Mütərəqqi
üsulların tətbiqi kadr
hazırlığının keyfiyyətini daha
da yaxşılaşdırır
ATU–da İKT–dən geniş
istifadə tələbələrin biliyinin
qiymətləndirilməsi prosesindəki neqativ
halları aradan qaldırır
Müasir dövrdə elmi–texniki tərəqqi, yeni informasiya texnologiyalarının inkişafı
təhsilin qarşısında mühüm
vəzifələr qoyur. Bu
gün təhsilin və kadr
hazırlığının bütün
sferalarında tədrisin keyfiyyətinin yüksəldilməsinin
əsas hərəkətverici qüvvəsi məhz yeni informasiya
texnologiyaları sayılır. Başqa
sözlə desək, keyfiyyətli təhsil üçün
hər bir tədris müəssisəsi müasir avadanlıqlarla təchiz olunmalı, informasiya texnologiyaları geniş
tətbiq edilməlidir.
XXI əsr kompyuter əsri adlanır. Hər
şeydən əvvəl ona görə ki, artıq o, həyatın
bütün sahələrinə, o cümlədən təhsil sferasına da sirayət etmişdir. İndi informasiya–kommunikasiya vasitələri təhsildə insan faktorunun aradan götürülməsinə geniş imkanlar yaradır.
Ali məktəblərdə semestr imtahanlarının kompyuter
vasitəsilə aparılması təhsil sistemindəki islahat işinin tərkib
hissəsi olmaqla, həm də tələbə–müəllim
münasibətlərində subyektiv
halların aradan götürülməsinə
xidmət edir.
Semestr
imtahanlarının informasiya–kommunikasiya texnologiyaları vasitəsilə
aparılması işinə ilk addım atan ali təhsil
müəssisələrindən biri də Azərbaycan Tibb
Universitetidir.
Bu
sahədə nə kimi yeniliklər var? Uğurlar və
nöqsanlar nədən ibarətdir, mövcud problemlərin həlli
üçün nə kimi işlər görülür?
Bizi
maraqlandıran və düşündürən bu və ya
digər suallara aydınlıq gətirmək məqsədilə
bu günlərdə universitetdə olduq, tədris şöbəsinin
müdiri Nəsimi Qasımovla görüşüb söhbət
etdik. O, dedi:
—Bu
gün Azərbaycan Tibb Universitetində müalicə işi,
pediatriya, ginekologiya, tibbi profilaktika, tibbi biologiya, stomatologiya, əczaçılıq,
hərbi həkim işi və hərbi–feldşer işi
ixtisasları üzrə ilkin mütəxəssislər
hazırlanır. Bununla yanaşı, universitet keçən
ildən başlayaraq 2009–cu ildə parlament tərəfindən
qəbul edilmiş təhsil qanununa müvafiq olaraq 40 ixtisas
üzrə rezidentura təhsili istiqamətində də fəaliyyətini
davam etdirir. Yəni, bu gün univresitet tibb təhsilinin həm
birinci, həm də ikinci mərhələsində aktiv şəkildə
tibb kadrlarının hazırlığı ilə məşğuldur.
2000–ci
ildə ulu öndərimiz Heydər Əliyevin fərmanına
əsasən açılmış hərbi–tibb fakültəsində
isə hərbi tibb kadrları hazırlanır. Artıq
3–cü ildir ki, pediatriya ixtisası müalicə–işi
ixtisası, tibbi–biologiya ixtisası tibbi–profilaktika ixtisası
ilə birləşdirilib və bu ixtisaslara qəbul
dayandırılıb. Bu, nədən irəli gəlirdi?
Azərbaycanın
tibbi təhsili də, səhiyyəsi də bu gün Avropa
ölkələrinin təhsil və səhiyyə sisteminə
inteqrasiya etməkdədir. Köhnə sovetlər məkanının
və ona yaxın ölkələrin tibb təhsili istisna
olunmaqla, dünyanın heç yerində I kursdan pediatr
hazırlığı aparılmır. Qaydalara görə
böyüklərin və kiçiklərin ümumi həkimləri
hazırlanır və sonra rezidentura yolu ilə 40 ixtisas
üzrə bölgülər olur. Onu da deyim ki, bu ixtisaslara qəbulun
dayandırılması universitetə ümumi tələbə
qəbulunun sayına təsir etməyib. Magistratura pilləsində
təhsil də müvafiq qaydada davam etdirilir. Akademik
kadrların, yəni yüksək ixtisaslı pedaqoji və elmi
kadrların hazırlığı diqqət mərkəzindədir.
Fəlsəfə üzrə doktorların və elmi
doktorların hazırlanması fəaliyyətimizin bir hissəsini
təşkil edir.
Universitetdə 7 mindən çox
tələbə təhsil alır, 1100 nəfərdən ibarət
professor–müəllim heyəti çalışır. Onların arasında akademiklər, professorlar, dosent və fəlsəfə doktorları da var.
Son 20 ildə, daha
dəqiq desək, müstəqillik qazandıqdan
sonra Avropa təhsil məkanına inteqrasiyanı təmin etmək məqsədilə
universitetin fəaliyyətində
genişmiqyaslı reformalar
həyata keçirilir. Bu nöqteyi–nəzərdən bu
məkana daxil olan qardaş Türkiyə, Almaniya, İngiltərə, Fransa,
İtaliya kimi dövlətlərin ən
aparıcı universitetlərinin
təhsil proqramına
uyğun islahatlar davam etməkdədir.
2005–ci ildə Boloniya
bəyannaməsi imzalandıqdan
sonra əsas istiqamət tədrisin 100 ballıq sistemlə qiymətləndirilməsinə yönəldilmişdir. İnformasiya–kommunikasiya texnologiyaları vasitələrindən
geniş istifadə olunur, geniş kanallı internet şəbəkəsinə
qoşulmuşuq, bütün
kabinetlərdən internetə
çıxmağa imkan
var. Yeni tikilmiş terapevtik korpusda hər birində 40–a qədər kompyuter olan 2 kompyuter zalı təşkil edilib. Tədris kitabxanası Avropanın
aparıcı elektron kitabxanalarına birləşdirilib.
Yeni çıxan dəsrliklər
elektron versiyasında kitabxana fonduna daxil edilir.
Dünya Bankının xətti ilə Avropanın aparıcı universitetlərindən
mütəxəssislərin dəvət olunması da ənənəvi xarakter alıb. Məsələn,
bir neçə il əvvəl
London Universitetinin rektorunun
başçılıq etdiyi
qrupun iştirakı ilə universitetin tədris proqramı təftiş edildi, bir sıra tövsiyələr
verildi. Bu tövsiyələrdən
biri praktik vərdişlərin daha mükəmməl öyrədilməsi
üçün laboratoriyaların
təşkili ilə bağlı idi. Artıq bu məsələ həllini tapıb.
Müəllimlərin pedaqoji hazırlığı
məsələsi də
əsas şərt kimi qarşıya qoyulurdu. Bu məqsədlə gənc müəllimlər
Azərbaycan Müəllimlər
İnstitutunda pedaqoji hazırlıq kurslarına
cəlb edildilər.
Ənənəvi olaraq Universitetdə
tədris Azərbaycan
və rus dillərində aparılırdı,
bir neçə ildir ki, ingilis
dilində tədrisə
başlamışıq.
İngilis dilində təhsil almaq istəyənlər əcnəbi tələbələrdir. Hazırda burada
20–dən çox ölkədən
1000–dən artıq tələbə
oxuyur. Xarici dildə tədrisi
təmin etmək məqsədilə müvafiq
kadrların hazırlığı
üçün Xarici
Dillər Universiteti ilə əməkdaşlıq
da öz faydasını verir.
Bəllidir ki, imtahan tədrisə
nəzarət formasıdır
və biz bu prosesdə insan faktorunun aradan götürülməsi istiqamətində
də işlər görürük.
Hazırda 240 kompyuterlik iki imtahan zalı qurulub, yüksək keyfiyyətli proqram təminatı var, Virtual
Test Mərkəzi yaradılıb. Hər bir ixtisas üzrə
test bankı hazırlanaraq
kompyuterə yerləşdirilib.
Tələbələr ilk illər onlara
düşəcək bütün
sualları qabaqcadan bilirdilər. Ötən
il sualların
sayı çoxaldıldı
və 10 faizi tələbələr üçün
qapalı saxlanıldı.
Bu il belə
suallar 25 faizə çatdırıldı. Yəni
tələbə ona düşən hər 100
sualdan 25 ilə yalnız imtahanda tanış olur. Bu nə
üçün edilir?
Bəzən tələbələr
test suallarının cavablarını
əzbərləyib imtahana
girirlər. Gizli sualları isə
onları proqramı
tam mənimsəməyə, və bununla da kitab üzərində
daha çox işləməyə məcbur
edir. Təbii ki, kitabla ünsiyyət artdıqca savadın, biliyin mükəmməlliyinə zəmin
yaranır.
Əvvəllər kompyuterlə imtahan prosesinə istər müəllimlər, istərsə
də tələbələr
arasında tərəddüdlə
yanaşanlar vardı. İndi demək
olar ki, bunun düzgün seçim olduğu birmənalı şəkildə
qəbul edilir. Məsələn, budəfəki
qış imtahan sessiyasında kompyuter sistemi ilə 26205 halda imtahan götürülüb,
qeyri–kafi qiymət alanlar 0,6 faiz
təşkil edir. Klassik üsulla 6072 halda imtahan gedib və
burada tələbələrin
5 faizi qeyri–kafi qiymət alıb. Göründüyü kimi, fərq
böyükdür. Deməli imtahanların
kredit sistemi ilə aparılması subyektiv halların aradan götürülməsinə
kömək edir.
Tələbə burada
kənar təsirə
məruz qalmır, lakin kredit sisteminin
tələbələri narahat
edən başqa bir cəhəti var. Burada fənlər üç böyük qrupa bölünür: Məcburi ardıcıl fənlər (bunlar çoxluq təşkil edir), məcburi, lakin ardıcıl olmayan (tələbə bu fənni nə
vaxt istəsə oxuya bilər) fənlər və bir də seçim
fənləri (tələbə
burada da sərbəstdir.)
Məcburi ardıcıl fənlərin
biri ya ikisindən
qalan tələbə
digər fənlərə
buraxılmır və
burada yaranan akademik borcların ödənilməsi böyük
çətinliklər yaradır. Məcburi ardıcıl
olmayan fənlərdən
yaranmış akademk borcları 6 həftəlik
yay semestrində həll etmək mümkündür. Universitet rəhbərliyi
mövcud çətinliklərin
aradan götürülməsi
istiqamətində Təhsil
Nazirliyi ilə danışıqlar aparır.
Fevralın 4–də rektorluq şurasında qış imtahan sessiyasının nəticələri
geniş müzakirə
olundu. Belə bir qənaətə
gəlindi ki, Boloniya prosesinə keçid, yeni əməli vərdiş və bacarıqların aşılanması, imtahanların
kompyuterlə aparılması
tələbələrin hazırlıq
səviyyəsinin ilbəil
yaxşılaşmasını təmin edir. Builki qış imtahan sessiyasının nəticələri
də bunu deməyə əsas verir. Doğrudur, nəticə bizi
tam qane etmir, görüləsi işlər
hələ çoxdur.
Mən bir daha qeyd etmək
istəyirəm ki, kompyuterlə imtahan şəffaflığın təmin
olunması, baş verə biləcək neqativ halların aradan qaldırılmasına
kömək edir. Bəlkə də
elə buna görədir ki, tələbələrin şikayəti
də azalıb.
Belə ki, keçən il
apelyasiya komissiyasına
500–dən artıq müraciət
daxil olmuşdusa, bu il bu
müraciətlərin sayı
60–a enmişdir.
İmtahanların obyektiv aparılması, tələbələrin biliyinin
ədalətlə qiymətləndirilməsi,
müəllim–tələbə münasibətlərində xoşagəlməz
hallara yol verilməməsi hörmətli
rektorumuz, akademik Əhliman Əmiraslanovun böyük önəm verdiyi, daim diqqətdə
saxladığı məsələlərdəndir. O, tez–tez
müəllim və tələbələrlə görüşür,
onların fikirlərini
öyrənir, problemlərin
həllinə dair göstərişlər verir.
Sözsüz ki, işimizdə bəzən nöqsanlar da olur. Bu, ən çox özünü tələbələrin
semestr ərzində topladığı ballarda
büruzə verir.
Qış imtahan sessiyası başa çatsa da hazırda onun nəticələri ciddi təhlil olunur, keçid balı
ilə imtahanlarda toplanan ballar arasında yaranmış fərqlər araşdırılır.
Onu da deyim ki,
işində nöqsana
yol vermiş müəllimlər cəzadan
kənarda qalmırlar.
Azərbaycan Tibb Universiteti ölkəmizdə ali təhsilli kadrlar hazırlayan yeganə təhsil müəssisəsidir. Bu gün hər sahədə olduğu kimi, mükəmməl biliyə malik olan həkimlərə də böyük ehtiyac var. Bu məsuliyyəti
müəllimlər də,
tələbələr də
çox yaxşı dərk edirlər. Biz də işimizi
bu istiqamətdə qurur, universitetin nüfuzunu qoruyub saxlamağa çalışırıq.
Zümrüd ABDULLAYEVA
Respublika.- 2013.- 14 fevral.- S. 5.