Mənalı ömür yolu

 

Davud Axundovun Azərbaycanın qədim və ilk orta əsrlər dövrü memarlıq tarixinə həsr olunmuş elmi əsərləri respublika memarlıq elminin inkişafına böyük və əvəzsiz töhfədir. Onun çoxillik elmi axtarışları 1980–ci ildə Moskvada böyük uğurla müdafiə etdiyi doktorluq dissertasiyasında öz əksini tapmışdır.

Qədim Azərbaycan memarlığının tədqiqatçısı kimi, gördüyü işlər son dərəcə qiymətli və misilsizdir. O, özünün rəhbərliyi altında işləyən və geniş tədqiqatlar aparan alimlər məktəbi yaratmışdır. Alimin çoxillik axtarışları “Azərbaycanın qədim və erkən orta əsrlər memarlığı” adlı sanballı monoqrafiyasında geniş işıqlandırılmışdır. Bu monoqrafiya respublikanın ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmiş və 1990–cı ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür.

Davud Axundovun rəhbərliyi altında 18 namizədlik və 1 doktorluq dissertasiyası müdafiə edilmişdir. O, 1988–ci ildən ömrünün sonuna kimi doktorluq dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Elmi Şuranın sədri olmuşdur.

Davud Axundovun yaradıcılığı çoxşaxəlidir. Onun elmi tədqiqatlarının əsasını Azərbaycan memarlıq tarixinin uzun illər ərzində araşdırılmamış və nəzər–diqqətdən kənar qalmış problemləri təşkil etmişdir. Azərbaycan tarixinin neolit, eneolit, tunc dövrlərinin memarlıq və incəsənət əsərlərinin paleoarxitektonikası və paleoestetikasının, qədim yaşayış və mərasim tikililərinin genezisinin paleoarxitektonik əsasının, Qobustan qaya rəsmlərində təsvir olunmuş qədim insan məskənləri planlarının tədqiqi, yuxarıda sadalanan dövrlərə aid çoxotaqlı yaşayış evlərinə Azərbaycanın qədim sitadel və qalalarının yaranmasının əsası kimi yanaşma böyük alimin araşdırmalarının özəyini təşkil etmişdir. Davud Axundovun araşdırmalarının digər mərhələsi İkinci Bakı qalasının, Səbayel məbədinin, qədim Atəşi–Baquan şəhərinin tədqiqindən ibarətdir. Bu elmi tədqiqatlarının əsasını standartlardan uzaq, dərin fəlsəfi məqamlara malik fərqli yanaşma və fərqli baxış təşkil edir. Davud Axundov öz tədqiqatlarında e.ə. II minilliyə aid qədim Mitra məbədlərinin tədqiqinə də geniş yer ayırmışdır. Bu məbədlərin interyerlərinin və səcdəgahlarının memarlığının öyrənilməsi alimin diqqətindən yayınmamışdır.

Elmi ədəbiyyatlarda uzun illər XII əsrə aid abidə kimi göstərilən Qız qalasının nə qədər qədim tarixə malik olduğunu məhz Davud Axundov zəkası aşkar etmişdir. Alimin Qız qalasının e.ə. minilliklərə aid Mitra məbədi, yəni Günəş məbədi olması haqqındakı elmi dəlillərə əsaslanmış fikri, bir çox alimlər tərəfindən şübhə ilə qəbul edilsə də, son illərdəki araşdırmalar qalanın müdafiə məqsədilə tikilmədiyini, xarici mütəxəssislərin də qalanın təyinatı ilə bağlı göstərdikləri maraq və rəylər onun eramızdan əvvəlki dövrlərə aid od məbədi və ya rəsədxana olduğunu aşkarlayır. Xüsusilə, Novruzun gəlişi saatıyla Qız qalasının pəncərələrindən günəş şüasının xüsusi bucaq altında düşməsi faktı barədə xarici mütəxəssislərin 2007–ci ildə əldə etdikləri nəticələr Davud müəllimin fərziyyələrini təsdiqləyir.

Davud müəllimin Azərbaycanın Qafqaz Albaniyası dövlətçiliyi dövrünə mənsub dini tikililərin memarlığının tədqiqatları, onların birmənalı şəkildə xalqımıza mənsub olduğunu sübuta yetirmişdir. Son illər düşmənlərimiz tərəfindən yeni mübahisə obyektinə çevrilmiş Naxçıvandakı Cuqa xaçdaşlarının mənsubiyyəti məsələsi də Davud müəllimin məşhur monoqrafiyasında öz təsbitini hələ çox uzun illər öncə tapmışdır. Uzaqgörən alimiştah diş altındadır” deyən bədxah qonşularımızın isti aşına çoxdan soyuq su qatmışdı. Xaçdaşlarxaçkarlar arasındakı köklü fərqi, lakin xaçdaşlarla başdaşlar arasındakı olan vəhdəti tapmışdı böyük alim! Xaçdaşları istər cənnət Qarabağda, istər Mingəçevirdə, istərsə də Gədəbəy və qədim Sünik, Basarkeçər torpaqlarında, Naxçıvanda tədqiq edərək, onlardakı kompozisiya vahidliyini, məna yükünü, bizim dünya və axirətin simvolizmini aşkar etmişdi Davud Axundov zəkası.

Davud müəllim eyni zamanda, Azərbaycanın memarlıq irsi sahəsində dərin tədqiqatlar aparmış, respublikamızın ərazisində yerləşmiş və erməni abidəsi kimi qələmə verilmiş abidələrin qədim alban abidələri olduğunu dünya tarixçilərinə sübut etmişdir. Ümumiyyətlə qeyd etmək lazımdır ki, Azərbaycan memarlıq tarixində uzun illər boyu alimlərimizin elmi araşdırmalarının əsasını islam dövrünə aid memarlığın tədqiqi təşkil etmişdir. Qədim dövrlər memarlığı isə diqqətdən bir qədər yayınmış və yadlaşmışdı. Nəhayət, Qafqaz Albaniyasının memarlıq tarixi kimi öyrənilməmiş, araşdırılmamış, yadlaşmış böyük bir dövr, böyük bir tarixi mərhələ. Bildiyimiz kimi, tarix boşluqları sevmir. Tapılan hər bir boş məkan ona yad olan, təhrif edilmiş məlumatlarla, fərziyyələrlə doldurulmağa çalışılır. Qafqaz Albaniyasının dövlətçilik və memarlıq tarixinibu aqibət gözləyə bilərdi. Akademik Z.Bünyadov, professor F.Məmmədova kimi tarixçilərimizin və Davud Axundov kimi tədqiqatçı memarlarımızın zəkası, elmi fəaliyyəti və vətəndaş mövqeyi Azərbaycan dövlətçiliyinin böyük bir qolu olan Qafqaz Albaniyası tarixinin qonşularımız tərəfindən mənimsənilməsinin qarşısını aldı. Bu mövqe anlamlıdır, çünki böyük tarixə malik bir xalqın memarlığı yalnız islam dövrünü əhatə edə bilməzdi. Azərbaycan ərazisində olan xristian dövrünə aid abidələr yadellilərə, sonradan bu ərazilərə köçürülmüşlərə, məskunlaşma müddəti 200 ilə yaxın bir dövrü əhatə edənlərə aid ola bilməzdi. Davud Axundov bu dövrün, bu memarlıq tarixinin tədqiqinin ilk iz cığırdaşına çevrildiQafqaz Albaniyası memarlıq tarixinin araşdırılmasının bir məktəb kimi əsasını qoydu. Uzun illərin tədqiqatının nəticəsi olaraq, “Azərbaycanın qədim və erkən orta əsrlər memarlığı” adlı monoqrafiyası işıq üzü görəndə düşmənlər yenə baş qaldırdı. Onu İrəvanda “personanon qratelan etdilər, ölümlə hədələdilər, başına bac qoydular. 1988–ci il Qarabağ hadisələri başlayanda vaxtilə faşist Almaniyasında böyük dünya mütəfəkkirlərinin kitablarının yandırıldığı kimi, onun kitablarını da İrəvan meydanlarında oda verdilər. Professor Axundov isə yazırdı və yaradırdı, alimlər yetişdirirdi. İlk müjdə 1983– ildə oldu —G.Məmmədovanın Qafqaz Albaniyasının dini tikililərinin araşdırılmasına həsr olunmuş dissertasiyası, alimin ilk uğurundan xəbər verirdi. Sonra bu tədqiqatların əhatə dairəsi genişləndi. Tədqiqatlar daha dərin və daha geniş qatları əhatə etməyə başladı —Qafqaz Albaniyasında antik dövrün memarlığı və inşaat sənəti (E.Zərgərli–1989), Qafqaz Albaniyasının antikorta əsrlər müdafiə tikililəri (S.Allahverdiyeva–1995), Qafqaz Albaniyasında mərasim memarlığının yaradıcı kökləri (A.Səlimova–1998), Qafqaz Albaniyasının orta əsr xristian və müsəlman dini tikililərinin memarlığının qarşılıqlı əlaqəsi (S.Hacıyeva–1998), Qarabağ memarlığının tarixi inkişafı (Z.Məmmədova–1999), Azərbaycanın orta əsr dini kompleksləri (Ş.Həmidova–2003) professor Axundovuonun ardıcıllarını maraqlandıran elmi sahələrdən idi. Lakin onun maraq dairəsi yalnız Qafqaz Albaniyasının memarlıq tarixi ilə bağlı deyildi. Cənubi Azərbaycanın və Azərbaycanın cənub–şərq vilayətinin müdafiə memarlığı (S.Axundova–1996), orta əsrlər dövründə Azərbaycan məscidlərinin memarlıq— planlaşdırma xüsusiyyətləri (V.Qədimova–2004), ənənəvi müsəlman memarlığında həndəsi quruluş qanunauyğunluqları da (O.Məmmədova–2005) professor Axundovun ardıcıllarının araşdırdığı sahələrdən idi.

Davud Axundovun yetişdirdiyi alimlər sırasında eyni zamanda xarici ölkə vətəndaşları da var idi. Sana şəhərinin timsalında islam dövrü Yəmən və qonşu ölkələrin dini memarlığının yaradıcılıq yolu və qarşılıqlı təsirinin tədqiqi problemləri vaxtilə onun tələbəsi olmuş Yəmən respublikası vətəndaşı Əl–Kuhlani Əbdu Rəhman Məhəmməd tərəfindən aparılmışdı.

Davud Axundov məktəbinin ən böyük akkordu isə heç şübhəsiz G.Məmmədova tərəfindən Qafqaz Albaniyasının dini tikililərinin geniş və dərin tədqiqatına həsr olunmuş böyük monoqrafiyadoktorluq dissertasiyası işi idi. Uzun illərin tədqiqatı, Qafqaz Albaniyasının Qərbi Azərbaycandan başlamış Qarabağ, Gəncəbasar və digər vilayətlərin xristian dini tikililərinin memarlıq–kompozisiyasının, inşaat sənətinin araşdırılması bu dissertasiyada geniş əksini tapdı.

Davud Axundov 100–ə yaxın memarlıq abidəsinin yenidən qurulmasına aid layihələrin müəllifidir. O, Qafqaz Albaniyasına mənsub dini tikililərin doğma dilimizdə düzgün tələffüzünə rəvac verdi. Uzun illər ərzində Xudavəngi (Allah kilsəsini)—Xotavank, Xatirəvəngi—Xatravank, Gəncəsəri—Qandzasar kimi tanımağımıza və tanıtmağımıza son qoyuldu.

Davud Axundov ömrünün sonuna kimi abidələrin tədqiqatıyla məşğul olmuşdur. Şəkinin Kiş kəndində yerləşən ilk alban məbədinin bərpası ilə bilavasitə məşğul olmasa da, abidənin ilkin tədqiqatlarında yaxından iştirak etmişdir. Abidənin bərpası onun məktəbinin davamçısı olan G.Məmmədovanın rəhbərliyi altında kafedranın aparıcı alimləri tərəfindən həyata keçirilmişdir.

Memarlıq ictimaiyyəti onu həm layihəçi–memar, həm də Azərbaycanın memarlıq irsinin dərin tədqiqatı ilə ciddi məşğul olan yorulmaz bir alim kimi tanıyır. Şirvanşahlar sarayı kompleksi məscidinin tədqiqatına və bərpa layihəsinə həsr olunmuş ilk elmi işindən başlamış, sonralar Azərbaycanın qədim və orta əsrlər dövrü memarlıq tarixinə həsr edilmiş elmi əsərləri memarlıq elminin inkişafına böyük töhfədir.

Respublika Dövlət mükafatı laureatı professor Davud Ağa oğlu Axundovun keçdiyi mənalı həyat yolu, gənc memarlara və alimlərə əsl örnəkdir.

 

 

Zahidə Məmmədova,

Azərbaycan Memarlıq və İnşaat

Universiteti Memarlıq fakültəsinin

dekanı, memarlıq üzrə fəlsəfə doktoru,

dosent.

 

Respublika.- 2013.- 14 fevral.- S. 7.