Unudulmaz təhsil fədaisi

 

Malik Novruzov Masallı rayonunun Qəriblər kəndində doğulmuş, 1967–ci ildə Masallı şəhər 2 nömrəli orta məktəbi bitirmişdi. Arzusu jurnalist olmaq, bu çətin və məsul peşədə çalışmaq, müxtəlif sahələrdə fəaliyyət göstərən insanlarla görüşüb onların uğurları barədə qəzet səhifələrində maraqlı yazılarla çıxış etmək olub.

Lakin imtahanlarda müsabiqədən keçmədiyi üçün doğma Masallıya qayıdır. Rayonda çıxan “Çağırış” qəzetində 2 il mürəttib işləyir. Malik hələ X sinifdə oxuyarkən bu qəzetdə “Jurnalist olacağam” adlı yazısı ilə çıxış etmişdi. Ona görə də istəyindən dönməyən gənc 2 ildən sonra —1969–cu ildə arzusuna qovuşur. BDU–nun tələbələri sırasına daxil olur. 5 illik tələbə həyatı Malikin ömründə silinməz izlər buraxır. Görkəmli alim, böyük yazıçı Mir Cəlal Paşayev, Azərbaycan jurnalistikasının patriarxı Nəsir İmanquliyev, gənclərin yaxın dostu, yazıçı–publisist Nurəddin Babayev, pedaqoqjurnalist Nəriman Zeynalov, şairpublisist Famil Mehdi, mülayim təbiətli, incə ruhlu, təvazökar müəllim Tofiq Rüstəmov və yorulmaz tədqiqatçı alim, prinsipial şəxsiyyət Şirməmməd Hüseynovdan jurnalistikanın nəzəri məsələlərini öyrənir, eyni zamanda onlardan həyat dərsi, mübarizlik, vətənpərvərlik dərsi alır.

1974– ildə “Azərbaycan müəllimi” qəzetinin sərəncamına göndərilən Malik Novruzov əsl yaradıcı mühitə qovuşur. Gənc jurnalistin keçirdiyi hiss və həyəcanlar qəzetin baş redaktoru Şahin Səfərovun nəzərindən yayınmır. Bu qayğıkeş insan Maliklə səmimi söhbət edir, gözəl bir kollektivə düşdüyünü söyləyir, dəyərli məsləhətlərini verir.

Gənc jurnalist qəzetdə əvvəlcə məktublar şöbəsində işləyir, sonra xüsusi müxbir, ardınca şöbə redaktoru və nəhayət, məsul katib vəzifəsinə qədər yüksəlir. Düz 18 il “Azərbaycan müəllimi” qəzetində məsul katib vəzifəsini icra edən Malik müəllim bu mətbu orqanın texniki və bədii cəhətdən yüksək zövqlə tərtib olunmasında böyük rol oynayır. Ömrünün 37 ilini “Azərbaycan müəllimi” qəzetinə həsr edən Malik Novruzov maraqlı yazıları, dəst–xətti ilə tanınır.

Onun yazdığı müxtəlif janrlı yazılar öz orijinallığı, yazı tərzi ilə fərqlənir, marağa səbəb olur. Jurnalistikanın müxtəlif janrlarına (oçerk, zarisovka, müsahibə, hesabat, xəbər, reportajs.) müraciət edən Malik müəllim faktlara istinad edir. Dəqiqlik və əyanilik onun yazılarının əsasını təşkil edir. Malik Novruzov çalışdığı uzun illər ərzində apardığı zəngin müşahidələri nəticəsində mətbuatda çıxan yazılarını sonradan, necə deyərlər, safçürük edərək bir yerə toplayır və kitab şəklində oxuculara təqdim edir. “Ürəkdə yanan işıq” adlı ilk kitabı belə meydana gəlir. Onun ardunca “Müəllim əməyinin izi” kitabı ilə oxucuların görüşünə gəlir.

“Təhsilimizin uca insanları” kitabında müəllimlərin şərəfli əməyindən danışır. O, çap etdirdiyi bütün kitablarında öz peşəsinə ürəkdən bağlanan, tədris etdiyi fənni uşaqlara sevdirmək üçün zəngin təcrübəsindən istifadə edən, özü də mənən zənginləşən əziz müəllimlərin portretini yaratmışdır. Malik NovruzovunMaarif fədailəri”, “Günəş məktəbdən doğur”, “Müəllim ziyası— gələcəyin aynası”, “Məktəbə bağlı ömürlər” kitablarının mərkəzində də müqəddəs müəllim obrazı dayanır.

Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisidöş nişanı, “Kamil sənətkar”, “Qızıl qələm” ali jurnalist mükafatı, çoxlu sayda fəxri fərmanlar və qiymətli hədiyyələr Malik Novruzovun uzun illər mətbuatda çalışdığı əməyinə verilən qiymətdir.

2011–ci ildə Malik Novruzovun həyatında, fəaliyyətində mühüm bir hadisə baş verir. Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə o Təhsil Nazirliyinin orqanı olan “Təhsil” jurnalının baş redaktoru təyin olunur. Uzun illər mətbuat sahəsində qazandığı zəngin təcrübə və səriştənin bir növ davamı olan “Təhsil” jurnalı bu gün təhsil işçilərinin stolüstü dərgisinə çevrilmişdir. 100 səhifə həcmində ayda bir dəfə işıq üzü görən “Təhsil” jurnalı təhsil sahəsində çalışan mütəxəssislərin də maraq dairəsindədir.

Ömrünün müdrik çağında da məhsuldar fəaliyyətini davam etdirən Malik Novruzov sübut etmək istəyirdi ki, hələ ürəyində kifayət qədər deyilməmiş sözü vardır. 62 illik ömrünün 40 ildən çoxunu mətbuata həsr edən Malik Novruzov həm də gözəl ailə başçısı idi. Hər gün işdən yorğun qayıdanda nəvələrini qucağına alan kimi bütün yorğunluğunu unudar, nəvələrinin isti nəfəsi onun qəlbinə hərarət gətirərdi. O, nəvələrini özünün ən böyük varı–dövləti hesab edirdi.

Vaxtsız ölüm onu aramızdan tez apardı. Amma əziz xatirəsi unudulmur. Malik Novruzov bir–birindən gözəl, rəngarəng yazılarında, kitablarında və xatirələrdə yaşayır.

 

Təhsiljurnalının kollektivi.

 

 

 Respublika.- 2013.- 6 fevral.- S. 10.