ERMƏNİLƏRİN
AZƏRBAYCAN XALQINA QARŞI ƏRAZİ İDDİALARI,
SOYQIRIMLARI VƏ DEPORTASİYALAR
Dünyanın
fövqəlgüc dövlətlərinin himayəsi
altında olan “Şərq məsələsi”
və onun əsas tərkib hissəsi kimi “erməni məsələsi”nin
yaranmasından iki əsrdən artıq zaman keçsə də, siyasi–hərbi təzyiq
vasitəsi olaraq beynəlxalq münasibətlər sistemində öz
təsir gücünü saxlamaqda,
həm Türkiyə, həm də Azərbaycana yeni–yeni problemlər
doğurmaqdadır.
Hazırda
neoimperialist mövzuda
yazılan qərəzli yazılar və söylənilən riyakar fikirlər tarixi həqiqətlərə,
arxiv sənədlərinə deyil, müəyyən dairələrin
maraqlarına və zərərli ideologiyaların təbliğatına
əsaslanmışdır. Buna görə də “Şərq məsələsi”nin,
o cümlədən də “erməni məsələsi”nin
əsl mahiyyətini tarixi həqiqətlərə,
arxiv sənədlərinə əsasən
şərh etmək və beynəlxalq ictimaiyyətə
çatdırmaq Azərbaycan
tarixşünaslığının əsas vəzifələrindəndir.
Tarix elmləri doktoru
Ataxan Paşayevin “Ermənilərin
Azərbaycan xalqına qarşı ərazi iddiaları,
soyqırımları və deportasiyalar
(XIX–XX əsrlər)” adlı tədqiqatı bu
baxımdan çox əhəmiyyətlidir.
Kitab 20
ildən artıqdır ki, beynəlxalq
münasibətlər sisteminin gündəliyində
olan, lakin ikili standartlar və qərəzli
yanaşmalarla “tənzimləndirilməyə”
çalışılan Qarabağ probleminin, 20 Yanvar faciəsinin,
Xocalı soyqırımının, Azərbaycan ərazisinin
20 faizinin işğalının, bir milyondan artıq qaçqın–köçkün probleminin
əsl səbəblərini, bu hadisələr
zamanı törədilən vəhşilikləri, cinayətləri
ortaya qoymaqla
yanaşı, son Qarabağ
hadisələrinə qədər də Azərbaycana və azərbaycanlılara
qarşı törədilmiş soyqırım və
deportasiyaların real mənzərəsini
göstərmişdir.
Bu kitab “erməni məsələsi”lə
bağlı Azərbaycan həqiqətlərini yaymaq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini
təhrif edənlərə elmi ədəbiyyat
və arxiv sənədlərindən
istifadə etməklə tutarlı cavab
vermək baxımandan təqdirəlayiqdir.
Mövzunun aktuallığını nəzərə
alaraq əsəri oxuculara
təqdim edirik.
(əvvəli
ötən sayımızda)
Kuzminskinin
hesabatında göstərilirdi ki, Bakıya axışan ermənilər
tez bir zamanda burada neft sənayesi, ticarət və bank işi
sahəsində üstünlüyü ələ keçirirlər.
Qısa müddətdə iri kapita–listlərə
çevrilmiş ermənilər neft işi sahəsində hətta
hakim mövqe tuturlar.
XIX əsrin
əvvəllərində Bakıda neft sənayesinin sürətlə
inkişafı və proletar sinfinin sürətlə
artması ilə əlaqədar olaraq burada rus sosial–demokrat və
sosial inqilabçılarla yanaşı, ermənilərin də
bu yönlü hnçaq və daşnaksütyunçulardan
ibarət sosial–demokrat və sosial–inqilabçı fəhlə
partiyaları yaranır. Ermənilərin yaratdıqları bu
partiyalar digərlərindən təkcə proqramları ilə
deyil, habelə özlərinin yaranma tarixləri, hərəkət
istiqamətləri ilə də fərqlənirdilər.
Kuzminskinin hesabatında göstərilirdi ki, daşnaksütyun
xadimləri ermənilər arasında fəal təbliğat
işi aparır, imkan daxilində onları silahlandıraraq
döyüş drujinaları yaradıb “Türkiyəyə
göndərərək dəfələrlə orada
döyüş əməliyyatları həyata
keçirmişlər”. O, qeyd edirdi ki, 1903–cü ilin iyununda
erməni kilsəsinə məxsus əmlakın müsadirəsinə
dair çar fərmanından sonra “Daşnaksütyun” əvvəllər
Türkiyəyə qarşı yönəltdiyi fəaliyyətini
artıq Rusiyaya və rus hakimiyyətinə qarşı
çevirir.
1905–1906–cı
il erməni–azərbaycanlı qırğını ilk olaraq
Bakı şəhərində başlayır. 1905–ci il
fevralın 6–da Bakının mərkəzindəki erməni kilsəsində
ibadət qurtardıqdan sonra kilsə ətrafında
toplaşmış ermənilər oradan keçən Bakı
sakini Ağa Rza Babayevi qətlə yetirirlər. Bu hadisə təkcə
Bakını deyil, bütün Güney Qafqazı bürüyərək
minlərlə insanın həyatına son qoyan, insanları təxminən
iki ilə yaxın bir müddət böyük məşəqqət
və məhrumiyyətlərə düçar edən
geniş miqyaslı erməni–azərbaycanlı
qırğını üçün bəhanə olur.
1905–ci
il fevralın 6–9–da Bakıda baş vermiş erməni–azərbaycanlı
qırğını barədə Bakı qubernatoru knyaz
M.Nakaşidze geniş məruzə hazırlayaraq həmin il
fevralın 28–də Qafqaz canişininə və Rusiya daxili
işlər nazirliyinə göndərir. Məruzədə
fevralın 7–9–da Bakı hadisələri zamanı ölənlər
barədə tam olmayan məlumat verilərək göstərilirdi
ki, itki göstərilənlərdən daha çoxdur.
Ölülərin çoxu gizlədilir. Özü də gizlədilmiş
ölülərin əksəriyyəti müsəlmanlara aid
idi. Çünki onlar ölülərini və
yaralılarını gizlədirdilər ki, meyitləri
yarmasınlar.
Bu
hadisələr zamanı şəhərdə həyat, demək
olar ki, dayanmış, dükanlar, klublar, tədris müəssisələri
bağlanmış, fayton və konkalar işləmirdi.
Yalnız fevralın 9–da Bakı qubernatoru M.Nakaşidzenin
iştirakı ilə hər iki xalqın nümayəndələrinin
şəhəri dolaşaraq sülhə
çağırışından sonra qırğın
dayandırılır. M.Nakaşidze öz məruzəsində
yazırdı: “Ermənilər bu hadisələri özləri
başladıqları halda şayiələr yayırlar ki,
guya bu hadisələr zamanı yazıq ermənilər inzibati
idarələrin və başqalarının bəd əməllərinin
günahsız qurbanlarına çevrilmişlər”.
Məruzədə
“Daşnaksütyun” partiyası və erməni mətbuatının
erməni–müsəlman qırğınına münasibətini
bildirən qubernator həmin “şərəfsiz insanların
öz məqsədlərinə çatdıqlarını”
qeyd edərək yazırdı: “Öz rəzil şayiələrini
şifahi və mətbuat vasitəsi ilə bütün
dünyaya yayaraq və erməni əhalisini o dərəcədə
dövlət qulluqçuları və inzibati idarə
işçilərinə qarşı qoymuşlar ki,
onların hər biri özünü daim təhlükədə
hiss edir”.
Ermənilər
həmin il mayın 11–də Bakı qubernatoru M.Nakaşidzeni qətlə
yetirirlər. 1905–ci ildə Bakıda ikinci dəfə avqustun
20–dən sentyabrın ortalarına qədər erməni–azərbaycanlı
qırğını yenidən davam edir.
Bakı
şəhəri polismeysterinin Bakı şəhər müvəqqəti
general–qubernatoruna göndərdiyi raportlarda həmin ilin
avqust–sentyabr aylarında Bakıda baş vermiş erməni–azərbaycanlı
qırğını barədə ətraflı məlumat
verilir.
1905–ci
il sentyabrın 10–da ermənilər və azərbaycanlılar
arasında barışıq yaratmaq məqsədilə Qafqaz
canişini İ.Vorontsov–Daşkov Bakıya gəlir. Həmin
il sentyabrın 14–də saat 12–də min nəfərdən
yuxarı ermənilərin və azərbaycanlıların
qabaqcıl ziyalılarının və din xadimlərinin rəhbərliyi
Bakının Duma meydanına toplaşırlar. Burada quberniya
qazisi M.M.Mircəfərzadə, erməni keşişi və
müvəqqəti general–qubernator xalqa müraciətlə
onları sülhə çağırırlar.
Barışıq
şərtlərini hazırlamaq üçün hər iki tərəfin
təklifləri barədə arxivlərimizdə kifayət qədər
sənədlər mühafizə olunur. Danışıqlar
aparmaq üçün tərəflərin nüfuzlu şəxslərindən
ibarət komissiya yaradılır. Onların arasında intensiv
danışıqlar və yazışmalar gedir. 1906–cı ilin
fevralında hər iki millətin nümayəndələrinin
Qafqaz canişini və onun müavinlərinin iştirakı ilə
Tiflisdə keçirilmiş sülh danışıqları
barədə M.S.Ordubadinin “Qanlı sənələr” və
V.Mayevskinin “Qafqazda erməni–tatar (azərbaycanlı – A.P.)
iğtişaşı erməni məsələsinin bir mərhələsi
kimi” kitablarında öz əksini tapmışdır. Hər
iki xalqın nümayəndələrinin iştirakı ilə
həmin məsələlərin müzakirəsi zamanı ermənilər
iç üzlərini açaraq özlərini bir daha
ifşa etmişlər.
1905–1906–cı
illərdə ermənilərin törətdikləri erməni–azərbaycanlı
qırğınına aid rəsmi sənədlər əsasən
Bakı şəhərində baş vermiş hadisələri
əks etdirir. Güney Qafqazın digər bölgələrində
bu hadisələr barədə rəsmi sənədlər, demək
olar ki, qorunub saxlanılmamışdır. Həmin dövrdə
Güney Qafqazda erməni–azərbaycanlı münasibətləri
yazıçı–jurnalist M.S.Ordubadinin topladığı sənəd
və materiallar əsasında qələmə
aldığı və 1911–ci ildə nəşr olunan
“Qanlı sənələr”, M.M.Nəvvabın “1905–1906–cı
illərdə erməni–müsəlman davası”
kitablarında, habelə o dövrün mətbuatında dərc
olunmuş xəbərlər və məqalələrdə əks
olunmuşdur.
“Qanlı
sənələr” əsərinə müqəddiməsində
M.S.Ordubadi öz kitabını sənədlər və
sorğusuna əsasən ona “yetişmiş 245 məktub,
daşnaksütyun partiyasının fəaliyyətinə dair
dörd yüzdən artıq məlumatlar” əsasında
yazdığını qeyd edir.
Mir
Möhsün Nəvvab isə yazırdı ki, Rusiya dövləti
Qafqaz məmləkətinə hakim olduqdan sonra hər yerdə
sakitlik yarandı. Heç bir millət bir–birinə hücum
etmirdi. “Xüsusən ermənilərlə müsəlmanlar
arasında çox vaxt məhəbbət və dostluq olub,
bir–biri ilə alış–veriş ediblər… Əfsuslar olsun
ki, erməni tayfasının indi təbiəti dəyişib.
Zahirləri ilə batinləri bir deyil. Zahirən özlə–rini
dost kimi göstərsələr də, batinləri ədavətlidir.
Özləri də görürlər ki, təbiətlərinin
bu cür ədavətli olmasından həmişə zərər
çəkirlər”.
Təəssüflər
olsun ki, uzun illər ermənilərlə bir şəhərdə
yaşayan M.M.Nəvvab erməni məkrini vaxtında hiss edə
bilməmiş, onların bu cür dəyişməsinin səbəbini
“İrəvan şəhəri erməniləri–nin çox
kinli, ədavətli, təkəbbürlü, xudpəsənd
və xəmirlərinin fitnə–fəsadla yoğurulmuş
adamlar olmasında” görmüşdü.
M.S.Ordubadi,
M.M.Nəvvab və dövri mətbuat materialları əsasında
ermənilərin 1905–1906–cı illərdə Bakı ilə
yanaşı Gəncə, Naxçıvan, Şuşa, Cəbrayıl,
Zəngəzur, İrəvan, Eçmiədzin (Üçkilsə),
Tiflis, Qazax, Ordubad, Oxçu–Şəbədək və
başqa yerlərdə törətdikləri
qırğınlar barədə ətraflı məlumatlar
verilir. Materialların təhlili əsasında belə bir nəticəyə
gəlirik ki, o yerdə ki, ermənilərə açıq
müqavimət göstərilirdi, həmin yerlərdə həm
silah–sursat, həm də say və taktiki hazırlıq cəhətdən
türk–müsəlmanlardan üstün olmalarına baxmayaraq,
ermənilər çoxlu itki verməklə yanaşı, həm
də ağır məğlubiyyətə
uğrayırdılar. Ermənilərin Naxçıvan qəzasındakı
məğlubiyyəti, yaxud İrəvan qəzasının Mənkus
kəndinin əhalisi erməni hücumunu görüb
qaçarkən 50 yaşlı Novruz Kazım oğlunun
qaçanlara müraciətlə: “Oğlanlar! Hara
qaçırsınız? İstəyirsiniz bu qaçmaqla
bizi, Qafqaz müsəlmanlarını, başqa millətlərin
yanında başı aşağı edəsiniz?! Məgər
bu qaçmaqla ermənilər sizi bağışlayacaqlar?!
Xeyr! Xeyr! Bunların qabağından qaçdıqca daha da
cürətli olub bizə və bizim ailəmizə heç
bir əsrdə insanlara rəva görülməmiş
hörmətsizliklər yetirəcəklər. Məgər
bunlar haman ermənilər deyil ki, bir il əvvəl mən
barmağımla hərəkət edəndə az
qalırdılar Qırxbulaq mahalından çıxıb
qaçsınlar. İndi sizə nə olub ki, aciz arvadlara
qoşulub qoyun sürüsü kimi bunların
qabağından qaçırsınız. Siz
qaçırsınız qaçın! Mən tənha bu erməni
alaylarının qarşısında müdafiə
mövqeyində durub can verəcəyəm”.
Qoşalülə tüfənglə ermənilərə qarşı vuruşan Novruz kişi gülləsi qurtarana kimi ermənilərə müqavimət göstərir. Gülləsi qurtardıqdan sonra tüfənginə saçma qırma doldurarkən ermənilər hücum edib onu əsir alaraq zülm və işgəncələrlə qətl edib başını kəsərək “min beş yüz müsəlmanın sərkərdəsinin başıdır” deyə əvvəlcə Aleksandropola, sonra isə Bakı şəhərinə göndərmişlər”.
M.S.Ordubadinin topladığı materialların əksəriyyəti erməni məkrini və erməni xəyanətkarlığını bir daha sübut edir. 1905–ci il dekabrın 26–da ermənilərin Cavanşir qəzasının Ümidli kənd camaatının başına açdığı müsibət bu məlumatlardan biridir. Tərtər qəzasında qalan yeganə azərbaycanlı kəndinin camaatı qiymətli əşyalarını arabalara yükləyərək, heyvan sürülərini də götürüb kəndi tərk ediblər. Heyvalı adlı erməni kəndi yanından keçərkən Abram bəy Hasan Calalov onlara rast gələrək Heyvalıda gecələyərək sabah sübhdən getməyi təklif edir. Erməni məkrinə inanan sadəlövh ümidlililər razılaşırlar. Abram bəyin fitvası ilə Ümidli kəndindən olan köçkünləri erməni daşnakları dörd tərəfdən mühasirəyə alaraq kişiləri ayırıb başlarını kəsir. Sonra arvad–uşağın bir hissəsini qətlə yetirir, bir hissəsini isə təhqir edirlər. M.S.Ordubadi ona bu məlumatı göndərən adamın həmin hadisələri yazarkən davam gətirə bilməyərək ağladığını və göz yaşlarının məktubun üzərinə töküldüyünü də qeyd edir.
Bu hadisəyə öz münasibətini bildirən M.S.Ordubadi yazırdı: “Bəşər tarixinə nəzər salsaq, görərik ki, indiyə qədər heç bir xalq qadın tayfasına bu qədər cəfa verməmişdir ki, ermənilər Ümidli camaatına etdilər. Bir ananın qabağında üç–dörd balasını qurban edib, balalar əl–ayaq çaldıqda ananı gözləri yaşla dolu bir halda bihörmət etmək insafmıdır?!
Budurmu erməni mədəniyyəti!! Bu xəbis rəftarla istiqlaliyyət həvəsində olan bir millətin axırı nə olacaqdır xəyalındayam. 150–yə qədər övrət və kişini doğrayıb bir–birinin üstündə atəş ilə yaxmaq mədəniyyətli bir millətə yaraşandırmı?”
(davamı
növbəti saylarımızda)
Allahşükür Qurbanov
Respublika.- 2013.- 13 fevral.- S. 5.