QARAGAĞ RAYONU:
SOSİAL–İQTİSADİ İNKİŞAFİN YENİ MƏRHƏLƏSİ
2012–ci il müstəqil
Azərbaycan dövlətinin daha da inkişafı ilə,
dünyadakı nüfuzunun güclənməsi və möhkəmlənməsi,
bir sözlə daxili və xarici siyasətdə böyük
uğurlarla müşayət olundu. Qlobal regional layihələrin
həyata keçirilməsi, iqtisadiyyatımızın şaxələndirilməsi
və sahibkarlığa dövlət dəstəyi yolu ilə
qeyri–neft sektorunun davamlı inkişafı ölkəmizin hərtərəfli
tərəqqisini tam şəkildə təmin edib. Əldə
edilmiş möhtəşəm nailiyyətlər dövlətimizin
başçısı cənab İlham Əliyevin son illər
milli maraqlarımızın tam təmin olunması kontekstində
davamlı şəkildə və qətiyyətlə
yürütdüyü uğurlu siyasi kursun bəhrəsidir.
Qazanılan möhtəşəm nailiyyətlərdə Azərbaycanın ən iri sənaye mərkəzlərindən biri olan, ölkənin neft–qaz və qeyri–neft sektorunun inkişafında mühüm rol oynayan Qaradağ rayonu sanballı paya malikdir. Ərazicə Abşeron yarımadasının böyük bir hissəsində yerləşən, istər sosial–iqtisadi, istərsə də mədəni inkişaf baxımından son illər çox sürətlə tərəqqi edən Qaradağ Rayonu İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun rəhbərliyi ilə günü–gündən dəyişir, daha da gözəlləşir, müasirləşir, insanların həyat səviyyəsi yüksəlir.
Qaradağ rayonu Azərbaycanın ən iri neft–qaz sənaye müəssisələrinin yerləşdiyi məkanlardandır. Ulu öndərimiz Heydər Əliyevin neft strategiyasının reallaşmasında Bakının Qaradağ rayonunun da müstəsna rolu var. Hələ ötən əsrin 80–ci illərində məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində Qaradağ rayonunda regionda analoqu olmayan və bu gün haqlı olaraq ulu öndərimizin adını daşıyan Dərin Dəniz Özülləri zavodunun istismara verilməsi, digər neft sənayesi müəssisələrinin inşası bu gün milli neft strategiyasını uğurla reallaşdırmağa imkan verir. Rayonun sosial–iqtisadi inkişafında ulu öndərimizin ən layiqli siyasi varisi və davamçısı, Azərbaycanın və regionumuzun yeni parlaq lideri, Prezident İlham Əliyevin də müstəsna xidmətləri var. Cənab İlham Əliyev hələ Qaradağ rayonunda millət vəkili kimi fəaliyyəti dövründə çox böyük işlər görüb və rayon sakinlərinin hədsiz məhəbbətini qazanıb. Onun möhtəşəm fəaliyyəti, xeyirxahlığı bu gün də sakinlər tərəfindən razılıqla xatırlanır. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hər bir güşəsində olduğu kimi, Qaradağ rayonunda da böyük quruculuq və abadlıq işləri geniş vüsət alıb. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti onun üçün hər zaman doğma olan Qaradağ rayonuna təkcə 2012–ci ildə üç dəfə səfər edib. Dövlət başçısı Sahil qəsəbəsində müasir standartlar səviyyəsində inşa olunan “Holcim–Azərbaycan” ASC–nin yeni sement zavodunun, Qaradağ metal konstruksiyalar zavodunun, Ələt qəsəbəsindəki 32 saylı poliklinikanın, Qobustan qəsəbəsində 330 saylı orta məktəbinin, Müşfiqabad qəsəbəsində 67 saylı körpələr evi–uşaq bağçasının, qaçqınlar üçün salınmış yeni yaşayış məhəlləsinin açılışlarında şəxsən iştirak etməklə, Sahil qəsəbəsində aparılan quruculuq abadlıq işləri ilə yerində tanış olmağı ilə rayon əhalisinə hədsiz sevinc bəxş etmişdir. Cənab Prezident son dövrlərdə Qaradağ rayonunda həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərini yüksək qiymətləndirmiş və sürətli sosial–iqtisadi inkişafın sayəsində rayonun Azərbaycanın güclü sənaye mərkəzinə çevrildiyini vurğulamışdır.
Dövlətimizin başçısının Qaradağ rayonuna böyük önəm verməsi həm onun bu rayonla, onun sakinləri ilə hələ ötən əsrin 90–cı illərinin ortalarında sıx təmasda olması, rayonun daxili imkanları, təlabatı və problemləri ilə şəxsən tanışlığı və gələcəkdə Qaradağın Azərbaycanın inkişafındakı yerini düzgün müəyyənləşdirməsi, bir sözlə bu yerlərə döğma münasibəti ilə bağlıdır. Onu da xüsusi vurğulayaq ki, hələ 90–cı illərin ortalarında cənab İlham Əliyevin təşəbbüsü və köməyi ilə ilk dəfə məhz “Qaradağın sosial–iqtisadi inkişafı” proqramı qəbul edilib və uğurla icra olunub. “Holcim–Azərbaycan” ASC–nin yeni sement zavodunun açılışındakı çıxışında dövlətimizin başçısı həm Qaradağın, həm də bu zavodun ölkəmiz üçün çox böyük əhəmiyyət daşıdığını vurğulayıb: “Zavodun Qaradağ rayonunun ərazisində yerləşməsi, əlbəttə ki, təbii səbəblər əsasında mümkün olubdur. Çünki burada, yaxında zavodun məhsul istehsalı üçün lazım olan xammal yataqları vardır. Sovet dövründə bu zavod burada tikilmişdir. Əlbəttə, Qaradağ rayonunun gələcək sənaye inkişafı ilə bağlı bizim konkret fikirlərimiz vardır. Mən dəfələrlə demişəm ki, Azərbaycanın yeni sənaye mərkəzlərindən biri də Qaradağ rayonu olmalıdır. Qaradağ rayonu inkişaf edir. Burada həm güclü sənaye potensialı yaradılır, eyni zamanda, turizm obyektlərinin yaradılması, tikintisi məsələləri də gündəlikdədir”.
Prezident İlham Əliyevin 2012–ci il dekabrın 29–da imzaladığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və onun həyata keçirilməsi məqsədli dövlət proqramları vasitəsi ilə gerçəkləşdiriləcəkdir. Təsadüfi deyil ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının uğurla reallaşmasında Qaradağ rayonu da mühüm rola malikdir. Qaradağ rayonunda Neft–Qaz və Neft–Kimya Kompleksinin yaradılması qlobal layihədir. 2013–cü ildə başlanacaq layihə 2020–ci ilin dekabrında neft emalı zavodunun tikintisi ilə sona çatacaqdır. Bu nəhəng layihə təxminən 14 milyard dollara başa gələcəkdir.
Bu nailyyətlərin əldə olunması icra başçısı Süleyman Mikayılovun rəhbərliyi ilə Qaradağ Rayon İcra Hakimiyyətinin, onun yerli icra strukturlarının gündəlik səmərəli fəaliyyəti, görülən işlərə daimi nəzarəti, qayğı və diqqəti ilə bilavasitə bağlıdır. Məhz bu diqqət və qayğının, fəaliyyətin sayəsində Qaradağ rayonu son illər çox böyük uğurlara imza atıb, öz inkişafının keyfiyyətcə yeni, daha sürətli mərhələsinə daxil olub. Ötən il rayonda həm də sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, yeni istehsal müəssisələrinin tikintisi və iş yerlərinin açılması istiqamətlərində də xeyli işlər görülmüşdür. Belə ki, Putada “Xəzər–Boru” şirkətinin İstehsalat Bazasının və Metanol zavodunun, Səngəçalda “AAC” MMC–nin Qazobeton blokları və “As Kompani” MMC–nin Əhəng istehsalı müəssisələrinin tikintisi başa çatdırılmışdır. Sahil qəsəbəsinin inzibati ərazisində Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə “Holcim–Azərbaycan” ASC–nin yeni Sement Zavodunun və Qaradağ Metal Konstruksiyalar Zavodunun işə düşməsi ilə 350–yə yaxın yeni iş yeri açılmışdır. Bütövlükdə 2012–ci il ərzində 1310 yeni iş yeri açılmışdır.
Yaxın illərdə Ələtdə Beynəlxalq Dəniz Limanının, Sahildə Gəmiqayırma zavodunun inşası kimi nəhəng layihələrin icrası nəticəsində rayonda yüzlərlə yeni iş yerləri açılacaqdır. Bu rayonun sənaye potensialını gücləndirməklə yanaşı, onun mühüm tranzit əhəmiyyətini artıracaqdır. Ümumilikdə, ötən ildə rayonun sənayesində 567 milyon 774,1 min manatlıq və ya əvvəlki 2011–ci illə müqayisədə 16,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 411,6 min ton xam neft və 349,9 milyon kub metr təbii qaz hasil olunmuşdur. Rayon üzrə 1 milyon 558,2 min ton sement istehsal edilmişdir.
2012–ci il ərzində rayon əhalisinin asudə vaxtının səmərəli təşkili, mədəni–məişət şəraitinin yaxşılaşdırılması üçün mövcud park, xiyaban, məhəllədaxili ərazilərdə, uşaq meydançalarında və avtomobil yollarında geniş abadlıq və quruculuq işləri aparılmışdır.
Bakı–Astara magistral avtomobil yolunun rayon ərazisindən keçən sol və sağ hissələrinin kənarlarında nəzərdə tutulmuş istinad divarlarının tikintisi aparılmışdır. Hasarların qarşısında tamet döşənmiş, bordür düzülmüş, divarlar müasir işıqlandırma sistemi ilə təchiz edilmişdir. Həmin ərazidə ağac və bəzək kolları əkilmişdir.
Azərbaycan dövlətinin siyasətində sosial məsələlər həmişə prioritet istiqamətdir. Son illər, xüsusən də ötən il bu istiqamətdə həyata keçirilən genişmiqyaslı proqram və layihələr, görülən işlər insanların yaşayış səviyyəsinin yüksəlməsinə, işsizlik probleminin aradan qaldırılmasına, inflyasiyanın minimum səviyyəyə endirilməsinə imkan verib. Azərbaycanın sosial–iqtisadi inkişafı artıq dönməz xarakter alıb və yalnız neft amilindən asılı deyil. Təsadüfi deyil ki, nəhəng neft–qaz layihələrinin həyata keçirilməsi ilə yanaşı, indi daha çox qeyri–neft sektorunun, özəl bölmənin və sahibkarlığın inkişafı dövlətimizin xüsusi diqqət mərkəzindədir. Qeyri–neft sektorunun davamlı inkişafı, yerlərdə enerji, su və qaz problemlərinin aradan qaldırılması, regionlarımızın sürətli tərəqqisi, müasir infrastrukturun formalaşdırılması, yeni iş yerlərinin açılması, elm, təhsil, səhiyyə, rabitə, nəqliyyat, idman və digər sahələrin yüksəlişinə göstərilən dövlət qayğısı nəticədə, insanların daha yaxşı yaşamasına, onları narahat edən problemlərin həllinə gətirib çıxarıb. Son illər ölkəmizdə ən yeni texnologiyalarla təchiz olunmuş minlərlə sənaye və emal müəssisələri, dünya standartlarına cavab verən və internetə çıxışı olan müasir təhsil və səhiyyə ocaqları tikilib istifadəyə verilib. Əhaliyə xidmət sahələrinin sayı durmadan artır, keyfiyyəti yüksəlir. İnformasiya – kommunikasiya texnologiyaları cəmiyyətimizə geniş yol açıb, sosial sferada müasir idarəetmə üsullarının tətbiqinə başlanılıb.
Qaradağ rayonun timsalında da biz bunun əyani
əksini görürük. Rayonun sosial–iqtisadi sahələrinin inkişafına
ötən il 369 milyon 093,1 min manat investisiya qoyulmuşdur.
İstifadə edilmiş investisiyaların 246 milyon 876,5 min
manatı tikinti–quraşdırma işlərinə sərf
edilmişdir. Müvafiq Dövlət Proqramına uyğun olaraq
rayonun bütün qəsəbələrində müasir
texnologiyalar əsasında ATS–lərin nömrə
tutumlarının, internet xidmətlərinin
artırılması işləri aparılır. Qobustanda yeni
ATS, Ələt qəsəbəsinin Şixlar
yaşayış məntəqəsində poçt
şöbəsi inşa edilib. Korgöz qəsəbəsində
yeni poçt şöbəsi tikilib əhalinin istifadəsinə
verilmişdir.
Fərəhli
haldır ki, Qaradağ rayonunda orta əmək haqqı
ümumrespublika göstəricilərindən yüksəkdir.
Belə ki, hesabat ilində rayonda orta aylıq əmək
haqqı 2011–ci ilin müvafiq dövrü ilə müqayisədə
18,7 faiz artaraq 731,6 manata, sənayedə
çalışanların isə 21,6 faiz artaraq 966,4 manata
çatmışdır. Ötən il ərzində 1087 ailəyə
orta hesabla 127,67 manat məbləğində ünvanlı
sosial yardım verilmiş, əhalinin aztəminatlı təbəqələrinə
müxtəlif pensiyalar və müavinətlər ödənilmişdir.
2012–ci ildə
rayon əhalisinin və sosial obyektlərin enerji
daşıyıcıları və kommunal xidmətlərlə
təminatının yaxşılaşdırılması
istiqamətlərində də xeyli işlər
görülmüşdür.
Ötən
il əhalinin təbii qaz, elektrik və istilik enerjisi, içməli
su ilə təchizatının və kanalizasiya xidməti ilə
təminatının normallaşdırılması
üçün bir sıra işlər
görülmüşdür. Cənab Prezidentin
imzaladığı müvafiq Dövlət Proqramının
aparıcı istiqamətlərdən birini təşkil edən
paytaxtətrafı qəsəbələrin su və kanalizasiya
təchizatı sistemlərinin əsaslı şəkildə
yenidənqurulması işlərinə başlanması
2013–cü ilədək Qaradağ rayonunun da bu sahələrdə
mövcud olan problemlərin böyük əksəriyyətinin
həll olunması ilə nəticələnəcəkdir.
Hazırda
rayonda 15663 nəfər və ya 3614 məcburi köçkün
və qaçqın ailəsi məskunlaşıb. Onların
yaşayış şəraitinin
yaxşılaşdırılması və sosial problemlərinin
həlli rayon rəhbərliyinin daimi diqqətindədir. Ötən
il Ümid qəsəbəsində kottec tipli fərdi
yaşayış evlərinə qaz xətlərinin çəkilişi,
xeyir–şər evinin əsaslı təmiri başa
çatdırılmışdır. Qəsəbə ərazisində
“Holcim” Azərbaycan ASC tərəfindən Gənclərin
İnkişaf Mərkəzinin inşasına
başlanmışdır. Ötən dövr ərzində
195 məcburi köçkün ailəsi ünvanlı sosial
yardımla təmin olunmuşdur. Qaradağ rayonunun
Müşfiqabad qəsəbəsində 1440 məcburi
köçkün ailəsi üçün yeni
salınmış məhəllə istifadəyə
verilmişdir. Cənab Prezidentin təşəbbüsü ilə
yaradılmış “Qaradağ rayonunun sosial–iqtisadi
inkişafına yardım fondu” tərəfindən 3800 məcburi
köçkün, qaçqın, şəhid, əlil və
aztəminatlı ailələrə Novruz Bayramı münasibəti
ilə təxminən 15 ton müxtəlif növ ərzaq məhsullarından
ibarət yardımlar paylanmışdır.
Son illərdə
olduğu kimi, 2012–ci ildə də humanitar sahələrdə
dövlət siyasətinin layiqincə həyata keçirilməsi,
rayonun təhsil, səhiyyə, mədəni–maarif müəssisələrinin
tikintisi və təmiri ilə bağlı xeyli işlər
görülüb. Dövlətimizin
başçısının “Bakı şəhəri
Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinin
sosial–iqtisadi inkişafının sürətləndirilməsi
ilə bağlı tədbirlər haqqında” 6 aprel 2011–ci il
tarixli 1417 saylı sərəncamına uyğun olaraq Qobustan qəsəbəsində
800 şagird yerlik 330 nömrəli yeni müasir tipli ümumtəhsil
məktəb binasının tikintisi başa
çatmışdır. Dekabr ayının 27–də
Müşfiqabad qəsəbəsindəki 67 nömrəli
körpələr evi–uşaq bağçası əsaslı
təmir olunduqdan sonra körpələrin istifadəsinə
verilmişdir. Ümumi sahəsi 2.389 kvadratmetr olan, 220 yerlik
bağçada körpələrin təlim–tərbiyəsi
üçün hər cür şərait nəzərə
alınmışdır. Burada yeməkxana, həkim, musiqi və
digər otaqlar vardır. Bağçanın ətrafında
geniş abadlıq işləri görülmüş,
uşaqların istirahəti üçün müxtəlif
attraksionlar quraşdırılmışdır.
Dövlət
Proqramına əsasən 2013–cü ildə Qızıldaş
qəsəbəsindəki 180 nömrəli orta məktəb
üçün 15 əlavə sinif otağının
tikintisi, Sahil qəsəbəsindəki 253 və 273,
Lökbatan qəsəbəsindəki 233 nömrəli orta məktəblərin,
Sahil qəsəbəsindəki 301 nömrəli körpələr
evi–uşaq bağçasının əsaslı təmiri,
eyni zamanda Lökbatan qəsəbəsində şagird
sıxlığına görə 960 şagird yerlik yeni məktəb
binasının, Ümid, Qızıldaş, Müşfiqabad və
Lökbatan qəsəbələrində hər biri 120 yerlik
olmaqla yeni uşaq bağçalarının tikintisi nəzərdə
tutulmuşdur. “2011–2013–cü illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial–iqtisadi
inkişafına dair Dövlət Proqramı”nın Əlavə
Tədbirlər Planı”na əsasən 2013–cü ildə
Qaradağ rayonu üzrə 16 təhsil müəssisəsinin əsaslı
təmiri və ya yenidən inşası nəzərdə
tutulmuşdur.
“2011–2013–cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial–iqtisadi inkişafına dair Dövlət Proqramı”nda
Qaradağ rayonunun səhiyyə sahəsini əhatə edən
7 konkret tədbir nəzərdə tutulmuş və
bunların 3–ü uğurla həyata keçirilmişdir. Qalan
səhiyyə müəssisələrində təmir–tikinti
işləri davam etdirilir. Son illərdə bir çox tibb
müəssisələrində, o cümlədən 4 nömrəli
Doğum evində, 39 nömrəli Kardiorevmotoloji Uşaq
sanatoriyasında, 9 nömrəli Birləşmiş Şəhər
Xəstəxanasının poliklinika şöbəsində,
15 və 20 nömrəli Təcili Tibbi Yardım
stansiyalarında, 23 nömrəli Birləşmiş Şəhər
Xəstəxanasının stasionar şöbəsində, həmçinin
bu tibb müəssisəsinin Səngəçal qəsəbəsində
yerləşən ambulator şöbəsində əsaslı
təmir və yenidənqurma işləri aparılmaqla yeni,
müasir tibbi avadanlıqlarla təchiz olunaraq istifadəyə
verilmişdir.
Prezidentin
“Bakı şəhəri Qaradağ rayonunun Ələt və
Qobustan qəsəbələrinin sosial–iqtisadi inkişafının
sürətləndirilməsi ilə bağlı tədbirlər
haqqında” sərəncamına uyğun olaraq Ələt qəsəbəsindəki
32 nömrəli köhnə poliklinika binası sökülərək,
yerində müasir standartlara cavab verən, yeni
avadanlıqlarla təchiz olunmuş iki mərtəbəli, sahəsi
1572 kvadratmetr olan 47 otaqdan ibarət, müasir işıq,
istilik və yanğından mühafizə sistemi, su anbarı
ilə təmin olunmuş yeni bina inşa edilmişdir. Əhaliyə
göstərilən tibbi xidmətin keyfiyyətini
yaxşılaşdırmaq üçün Çeyildağ qəsəbəsində
Təcili Tibbi Yardım stansiyası və ümid qəsəbəsində
tibb məntəqəsi tikilib istifadəyə verilmişdir.
Ötən ilin dekabr ayında Korgöz qəsəbəsində
Dövlət proqramına uyğun olaraq tibb məntəqəsi
tikilib istifadəyə verilmişdir. Hazırda Dövlət
Proqramına uyğun olaraq Müşfiqabad qəsəbəsində
yerləşən 13 nömrəli şəhər
Poliklinikasında və Lökbatan qəsəbəsindəki
19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında
əsaslı təmir və yenidənqurma işləri
yekunlaşmaq üzrədir. Eyni zamanda Qobustan qəsəbəsindəki
17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
üçün yeni binanın inşası davam etdirilir.
Bununla yanaşı Lökbatan qəsəbəsindəki 200
çarpayılıq Müasir xəstəxana binasının
inşası davam etdirilir. Təmir olunan və ya yenidən
inşa edilən tibb müəssisələrinin işinin təşkili
istiqamətində rayon İcra hakimiyyəti rəhbərliyinin
köməkliyi ilə müvafiq tədbirlər
görülmüş, həmin tibb müəssisələri
rayonun müxtəlif müəssisələrində müvəqqəti
yerləşdirilərək, əhaliyə tibbi xidmətin
göstərilməsini davam etdirir.
Rayon icra
hakimiyyətinin başçı tərəfindən vətəndaşların
qəbulu və müraciətlərinə baxılması
yüksək səviyyədə təşkil olunur
Cari
işlərdə müasir üslub və metodlardan istifadə
edilməsi, yeni informasiya və kommunikasiya
texnologiyalarının tətbiqi və dövlət qulluğu
ilə bağlı son qanunvericilik aktlarının
icrasının təmin olunması Qaradağ Rayon İcra
Hakimiyyətinin fəaliyyətinin əsas istiqamətlərindən
birini təşkil edir. 2012–ci ildə rayon icra hakimiyyəti
başçısının yanında Şuranın 12
iclası keçirilib. Şurada ölkə
başçısının aidiyyəti üzrə sərəncamlarının,
müvafiq dövlət proqramlarının rayonda icra vəziyyəti,
rayonun sosial–iqtisadi inkişafı, 40 məsələ
müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
2012–ci ildə rayon icra hakimiyyəti başçısı aparatına vətəndaşlardan 1532 ədəd yazılı müraciət daxil olmuşdur. Rayon icra hakimiyyəti başçısının qəbulunda 690 vətəndaş qəbul edilmiş, onlardan 385 nəfəri rayon icra hakimiyyətində, 305 nəfəri isə yerlərdə görüşlər zamanı səyyar qəbul edilmişlər.
Qaradağ rayonunun hazırda Azərbaycanın ən
dinamik və sürətlə inkişaf edən
rayonunlarından olduğunu desək, heç də səhv etmərik.
Burada aparılan abadlıq–quruculuq işlərinin vüsəti,
istifadəyə verilən və inşasına
başlanılan sosiai–sənaye obyektlərinin miqyası o qədər
böyükdür ki, bunların hamısını bir
yazıda qeyd etmək mümkünsüzdür. Əminik ki,
yaxın illərdə bu proses daha da güclənəcək və
Qaradağ ölkəmizin ən aparıcı, ən
inkişaf etmiş müasir diyarına çevriləcəkdir.
Qaradağlılar bu ilə daha yüksək nailiyyətlər
qazanmaq əzmi ilə qədəm qoyub, qısa vaxt əezində
başlanan işlər də bunu təsdiqləyir. Nazirlər
Kabinetinin 2012–ci ilin sosial–iqtisadi inkişafının
yekunlarına və 2013–cü ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasındakı yekun nitqində Prezident
İlham Əliyev deyib:”Hesab edirəm ki, 2013–cü ildə sənaye
istehsalı ilə bağlı, çox ciddi addımlar
atılacaqdır. Bütün hazırlıq işləri
görülüb. Nəinki hazırlıq işləri
görülüb, eyni zamanda…böyük sənaye müəssisələri
işə düşüb. Onların bir hissəsi dövlət,
böyük hissəsi isə özəl sektor tərəfindən
icra edilib. Əvvəlki illərdə qeyd etdiyim kimi, Azərbaycanda
bir neçə sənaye mərkəzi yaradılır. Gəncədə,
Sumqayıtda, Bakının Qaradağ rayonunda, digər yerlərdə
böyük sənaye obyektləri tikilir və 2013–cü ildə
bu istiqamətdə daha da böyük işlər
görüləcəkdir. Xüsusilə sənaye
istehsalının təşviqi üçün yeni
qaydaların tətbiq edilməsi, texnoparkların fəaliyyətinin
gücləndirilməsi və bu fəaliyyəti gücləndirmək
üçün əlavə tədbirlərin görülməsi,
güzəştlərin verilməsi məsələləri nəzərdə
tutulub”.
Xəlil CABBAROV
Respublika.- 2013.- 8 fevral.- S. 4.