Sumqayıt
sürətli inkişaf dövrünü
yaşayır
Azərbaycanın
dünya çapında mövqelərinin
möhkəmləndirilməsi və reytinqinin
artması hər bir
soydaşımızın qəlbini sonsuz qürur hissilə doldurur.
Ölkəmizin dünya birliyinə
sürətli inteqrasiyası, regionun lider dövlətinə çevrilməsi və
qlobal proseslərə təsir
imkanlarının artması düzgün müəyyənləşdirilən
strategiyanın nəticəsidir. Fərəhlidir ki, müstəqil dövlətimizin
uğurları beynəlxalq aləmdə, ən yüksək tribunalardan da etiraf olunur.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2012–ci ilin sosial–iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu məsələni xüsusi vurğulamış, qazanılan uğurları sürətli inkişafın təcəssümü kimi dəyərləndirmişdir. Hazırda BMT TŞ–yə qeyri–daimi üzvlüyə seçkilər zamanı 155 dövlətin bizi dəstəkləməsi, ölkəmizlə əməkdaşlıq etmək istəyənlərin durmadan artdığını göstərir. Dünyanın ən mötəbər qurumları öz tədbirlərini məhz Azərbaycanda keçirməkdə maraqlıdır. Çünki Azərbaycan artıq bu kimi tədbirləri ən yüksək səviyyədə keçirməyə qadir olduğunu dəfələrlə təsdiqləmişdir. Bu tədbirlər siyasətimizin təbliği, xalqımız haqqında əsl həqiqətlərin dünyaya olduğu kimi çatdırılması baxımından da önəmlidir.
Artıq tarixə qovuşmuş ötən ilin may ayında Bakıda keçirilən 57–ci “Eurovision–2012″ beynəlxalq mahnı yarışmasının bizi dünyaya ən mədəni xalqlardan biri kimi təqdim etməsi fərəh doğuran faktdır. Yüksək təşkilatçılıqla ev sahibliyi etdiyimiz müsabiqə həm qədim və zəngin mədəni irsimizin, həm də gözəl təbiətimizin, turizm potensialımızın, qısa müddətdə əldə edilən sosial–iqtisadi uğurlarımızın tanıdılmasında böyük rol oynadı. Avropanın bu möhtəşəm mədəni tədbirinin yüksək səviyyədə keçirilməsindən sonra hər kəs Azərbaycanın üstünlüklərini bir daha etiraf etməli oldu. Bu baxımdan Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun dediklərini xatırlatmaq yerinə düşər: “Azərbaycana ilk dəfə və ölkənizin dinamik inkişaf etdiyi dövrdə səfərimdən məmnunam. Buraya qısa müddətə gəlsəm də, artıq sürətli müasirləşmənin bir çox əlamətlərini görmüşəm… Avropada ən çox baxılan tədbirlərdən biri olan “Eurovision” Azərbaycanı geniş Avropa ictimaiyyətinə aydın şəkildə yaxınlaşdırdı”.
Londonda keçirilmiş 30–cu Yay Olimpiya Oyunlarında təmsilçilərimizin fəxri kürsülərə qalxması, medallar qazanması da bizim nə dərəcədə elitar millət olduğumuza, güc və gözəlliyin vəhdətində parlamaq məramımıza yetərli sübutdur. 2015–ci ildə Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçiriləcəyi barədə qərar da, heç şübhəsiz, hər bir soydaşımızın qəlbini qürur hissilə doldurmuşdur.
Dünyanı bürüyən iqtisadi böhranın davam etdiyi bir vaxtda Azərbaycanın iqtisadi–maliyyə sisteminin daha da güclənməsi, bir sıra qlobal layihələrin uğurlu tətbiqi, həyatımızın durmadan yaxşılaşması aşkar reallıqlarımızdandır.
Respublikamızın dövlət müstəqilliyinin bərpa edildiyi 21 ildə Azərbaycanın qazandığı nailiyyətlər haqlı iftixar hissi yaradır. Digər sahələrdəki inkişaf, innovasiya, tərəqqi ilə yanaşı, mədəniyyət sahəsində baş verən müsbət dəyişikliklər beynəlxalq imicimizi qat–qat artırmışdır. Başqa sözlə desək, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezidentimiz İlham Əliyev tərəfindən inamla davam etdirilən milli–mədəni siyasət özünü aşkar şəkildə doğruldur. Ulu öndər hər zaman incəsənət xadimlərinə, ədəbiyyat və mədəniyyət adamlarına xüsusi qayğı və diqqət göstərmişdir. Prezident İlham Əliyev bu ənənəni yüksək ləyaqətlə davam etdirir.
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və yorulmaz çalışmaları sayəsində Azərbaycan mədəniyyətinin tarixi inciləri olan muğam və aşıq sənətinin dünyanın qeyri–maddi irs siyahısına daxil edilməsi isə sözün əsl mənasında milli qeyrət nümunəsidir. Bunun nəticəsidir ki, indi ustad və ulduz sənətkarlarımızın sorağı müxtəlif qitələrin ən mötəbər konsert salonlarından gəlir. Dünya şöhrətli Rəşid Behbudovun, Müslüm Maqomayevin, Bülbülün mənəvi varisləri öz səsləri ilə, necə deyərlər, aləmi heyran qoyurlar. Xalq artisti Alim Qasımovun Azərbaycan muğamını hətta Amerika və Avroatlantika ölkələrində sevdirə bilməsi, Eldar və Nigarın Avropanın beynəlxalq mahnı müsabiqəsində inamlı qələbə qazanması buna əyani sübutdur.
Elə təkcə adlarını çəkdiyim sənətkarlarımızın istedadlı çıxışları bədxahlarımıza bizim haqqımızda hərzə–hədyan danışmaq üçün əl yeri qoymur. Bu gün Qəbələ rayonunda ənənəvi beynəlxalq musiqi festivalı keçirilir, Bakıda müasir mədəniyyət obyektləri, “beşulduz”lu otel kompleksləri tikilib istifadəyə verilir, dünyanın ən ünlü sənətçiləri tez–tez ölkəmizə gələrək, musiqisevərlərimiz qarşısında yaradıcılıq hesabatı verirlər. Budur millətimizin estetik, elitar pərvəriş göstəriciləri!
Qocaman Xəzərin sahilində qərar tutan, böyüyüb–gözəlləşən Sumqayıt bir vaxtlar “fəhlə şəhəri” kimi tanınırdısa, indi artıq ölkəmizin modern sənaye və müasir mədəniyyət mərkəzinə çevrilir. Cənab Prezidentin təşəbbüslərinə əsasən şəhərimizin abadlaşdırılması ilə bağlı çox müasir layihələr həyata keçirilir. Dövlətimizin başçısı Nəsimi adına mədəniyyət və istirahət parkının ən müasir bulvar standartlarına uyğun yenidən qurulmasına xeyir–dua vermişdir. Sumqayıta hər səfərində möhtərəm Prezidentimiz bu parka baş çəkmiş, görülən işlərlə maraqlanmış, tapşırıq və tövsiyələr vermişdir. Parkın böyük bir hissəsində abadlıq işləri artıq sona yetmiş və əhalinin istifadəsinə verilmişdir. Hazırda qalan hissələrdə işlər sürətlə davam etdirilir. Aeroport–Mərdəkan–Bilgəh istiqamətindən Sumqayıta qədər yeni yol çəkilir. Bunun şəhərimizin inkişafı ilə yanaşı, turizmin də genişləndirilməsinə müsbət təsiri olacaq.
Sumqayıtda inkişaf prosesi sürətli proqramlar əsasında aparılır. Sənaye potensialı artırılır, yeni iş yerləri yaradılır, sosial sahə genişlənir. Şəhərsalma və memarlıq baxımından Sumqayıtın tezliklə Bakı standartlarına yaxınlaşması barədə ölkə rəhbərinin qarşıya qoyduğu vəzifə uğurla icra olunur. Başlıca məram Sumqayıtı modern, müasir, zövq oxşayan şəhərə çevirməkdir. Buna görə də abadlıq və quruculuq prosesləri bütün “cəbhə” boyu aparılır.
Şəhərin giriş qapısı sayılan “Sülh” küçəsi boyunca landşaft zövqlə sahmana salınıb. Heydər Əliyev prospekti, “Azərbaycan” küçəsi və digər guşələr simasını tamamilə dəyişmişdir. Ticarət obyektləri silsilələri və onların qarşısının səliqəyə salınması diqqət çəkir. Küçələr boyunca qranit səki daşlarının qoyulması abadlıq və yenidənqurmanın əsas atributlarından sayıla bilər. Sumqayıt küçələrinin işıqlandırılması, dövlət mənzil fondunun yenilənməsi də şəhər rəhbərliyinin diqqətindədir. Nəsimi abidəsi olan dairəyə yaxın binaların klassik üslubda üzlənməsi onlara qədimlik koloriti vermişdir.
Heydər Əliyev parkı başdan–başa yenidən qurulur. Ulu öndərin adını daşıyan yeni muzey parka xüsusi yaraşıq verəcək. Üzeyir Hacıbəyli adına “Kimyaçı” mədəniyyət sarayının və binanın qarşısındakı meydanın əsaslı təmiri gözəlliyin təzələnməsi baxımından önəmli olacaq. Buna qədər isə artıq şəhərin Dövlət Bayrağı meydanı qoynunu sakinlərin üzünə açmışdır. Burada 70 metrlik yüksəklikdən üçrəngli, ay–ulduzlu bayrağımız əzəmətlə dalğalanır. Meydan xüsusi döşəmə daşlarla bəzədilib. Burada təşkil olunan möhtəşəm mədəni–kütləvi tədbirlərə minlərlə, on minlərlə sumqayıtlı böyük həvəslə toplaşır. Ulu öndərin abidəsinin ətrafı axşamlar dekorativ nur selində üzür, —desəm, mübaliğə etmiş olmaram. Yeni əzəmətli binaya sahiblənən H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı həm yerli tamaşaçılar qarşısında, həm də qastrollarda sənət imtahanlarından bir qayda olaraq uğurla çıxır. Artıq hər bir sumqayıtlı fəxr edə bilər ki, burada özünəməxsus mədəni aura var.
Bu gün böyüyən Sumqayıt qlobal iqtisadiyyat və mədəniyyət şəbəkəsinə təbii inteqrasiya edir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun icra hakimiyyətinin təşəbbüsü ilə iki il dalbadal sentyabr ayında keçirilən “Şəhər günü” bayramları hər kəsə unudulmaz təsir bağışlamışdır. Şəhərimizin tarixində ilk dəfə bu miqyasda keçirilən tədbiri dünyanın azərbaycanlılar yaşayan bütün ölkələri maraqla izləmişlər. Ölkəmizin incəsənət ustaları ilə bərabər Sankt–Peterburqun, Dağıstanın musiqi kollektivləri də bayramda yaxından iştirak etmişlər. Gözəl ənənəyə çevrilən “Kitab bayramı” da ona qatılanlarda gözəl ovqat yaratmışdır…
Azərbaycan iqtidarının yeritdiyi siyasi kurs, makroiqtisadi və sosial–mədəni inkişaf xətti xalqın milli maraqlarına tam uyğundur və dövlət–xalq mənafeyinə əsaslanır. Biz ən tolerant, sülhpərvər dövlətlərdənik. İnamla demək olar ki, indi dünya bizi yaxından tanıyır, təqdir və qəbul edir, öyrənir. Təəssüf ki, doğma Azərbaycanımızın tərəqqisini görmək istəməyənlər də yox deyil. Bizi gözdən salmağa çalışan bəzi xarici qüvvələr, onların havadarlıq etdiyi “milli demokratlar”, qonşu ölkələrin üzdəniraq dairələri uğurlarımıza qara yaxmaqdan, heç bir əsası olmayan arqumentlərə istinad edib işlərimizə ağız büzməkdən çəkinmirlər. Belələri adətləri üzrə ölkədə keçirilməsi nəzərdə tutulan siyasi kampaniyalar, mühüm seçkilər ərəfəsində fəallaşır, müxtəlif “şou”larla səs–küy qoparmağa çalışır, yanlış ictimai rəy formalaşdırmağa can atırlar. Amma hər dəfəsində onların əlləri boşa çıxır, siyasi korafəhmliklərindənsə əl çəkmirlər ki çəkmirlər. Böyük şəhərlərimizdən tutmuş əyalətlərimizə, ucqar kəndlərimizə qədər yaradılan zəruri infrastrukturu, sosial rifahın yüksəlməsini, abadlıq yürüşünü görməmək üçün gərək gözübağlı olasan. Xalqın siyasi savadının ötən onilliklərdə xeyli çoxaldığını, daha heç kəsin populistlərin boş çağırışlarına uymadığını anlamamaq onların qüsurudur.
Qədirbilən və ayıq–sayıq xalqımız hər zaman olduğu kimi, yenə də birmənalı olaraq haqqın tərəfində, cənab Prezidentimizin yanındadır və bu inamla da öz istiqbalına doğru irəliləyir.
Namiq Qaffarov,
Sumqayıt Şəhər
Mədəniyyət və
Turizm İdarəsinin rəisi.
Mədəniyyət.- 2013.- 12
fevral.- S. 6.