Azərbaycan Türk iş adamları üçün güvənli ölkədir
Azərbaycan və
Türkiyə türk dünyasının
ayrılmaz parçalarıdır. Bu iki qardaş xalqın birliyi zaman–zaman
tarixin sınaqlarından uğurla
çıxmış və daha da möhkəmlənmişdir. Azərbaycan
xalqının böyük oğlu Heydər Əliyevin “Bu
günə qədər Türkiyə–Azərbaycan
qardaşlığı böyük
sınaqlarla qarşılaşdı. Bizim
dostluq, qardaşlıq əlaqələrimizdə
heç bir problem yaşanmadı. Çünki
bizim dostluğumuz sağlam təməllər və dərin tarixi keçmiş üzərində qurulubdur”, “Biz bir xalq,
iki dövlətik” və Qazi
Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri
kədərimizdir” sözləri bu
qardaşlığın mahiyyətini bütün
çalarları ilə aydın göstərir və ölkələrimizdə
sübuta ehtiyacı olmayan
aforizm kimi qəbul
edilir. Azərbaycan öz
müstəqilliyini bərpa etdikdən sonra
iki qardaş ölkə
arasında münasibətlər daha da sıxlaşmış və iqtisadi, siyasi, sosial sahədə əməkdaşlıq ən
yüksək mərhələyə qədəm qoymuşdur. Bu pozitiv prosesin nəticəsidir
ki, bu gün
Azərbaycanda yüzlərlə iş
adamı və firmalar, şirkətlər,
cəmiyyətlər və s. uğurla fəaliyyət göstərir. Onlardan biri də Azərbaycan
Türk Sənayeçi İş
Adamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB)dir. Cəmiyyətin idarə heyətinin sədri
Murad Bakı Azərbaycan–Türkiyə
münasibətləri, müasir dövrdə
iki qardaş ölkənin
iqtisadi əlaqələrinin
inkişafı və bu prosesdə
TÜSİAB–ın iştirakının mahiyyəti barədə
dedi:
—Bu gün Türkiyə ilə Azərbaycan arasında iqtisadi, siyasi və sosial sahədə əlaqələr, demək olar ki, yüksək səviyyədə inkişaf edir və əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsindədir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi dövründə bütün sahələrdə əməkdaşlıq daha da möhkəmlənmiş, dərinləşmiş yeni bir mərhələyə qalxmışdır. Dövlət başçısı iki qardaş ölkənin münasibətlərini hazırkı səviyyəsi barədə deyib ki, Türkiyə–Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji keyfiyyət daşımaqla dostluq, qardaşlıq əsaslarına söykənməkdədir. Bizi bir–birimizə bağlayan amillər tarixi köklər, mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi mənafelərimizdir. Göründüyü kimi, iki dövlət başçısı iki qardaş ölkənin münasibətləri haqqında vurğulayıb ki, bizim münasibətləri elə bir yüksək nöqtədədir ki, bunu daha inkişaf etdirmək, daha da yüksək mərhələyə çıxarmaq çətindir və yeni potensiallar, mənbələr tələb edir. Çünki müasir iqtisadi münasibətlər tələb edir ki, davamlı inkişaf üçün bütün perspektivlər araşdırılsın, təhlil edilsin və səmərəli surətdə dövriyyəyə cəlb edilsin. Hərtərəfli inkişaf etmiş dövlətlər səviyyəsinə çatmaq üçün yaranacaq hər bir imkandan operativ istifadə edilməsi şəksizdir. Azərbaycan–Türkiyə münasibətləri tarixən daim inkişaf edib. Bu əməkdaşlıq Türkiyənin Azərbaycan iqtisadiyyatına yatırımları ilə başladı. Ancaq son illərdə, əksinə, yəni artıq müsbət bir proses də gedir. Belə ki, Türkiyə iqtisadiyyatına Azərbaycan kapitalı qoyulur. Bu investisiyalar meqalayihələr vasitəsilə reallaşdırılır. Bunların sırasına istismara verilmiş Bakı–Tbilisi–Ceyhan neft boru, Baki–Tbilisi–Ərzurum qaz boru xətlərini, hazırda icra olunan Bakı–Tbilisi–Qars dəmir yolunu və TANAP layihəsini misal göstərə bilərik. Azərbaycan–Türkiyə birgə iqtisadi layihələrinin böyük perspektivi vardır.Türkiyənin PETKİM şirkəti özəlləşdirmə layihələri içərisində mühüm yer tuturdu. ARDNŞ–in bu layihəyə investisiya yatırımı ən mühüm investisiyalardan biri olmuşdur. 2018–ci ilədək ARDNŞ–in (SOCAR–ın) Türkiyədəki STAR RAFİNERİSİ A.Ş–yə qoyacağı 17 milyard ABŞ dollarına çatdırılacaq investisiya layihəsi isə son zamanlara qədər Türkiyə iqtisadiyyatına qoyulan sərmayələr arasında birinci yerdə idi. Ötən il Azərbaycanda Türkiyə sərmayələri əsasında 1106 şirkət, Türkiyədə isə Azərbaycan sərmayələri əsasında 844 şirkət fəaliyyət göstərmişdir.
Türkiyə Azərbaycanın iqtisadiyyatına 3,5 milyard dollar, Azərbaycan isə Türkiyəyə 4 milyard dollar sərmayə qoyub. Əgər 2011–ci ildə ticarət dövriyyəmiz 3,5 milyard dollar idisə, ötən il bu göstərici daha da artdı və Türkiyə Azərbaycan idxalatında ilk yerdə olmuşdur. Diqqətəlayiq bir fakt: təkcə keçən ilin ilk dörd ayında Azərbaycanın Türkiyə ilə xarici ticarət dövriyyəsi əvvəlki illə nisbətdə 60 faiz artmışdır, bu göstərici qonşu Gürcüstanla 15 faiz olmuşdur. Bu münasibətlər bizə qürur verir. Ancaq əldə olunan nailiyyətlər son hədəf deyil. Bu prosesdə TÜSİAB–ın da üzərinə mühüm vəzifələr düşür.
Hər ay Azərbaycana təxminən 50– yə yaxın türkiyəli iş adamının səfərini təşkil edir, burada hansı işlərlə məşğul olmaq, iqtisadiyyatın hansı sahələrinin perspektivli ola biləcəyi barədə məlumat verir, yerli həmkarları ilə görüşdürür, onlara Azərbaycan bazarına çıxmaqda köməklik göstəririk. Biz, Azərbaycana gələn hər bir iş adamına qeyri–neft sektoruna diqqət yetirməsini tövsiyə edirik. Xüsusilə kənd təsərrüfatını qeyd edir, cəlbedici olduğunu, ciddi investisiyaların qoyulduğunu bildirir və biznes üçün maraqlı sahə kimi məsləhət görürük. Türk iş adamlarına biznes qurmaları üçün məsləhət gördüyümüz digər sahə isə turizm sektorudur. Türkiyənin turizm infrastrukturunun inkişafında tətbiq oluna biləcək qabaqcıl təcrübəsi var və hazırda turizm Türkiyənin əsas gəlir mənbələrindən biridir. Türk şirkətlərinin turizmin inkişafında əldə etdikləri təcrübənin Azərbaycanda da tətbiq edilməsi bu sahənin inkişafına kömək edə bilər.
İctimaiyyət arasında belə bir doğru olan ifadə var: İş görülən yerdə problem də var və bu da təbiidir. Çünki hər bir insan çalışır ki, müəyyən bir sahədə fəaliyyət göstərsin, yerli və xarici bazarlara çıxsın, nəticədə əldə etdiyi gəlirlə həm öz maddi və mənəvi ehtiyaclarını ödəsin. Onu əhatə edən cəmiyyətlə normal, müvafiq münasibətlər yaratsın. Hər bir ölkədə və bazarda problem vardır. Azərbaycan çox gənc bir ölkədir. Bu səbəbdən də müəyyən problemlərin olması təbiidir. Amma bizim 10 il öncə yaşadığımız problemlərlə bu gün yaşadığımız problemlər eyni deyil. Türk iş adamlarının qarşılaşdığı problemlər digər iş adamlarının qarşılaşdığı problemlərdən fərqli deyil. Əsas məsələ də ondan ibarətdir ki, bu problemlər öz həllini tapırmı? Birmənalı olaraq söyləyirəm ki, bəli, tapır və problemlər operativ olaraq aradan qaldırılır. Biz Türk iş adamlarına Azərbaycan güvənli bir ölkədir deyirik və onları Azərbaycan iqtisadiyyatına, azərbaycanlı qardaşlarımızı isə Türkiyə iqtisadiyyatına sərmayə qoymağa çağırırıq.
—TÜSİAB 1994–cü ildən Azərbaycanda fəaliyyət göstərir. Bu illər ərzində cəmiyyət xeyli iş görüb. 2012–ci ildə bir neçə böyük layihə reallaşdırmışıq. Bunlardan ən birincisi və bizcə ən önəmlisi Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırılması üçün İstanbulun Taksim meydanında tərtib edilən “Xocalıya ədalət” mitinqidir. Bu tədbirdə Azərbaycandan və Türkiyədən iş dünyasının və Azərbaycan sevdalılarının iştirakı üçün əlimizdən gələni etdik və cəmiyyətimizin idarə heyətinin bütün üzvləri də mitinqdə iştirak etdi.”Gəldik, gördük və yazdıq” layihəsi çərçivəsində isə “Qarabağ Türk Dünyasının ortaq problemi” adlı beynəlxalq konfransı təşkil edib, bir həftə müddətində Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü olan 18 jurnalistin Azərbaycan və Qarabağ həqiqətləri ilə tanış olmaları üçün əlimizdən gələni etməyə çalışdıq. Cəmiyyətimiz Azərbaycan–Türkiyə əlaqələrinin tarixi çalarlarını tədqiq edilərək geniş ictimaiyyətə çatdırılması sahəsində də bacardığını əsirgəmir. Buna bir nümunə kimi TÜSİAB–ın Türk İş Birliyi və Kalkınma Ajansı (TİKA) və Gəncliyə Yardım Fondu ilə birgə Keçmişdən Günümüzə Azərbaycan və Türkiyədə Xeyriyyəçilik ənənəsi “Qardaş köməyi” adlı beynəlxalq simpoziumu təşkil edərək “Qardaş köməyi” kitabının təqdimatını keçirməsini göstərə bilərəm. Ötən ilin ən mühüm hadisələrindən biri də Azərbaycan Milli Məclisinin sədri hörmətli Oktay Əsədovun himayələrində və Türkiyə Böyük Millət Məclisinin sədri hörmətli Cəmil Çiçəkin də iştirakı ilə noyabr ayında III Qara Dəniz Ticarət və İnvestisiya Forumu təşkil edilməsidir. TÜSİAB–ın həmtəşkilatçılığı ilə keçirilən bu beynəlxalq tədbirdə Türkiyə, Rusiya, Bolqarıstandan və Azərbaycandan 400–dən çox şirkət iştirak etdi, 1000–dən çox qarşılıqlı işgüzar görüşlər oldu. Bundan başqa Türk İş Birliyi və Kalkınma Ajansının (TİKA) xətti ilə müxtəlif sahəyə aid mütəxəssisləri təlim–təcrübə keçmələri üçün Türkiyəyə göndərdik. 3 ay müddətində mütəxəssislər Azərbaycan üçün vacib olan sahələrdə öz peşəkarlıqlarını artıraraq yüksək texnoloji yeniliklərlə tanış oldular.
TÜSİAB keçən il müxtəlif biznes forumlarında iştirak etmiş və bir çox işgüzar görüşlərin təşkil olunmasında fəallıq göstərmişdir. Həm azərbaycanlı, həm də türk iş adamlarının beynəlxalq elmi–texniki yeniliklərlə, müasir təcrübə ilə tanış olmaları və müvafiq səmərəli əlaqələri yarada bilmələri üçün dünyanın müxtəlif yerlərində məsələn, İndoneziya, Anqola, Madaqaskar, Sudan, İraq və s. ölkələrdə keçirilən sərgi və konfranslara aparmışdır. Azərbaycan bank işçilərini Türkiyənin bank sistemi və iş təcrübəsi ilə tanış etmək üçün Türkiyə Mərkəzi Bankının keçmiş sədri Durmuş Yılmazı Bakıya dəvət edərək konfrans təşkil etdik. TÜSİAB Türkiyədə bir çox işgüzar dairələrlə sıx əlaqələrə malikdir və hər il fərqli sayda qruplarla 100–ə yaxın azərbaycanlı iş adamının Türkiyəyə səfərini təşkil edir, onları öz həmkarları ilə ixtisaslaşdırılmış forumlar çərçivəsində görüşdürür. Bu görüşlər müxtəlif sərgilər və forumlar çərçivəsində baş tutduğundan onlar həm türk, həm də dünyanın müxtəlif ölkələrindən gəlmiş iş adamları ilə görüşmək imkanı əldə edirlər.
Hazırda Türkiyə iqtisadiyyatı dünyanın ən böyük iqtisadi güclərindən biridir və öz müvafiq göstəricilərinə görə 15–ci yerdədir. Türk Cümhuriyyətinin hədəfləri sırasında 2023–cü ilədək xarici ticarət dövriyyəsini 500 milyard dollara çatdırmaq strategiyası var. Bu məqsədə çatmaq üçün inkişaf strategiyasının əsasında müxtəlif istehsal sahələrində liderliyin əldə olunması dayanır, buna görə də vətənimizdə istehsal yönümlü bütün sektorlara investisiyaların yatırılması təşfiq edilir. Azərbaycandan Türkiyə iqtisadiyyatına qoyulan sərmayələrin həcmi ilbəil sürətlə artır. Azərbaycan dövləti Türkiyənin neft–qaz və nəqliyyat sektoruna, iş adamları isə turizm, inşaat, qida sənayesi və xidmət sektoruna ciddi maraq göstərirlər.
Cəmiyyətimizin əsas məqsəd və fəaliyyət istiqaməti iqtisadi və sosial əlaqələrin inkişafı və möhkəmlənməsində operativ və səmərəli rol oynamaqdır. Son illərdə olduğu kimi, bu il də hədəflərimiz dəyişməz qalır —iki ölkə arasında olan münasibətlərin daha da möhkəm və effektiv olmasına öz töhfəmizi vermək üçün bütün bacarıq və qüvvəmizi sərf edəcəyik. Azərbaycan və türk iş adamları bir çox layihələrdə birgə çalışırlar. Bu əməkdaşlığı sıxlaşdırmaq və möhkəmləndirmək, xarici bazarlarda ortaq layihələr həyata keçirmək əsas məqsədimizdir. Bir xalq iki dövlət olaraq, dünyanın fərqli yerlərində ortaq əməkdaşlıq quraraq öz iqtisadi qüdrətimizi daim artırmalı, gücümüzü göstərməliyik.
Ataş CƏBRAYILOV
Respublika.- 2013.- 9 fevral.- S. 14.