TƏHSİLDƏ
İSLAHATLAR ÖZ BƏHRƏSİNİ VERİR
Respublikamızın
hər yerində olduğu kimi,
İmişli rayonunun
təhsil işçiləri də 2012–2013–cü
dərs ilini uğurla
davam etdirirlər. Rayonda ümummilli
lider Heydər Əliyev tərəfindən
müəyyənləşdirilmiş təhsil
islahatının həyata keçirilməsi həm keyfiyyətcə,
həm də kəmiyyətcə yeni məzmun
daşıyır, milli təhsilin yüksək
səviyyəyə qaldırılması üçün
bütün imkanlardan
səmərəli istifadə olunur. Rayon təhsil şöbəsinin müdiri Ramiz Əmirovla
görüşərək, bu sahədə
görülən işlər haqqında məlumat verməyi xahiş etdik. O bildirdi ki,
respublikamızın iqtisadi və sosial sahədə nailiyyətləri
artdıqca milli təhsil sahəsində də
uğurlar getdikcə çoxalır, bu sahəyə dövlət qayğısı
gücləndirilir. Bu gün
təhsildə nə qazanmışıqsa, hansı
uğurları əldə etmişiksə, bunların
hamısı ulu öndərimiz Heydər Əliyevin
başladığı təhsil islahatlarının nəticəsidir.
Rayonumuzda təhsili müasir
tələblər səviyyəsində qurmaq
və onun keyfiyyətini
yaxşılaşdırmaq istiqamətində məqsədyönlü
tədbirlər görülür. Müəllimlərimiz
bundan ötrü əllərindən
gələni edirlər.
Hazırda rayonda 63 ümumtəhsil məktəbi fəaliyyət göstərir və bu məktəblərdə 15446 nəfər şagirdin təlim–tərbiyəsi ilə 1545 pedaqoji işçi məşğul olur. Müəllimlərin 1180 nəfəri ali, 340 nəfəri orta ixtisas təhsillidir. Rayon üzrə pedaqoji işçilərin 63 faizini qadınlar təşkil edir.
Təhsildə uğur qazanmaq üçün birinci növbədə keyfiyyətə fikir verilir, qabaqcıl təcrübələrin üzə çıxarılması və tətbiqi, açıq və nümunə dərslərinin təşkili istiqamətində ardıcıl iş aparılır. Şagird nailiyyətlərinin dəqiq qiymətləndirilməsi hər bir gəncin və yeniyetmənin fərdi hazırlığına, şəxsən nəyə qadir olduğuna diqqət yetirilməsi təhsilin keyfiyyətinin yüksəldilməsinə, ədalətliliyin bərqərar olmasına, şəffaf tədris şəraitinin yaranmasına müsbət təsir göstərir. Qiymətləndirmə metodlarının daha şəffaf, daha qüsursuz olması normal təhsil üçün vacib şərtdir.
Şagird görəndə ki, müəllim onun əməyini dəqiq qiymətləndirir, şişirtməyə, yaxud qərəzçiliyə yol vermir, onda daha da həvəslənir, daha yaxşı oxuyur, öz üzərində daha yaxşı çalışmağa başlayır. Mən bu sözləri deyərkən ulu öndərimiz Heydər Əliyevin bir kəlamını xatırlayıram:”Ədalət hər yerdə lazımdır, amma məktəbdə ədalət hamısından çox lazımdır… Əgər məktəbdə gənc, uşaq ədalətsizliklə qarşılaşırsa, onda belə təsəvvür yaranır ki, elə bu dünya ədalətsiz dünyadır. Buna yol vermək olmaz”.
Şagirdlərin biliklərini qiymətləndirməkdən ötrü IX–XI siniflərdə fənlər üzrə test imtahanları keçirilmişdir. Keçən tədris ilinin sonunda doqquzuncu siniflərdə aparılmış buraxılış imtahanlarında iştirak etmiş 1602 nəfərin 72 faizi müvəffəq qiymətlər almışdır. On birinci siniflər üzrə 1186 nəfərdən 82 faizi müsbət qiymətlər almışdır ki, bu göstərici əvvəlki illərdəkindən xeyli yaxşıdır. İmtahanların mərkəzləşdirilmiş qaydada keçirilməsi böyük əhəmiyyət kəsb etmişdir. Təhlil göstərmişdir ki, imtahanların mərkəzləşdirilmiş qaydada keçirilməsi şagirdlərin, müəllimlərin, valideynlərin məsuliyyətlərini artırmaqla təhsilin keyfiyyətinin yaxşılaşmasına kömək edir. Bunu ali məktəblərə qəbul imtahanlarında daha aydın gördük. Belə ki, ötən il məzunlarımızdan 237 nəfər ali məktəbə daxil oldu. 8 nəfər 500–dən, 6 nəfər 600–dən yuxarı bal toplamışdı. Şəhər 4, 5 və 8 saylı, Əliqulular, Gövhərli kənd məktəblərinin məzunları qəbul zamanı daha yüksək bal toplamışlar. Məktəblilər arasında müxtəlif nominasiyalar üzrə bilik yarışlarının, müsabiqələrin keçirilməsi sistematik xarakter almışdır. 2012–ci ildə şagirdlərimizdən Elşad İsmayılzadə, Orxan Səxavətli, Fidan Rəşli fənn olimpiadalarının respublika mərhələsində iştirak etmiş, mükafata layiq yerləri tutmuşlar. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş inşa yazı müsabiqəsində Yalavac kənd orta məktəbinin şagirdi qalib olmuşdur. Tədris müəssisələrinin gənc yetirmələri “Cəsurlar” və “Şahin” hərbi–idman yarışlarında uğurla çıxış etmişlər. Qızılkənd orta məktəbinin komandası sərhədyanı orta məktəblərin komandaları arasında birinci yerə sahib olmuşdur.
Rayonda istedadlı şagirdlərin aşkara çıxarılması sahəsində Dövlət Proqramının irəli sürdüyü vəzifələri yerinə yetirmək üçün ardıcıl iş aparılır. Məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir ki, bu sahələr də rayon rəhbərliyinin və təhsil şöbəsinin gündəlik qayğısı ilə əhatə olunmuşdur.
Məktəbdənkənar müəssisələrin işi razılıq doğurur. Uşaq Gənclər İdman Məktəbinin işləri haqqında təkcə rayonda deyil, respublikamızda da yaxşı sözlər eşidilir.
Məktəblərin maddi–texniki bazası getdikcə möhkəmləndirilir. Dərs ili ərəfəsində Bəcirəvan, Çaxırlı, Qaragüvəndikli, Ağaməmmədli, Ağamalılar, Xoşçobanlı kənd orta məktəblərinin binaları istifadəyə verilmişdir. Hazırda Hacıbabalı kənd orta məktəbi üçün 180 yerlik tədris korpusu inşa olunur. Şəhər məktəblərində istilik sistemləri yenidən qurulmuş, cari tədris ilində məktəblər üçün kifayət qədər əyani tədris vəsaitləri, kompyuter avadanlıqları, inventar alınmışdır. Vahid məktəbli formasına keçilməsi sahəsində də xeyli iş görülmüşdür.
Təhsil millətin gələcəyidir. Bu sahədə respublikamızda və bölgələrdə çox böyük işlər görülür. Tədris ocaqlarında maddi–texniki bazanın möhkəmləndirilməsi, dünya təcrübəsinin tətbiqi, yeni pedaqoji təfəkkürün formalaşması, müasir təlim metod və texnologiyalarından istifadə və digər yeniliklər, irəli sürülən layihələr, islahatın uğurla davam etdirildiyinə dəlalət edir. Bu irəliləyişdən ruhlanan təlim–tərbiyə müəssisələrimizin pedaqoji kollektivləri tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində gələcəkdə də ardıcıl və məqsədyönlü iş aparacaq, qurucu gənc nəsil yetişdirmək üçün bütün imkanlardan səmərəli istifadə edəcək, təlimin səviyyəsini hər vasitə ilə yüksəldəcəklər.
Biz bir
neçə təhsil müəssisəsində olduq, müəllimlərlə görüşdük,
dərslərin gedişi ilə
tanış olduq. Onlar
vurğuladılar ki, tədris prosesində
qazanılmış müvəffəqiyyətlər bizim üçün son hədd deyil, onların
artırılması üçün bundan sonra da
əzmlə çalışacağıq.
Sabir MUSTAFAYEV
Respublika.- 2013.- 13 fevral.- S. 7.