Sosial təminat sistemi yeni inkişaf mərhələsində

 

Sosial müdafiə anlayışına hüquqi aspektdən yanaşsaq, o, əhalinin daha az müdafiə olunan təbəqələri, qocalar, əlillər, çoxuşaqlı və aztəminatlı ailələrə, tələbələrə maddi yardımların göstərilməsi və sadalanan sistemin dağılmasının qarşısının alınması üzrə əlavə tədbirlər kompleksi kimi başa düşülür. Digər tərəfdən, bu anlayışda əhaliyə göstərilən yardımlarla, qocalığa, əlilliklə əmək qabiliyyətini müvəqqəti itirməklə, həmçinin ailə başçısını itirməklə, yəni klassik sosial risklərlə bağlı göstərilən yardımlarla bərabər, ölkədə formalaşan yeni iqtisadi sistemlərin meydana gəlməsi və inkişafı ilə əlaqədar keçid dövründə ortalığa çıxan müəyyən risklərin, yoxsulluğun, aztəminatlılığın qarşısının alınmasında istifadə olunması nəzərdə tutulur.

 

Bu sahə üzrə araşdırıcı alimlərimizin fikirlərinə əsaslansaq, elm sahəsində ümumi və xüsusi növlərə ayrılmaqla sosial müdafiə dövlətin ən mühüm funksiyalarından biri hesab edilir. Ümumi sosial müdafiədə vətəndaşların sosial və digər hüquqlarının təmin edilməsi nəzərdə tutulur. Xüsusi sosial müdafiə növü isə zərurətlə əlaqədar xüsusi sosial yardıma ehtiyacı olan təbəqələrin, sosial qrupların dairələrinin stabilləşdirilməsi yönümündə tənzimləyici sistem kimi xarakterizə edilir.

Qeyd etmək lazımdır ki, sosiai təminatın mahiyyətini ifadə edən əlamətlərə əsasən ümumi daxili məhsulun sosial təminat sistemi vasitəsilə bölüşdürülməsi bu bölüşdürmənin həyata keçirilməsinin təşkilati–hüquqi üsulları dövləti xarakter daşıyır.

Bir sözlə, sosial təminat vətəndaşlara və onların ailə üzvlərinə gəlir mənbələrini yaşayış minimumlarını itirdikləri, sadalanan bütün hallarda, yəni tibbi yardım göstərilməsi, ailənin uşaqların saxlanılması, digər xidmətlərin göstərilməsi ilə onların tələbatlarının ödənilməsi üçün nəzərdə tutulan sosial vəsaitlərin bölüşdürülməsi üzrə ictimai münasibətlərin məcmusu hesab edilir. Sosial təminatın idarəçilik formalarına gəldikdə idarəetmənin xarakterlərinə uyğun və asılı olaraq sosial idarəetmənin müxtəlif modelləri formalaşır. Sosial təminat hüququnun üç funksiyasından biri olan siyasi funksiyası da elə əhalinin sosial müdafıəsinin təşkil olunması və tənzimlənməsi forması kimi başa düşülür. Belə ki, bu sahə dövlətə spesifik vasitələrlə sosial təminat üçün sosial siyasətin əsas istiqamətlərini reallaşdırmaq imkanı verir. Ümumiyyətlə, idarəetmə özlüyündə nədir? İdarəetmə sosial–iqtisadi, informasiya və təşkilati–texniki hadisələrlə bağlı, digər tərəfdən, fəaliyyət prosesi və obyektin vəziyyətinin, keyfiyyətinin dəyişməsi ilə məşğul olan elmdir. İdarəetmə fəaliyyət tempi ilə xarakterizə olunur və insan əməyinin özünəməxsus bir növü hesab edilir. İdarəetmə göstərilən sistemlərin–bioloji sistem, sosial sistem və texniki sistemlərin ümumi funksiyası hesab edilir. Bu funksiyanın, yəni idarəetmənin köməyi sayəsində göstərilən sistemlər qorunub saxlanılır və fəaliyyət göstərir. Göstərilən sistemlər içərisində sosial sistemlərin idarə edilməsi cəmiyyətdə insanların idarə edilməsi başa düşülür. Sosial sistemlərdə idarəetmə idarəetmənin ən çətin sahəsidir. Belə ki, sosial idarəetmə müəyyən maraqlar əsasında həyata keçirilir. Ümumiyyətlə, idarəetmə sistemində əsas–təsir etmədir. Təsir nəticəli fəaliyyət, qarşılıqlı fəaliyyət və qarşılıqlı münasibət deməkdir. Bu baxımdan İdarəedici təsirlərə: qanunlar, fərmanlar, normativ aktlar, dövlət proqramları, planlar, əsasnamələr, təlimatlar, qayda və normalar, təşkilatlar üzrə əmr və sərəncamlar və s. daxil edilir.

İdarəetmə münasibətləri həcminin sistemləri isə insanlar arasında yaranan əlaqələrin toplusundan ibarət mürəkkəb bir sistemdir. Bu sistem müəyyən qaydalara əsaslanaraq təşkilati növlərə ayrılır. Bu təşkilati növlərə idarəedən və idarəolunan sistemlər arasındakı münasibət, idarəedən sistemin özünün daxilindəki idarəetmə münasibətləri, idarəetmə pillələri arasındakı idarəetmə münasibətləri və rəhbərlə tabeçilikdə olan münasibətlər, yəni subordinasiya münasibətləri daxildir. Subordinasiya münasibətləri əsasən xidməti tabeçilik adlandırılır. Nizam–intizam qaydalarına əsasən tənzimlənir. Rəhbərin sərəncam verərkən öz vəzifə öhdəliklərinə uyğun olaraq tabeçilikdə olanın ondan tələb olunanın vicdanla yerinə yetirilməsi bu münasibətlərin əsasını təşkil edir və rəhbərin mükafatlandırmaq, tabeçilikdə olanın isə müəyyən qaydalar çərçivəsində tənqid etmək və şikayət etmək hüququ da bu münasibətlərə aid edilir.

Sosial təminatın idarə olunması sistemində iqtisadi, statistik və tarixi yanaşmaları nəzərə alsaq, ilk öncə qeyd etmək istərdim ki, iqtisadi cəhətdən sosial təminat sisteminə yanaşmada Azərbaycan Respublikasında bütün dövrlərdə vətəndaşların pensiya təminatı, respublikamızın sırf iqtisadiyyatının inkişafı ilə bağlı olmuş və inkişaf etmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, ümummilli liderimizin respublikamıza birinci rəhbərliyi dövründə 70–ci illərin sonundan başlayaraq respublika sənayesi və kənd təsərrüfatının yenidən qurulması, sürətlə inkişafı, respublikamızın iqtisadi cəhətdən tamamilə dirçəlməsi istər sənaye sahəsində, istərsə də kənd təsərrüfatı sahəsində ümumi daxili məhsulun artım tempinə səbəb olmuşdur. Vətəndaşlara ödənilən yüksək əmək haqları və onlara əlavə rüblük və illik yüksək həcmli mükafatların tətbiqi sahəsində respublika əhalisinin həmin dövrdə istehsalatda çalışan təbəqəsinin pensiya yaşı çatan insanları arasında və çalışdıqları dövrdə əmək qabiliyyətini itirən əlil insanlar arasında ölkə üzrə o dövrə uyğun müəyyən edilən yüksək məbləğli pensiya təminatı çərçivəsində aylıq məbləğlər müəyyənləşdirmiş və bu yönümdə həmin dövrlərə aid orta pensiya təminatı, respublikada orta aylıq əmək haqqına nisbətdə yüksək göstəricilərlə artım məbləği təşkil etmişdir.

Bu yönümdə cənab Prezidentimiz İlham Əliyev çıxışında qeyd etdiyi kimi, Respublika üzrə pensiyanın orta aylıq əmək haqqına nisbətdə 40 faiz təşkil etməsi və bu göstəricinin ölkə iqtisadiyyatının artım tempinə uyğun dövləti və pensiyaçıları qane edəcək dərəcədə gələcəkdə müntəzəm surətdə artırılmasını nəzərdə tutması, bu təminatda davamlı yüksək faiz göstəricilərinin əldə edilməsi bilavasitə ümummilli liderimizin təməlini qoyduğu, qəbul etdiyi pensiya təminatı konsepsiyasının davamlı inkişafıdır. Başlıca məsələlərdən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29.11.2012–ci il tarixdə imzaladığı müvafiq sərəncama əsasən, respublikada pensiya təminatı sisteminin islahatı konsepsiyası layihəsinin hazırlanması ilə bağlı sənəddir. Bu sərəncam respublikada pensiya təminatının gələcəkdə inkişaf etmiş ölkələrin pensiya təminatına uyğunlaşdırlması və bu təminatın daha da yaxşılaşmasına əsaslı nümunədir.

Tarixi yanaşmadan götürdükdə isə Azərbaycanın pensiya sığorta təminatı sahəsində ilkin istiqamətlər neft sənayesinin meydana gəldiyi və dəmir, filiz mədənlərinin istismarının başlanılması ilə əlaqədar əmələ gəlmişdir. Bununla əlaqədar XIX əsrin II yarısında bu sahələr üzrə yardımçı kassalar yaradıldı. Yardımçı kassalar vasitəsilə əsas pensiyalar, həmçinin əsas pensiyaların üzərinə xidmət illərinə görə, yəni ki, bu sahələrdə çalışan insanlara çalışdığı illərə görə pensiyalar verildi. Həmin işçilər kassalardan öz hesablarında toplanmış vəsaitdən asılı olaraq ömürlük pensiya almaq hüququ qazanırdılar.

Bundan əlavə, dəmir yollarında, şəhərlərdə və keçid məntəqələrində pensiya və köməkçi əmanət kassaları yaradılmışdır. Bu kassalara da təminat sahəsi üçün vəsaitlər qoyulurdu. Kassaların əsas vəsaitini bu sahədə çalışanların məcburi ayırmalar, yəni, aylıq məvacibin müəyyən faizləri (təxminən 5–6 faiz) xəzinə vəsaiti və könüllü üzvlük ayırmaları təşkil etmişdir.

Azərbaycanda ilk dəfə fəhlələrin sığorta olunması Rusiyada bu sahə üzrə aktlar meydana gəldikdən sonra tətbiq edilmişdir, yəni istehsalatda bədbəxt hadisələrə görə işəgötürənin məsuliyyəti haqqında 1903–cü il qanunu və bədbəxt hadisələrdən və xəstəliklərdən fəhlələrin sığortası haqqında 23 iyun 1912–ci il qanunları mövcud olmuşdur.

Bu qanun tarixdə “Sığorta” qanunu adlandırılırdı. Qanunun mahiyyəti əsasən 26 həftə xəstəlik müddəti olan adamlara əlilliyə görə pensiya təyin edilməsidir. Qanun proletariatın çox cuzi hissəsini, beşdə bir hissəsini əhatə edirdi. Bu qanunun mahiyyəti müəyyən formada sosial sığortanın tərkibində sosial vəziyyəti yüngülləşdirməyə yönəlmişdir. 1918–1920–ci illərdə yaşamış Azərbaycan Xalq Cumhuriyyətinin dövründə də ilk dəfə olaraq 7 dekabr 1918–ci ildə Parlamentin açılışında Əhalinin Sosial Təminatının Təşkili və yaxşılaşdırılması istiqamətində bir sıra aktlar qəbul edilmişdir. Bu aktlara gəlir vergisindən azad olunan varidat miqdarının artırılması haqqında qərarlar və qaçqınların sosial müdafıəsinin gücləndirilməsi ilə əlaqədar qərarlar daxil edilmişdir.

26 avqust 1918– ci il tarixdə milli hökumət pensiya təminatının qanun layihəsinin tərtib olunması ilə əlaqədar komissiyanın təşkil olunması haqqında qərar qəbul etmişdir. Komissiyanın işi pensiya nizamnaməsinin işlənilib hazırlanmasından ibarət olmalı idi. Bu baxımdan 27 avqust 1919–cu il tarixdə ardıcıl olaraq iki qərar qəbul edildi. Bunlardan biri xidmət illərinə görə, istefaya çıxan dövlət qulluqçularına çalışdıqları illərə pensiyanın təyin edilməsi ilə bağlı qanunun hazırlanması idi və bunun həyata keçirilməsi Ədliyyə Nazirliyinə tapşırıldı. İkinci qərar isə aidiyyəti nazirliklərin qurumların üzvlərindən ibarət komissiyanın üzvlərini təşkil etməklə 1919–cu ilin sentyabr ayınadək ümümi pensiya Nizamnaməsini yaratmaqla, Nazirlər Sovetinin müzakirəsinə verilməsi nəzərdə tutulurdu. Lakin ölkədə bolşeviklərin hakimiyyətə gəlməsi bu qərarların həyata keçirilməsinə imkan vermədi.

30 dekabr 1922–ci il tarixdə SSRİ yaradıldı. Onun ilk Konstitusiyası 1923–cü ildə qəbul olundu. Həmin Konstitusiyaya əsasən sosial təminat hüquq normativ aktlarının yaradılması Xalq Əmək Komissarlığına tapşırıldı. İlk olaraq 1921–ci ilin dekabrında əlillərin sosial təminatı haqqında ailə başçısı vəfat etdikdə onun ailə üzvləri haqqında qərarlar, onlara pensiya normaları Xalq Sosial Təminat Komissarlığı tərəfindən qəbul olundu.

Ardıcıl olaraq 1925–ci ildən xalq müəllimləri və maarif işçilərinə, 1930–cu illərdə səhiyyə işçilərinə və veteranlara xidmət illərinə görə pensiyalar təyin olunmağa başlandı. Qeyd edək ki, yeni iqtisadi siyasət dövründə ilk dəfə olaraq muzdla işləyənlərin ayrı–ayrı qurumların hesabına sosial sığortanın tətbiq olunmasına başlanılmışdır. SSRİ–nin tarixdə pensiya təminatı sahəsində etdiyi ilk əsasnamə 1925–ci ilin avqust ayında qəbul edilmiş əmək stajına malik əlillərin və onların ailə üzvlərinin sığorta olunması statusu ilə bağlı sənəd olmuşdur. Bunun davamı olaraq 1928–ci ildən toxuculuq sənayesi işçlərinin yaşa görə pensiya təminatı müəyyən edilmiş, bu təminata əsasən kişilər üçün 60, qadınlar üçün isə 55 yaş müəyyənləşdirilmişdir. 1930–cu ildə qəbul edilmiş kənd təsərrüfatı artellərinin nizamnaməsinə əsasən qocalara, əmək qabiliyyəti olmayan kolxozçulara yardım göstərilməsi nəzərdə tutulurdu. Bundan başqa, 1926–1932–ci illərdə sosial sığorta təminatının qanunvericiliyində yaxşılaşdırmaya doğru müəyyən addımlar atılmış, bu haqda 23 iyun 1931–ci ildə MİK və XKC tərəfındən qəbul edilərək sosial sığorta haqqında qərar adlandırlmışdır. Bu qərara əsasən əmək qabiliyyətini itirməyə görə müavinətin məbləği müəyyən stajlara əsasən 50 faizdən əmək haqqının 100 faizinə qədər müəyyən edilirdi. Digər tərəfdən, 17 aprel 1932–ci ildə uşağın doğumu ilə əlaqədar müavinət ödənilməsi qaydaları və dəfnlə əlaqədar müavinət haqqında qaydalar qəbul olunaraq təsdiq edilmişdir.

1955–ci il fevralın 5–də dövlət sosial sığortası üzrə müavinətin təyini və ödənişi qaydaları haqqında əsasnamə tətbiq edilmiş, 1956–cı ilin iyul ayında isə dövlət pensiyalarının tətbiq edilməsinə başlanılmışdır. Ardıcıl olaraq 1964–cü ilin iyul ayından kolxoz üzvlərinin pensiya təminatı haqqında qərarlar olmuşdur. Ən mühüm sənədlərdən biri də Nazirlər Sovetinin 26 sentyabr 1967–ci il tarixli sovet xalqının maddi rifah səviyyəsinin yüksəldilməsi tədbirləri haqqında qəbul edilmiş qərarıdır. 1974–cü ildən isə aztəminatlı ailələrin uşaqlarına müavinətlərin verilməsinə başlanılmışdır. Pensiya–sığorta–müavinət haqqında qəbul edilmiş qərarlar sosial həmrəylik prinsiplərinə əsaslanmaqla fəaliyyəti dövründə müəyyən inkişaf mərhələləri keçmiş və 80–ci illərin sonuna kimi təcrübəli idarəçilərin, respublika rəhbərlərinin, ölkə iqtisadiyyatına bələd adamların bacarıqları sayəsində öz təminat səviyyəsini qoruyub saxlaya bilmişdir. Lakin 80–ci illərin sonlarında SSRİ rəhbərliyində aparılan dəyişikliklər, təcrübəli və ölkə iqtisadiyyatını dərindən bilən insanların rəhbərlikdən kənarlaşdırılması və səriştəsiz insanların respublikaya və ölkəyə rəhbərlik etməsi nəticəsində ölkə iqtisadiyyatı tədricən çökməyə və pensiya təminatının orta aylıq əmək haqqına nisbəti 60–50 faiz arası səviyyəsindən 40–35 faiz səviyyəsinədək aşağı düşməyə başlamışdır.

Bununla əlaqədar SSRİ–nin pensiya təminatı sistemində əsaslı islahatların aparılmasına zərurət yarandı və 1990– cı ilin 28 aprel tarixində 7 fəsil 66 maddədən ibarət hərbi qulluqçuların, ardınca isə 15 may 1990–cı il tarixdə mülki vətəndaşların pensiya təminatına dair yeni qanunlar qəbul edilir. Bu qanunçuluq 5 fəsil, 131 maddədən ibarət tərtib edilmişdir.

Bununla yanaşı, ilk dəfə olaraq 1 yanvar 1991–ci ildən başlayaraq əmək stajı olmayan, pensiya yaşı çatan yaşlı insanların və əlillik hüququ yaranan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından sosial pensiyaların təyin edilməsi qanuna salındı və müəyyən edildi. 1991–ci ilin 18 oktyabr tarixində SSRİ–nin dağılması ilə pensiya təminatı sahəsində qəbul edilmiş son qərarların həyata keçirilməsi mümkün olmadı.

Respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda ilk dəfə vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikasının Qanunu 23 sentyabr 1992–ci il tarixdə Milli Məclisdə qəbul olunub. Qanun 1 yanvar 1993–cü il tarixdən Azərbaycan Respublikasında qüvvəyə minmişdir. Qüvvədə olan qanun 116 maddədən ibarət olmuşdur. Lakin müzakirədən keçirilərək qəbul edilmiş 1992–ci il qanunu ölkədə xaosun özbaşnalığın nəticəsində ölkə iqtisadiyyatının tənəzzülə uğraması ilə əlaqədar həmin dövrə aid sosial–iqtisadi inkişaf vəziyyəti ilə bağlı əhəmiyyətini getdikcə itirmişdir. Pensiyaların hesablanma qaydalarına dəyişikliklər, dirçəlişlər edilməsi ilə bağlı ümummilli liderimiz tərəfindən 28 iyun 1994–cü və 29 avqust 1995–ci ildə yeni qərarlar qəbul edildi. 01.02.1995–ci il tarixdən ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Respublikası Prezidentinin əməyin ödənilməsi sahəsində əlavə tədbirlər haqqında 11 mart 1996–cı il tarixli fərmanına müvafiq pensiyaların məbləğinin minimum əmək haqqına bağlılığından uzaqlaşdırdı. Bununla əlaqədar pensiya təminatının beynəlxalq təcrübəyə yaxınlaşması və bu təminatların artırlması baxımından 13 iyun 1997–ci il tarixdə qanunçuluğa dəyişikliklər edilmişdir. Bu dəyişiklik əsasən iki mərhələni əhatə etmişdir. Birinci mərhələ dövriyyədə olan pensiyaların aylıq pensiyalarının həcminin yüksək məbləğdə artırılması və ikinci mərhələdə isə yaş həddinin hər il 6 ay artırmaqla 01 avqust 1997–ci ildən kişilər üzrə 60 yaşdan 62 yaşa çatması idi.

Bu təminatın digər mərhələsi isə 01.08.1998–ci il tarixdən təminat sistemində işlək bir mexanizm yaradılmaqla pensiyanın məbləğinin minimum əmək haqqı ilə əlaqəsinin ləğv edilməsi olmuşdur. 01.08.1997–ci ildən qüvvədə olan pensiya təminatı haqqında bu qanunçuluq 116 maddədən ibarət olmuşdur. 01.08.1997–ci il tarixdən pensiya qanunçuluğuna edilən dəyişikliklərlə bərabər 18 fevral 1997–ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 250 LQ N–li təsdiq etdiyi qanuna əsasən 04 fəsildən 31 maddədən ibarət sosial sığora haqqında qanun qəbul edilmişdir. Növbəti mərhələdə 17 iyul 2001–ci il tarixdə bugünkü pensiya təminatı sahəsində ən mühüm sənəd olan pensiya islahatı konsepsiyası təsdiq edilmişdir.

01.01.2006–cı il tarixdən pensiyaların təyin edilməsi və ödənilməsi ilə əlaqədar köklü islahatlar həyata keçirildi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2006–cı il tarixli qanununa əsasən əmək pensiyaları sosial müavinətdən ayrılaraq məcburi dövlət sosial sığorta sisteminə əsaslanmışdır. Həmin dövrdə paralel olaraq sosial müavinətlər haqqında da qanun qəbul edilmişdir. Qəbul edilmiş hər iki sahə üzrə qanunlar aşağıdakı formada təsnifləşdirilmişdir: 1. Sosial sığorta haqqında, sosial sığorta sistemində fərdi uçot haqqında və Respublika üzrə vahid əmək pensiyaları haqqında qanunlar. 2. Dövlət sosial müavinətləri haqqında və ünvanlı dövlət sosial yardımı haqqında qanunlar.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında sosial təminat sahələri üzrə qəbul edilmiş qanunlar və 2009–2015–ci illər üzrə sığorta pensiya təminatı sahəsindəki proqram bu gün öz bəhrəsini verməkdədir. Belə ki, qəbul edilmiş proqramların icrası çərçivəsində və həyata keçirilən ardıcıl islahatlarla əlaqədar, bir şöbə rəhbəri kimi öz səlahiyyətlərimiz çərçivəsində qeyd edim ki, bu sahədə icraçı funksiyasını yerinə yetirən Dövlət Sosial Müdafiə Fondu sosial təminat sahəsində Beynəlxalq təşkilatların tamhüquqlu üzvü seçilmiş və bu yönümdə texninki sahədə keçirilən bir çox nominasiyaların qalibi olmuşdur. Qeyd etdiyimiz kimi, proqramın icrası əmək pensiyalarının bugünki səviyyəsini müəyyənləşdirmiş və respublika üzrə yoxsulluğun aradan qaldırılması davamlı inkişaf proqramına da təsirini göstərərək ümumi yoxsulluğun səviyyəsi aşağı salınmışdır. Bu gün Azərbaycanda pensiya təminatının vətəndaşlara təyin olunmasında, ödənişində nisbi və mütləq səviyyələr əsas götürülür, bu səviyyələr dövlət tərəfindən daima izlənilir və nəzarətdə saxlanılır.

Hörmətli prezidentimiz cənab İlham Əliyevin 2012–ci ilin sosial–iqtisadi inkişafının yekunlarına və 2013–cü ildə qarşıda duran vəzifələrə həsr edilmiş Nazirlər Kabinetinin iclasında qeyd etdiyi kimi respublika üzrə orta pensiyanın 200 dollara yaxın olması, əvəzləşmə əmsalının inkişaf etmiş ölkələr səviyyəsinə çatması bununla da orta pensiya məbləğinin orta aylıq əmək haqqına 40 faiz təşkil etməsi sosial təminat sisteminə, sığorta pensiya qanunlarının tətbiqinə ölkə rəhbəri tərəfindən verilən qiymətdir. Qeyd etmək isəyirəm ki, Respublika Prezidentinin rəhbərliyi altında öz səlahiyyətlərimiz çərçivəsində sosail sahədə qəbul edilmiş proqram və qərarların həyata keçirilməsində və nəzərdə tutulan konsepsiya və qanunların mərhələli icrasında davamlı fəaliyyətimizi artıraraq sosial təminata ehtiyacı olanlara xidmətin keyfiyyətinin yüksəlməsinə çalışacağıq.

 

 

Məhərrəm NOVRUZOV,

DSMF–nin Abşeron rayon

şöbəsinin müdiri.

 

Respublika.- 2013.- 9 fevral.- S. 14.