Təhsil
uğurlarını möhkəmləndirmək əzmindəyik
Azərbaycanın tanınmış simalarından olan Hüseyn Axundovun adını daşıyan Saray qəsəbə 3 nömrəli tam orta məktəbi yenidir və bu tədris ocağının cəmi beş yaşı var. Buna baxmayaraq qısa zaman kəsiyində təhsil islahatlarının uğurla həyata keçirilməsi, bundan irəli gələn vəzifə, mühüm tapşırıqlara dönmədən əməl olunması, bu baxımdan da təlim–tərbiyənin məqsədyönlü təşkili, onun dinamik inkişaf etdirilməsi sahəsində uğurlu göstəricilər qazanmağa və onu möhkəmləndirməyə real zəmin yaradılmışdır. Bu tədris ocağına təcrübəli pedaqoq, öz peşəsinin sirr və bütün incəliklərinə dərindən bələd olan, ona ürəkdən bağlanan, onu eyni məqsəd, ideya uğrunda birləşdirərək birgə mübarizəyə istiqamətləndirməyə çalışan və buna da möhkəm nail olan Azərbaycan Respublikasının əməkdar müəllimi, eyni zamanda Abşeron rayon YAP qadınlar şurasının sədri Təyyibə Hüseynova rəhbərlik edir. Onunla görüşüb söhbət edərkən o, bu məktəbin yaranma tarixindən, təlim–tərbiyə, təhsil sahəsində qazanılmış nailiyyətlərdən, bu yöndə həyata keçirilən mühüm tədbir və perspektivdə duran başlıca vəzifələrdən qısa məlumat verərək dedi:
—Məktəbimiz yenidir və bu, son vaxtlar tikilib istifadəyə verilən, hər cür uyğunluğa, şəraitə malik olan müasir tipli tədris ocağıdır. Onun yaradılması, pedaqoji fəaliyyətə geniş, hərtərəfli imkanlar açılması real zəruriyyətdən, günün reallığından doğub meydana çıxmışdır. Belə ki, Saray qəsəbəsi ərazisində son illər fərdi evlərdən ibarət yeni yaşayış sahə, məhəllələrin salınması, onun yüksək sürətlə inkişafı böyüməkdə olan gənc nəslin təlim–tərbiyəsinə qayğı, diqqət göstərilməsinə şərait yaratmışdır. Sözsüz ki, təhsil təlim–tərbiyənin fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan Təhsil Qanununun və Abşeron rayon təhsil şöbəsi tərəfindən öz təsdiqini tapmış Nizamnamənin sənəd, müddəalarının həyata keçirilməsi, bu nöqteyi nəzərdən onun tənzimlənməsi və nizamlanması mühüm yer tutur.
Biz çalışırıq ki, hər bir şagird üçün optimal, əlverişli bir təlim–tərbiyə, təhsil şəraiti yaradılmış olsun. Zəngin kadr potensialına, müxtəlif peşə sahiblərinə malik olan məktəbdə hazırda 800 şagirdin təhsil alması, ibtidai elmin sirlərinə dərindən yiyələnməsi üçün imkanlar mövcuddur. Bu tədris ocağında aparılan təlim–tərbiyə Azərbaycan və qismən də rus dillərindədir. Məktəbdaxili yoxlama–monitorinqlərin və eyni zamanda respublika Təhsil Nazirliyinin göstərişilə sınaq imtahanlarının keçirilməsi söz yox ki, şagirdlərin bilik, dərsi mənimsəmə səviyyəsini aşkarlamaq, buraxılmış nöqsanları müəyyən edərək onu aradan qaldırmaq, islah etməklə yanaşı tədris ocağında işin keyfiyyətini üzə çıxarıb onun reytinqini müəyyən etməyə xidmət edir. Əldə olunmuş təcrübə göstərir ki, işin bu şəkildə təşkili fənlər üzrə tədrisin vəziyyətini dərindən analiz, təhlil etməyə, ondan ciddi nəticə çıxarmağa və məsuliyyəti artırmağa möhkəm təminat verir. Bu da məktəbdaxili və eyni zamanda mövcud məktəblərarası rəqabətin güclənməsinə, onun inkişafına müsbət təsir göstərən ən mühüm amildir. Xatırladaq ki, keçən tədris ili məktəbi uğurla bitirən, müstəqil həyata qədəm qoyan 43 şagirddən 24–nün respublikanın müxtəlif ali məktəblərinə qəbul olunması, tələbə kimi şərəfli bir adı daşımağa layiq görülməsi, oxumaq, elmin sirlərinə yiyələnmək arzusunu ifadə etməsi məktəbdə təlim–tərbiyənin yüksək səviyyədə olmasının təzahürüdür və bu, yüksək təhsil göstəricisidir. Bu şagirdlərdən 7–nin topladığı bal 500–650 bal arasındadır. Bu, heç də hələ yeni formalaşıb təşəkkül tapan, inkişaf yolu tutan bir tədris ocağı üçün aşağı göstərici deyil.
Biz şagirdlərin dünyagörüşünün zənginləşməsi, möhkəm formalaşması, onların yeni biliklərə yiyələnməsi və bu baxımdan da öz güc, qabiliyyətini sınaması, uğur qazanması üçün keçirilən respublika səviyyəli intellektual yarışmalarda, digər maraq doğuran tədbirlərdə də fəal iştirak edərək məktəbimizin şərəfini qoruyub uca tuturuq. Azərbaycan Respublikası İdman və Gənclər Nazirliyinin təşkil etdiyi “Azərbaycan Vətənimdir” adlı intellektual bilik yarışı da belə tədbirlərdəndir. Məktəbimizin on rayon arasında keçirilən, bilik, istedad və bacarıq nümayiş olunan bu zona yarışmasında birinci yerə çıxması qalib gəlməsi, bu uğura görə də nazirliyin fəxri fərman və qiymətli hədiyyələrilə mükafatlandırılması onu sübut edir ki, bu tədris ocağında elmə, təhsilə maraq böyükdür o, yüksəliş, inkişaf yolundadır.
Təhsilə qayğı, təlimin yüksəldilməsi bunlarla bitmiş deyil və biz beynəlmiləl bir ideyanı da uğurla yaşadır, ona yeni vüsət veririk. Odur ki, məktəbdə öz ana dilimizlə yanaşı, rus dilində də təlim–tərbiyənin yüksək səviyyədə qurulması, onun tədrisi və inkişafına da xüsusi maraq, ilgi böyükdür. Bu xoşməramlı münasibət Rusiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirinin də diqqətini çəkməsinə, onun dərin marağına səbəb olmuşdur. Məhz, bu mühüm amili, yəni rus dilində tədrisə göstərilən qayğının gündəlik mənəvi həyati tələbata çevrilməsi, artırılması və gücləndirilməsi faktorunu nəzərə alan, ona xüsusi önəm verən, buna rəğmən də məktəbimizi ilin ən yaxşı on tədris ocağı arasında görən səfir Daroxin bu uğura görə fəxri fərmanla təltif etməsi və təlimi yüksək qiymətləndirilməsi bizə ifadə olunan hörmətin, ehtiramın təzahürüdür. Eyni zamanda keçən ilin sonlarında “Yubilyar əsərləri” mövzusunda məktəbin rus bölməsi şagirdlərinin təşəbbüsü ilə keçirilən və bir çox görkəmli ədiblərin yaradıcılığına istinadən nümunələr göstərilən bu tədbirdə iştirak edən, onu maraqla izləyən, xoş məram, niyyət bildirməyi gizlətməyən Rusiyanın Azərbaycandakı İnformasiya və Mədəniyyət Mərkəzi şagirdlərin fədakarlıq, incə duyum dolu yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirərək bu tədris ocağının hədiyyələrlə mükafatlandırılması göstərilən hörmətin, məhəbbətin ifadəsidir. Biz son vaxtlar tədrisdə daha bir uğur qazanmışıq. Belə ki, Sumqayıt Araz Hazırlıq Kursları və eyni zamanda “Çağ” Öyrətim Şirkətinin ölkəmizdə fəaliyyətə başlamasının 20–ci ildönümünə həsr olunmuş bilik yarışmasında da 3 nömrəli Saray qəsəbə orta məktəbinin şagirdləri fərqlənərək, mükafata layiq üçüncü yer tutması bu tədris ocağında xüsusi istedada, bilik və bacarığa malik uşaqların yetişməsinə, təlim–tərbiyənin yüksək səviyyədə olmasına, qurulmasına, onun inkişafına əyani sübutdur. Sözsüz ki, bütün bunlar böyük uğurdur.
Söhbəti
apardı: S.HƏSƏNLİ.
Respublika.- 2013.- 10 fevral.- S. 7.