Ömür də qatar kimidir…
Biz onunla müxtəlif
ictimai–siyasi hadisələrlə
əlaqədar dəfələrlə həmsöhbət olmuşuq. Rəhbərlik etdiyi sahənin işi,
sıravi fəhləlikdən rəisliyədək yüksəldiyi
idarənin dünəni, bu giinü, gələcəyi, ölkəmizin
yaxın tarixi, bu tarixin ən önəmli səhifələri,
ən başlıcası ulu öndərimizin
möhtəşəm siyasi fəaliyyəti
və hazırda möhtərəm Prezidentimizin
uğurla davam etdirdiyi dövlətçilik xətti barədə
geniş, dəyərli söhbətlərini,
rəy və mülahizələrini qələmə
almış, oxucularımızın diqqətinə təqdim etmişik. Hər bir məsələyə
münasibətdə vətənpərvərliyi, milli–mənəvi
dəyərlərimizi önə çəkdiyini, əsl vətəndaş,
ziyalı mövqeyi nümayiş
etdirdiyini görmüşük.
Dolça bürcünün
səciyyəvi xüsusiyyətləri—dostluğa sədaqət,
ünsiyyətcillik, qətiyyətlilik, inadkarlıq, yüksək
intellektuallıq, mənəvi dəyərlərə ehtiram—bütün bunlar onun da
xarakterinin əsas cizgiləridir. Zahiri sərtliyi arxasında bəzən
görünməz olan həssas qəlbi poeziyaya, musiqiyə qırılmaz tellərlə
bağlıdır. Çox gənc
yaşlarından munis
duyğularını şeirə çevirməyə həvəs
göstərib. Sözlərinə bir
neçə musiqi də bəstələnib.
Söhbət bu yaxınlarda 65 yaşı
tamam olan, “Şöhrət”
ordenli, əməkdar mühəndis, texnika elmləri namizədi Tağı Məhəmməd
oğlu Əhmədovdan gedir…
Bakı Metropoliteninin rəisi Tağı
müəllimdən…
Onu
öz həyatı və fəaliyyəti, altmış
beş illik ömrünün unudulmaz anları, maraqlı məqamları
barədə danışmağa, çox çətinliklə
də olsa, razı sala bildik. Əslində, gözəl bir
monoloq alındı. Təbii ki, diktofon və kamera
qarşısında heç vaxt söz qıtlığı
çəkməyən, səlis, məntiqli nitqi, dəqiq məlumatları
və ətraflı şərhləri ilə həmkarlarına
öz peşə borclarını yerinə yetirməkdə
daim yardımçı olan sanballı bir rəhbər və
ziyah kimi Tağı müəllimdən elə bunu da gözləyirdik.
Söhbətə lap uzaqdan, uşaqlıq illərindən başladı: “Uşaqlığı İkinci Dünya müharibəsi illərinə düşənlərin hamısı kimi mən də məhrumiyyətlər, çətinliklər görmüşəm. Çoxuşaqlı ailənin üçüncü övladı idim. Məktəbə beş yaşında getmişəm. Bilmirəm, bəlkə fiziki görkəmim buna imkan verib, ya da kənddə birinci sinfə gedən uşaqların az olması… Hər halda yadımdadır ki, sinifdə yeddi nəfərdik, onların da altısı qız uşağı idi. Təsəvvür edin, 1948–ci il təvəllüdlü bir adam 1960–cı ildə – on iki yaşında yeddiillik natamam orta təhsilini bitirdiyi barədə şəhadətnamə alır. Sənədlərimi gətirib kənd təsərrüfatı texnikumuna vermək istədim. Əvvəlcə qəbul etmədilər ki, 12 yaşında yeddillik məktəb qurtarmaq olmaz. Sözün düzü, kənddən ayrılmaq mənə çətin idi, buna görə də düşünürdüm ki, yaxşı oldu, qayıdaram kəndə, yenə oxuyaram. Lakin texnikum rəhbərləri mənimlə söhbətləşib, biliyimi yoxladıqdan sonra sənədlərimi qəbul etdilər. Texnikumda tələbələr arasında yaşca ən kiçiyi mən idim. Altı qız, on–on beş oğlan, yaşları da müxtəlif… Mən çox yaxşı oxuyurdum, amma nadinc idim…”
Yeniyetməlik dövrünü texnikum tələbəsi kimi keçirən Tağı Əhmədov əmək fəaliyyətinə də çox erkən —16 yaşında başlamalı olur. 1960–cı illərdə kənd təsərrüfatında aparılan islahatlarla əlaqədar olaraq texnikumun son kurs tələbələrini qiyabi şöbəyə keçirib istehsalata göndərməyi qərara alırlar. O da Badamlı zavodunda fəhlə kimi işə başlayır. Az sonra isə gənc mütəxəssis iş dəyişməli olur və ermənilərin yığcam şəkildə məskunlaşdığı Teymur kəndinə öz ixtisası üzrə işə göndərilir. Bu gözüaçıq, zirək oğlan qısa müddətdə ermənicə danışmağı öyrənir və bundan xoflanan nadürüst ermənilər ona “səni kəşfiyyatçı kimi aramıza göndəriblər” deyib, kənddən çıxıb getməsini tələb edirlər. Vəziyyətin gərginləşdiyini görən gənc Tağı 1966–cı ildə Badamlı sovxozuna dəyişilir və 1967–ci ilin noyabrında da oradan hərbi xidmətə yola düşür.
Hərbi xidmətini Qərbi Ukraynada, raket qoşunlarında keçən Tağı Əhmədov əsgərliyini iki ilə başa çatdırır. Çünki məhz onun çağırıldığı vaxtdan etibarən keçmiş İttifaq dövlətində hərbi xidmətin müddəti üç ildən iki ilə endirilmişdi.
Hərbi xidmətdən vətənə dönən gənc Tağının həyatında sözün həqiqi mənasında dönüş mərhələsi başlanır. O, Bakıda qalıb, metropoliten tikintisində işləməyi qərara alır. İstehsalatdan ayrılmadan ali məktəbə—indiki Azərbaycan Texniki Universitetinə daxil olur və mühəndis–texnoloq ixtisasına yiyələnir.
Tağı müəllim öyrənməyi, təhsil almağı insan həyatının ayrılmaz tərkib hissəsi sayır. Hər halda onun monoloqunu dinləyərkən və indinin özündə də biliyini artırmaq, elmi fəaliyyətini genişləndirmək həvəsini görərkən buna əmin oldum. O, ikinci ali təhsilini Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində alıb. 1987–ci ildə oranı bitirib. Buna qədər isə 1981–82–ci illərdə ikiillik ingilis dili kursunun müdavimi olub. Özü bu barədə deyir: “Daim oxumağa, təhsilimi artırmağa çalışmışam. İngilis dilini, sözün düzü, oğluma görə öyrəndim. Çünki o, Bakıdakı 7 saylı ingilis dili təmayüllü orta məktəbdə oxuyurdu. Fikirləşdim ki, mən hər fəndə ondan üstün ola bilirəm və suallarına cavab verərəm, amma ingilis dilində çətinlik çəkərəm. Elə ingilis dilində də onun ilk müəllimi özüm oldum. Sonralar oğlum etimadımı doğrultdu, Xəzər Universitetini bitirdi— beynəlxalq münasibətlər ixtisası üzrə, sonra ikinci ali təhsil də aldı —hüquqşünaslıq ixtisası üzrə… Hazırda hüquqçudur. Bu gün Tağı müəllimin ailəsində iki şirin nəvə —Tağı və Sadiq də böyüyür. İnanırıq ki, onlar da babalarının adına və arzularına layiq olacaqlar.
Zəhmətsevərlik, məqsədyönlülük, çalışdığı işə bağlılıq insanı ucaldan, ona həyatda uğur qazandıran amildir. Öz işini sevə–sevə yerinə yetirən hər kəs mənəvi rahatlıq tapır. Tağı müəllimin bu barədə söylədikləri də maraqlıdır: “Mən hansı işdə işləsəydim, mütləq onu sevəcəkdim. Texnologiya fakültəsini bitirdikdən sonra müəyyən müddət Bakı Zərif Mahud Kombinatında işlədim. Orada da səmərəli təkliflərimlə, nümunəvi işimlə fərqlənirdim. Mən metropolitendə on səkkiz il, bunun da düz səkkiz ilini fəhlə kimi gecə növbəsində işləmişəm. Sonra usta, bölmə rəisi, xidmət rəisi olmuşam, 1998–ci il 27 iyulda isə ulu öndərimizin sərəncamı ilə Bakı metropoliteninin rəisi təyin edilmişəm. Bu da taleyin qisməti idi ki, ilk dəfə Prezident sərəncamı ilə metropolitenə rəis təyin olundum. Ulu öndərimiz məni şəxsən qəbul etdi. Qırx beş dəqiqəyə yaxın mənimlə söhbətləşdi. Metronun mövcud vəziyyəti və perspektivləri barədə çox dəyərli fikirlərini bildirdi, tövsiyələrini verdi”.
Azərbaycana rəhbərliyinin bütün dövrlərində ulu öndərimizin metronun fəaliyyətinə xüsusi diqqət göstərdiyini, onun genişləndirilməsi, inkişafı üçün bütün zəruri tədbirləri gördüyünü Tağı müəllim dərin ehtiramla xatırladır. O, qeyd edir ki, Bakı metropoliteninin qırx beş illik tarixinin ən şanlı səhifələrində müdrik və dahi rəhbərimizin imzası vardır. Metro stansiyalarımızın təkcə paytaxtın nəqliyyat infrastrukturunun tərkib hissəsi kimi deyil, həm də əsl mədəniyyət və memarlıq abidəsi kimi inşa olunması bilavasitə ulu öndərimizin zövqünün və dühasının məhsuludur.
…Ədəbiyyat, poeziya Tağı müəllimin həyatında xüsusi bir yer tutur. Ömrünün qırx beş ilə qədərini inşaata, texnikaya, nəqliyyat infrastrukturuna həsr etsə də, daim ruhunu bədii sözlə, gözəl şeirlərlə qidalandırıb, təbi gəldikcə özü də duyğularını poetik sözə çevirib. “Sadiq” imzası ilə yazdığı şeirlərin bir çoxuna musiqi də bəstələnib. 1966–cı ildə Şahbuz rayonunun “Qabaqcıl” qəzetində ilk şeiri dərc edilərkən keçirdiyi sevinci indi də unutmur. Şeir doğma paytaxtımız Bakıya həsr olunubmuş… Bu şeiri qəzetdə oxuyan müəllimlərindən birinin heyranlıqla söylədiyi “sən hələ Bakını görməmiş bu cür şeir yazıbsan, görsən, necə yazardın” sözləri yaddaşında xoş iz qoyub. Şeir yazmağa yeniyetmə yaşlarından başladığını deyən Tağı müəllim maraqlı bir əhvalatı da xatırlayır: “1963–cü ilin aclıq dövrü idi. O zamankı SSRİ rəhbəri Xruşşovun apardığı aqrar siyasət ölkəni taxılsız, çörəksiz qoymuşdu. Naxçıvanın da qışı çox soyuq olur. Şaxtada, boranda nöbəyə durur, çörək alıb gətirir, bundan sonra da dərslərə hazırlaşır, texnikuma yollanırdım. Çox acınacaqlı vəziyyət idi. Həmin dövr haqqında da bir şeir yazmışdım.
İctimai quruluşdan
narazılığını cəsarətlə dilə gətirən
yeniyetməyə o vaxt
məsləhət görmüşdülər ki, belə şeirlər yazmasın,
başına iş açar.
Lakin yaş ötdükcə onun
ruhundakı narazılıq, narahatlıq, xüsusən, Azərbaycanın
ikiyə bölünməsinin yaratdığı
ağrı–acı səngimək bilmirdi.
1980–ci illərin əvvəllərində
Bakıdan Naxçıvana gedərkən elə qatardaca öz
duyğularını poetik misralara
çevirmişdi:
Cənublu–şimallı qoşa qanaddır,
Eşq olsun,
bu azad Azərbaycana
Görkəmli şairimiz Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını gənc yaşlarımda əzbərləmişəm. Bu poemadan o vaxtkı gənclərin də çoxu kimi mən də bəhrələnmişəm. 1978–ci ildə yazıçıların qurultayında şair Söhrab Tahirin ulu öndərimiz Heydər Əliyevə sual vermişdi ki, “Gülüstan” poemasına münasibətiniz necədir? Ulu öndərimiz cavab vermişdi ki, hər şeirin öz dövrü var, vaxt gələr cənublu–şimallı Azərbaycan bu poemanı əzbər oxuyar. Bu söz hər bir vətənpərvər soydaşımızda ruh yüksəkliyi yaratmışdı, —deyə həmsöhbətim yaxın keçmişi xatırlayır.
Ömrünün altmış beşinci ilində də Tağı Əhmədov gənclik həvəsi ilə yaşayır, işləyir və hətta elmi və bədii yaradıcılıqla da məşğul olmağa vaxt tapır. Onun həyat fəlsəfəsi olduqca maraqlıdır:”Yaş üstə yaş gəldikcə insan, təbii ki, dəyişir. Otuz beş yaşla altmış beş yaş arasında fərq müqayisəolunmazdır. O işlərə ki ağıl, zəka, təcrübə lazımdır —onlar üçün altmış beş normal bir yaşdır. Fiziki işlərə qalanda isə əvvəlki cəldliyi, enerjini, həvəsi altmış beşdə göstərmək bir az çətindir. Allaha şükür, hələ ki, mən yorulmuram. Bir də çox hörmətli şairimiz Bəxtiyar Vahabzadə demişkən: “Adam var ki, otuzunda doxsan yaşlı qocaya oxşayır, adam da var, doxsan yaşında da otuz yaşlı cavan kimidir. Bu mənada bizim qocalamağa haqqımız yoxdur. Müstəqil Azərbaycanın bugünkü tərəqqisi, sürətli inkişafı qəlbimizdə fərəh doğurur, yaşamaq eşqini artırır”.
Həmişə nikbin, həyatsevər olmağı tövsiyə edən Tağı müəllim deyir: “Ulu öndərimizi xatırlayın: ömrünün ahıl çağında saatlarla tribunada ayaq üstə dayanıb aydın, səlis nitq söyləyərdi. Onun həyatı, xalqımıza göstərdiyi xidmət bizim üçün daim örnəkdir.
Mənim üçün böyük xoşbəxtlikdir ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında işləmişəm, indi də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında işləyirəm. Ölkəmizdə rəhbərlik metodu dəyişməyib və mən də üzərimə düşən məsuliyyətli vəzifəni layiqincə yerinə yetirməyi özümə borc bilirəm”.
Namizədlik dissertasiyasının müdafıəsi Tağı müəllimin həyatında əlamətdar hadisələrdəndir. Elmi işi 1999–cu ildən hazır olsa da, gərgin iş rejimi müdafiənin uzun müddət ləngiməsinə səbəb olub. Yalnız 2007–ci ilin martında o, müdafiəni başa çatdırmağa nail olub. “İnşaat mexanikası” ixtisası üzrə “Elastik–plastik və elastik qeyri–bircins halqa və tağların dayanıqlığı” mövzusunda dissertasiya müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi alıb. Namizədlikdə dayanıb durmaq fikrində deyiləm. Yerli və xarici nəşrlərdə məqalələrim çıxır. Amma işimə o qədər bağlıyam ki, bir çox istəklərimi həyata keçirməyə vaxt çatmır. Metroda qatarlar daim hərəkətdədir, iş dayanmır. Belə bir rejimdə mən də metronun fəaliyyətinə daim nəzarət edirəm, —deyən Tağı müəllim vaxtı dəyərləndirməyi, ömrün hər anından səmərəli itifadə etməyi bacaran insandır. Heç vaxt çətinlikdən qorxmayıb, qarşıya qoyduğu məqsədə doğru inamla addımlayıb.
Ömür də qatar kimidir: sanki zamanın axarında mənzildən–mənzilə,
bir dayanacaqdan
başqasına yol alır. Hər bir dayancaqda da arxaya baxıb
yaşadığın günlərin, illərin xatirələrini
yada salır, keçdiyin
yolun unudulmaz təəssüratlarını
yenidən yaşayırsan. Hər yaşın öz
gözəlliyi var—deyirlər. Altmış beş
yaşın müdrikliyi
işığında mənalı həyatını yaşayan Tağı müəllimə uzun ömür, tükənməz
sevinc, səadət, məsul və şərəfli
işində yeni–yeni uğurlar arzulayırıq!
M.YUSİFQIZI.
Respublika.- 2013.- 1 fevral.- S. 6.