Dahi Nizamiyə həsr olunmuş tədbir
190 saylı məktəbdə bəşəriyyətin ən uca poeziya nəhənglərindən olan dahi Nizamiyə həsr edilmiş tədbir keçirilmişdir.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, poeziya aşiqi Səidə Novruzovanın təşkil etdiyi tədbir müəllim və şagird heyətinin böyük marağına səbəb olmuşdur. Natəvan Abbasovanın aparıcılığı ilə keçən məclisdə əruzun bütün gözəlliyi, incəliyi, möhtəşəmliyi üzə çıxdı. Nizami qələminin məhsulu olan “Xəmsə”dən parçalar hamını sehrli bir aləmə apardı.
Məktəblilərin səhnə mədəniyyəti, gözəl diksiyası tamaşaçıları heyran etmiş, onları sanki qədim dövrün ağuşuna atmışdı. Səhnə dekoru, milli geyimlər bu ab–havanı tamamlayırdı.
“Xəmsə”yə daxil olan beş poemadan parçalar canlandırıldı. Nizami obrazında səhnəyə çıxan Yusif Rəhimli və Afaq obrazının ifaçısı Kəbirə Abdullayeva bu rolların öhdəsindən məharətlə gəldilər. “Sultan Səncər və qarı” əsərindəki qarı obrazını canlandıran Aysel Novruzova üçün səslənən alqışlar susmaq bilmirdi. Onun yaratdığı Şirin obrazı da könüllərə yol tapdı. “Leyli və Məcnun” poemasından parçanın ifaçıları Ülviyyə Rəsulova və Vasif Əliyev istedadlarını bacarıqla nümayiş etdirdilər.
Məharətlə rəqs edən körpə fidanlar səhnəyə xüsusi rəng qatdılar. “İskəndərnamə”dən bir hissəni Günay Həşimli və İsa Dadaşov ustalıqla səsləndirdilər.
Tədbirin sonunda Tofiq Əliheydərovun ifasında dahi Nizaminin sözlərinə
Üzeyir Hacıbəyovun ölməz “Sənsiz”
romansı könülləri fəth etdi.
Hamı bu möhtəşəm tədbirdən
xoş təəssüratla
ayrıldı.
Təranə
YUSUBOVA,
190 saylı məktəbin Azərbaycan
dili və
ədəbiyyat müəllimi,
filologiya elmləri üzrə fəlsəfə
doktoru.
Respublika.- 2013.- 7 fevral.- S. 7.