsarətli aparmaq üçün güclü, qüdrətli ordu gərəkdir. Hər il Silahlı Qüvvələr Günündə keçirilən hərbi parad bir daha Azərbaycan ordusunun nəyə qadir olduğunu nümayiş etdirir. Bu gün ordunun güclənməsi üçün bütün lazımi tədbirlər görülür, peşəkarlıq artır. Azərbaycan ordusu ən yüksək standartlara cavab verir. Prezident İlham Əliyevin mütəmadi olaraq regionlara səfərləri, sərhəd bölgələrində hərbi hissələrdə olaraq zabitlərlə, əsgərlərlə görüşməsi, onların qayğıları ilə maraqlanması təbii ki, gənclərdə daha böyük ruh yüksəkliyi yaradır, işğal altında olan torpaqlarımızın azad olunması üçün səylərini artırmalarına stimul verir.

Son on ildə hərbi büdcəmiz 20 dəfədən çox artmışdır. Dövlət büdcəsində müdafiə xərclərinin artırılması bu sahəyə diqqətin bariz nümunəsidir. Ordu müstəqilliyimizin, suverenliyimizin qarantıdır.

Böyük enerji layihələrinin əsas iştirakçısı və təşəbbüsçüsü olan Azərbaycan daha qüdrətli dövlətə çevrilir. Ermənistan isə öz işğalçılıq siyasəti nəticəsində bütün iqtisadi layihələrdən kənarda qalıb, iqtisadi böhran içərisində çapalayır. Bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən iki dəfə çoxdur.

Son on ildə Azərbaycanda müasir və çox güclü hərbi sənaye kompleksi yaradılmışdır. “Biz istəyirik ki, Azərbaycana lazım olan hərbi texnika və silah-sursat maksimum dərəcədə ölkəmizdə istehsal olunsun”, - deyən dövlətimizin  başçısı bunun üçün yeni texnologiyaların gətirilməsinin, peşəkar mütəxəssislərin hazırlanmasının vacibliyini önə çəkir. Bu işlərin yüksək səviyyədə görülməsi üçün maliyyə də əsasdır. Bütün bu amillər bu gün ölkəmizdə mövcuddur. İldən-ilə artan dövlət büdcəmiz qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas verir. Dövlət başçısı İlham Əliyev bildirir: “Daha da güclü orduya malik olmaq üçün əlbəttə ki, Azərbaycanda bundan sonra da iqtisadi islahatlar davam etdiriləcəkdir”.

 Azərbaycanda bütün azadlıqlar təmin olunmuşdur

“Mən bu fikirdəyəm ki, ölkəmizin davamlı və uzunmüddətli inkişafı, bütün digər cəhətlərlə yanaşı, ilk növbədə, demokratiyanın inkişaf səviyyəsindən və hər bir vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsindən asılıdır” söyləyən Prezident İlham Əliyev ölkədə insan hüquqlarının, söz, mətbuat, vicdan azadlıqlarının qorunmasına xüsusi diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə keçirilən beynəlxalq səviyyəli tədbirlər demokratik inkişafın əsas göstəricilərindəndir.

Azərbaycanda son on il ərzində dinlərarası, millətlərarası münasibətlər artıq dünya üçün bir örnək olmuşdur. Keçirilən çoxsaylı konfranslar, forumlar Azərbaycanı dünyada demokratik ölkə, tolerantlıq məkanı, dözümlülük və multikulturalizm mərkəzi kimi təqdim edir. Demokratiya, insan haqları, hüquqi dövlət quruculuğu ilə bağlı atılan biri-birindən əhəmiyyətli addımlar ölkəmizi daha da gücləndirir, dayanıqlı inkişafa stimul verir.

İmzalanan əfv fərmanları bir daha bu reallığı ortaya qoyur ki, insan hüquqlarının qorunması dövlət siyasətinin əsasını təşkil edir. Bu siyasətə dəstəyini həyata keçirdiyi biri-birindən əhəmiyyətli tədbirləri ilə təsdiqləyən Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə amnistiya aktlarının imzalanması da ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir, insan amilinə verilən yüksək qiymət kimi önə çəkilir. Fond dünyada Azərbaycan həqiqətlərinin - mədəniyyətinin, incəsənətinin, tarixinin və s. məsələlərin təbliğində mühüm rol oynayır. Fond, eyni zamanda, Azərbaycan həqiqətlərinin təbliğatçısı kimi, ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasına, bir milyondan artıq soydaşımızın pozulmuş hüquqlarının təmin edilməsinə səy göstərir.

 Azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir

Demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən amillərdən biri də ölkədə söz, mətbuat azadlığını təmin etməkdir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin bu sahədə atdığı addımların davamlılığı göz qabağındadır. Bu diqqətin bariz nümunəsi möhtərəm Prezidentimizin iki dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsidir. Möhtərəm Prezidentimiz İlham Əliyev ikinci dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsini təqdimat mərasimində belə səciyyələndirdi: “Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki ölkə Prezidentini “Jurnalistlərin dostu” adına sizin tərəfdən layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur. Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim. Çünki müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir”.

Möhtərəm Prezidentimiz İlham Əliyevin ulu öndər Heydər Əliyevin ənənələrinə sadiqlik nümayiş etdirərək, azad mətbuatın inkişafı istiqamətində atdığı addımlar daim media ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır.

Ölkəmizin iqtisadi tərəqqisi mətbuatın inkişafına yönələn tədbirlərdən də sezilir. Milli mətbuatımızın 138 illik yubileyində jurnalistlər üçün 17 mərtəbəli, 156 mənzilli binanın tikilərək jurnalistlərin istifadəsinə verilməsi, eyni zamanda “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” Prezident Sərəncamı deyilənlərin təsdiqidir. Sərəncamda da bu əsas məqam qeyd edilir ki, Azərbaycanın dinamik inkişaf etdiyi, demokratikləşmə prosesinin getdikcə dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə daha etibarlı şərait yaradılması dövlətin diqqət mərkəzində duran əsas məsələlərdən biridir.

Bu gün ölkəmizdə beynəlxalq standartlar səviyyəsində kütləvi informasiya vasitələrinin mövcudluğu ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin demokratik dəyərlərə önəm vermələri sayəsində mümkün olmuşdur. Məhz bu istiqamətdə göstərilən səylərin, eləcə də KİV-lərə dövlət qayğısının artırılmasının nəticəsidir ki, mətbuatımız böyük inkişaf yolu keçərək, hər dövrün tələblərini yüksək səviyyədə yerinə yetirmiş, dövlətçiliyimizin inkişafına öz töhfələrini vermişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin mətbuatı ikinci hakimiyyət kimi dəyərləndirməsi media ictimaiyyətinin məsuliyyətini daha da artırır, obyektivlik, qərəzsizlik prinsiplərinə söykənərək Azərbaycan reallıqlarını daha dolğun şəkildə ölkə və dünya ictimaiyyətinə çatdırmağa səsləyir. Dövlət başçısı “Jurnalistlərin dostu” mükafatının təqdim edilməsi mərasimində bir daha bildirdi ki, məsuliyyət və peşəkarlıq, dəqiq informasiya hər bir medianın imicini göstərir.

 Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər əsas vardır

Azərbaycan bu gün bütün sahələrdə böyük uğurlara imza atır. “Hakimiyyətin yeganə mənbəyi xalqdır” söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, hər sahə üzrə proqramların mövcudluğu, həyata keçiriləcək layihələrin xalq tərəfindən dəstəklənməsi, birgə addımların atılması gələcəyə daha böyük inamla irəliləməyə stimul verir.

Son on ilin uğurları möhtərəm İlham Əliyevin 2003, 2008 və 2013-cü illərdə prezident seçkilərində qələbəsini şərtləndirdi. Hər bir vədini konkret əməli işi ilə təsdiqləyən dövlətimizin  başçısı İlham Əliyevin siyasətində müasirləşmə, yeniləşmə əsas yer tutur. 2013-cü il prezident seçkiləri bir daha bunun təsdiqi oldu. Beynəlxalq təcrübələrin ölkəmizdə tətbiqinə maraq göstərən dövlətimizin başçısı İlham Əliyevin seçkilərin demokratikliyini, şəffaflığını təmin etmək üçün zəruri olan bütün tədbirləri həyata keçirməsi təqdir olundu. Oktyabrın 9-da keçirilmiş prezident seçkiləri Azərbaycan xalqının öz Prezidentinə inamını, etimadını nümayiş etdirməklə yanaşı, demokratik islahatların təntənəsi kimi də dəyərləndirildi.

Seçicilərin yüksək fəallığı şəraitində keçən seçkilərdə möhtəşəm qələbə qazanan möhtərəm İlham Əliyev andiçmə mərasimində bir daha bildirdi ki, bu gün Azərbaycanın birmənalı siyasəti - cəsarətli siyasət, xalqın iradəsinə əsaslanmış siyasət, milli maraqlar üzərində qurulmuş siyasət bizə imkan verir ki, ölkəmizin gələcəyi ilə bağlı sözümüzü böyük nikbinliklə deyək. Qarşıdakı illər üçün əsas hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Bu məqsədə nail olmaq üçün bütün imkanlar mövcuddur. Prezident İlham Əliyevin son on ildə hər bir vədini konkret əməli işi ilə təsdiqləməsi, həyata keçirdiyi siyasətin alternativsizliyi dünyanın tanınmış siyasətçilərinin, politoloqlarının, nüfuzlu araşdırma mərkəzlərinin açıqlamalarında xüsusi qeyd edilir, ən yüksək mükafatlara layiq görülür.

 Qələbələr partiyası

Oktyabrın 9-da keçirilmiş prezident seçkiləri ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının (YAP) qələbələr partiyası olduğunu bir daha təsdiqlədi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ulu öndər Heydər Əliyevin yaratdığı YAP Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirir, qarşıya yeni-yeni hədəflər qoyaraq, onlara nail olmaq üçün ciddi səylər göstərir. Yeni Azərbaycan Partiyasının ölkəmizin biri-birindən əhəmiyyətli uğurlarında rolu böyükdür. Bu gün partiyanın sıralarında 600 mindən artıq üzvün birləşməsi onun gələcəyinə, siyasətinə inamın, etimadın göstəricisidir. Yarandığı gündən partiya öz siyasi xəttinə sadiq olmuş, dövlətçiliyimizin qorunması, inkişafı istiqamətində ciddi addımlar atmışdır. Dövlətçiliyə xidmətini fəaliyyətinin əsası kimi qəbul edən partiyaya xalqın sevgisi şəksizdir.

 Yeni hədəflərə, yeni zəfərlərə doğru

Uğurlar yeni-yeni hədəflər üçün əsasdır. Hər dövrün çağırışlarına yüksək səviyyədə cavab verən Azərbaycanın təbii ki, növbəti illər üçün də uğurları davamlı və daha zəngin olacaqdır. Tarixə qısa baxış keçirsək, görərik ki, 20 il bundan öncə Azərbaycan xalqı ölkədə sabitliyin, əmin-amanlığın yaradılmasını arzulayırdısa, bu günümüzün əsas hədəfi artıq inkişaf etmiş ölkələr sırasında addımlamaqdır. Bunun üçün tələb olunan bütün əsaslar mövcuddur. Uğurlu daxili siyasəti ilə beynəlxalq aləmdə sabitlik məkanı kimi tanınan Azərbaycan malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə iqtisadi inkişafın dayanıqlılığına zəmin yaradır, dünya birliyinin layiqli üzvünə çevrilərək, beynəlxalq əhəmiyyətli məsələlərdə əsl söz sahibi kimi çıxış edir. Bu uğurlara yol açan dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətidir. Dövlət başçısı İlham Əliyev təhsilin, elmin və iqtisadiyyatın birliyinin yaradılmasını qarşıya mühüm vəzifə kimi qoyur. Yeni texnologiyaların tətbiqi hər sahədə inkişafı sürətləndirir ki, bu da qarşıya qoyulan məqsədlərə çatmaq üçün stimuldur. Cari ilin mühüm uğurlarından olan Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması da iqtisadi inkişafa əsaslanır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan beynəlxalq kosmik klubun üzvüdür.

Təbii ki, son on il zaman baxımından qısa olsa da, uğurlarımızın miqyasının genişliyi baxımından olduqca böyük bir dövr təəssüratı yaradır. Qeyd etdiklərimiz onların yalnız kiçik bir hissəsidir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar, inkişaf, tərəqqi, quruculuq işləri gözləyir.

Modernləşməni, yeniləşməni həyata keçirdiyi siyasətin önündə əsas amil kimi qeyd edən möhtərəm Prezidentimiz İlham Əliyev son on ildə uğurlu fəaliyyəti ilə gələcəyə böyük inam hissi yaratmışdır. Yazıda qeyd etdiyimiz kimi, bu inamın əsas göstəricilərindən biri xalqın Prezidentin ətrafında sıx birləşməsi, görülən işlərin əsasında insan amilinin dayanmasıdır. Qarşıdakı 10 il üçün nəzərdə tutulan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası məhz bu baxımdan dayanıqlı inkişafın təmin edilməsində yol xəritəsi kimi dəyərləndirilir. İnkişaf Konsepsiyası xalq-Prezident birliyi fonunda gələcək barədə aydın təsəvvür yaradır.

 

Vüqar RƏhimzadƏ,

YAP Siyasi Şurasının üzvü,

“İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist.

 

Respublika.-2013.- 24 dekabr.- 8.