Dəyərli vəsait
Keçən əsrlərdə Avropada kağız emalı öyrənildikdən sonra ilk dəfə olaraq kitabların əl ilə yazılıb çoxaldılması ideyası yarandı. Lakin bu üsul artan tələbatı ödəmədiyi üçün basma üsulunun tətbiqi həmin dövrdə texnoloji cəhətdən böyük hadisə kimi qarşılandı. Cəmiyyətdə kitaba olan tələbat yeni istehsal üsullarının reallaşdırılması zərurətini yaratdı. XV əsrin ortalarında ilk dəfə olaraq alman alimi Quttenberq metaldan hərflər tökməklə kitab çapı üsulunu kəşf etdi. Qısa müddətdən sonra–1445–ci ildə özünün ixtirası olan çap dəzgahı vasitəsilə ilk kitabını buraxdı. Bu hadisə bəşər tarixində ən böyük kəşflərdən biri kimi dünyaya səs saldı. Çünki kitab çapı mahiyyətinə görə elmin, maarifin, təhsilin, texnoloji mədəniyyətin, iqtisadiyyatın, ədəbiyyatın, həyatımızın bütün sahələrinin inkişafında mühüm əhəmiyyət kəsb edir. Ən əsası isə, insanların qazanmış olduqları zəngin mənəvi xəzinə olan bilik və bacarıqların qorunub saxlanılmasında, ötürülməsində, nəsildən–nəslə çatdırılmasında əvəzsiz rol oynayaraq cəmiyyətin sürətli inkişafını təmin etmiş olur.
Qloballaşma dövründə internet və texnologiyanın kitab çapına göstərdiyi güclü təsiri aydın hiss etmək olur. Buna baxmayaraq əsası Quttenberq tərəfindən qoyulan kitab çapı texnologiyası keyfiyyət baxımından və eləcə də ekoloji, iqtisadi, sosioloji, fizioloji və bir çox amillərə görə insana zərərsiz xidmət göstərən ənənə kimi daim qorunub saxlanmalıdır. İlk poliqrafçı alim, bu sahədə 55 illik zəngin təcrübəyə malik, nəzəri və tətbiqi cəhətdən dünyada həyata keçirilən istehsalat proseslərindən məlumatlı peşəkar insan Şəddat Cəfərovun bu yaxınlarda işıq üzü görmüş “Kitab çapı” tədris vəsaiti qeyd olunan dəyərlərin inkişafına xidmət etməklə Azərbaycanda kitab çapı tarixində cəsarətli addım kimi səciyyələnə bilər. Professor Rafiq Zeynalovun redaktoru olduğu bu dəyərli vəsaitə respublikanın təhsil sahəsində, dərsliklərin hazırlanmasında əməyi ilə həmişə həmkarlarının rəğbətini qazanan alimlərdən professor M.Həsənov və dosent Ş.Ağayev təhlil xarakterli müsbət rəylər vermişlər.
On üç çap vərəqli, 204 səhifəlik bu vəsaitdə kitabın yaranma tarixi, poliqrafiya sənayesinin əsas mərhələləri, nəşrin ölçü vahidləri, şriftlər, mətnlərin növləri və tətbiqi, korrekturası, düsturların tərtibat xüsusiyyətləri, ad göstəricilərinin yığılma qaydası, illüstrasiyaların növləri və yerləşdirilməsi, standart ölçülər, başlıqların tərtibatı, cildləmə prosesləri, çap olunmuş təbəqələrin qatlanması, blokların sapla tikilməsi, kəsici maşınlar və bir çox mühüm təlim materialları təsbit olunmuşdur. Respublikamızda poliqrafiya sahəsində çalışanlara, bu sahədə kadr hazırlığı ilə məşğul olan təhsil müəssisələrində oxuyan tələbə və müəllimlərə məqsədyönlü fəaliyyətlərində, işin elmi təşkilində yüksək səmərə qazanmaqda “Kitab çapı” vəsaitinin töhfə verəcəyinə əminliyimi bildirmək istəyirəm. Açıq etiraf etməliyik ki, Azərbaycan Respublikası bütün sahələr üzrə dinamik inkişafına görə dünya dövlətləri ilə rəqabətdə özünü təsdiqləyir. Burada mühüm təsir gücünə malik olan amil inteqrasiyanın imkanlarından çevik istifadənin təmin olunmasıdır. Bu cəhətdən müəllifin əmək fəaliyyəti reallıqları təsdiqləyir.
Şəddat Cəfərov poliqrafiya sahəsində son 55 ildə baş verən bütün ənənəvi və müasir texnologiyaların tətbiqində həmişə iştirakçı kimi çıxış etmişdir. Çünki o, 1956–cı ildən “1 saylı Bakı Mətbəəsi”ndə peşə fəaliyyətinə başlayarkən kitab çapının təşkili, yeni texnika və texnologiyanın tətbiqi, səmərələşdirici təkliflərin reallaşdırılmasında daim öndə olmuşdur. Elə bu səbəbdən mətbəədə sinkoqrafçı işlədiyi vaxtlarda ilk dəfə olaraq rəngli klişe hazırlamaq texnologiyasını istehsalatda həyata keçirməyə nail olmuşdur. Praktik olaraq bu ideya dəyərli materialları ilə ziyalıların diqqətini və marağını özünə cəlb edən “Qobustan” jurnalının ilk nömrələrinin rəngli şəkillərinin çapında uğurla sınaqdan keçirilmişdir. Yığım sexində mürəkkəb formulaların (riyaziyyat, fizika, kimya və s.) yığılması, çap sexində rəngli klişelərdən istifadənin texnologiyası, kağızın sexin havasına uyğunlaşdırılması üçün asma xəttin tətbiqi, cild sexinin müasirliyi və bir çox digər proseslər barədə kitabda yer alan materiallar müəllifin qazanmış olduğu həyati bacarıqlara, təcrübəyə əsaslanmışdır.
Çap işinin texnoloji ardıcıllığı xüsusi diqqət, istehsalat üçün zəruri bilik və bacarığın olması və digər keyfiyyət göstəricilərinin təmin olunması ilə şərtlənir. Son nəticədə məhsul kimi təqdim olunan kitablar alıcıların tələbatını ödəmək üçün forma və məzmun baxımından digər məhsullardan daha çox fərqlənir. Bu baxımdan “Kitab çapı”na müəllifin daxil etdiyi bütün mövzular keyfiyyətin yüksəldilməsi, forma və məzmunun tamamlanmasına xidmət göstərir. Məsələn, “Kitabın daxili elementləri” (səh. 128) ilə əlaqədar qarşıya qoyulan tələblər diqqətə çatdırılır: Kitabın daxili quruluşunun təşkili nəşriyyatın və müəllifin əsas vəzifələrindən biridir. Bununla əlaqədar ilk növbədə kitabın əvvəlki səhifələrinin mətninin hansı materialla başlayacağı dəqiqləşdirilməlidir. Burada oxucunun diqqətinin cəlb edilməsi üçün şərait yaranır. Digər bir mövzuda (səh. 135) Müxtəlif mətnlərin səhifələnməsinə verilən elmi şərh kitab çapında son dərəcə aktualdır. Çünki kitab çapında mətnlərin yığılması ilə əlaqədar həmişə müəyyən problemlər meydana çıxır. Bu da nəticədə kitabın keyfiyyətinə öz mənfi təsirini göstərir. Müəlliflər bu sahədə lazımınca maariflənmədikləri üçün sifariş verdikləri mətbəələrdə işin keyfiyyətini vaxtında dəyərləndirə bilmirlər. İstehsal olunan hər hansı bir kitabda müəyyən vaxtdan sonra qüsurlar aşkar edilir.
Müəyyən nümunələr gətirməklə bildirmək istəyirik ki, “Kitab çapı” vəsaiti təkcə mütəxəssislər üçün deyil, kitabdan istifadə edən bütün insanlar ondan faydalana bilərlər.
Kitabın keyfiyyəti vacib şərtdir. Onun üz qabığı, kağızı və rəngi, yazının formatı, vərəqlərin bərkidilməsi, yazıların aydın oxunması və sair cəhətlər onun keyfiyyətini şərtləndirir. Kitab poliqrafik standartlara cavab vermədikdə insan orqanizminə mənfi təsir göstərir (göz xəstəliklərinin yaranması, əsəb sisteminin pozulması və s.).
Çox vaxt kitabı möhkəmliyinə görə dəyərləndiririk. Buna səbəb kitabın uzunömürlü olmasıdır. Bir mütəxəssis kimi Şəddat Cəfərov kitab çapında istifadə olunan tikmə və yapışdırma üsullarına aşağıdakı kimi aydınlıq gətirir: “Kitabın hansı üsulla çap olunması onun həcmindən asılıdır. Belə ki, 54 vərəqə qədər olanlar kitabça hesab olunur, bunlar məftillə tikilir. Yapışqanla hazırlanan kitablar müvəqqəti istifadə üçün nəzərdə tutulur. Ən möhkəm kitablar sapla tikilənlərdir”.
Müasir dövrdə kitab çapı
ilə əlaqədar poliqrafiyada ən yeni texnologiyanın uğurla
tətbiqinə nail olmaq
qarşıda duran mühüm
vəzifədir. Ölkədə müvəffəqiyyətlə
həyata keçirilən təhsil islahatı bütün
dərslik, dərs vəsaiti və digər metodik
materialların dünya standartları səviyyəsində
çapını zəruri etdiyi bir vaxtda poliqrafçı
alim Şəddat Cəfərovun “Kitab çapı” vəsaitinin nəşr
olunması ilk növbədə mütəxəssislərin
əməyinin elmi təşkilinə və
eləcə də istehsal olunan
məhsulların keyfiyyətinin yüksəldilməsinə səbəb
olacaqdır.
Şahrza AĞAYEV,
pedaqogika üzrə
fəlsəfə doktoru,
qabaqcıl təhsil
işçisi.
Respublika.- 2013.- 2 fevral.- S. 6.