Şəki:
sosial–iqtisadi inkişafın yeni mərhələsi
Tarixə dönən,
xalqımızın yaddaşında uğurlarla qalan 2012–ci ildə
ölkəmizin sosial–iqtisadi, ictimai–siyasi və mədəni həyatında
mühüm dəyişikliklər baş vermişdir.
2013–cü il yanvarın 15–də Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin ölkəmizin 2012–ci ildə
sosial–iqtisadi inkişafının yekunlarına və
2013–cü ildə qarşıda duran vəzifələrə həsr
olunmuş iclası keçirilmişdir. İclasda ölkəmizin
sənaye potensialının gücləndirilməsi, sosial
proqram və layihələrin icrası geniş müzakirə
olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Dövlət başçısı 2012–ci ildə
iqtisadiyyatın uğurla inkişaf etdiyini, qeyri–neft sektorunun
9,7 faiz, əhalinin pul gəlirlərinin 13,8 faiz
artdığını, inflyasiyanın 1,1 faiz təşkil
etdiyini bildirmişdir. Bütün sosial proqram və layihələrin
həyata keçirilməsində heç bir problemin
olmadığını vurğulayan cənab Prezidentimiz
demişdir: “Əvvəlki illərdə əldə edilmiş
uğurlar 2013–cü ildə çox vacib rol oynayacaqdır.
Çünki əvvəlki illərdə qəbul edilmiş
proqramlar və icra edilmiş layihələr bu ilin uğurlu
inkişafını da təmin etməlidir”.
Bu günlərdə Şəki Şəhər İcra Hakimiyyətində keçirilən 2012–ci ilin sosial–iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirədə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov hesabat məruzəsi ilə çıxış etmişdir. Natiq vurğulamışdır ki, 2012–ci ilin sentyabr ayı Şəki üçün olduqca əlamətdar hadisələrlə zəngin olmuşdur. Sentyabr ayının 9–da cənab Prezidentimiz İlham Əliyev Şəkiyə səfər etmişdir. Dövlətimizin başçısı Şəkidə umummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir. Mərkəz Heydər Əliyev irsinin təbliğində mühüm rol oynamaqla yanaşı, gənc nəslin bilik və bacarığının artırılmasına hərtərəfli şərait yaradacaqdır. Ərazidə, həmçinin Heydər Əliyev Parkı, Bayraq Meydanı və Şəki Şəhər İcra Hakimiyyəti üçün yeni binanın da inşası nəzərdə tutulmuşdur. Cənab Prezidentimiz Şəkiyə səfəri çərçivəsində 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin, Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti hesabına inşa olunmuş taxıl anbarı və dəyirman kompleksinin, dördulduzlu “Shaki Palace” otelinin açılışında iştirak etmiş, M. F. Axundzadənin adını daşıyan mədəniyyət və istirahət parkında aparılmış yenidənqurma işləri ilə tanış olmuşdur. Şəkiyə səfəri çərçivəsində dövlətimizin başçısı məcburi köçkünlərlə və Şəki şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: “Şəki şəhərinin və rayonunun inkişafı ilə bağlı çox böyük işlər görülür. Mən dəfələrlə Şəkidə olmuşam … Böyük quruculuq, abadlıq işləri görülür. Şəki böyük mədəniyyət mərkəzidir, zəngin tarixə, mədəniyyətə malik olan bir diyardır. Bir sözlə, Şəki çox dinamik inkişaf edir. Mən keçən dəfə Şəkidə ötən ilin payızında olmuşam. Heç bir il keçməyib, amma gördüyüm dəyişikliklər məni çox sevindirir”.
Bu bir daha onu göstərir ki, cənab Prezidentimiz bütün tarixi şəhərlərə, o cümlədən, şəhərimizə böyük qayğı və diqqət göstərir. Mən bir daha bütün şəkililər adından hörmətli Prezidentimizə Şəkiyə və şəkililərə göstərdiyi diqqət və qayğıya görə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.
Sentyabr ayının 12–də cənab Prezidentimiz İlham Əliyev xanımı Mehriban Əliyeva və ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Şəkinin qonağı olmuşdur. Cənab Prezidentimiz İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Şəkidə türk əsgərinin abidə kompleksini ziyarət etmiş, Şəki Xan Sarayı, Kiş kəndindəki Alban məbədi, Yuxarı və Aşağı Karvansara mehmanxana kompleksləri ilə tanış olmuş, Şəki Cümə məscidinə baş çəkmişlər. Hesab edirəm ki, bu səfər şəhərimizin ictimai– siyasi həyatında çox mühüm tarixi hadisədir.
2012–ci ildə istehsalın əsas sahələrində ilkin hesablamalara görə faktiki qiymətlərlə 370 milyon 758 min manatlıq məhsul buraxılmışdır ki, bu da 2011–ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çoxdur. Adambaşına faktiki qiymətlərlə 2062 manatlıq məhsul istehsal olunmuşdur ki, bu da 2011– ci ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz çoxdur. 2012–ci ildə pərakəndə əmtəə dövriyyəsi 237 milyon 121 min manat olmuşdur ki, bu da 2011–ci ilin müvafiq dövrünə nisbətən 10 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 57 milyon 187 min manat olmuşdur. Rayonda 2012–ci ildə 1246 yeni iş yeri açılmışdır.
2012–ci ildə rayonumuzda iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına yönəldilmiş investisiyanın həcmi 111 milyon 480 min manat olmuşdur. Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz çoxdur. İstifadə edilmiş investisiyanın 93 milyon 223 min manatı və yaxud 83,6 faizi dövlət mülkiyyətinin, 18 milyon 256 min manatı və ya 16,4 faizi qeyri–dövlət mülkiyyətinin payına düşür. Əsas kapitala yönəldilmiş investisiyanın 90 milyon 323 min manatı və ya 81 faizi tikinti–quraşdırma işlərinə sərf edilmişdir. Əsas kapitala yönəldilmiş investisiyanın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dövlət mülkiyyəti üzrə 5,9 faiz, qeyri–dövlət mülkiyyəti üzrə 51,8 faiz artmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili siyasətinin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Ölkəmizin başçısı Nazirlər Kabinetinin 2012–ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda xüsusi olaraq vurğulamışdır ki, bu gün ölkəmizdə sahibkarlara böyük diqqət vardır. Onlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir. Sahibkarlığın inkişaf etdirilməsi istiqamətində Şəkidə bir sıra konkret tədbirlər həyata keçirilmişdir. Belə ki, 2012–ci il dekabrın 19–da Şəki Şəhər İcra Hakimiyyəti başçısının sahibkarlarla görüşü keçirilmişdir. Görüşdə məqsəd yerli sahibkarların fəaliyyəti ilə yaxından tanış olmaq, qarşıya çıxan problemlərin həllində onlara yaxından kömək göstərmək olmuşdur. Hazırda Şəki rayonu üzrə 3924 sahibkarlıq subyekti fəaliyyət göstərir. 2012–ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəki rayonu üzrə 27 sahibkara 330 min manat güzəştli kredit verilmişdir.
Şəkililər ölkə rəhbərinin əhalinin sosial müdafiəsi sahəsində yeritdiyi siyasəti yüksək qiymətləndirir, aztəminatlı əhali qrupuna göstərdiyi böyük diqqət və qayğının təzahürü kimi qəbul edir.
Ötən illərdə olduğu kimi, 2012–ci ildə də məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Respublikamızın ən iri taxılçılıq rayonlarından biri olan Şəkinin fermer təsərrüfatlarında 2012–ci ilin məhsulu üçün 76265 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilmişdir. Şəki Şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın geniş yığıncağında taxıl biçininin tez və itkisiz başa çatdırılması müzakirə olunmuş və konkret qərarlar qəbul edilmişdir. Həmçinin Şura üzvləri taxıl biçininin gedişi ilə yerində tanış olmaq üçün Səbətli ərazisində olmuş, fermerlərin problemləri ilə maraqlanmış, biçinin vaxtında və itkisiz başa çatdırılması üçün öz tövsiyələrini vermişdir. Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində rayonda taxıl biçini vaxtında və itkisiz başa çatdırılmış, 256 min ton taxıl istehsal edilmiş, hər hektardan orta məhsuldarlıq 35,2 sentner təşkil etmişdir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən Şəki respublikamızda taxıl istehsalının həcminə və hər hektardan orta məhsuldarlığa görə 2012–ci ildə birinci yer tutmuşdur.
Rayonumuzun kənd təsərrüfatının əsas sahələrindən biri də heyvandarlıqdır. Bu sahənin də dinamik inkişafının təmin edilməsi, heyvandarlıq məhsulları istehsalının həcminin artırılması daim diqqət mərkəzində saxlanmışdır. İyun ayının 5–də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəkidə heyvandarlıqda damazlıq–seleksiya işlərinə dair respublika seminar müşavirəsi keçirilmişdir. Seminar müşavirədə kənd təsərrüfatı naziri cənab İsmət Abasov, həmçinin respublikamızın 52 rayonundan 320 nəfər iştirak etmişdir.
2012–ci ildə Şəki Şəhər İcra Hakimiyyəti Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə Şəki şəhərinin Baş Planını hazırlamışdır. Baş Plana əsasən bir sıra infrakstruktur layihələrin həyata keçirilməsi, həmçinin şəhərin qərbə doğru genişlənməsi, perspektivdə Oxud, İnçə, Kiş, Qoxmuq kəndlərinin də şəhər ərazisinə daxil olması nəzərdə tutulmuşdur. 2012–ci ildə şəhərin M.Ə.Rəsulzadə prospektində, Salman Mümtaz və Oğuz şosesi küçələrində, eləcə də yeni tikilmiş 100 çarpayılıq xəstəxana kompleksinin qarşısında ümumilikdə 42210 kvadratmetr ərazidə yollar genişləndirilib asfalt–beton örtük salınmaqla yenidən qurulmuş, köhnə arxlar əsaslı surətdə bərpa edilmiş, səkilərə beton plitələr düzülmüşdür. Şəhərin Heydər Əliyev prospekti ilə Salman Mümtaz küçəsinin kəsişməsindəki dairə yenidən qurulmuş, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmişdir. M.Ə. Rəsulzadə, Heydər Əliyev prospektləri və “Oğuz şosesi” küçəsində müasir tipli 770 ədəd işıq dirəyi və 1100 ədəd lampa quraşdırılmaqla yeni işıqlandırma sistemi yaradılmışdır. Qala divarlarının ətrafında 6000 kvadratmetr ərazidə yaşıllaşdırma işləri aparılmış, yeni işıqlandırma sistemi qurulmuşdur. 2012–ci il ərzində umumilikdə 13700 kvadratmetr ərazidə şəhərin müxtəlif küçə və meydanlarında dekorativ ağaclar və gül kolları əkilmiş, yeni yaşıllıq zolaqları salınmışdır. Bütövlükdə 2012–ci ildə şəhərin 22 küçəsində abadlıq işləri aparılmış, 16 küçədə isə asfalt–beton örtük tökülməklə yollar, bir sıra yaşayış binalarının fasadları və dam örtükləri əsaslı təmir edilmiş, “Xeyir–Şər” evləri adlanan tikililərin təmiri, yenilərinin tikilməsi işi davam etdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında “sərəncamına uyğun olaraq M. F.Axundzadənin adını daşıyan Mədəniyyət və İstirahət parkında yenidənqurma və əsaslı təmir işləri əsasən başa çatmışdır. Şəki Şəhər İcra Hakimiyətinin daxili imkanları hesabına aparılmış yenidənqurma işlərindən sonra ərazinin siması tamamilə dəyişmişdir. Burada şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır. Ümumi sahəsi 7 hektar olan parkın 35 min kvadratmetr ərazisində yaşıllıq işləri görülmüş, müxtəlif dekorativ ağaclar və gül kolları əkilmişdir. Parkda uşaqların da istirahəti üçün lazımi şərait yaradılmışdır. Burada iki fəvvarə, süni şəlalə və göl yaradılmışdır. Bu sərəncama uyğun olaraq həmçinin dahi ədibin ev muzeyinə gedən yolda, qala divarları qarşısındakı meydanda və onun ətrafında müasir işıqlandırma sistemi qurulmuş, yeni yaşıllıq zolağı salınmışdır.
Cari ildə şəhərin yeni yaşayış massivində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdir. İl ərzində qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülən sakinlər üçün 24 mənzilli yaşayış evinin, Şəki Dövlət Dram Teatrının binasının, Şəki Mərkəzi Rayon Xəstəxanasının fasad hissəsində aparılan təmir işləri davam etdirilmişdir.
2012–ci ildə kommunal xidmət sahələrinin fəaliyyətinin günün tələbləri səviyyəsinə çatdırılması üçün müəyyən işlər görülmüş, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təchizatı səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanmışdır.
Hesabat dövründə təhsil sisteminin tədrisi, təlim–tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmışdır. Son illər Şəki təhsilinin əldə etdiyi uğurlar danılmazdır. 2012–ci ildə Şəkinin ümumtəhsil məktəblərini bitirmiş 1731 məzundan 1166 nəfəri ali məktəbə daxil olmaq üçün sənəd vermiş, onlardan 587 nəfəri tələbə adını qazanmışdır. Məzunlardan 112 nəfəri 500–dən, 35 nəfəri isə 600 baldan yuxarı toplamışdır.
Şəki şəhər 5 saylı tam orta məktəb üçün 320 yerlik yeni tədris korpusunun, Şorsu kəndində 360 şagird yerlik, Çələbi Xan qəsəbəsində 180 şagird yerlik yeni məktəb binalarının tikintisi başa çatdırılmışdır. Əliyar kəndində 80 şagird yerlik ümumi orta məktəbin tikintisi, Baş Küngüt kənd tam orta məktəbin və şəhər fızika–riyaziyyat və humanitar təmayüllü liseyin əsaslı təmiri, şəhər 10 saylı tam orta məktəbin idman və akt zallarının, yeməkxanasının tikintisi, qəzalı vəziyyətdə olan şəhər 12, 14 və 17 saylı məktəblər üçün yeni binaların tikintisi davam etdirilmişdir. Müddət ərzində şəhər 22 saylı uşaq bağçası yüksək səviyyədə təmir edilmiş, 28 saylı bağçada təmir işlərinə başlanmışdır. Son bir il ərzində Şəkidə 11 məktəbin əsaslı təmiri və yaxud yeni binaların inşa olunması cənab Prezidentimizin Şəkiyə olan yüksək diqqətinin və qayğısının nəticəsidir.
Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən 2012–ci ildə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, tibb müəssisələrinin maddi–texniki bazasının yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüşdür.
Məlumdur ki, 2011–ci ilin sentyabrında Rusiya Federasiyasının Tatarıstan Respublikasında TURKSOY–un 4–cü seminarında Şəki şəhəri Türk dünyasının 2012–ci ildə qeyri–maddi mədəni irs paytaxtı seçilmişdir.
Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmişdir.
2012–ci il iyun ayının 30–dan iyulun 4–dək Şəkidə “İpək Yolu” III Beynəlxalq Musiqi Festivalı və “Şəki Xan Sarayı”nın 250 illik yubileyinə həsr olunmuş böyük bayram tədbiri keçirilmişdir.
Tədbirlərdə ölkəmizdə akkreditə olunmuş 30–a yaxın dövlətin fövqəladə və səlahiyyətli səfirləri və səfirliklərin əməkdaşları, ATƏT–in Bakı ofisinin, Türkiyə Respublikasının Giresun, Gürcüstan Respublikasının Telavi şəhər bələdiyyəsinin nümayəndələri, Milli Məclisin üzvləri, respublikanın və xarici ölkələrin tanınmış musiqi ansambllarının və rəqs qruplarının kollektivləri, ziyalılar, musiqişünaslar, aparıcı kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri — ümumilikdə 700 nəfərdən çox qonaq iştirak etmişdir.
Bu böyük bayram tədbiri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin iştirakı ilə “Arşın malçı İpək Yolunda” musiqili hekayəti ilə başlamış, sonrakı günlərdə Cənubi Koreyanın, Türkiyənin, İranın, Gürcüstanın, o cümlədən ölkəmizin tanınmış musiqi kollektivlərinin çıxışları ilə davam etmişdir. Beş gün davam edən musiqi festifalına Şəki Xan Sarayının 250 illik yubiley tədbiri ilə yekun vurulmuşdur. Festival nəinki şəhərimizin, bütövlükdə ölkəmizin mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev qeyd etmişdir ki, Azərbaycan və dünya memarlığının nadir incisi hesab olunan Şəki Xan Sarayının 250 illik yubileyi Şəkidə beynəlxalq səviyyədə qeyd olunmuşdur.
Sentyabr ayının 22–də şəhərimizdə görkəmli maarifçi və ictimai xadim M. F. Axundzadənin 200 illik yubileyinə həsr olunmuş bayram tədbiri keçirilmişdir. 2012–ci il TÜRKSOY tərəfindən həm də “M.F.Axundzadə ili” elan olunmuşdur. Bu baxımdan Axundzadənin yubiley tədbirlərində TÜRKSOY–un üzvü olan ölkələrdən, o cümlədən Türkiyə, Qazaxıstan və Rusiya Federasiyası Başqırdıstan Respublikasından dəvət olunmuş qonaqlar iştirak etmişdir. Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi onun vətəni Şəkidə ədəbiyyat, poeziya və söz bayramı kimi qeyd olunmuşdur. Sentyabrın 23–də isə şəhərimizdə ilk dəfə olaraq Şəkinin 2700 illik yubileyinə həsr olunmuş “Şəhər günü” bayram tədbiri keçirilmişdir. “Şəhər günü” çərçivəsində Şəki şəhər bələdiyyəsi ilə Türkiyənin Konya şəhər Məram bələdiyyəsi arasında qardaş şəhər haqqında protokol imzalanmışdır. “Şəhər günü” bayram tədbirinə Türkiyənin məşhur “Anadolu atəşi” rəqs ansamblının konserti ilə yekun vurulmuşdur.
Şəkinin 33 kənd və qəsəbə icra nümayəndəliyində Şəki Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq 2011–ci ilin yekunlarına dair hesabat yığıncaqları keçirilmişdir. Yığıncaqlarda icra nümayəndələrinin illik hesabatları dinlənilmiş, görülən işlər və mövcud problemlər müzakirə edilmişdir.
Hesabat yığıncaqlarında əhali tərəfindən qaldırılan məsələlər Şəki Şəhər İcra Hakimiyyətinin tədbirlər planına daxil edilmiş, məsul şəxslər müəyyənləşdirilərək icrası nəzarətə götürülmüşdür. İcra nümayəndələri tərəfindən hesabat yığıncaqlarında qaldırılan bir sıra dövlət əhəmiyyətli məsələlərin həlli məqsədilə aidiyyəti idarə və təşkilatlara müraciətlər olunmuşdur.
Vətəndaşların müəyyən olunmuş qrafikə uyğun olaraq ümumi qəbulu təşkil olunmuş, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılmasına diqqət artırılmışdır.
2012–ci ildə 934 nəfər vətəndaş Şəki Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmişdir. Müddət ərzində şəhər icra hakimiyyətinin başçısı tərəfindən 41 səyyar qəbul keçirilmiş, qəbullarda 5500 nəfər iştirak etmişdir. Keçirilmiş qəbullarda 316 nəfər vətəndaş dinlənilmiş, 386 müraciət səslənmişdir. Səyyar qəbullar zamanı edilmiş müraciətlər əsasən yolların təmiri, kəndlərə təbii qazın verilməsi, köhnəlmiş elektrik dirəklərinin və xətlərin dəyişdirilməsi, sosial obyektlərin təmiri və yenilərinin açılması, su probleminin həlli, torpaq və digər məsələlərlə bağlı olmuşdur.
“Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən yaxın iki ildə rayonumuzun sosial–iqtisadi inkişafının gücləndirilməsi, ərazinin infrastrukturunun yenidən qurulması üçün bir sıra mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qarşıda duran mühüm məsələlərdən biri sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi və ərazinin təbii sərvətlərindən səmərəli istifadə olunmasına nail olmaqdır. Bununla yanaşı, yol təsərrüfatı və nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi, elektrik enerjisi, istilik və qaz təchizatı, rabitə xidmətinin yaxşılaşdırılması, su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması, meliorasiya və irriqasiya sahəsində mühüm işlərin davam etdirilməsi olduqca vacibdir.
Məlumdur ki, 2013–cü il “İnformasiya–kommunikasiya texnologiyaları ili” elan edilmişdir. İl ərzində şəhərimizdə bir sıra mühüm əhəmiyyətə malik layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin 2012–ci ilin yekunlarına həsr olunan geniş yığıncağında hörmətli Prezidentimiz demişdir: “İl başlayır, bütün dövlət, hökumət qurumları öz vəzifə borcunu bilirlər. Əminəm ki, hər bir dövlət məmuru bu il ərzində öz vətəninə, xalqına sədaqətlə xidmət edəcək və 2013–cü ili də biz uğurla başa vuracağıq”.
Hesab edirəm ki, rayonumuzda son illər ərzində bütün sahələrdə əldə edilən uğurlar bu il də davam etdiriləcək, yeni nailiyyətlərin qazanılması üçün qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetiriləcəkdir.
Sonra məruzə ətrafında müzakirələr olmuşdur. Hesabat yığıncağında Milli Məclisin üzvləri Yaqub Mahmudov, Əli Məsimli və Cavanşir Feyziyev iştirak və çıxış etdilər.
Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev müşavirədə qeyd olunan məsələlərlə bağlı fikir və mülahizələrini bildirdi, qarşıda duran vəzifələrdən söhbət açdı.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.
Materialı hazırladı: İlham
PƏNAHOV
Respublika.- 2013.- 9
fevral.- S. 10.