ERMƏNİLƏRİN AZƏRBAYCAN XALQINA QARŞI ƏRAZİ İDDİALARI, SOYQIRIMLARI VƏ DEPORTASİYALAR

 

Dünyanın fövqəlgüc dövlətlərinin himayəsi altında olan “Şərq məsələsi” və onun əsas tərkib hissəsi kimi “erməni məsələsi”nin yaranmasından iki əsrdən artıq zaman keçsə də, siyasi–hərbi təzyiq vasitəsi olaraq beynəlxalq münasibətlər sistemində öz təsir gücünü saxlamaqda, həm Türkiyə, həm də Azərbaycana yeniyeni problemlər doğurmaqdadır.

Hazırda neoimperialist mövzuda yazılan qərəzli yazılar və söylənilən riyakar fikirlər tarixi həqiqətlərə, arxiv sənədlərinə deyil, müəyyən dairələrin maraqlarına və zərərli ideologiyaların təbliğatına əsaslanmışdır. Buna görə də “Şərq məsələsi”nin, o cümlədən də “erməni məsələsi”nin əsl mahiyyətini tarixi həqiqətlərə, arxiv sənədlərinə əsasən şərh etmək və beynəlxalq ictimaiyyətə çatdırmaq Azərbaycan tarixşünaslığının əsas vəzifələrindəndir.

Tarix elmləri doktoru Ataxan Paşayevin “Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar (XIX–XX əsrlər)” adlı tədqiqatı bu baxımdan çox əhəmiyyətlidir. Kitab 20 ildən artıqdır ki, beynəlxalq münasibətlər sisteminin gündəliyində olan, lakin ikili standartlar və qərəzli yanaşmalarla “tənzimləndirilməyə” çalışılan Qarabağ probleminin, 20 Yanvar faciəsinin, Xocalı soyqırımının, Azərbaycan ərazisinin 20 faizinin işğalının, bir milyondan artıq qaçqın–köçkün probleminin əsl səbəblərini, bu hadisələr zamanı törədilən vəhşilikləri, cinayətləri ortaya qoymaqla yanaşı, son Qarabağ hadisələrinə qədər də Azərbaycana və azərbaycanlılara qarşı törədilmiş soyqırım və deportasiyaların real mənzərəsini göstərmişdir.

Bu kitab “erməni məsələsi”lə bağlı Azərbaycan həqiqətlərini yaymaq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edənlərə elmi ədəbiyyat və arxiv sənədlərindən istifadə etməklə tutarlı cavab vermək baxımından təqdirəlayiqdir.

Mövzunun aktuallığını nəzərə alaraq əsəri oxuculara təqdim edirik.

 

Allahşükür QURBANOV,

Respublika”.

 

(əvvəli 12 və 13 fevral tarixli sayımızda)

 

***

 

ÇARİZMİN SÜQUTUNDAN VƏ OKTYABR ÇEVRİLİŞİNDƏN SONRA ERMƏNİLƏRİN GÜNEY QAFQAZDA TÜRK–MÜSƏLMAN ƏHALİSİNƏ QARŞI TÖRƏTDİKLƏRİ

 

VƏHŞİLİKLƏR (1917–1920)

 

a) Güney Qafqazda ermənilərin türk–müsəlmanlara qarşı soyqırımı və sui–qəsdlərinin aşkar edilməsində Fövqəladə Təhqiqat Komissiyasının rolu

1917–1920–ci illərdə Güney Qafqazda ermənilərin türk–müsəlman əhalisinə qarşı törətdikləri zorakılıq faktlarının aşkarlanmasında Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyası və Əksinqilab ilə Mübarizə Təşkilatının böyük rolu olmuşdur. 1917–1920–ci illərdə ermənilər Güney Qafqazın türk–müsəlmanlar yaşayan, demək olar ki, bütün bölgələrində onlara qarşı tarixdə görünməmiş qəddarlıqla qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Respublikamızın dövlət arxivlərində mühafizə olunan 1918–ci il iyulun 15–də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının və 1919–cu il iyunun 11–də Dövlət Müdafiə Komitəsinin yanında yaradılmış Azərbaycanda ilk təhlükəsizlik orqanı olan Əksinqilab ilə Mübarizə Təşkilatının fəaliyyəti nəticəsində yaranmış külli miqdarda sənəd və materiallar ermənilərin Azərbaycanın Bakı, Şamaxı, Quba, Zəngəzur və başqa şəhər və qəzalarında xalqımızın başına gətirdikləri müsibətlər barəsində ətraflı məlumat verir.

Fövqəladə Təhqiqat Komissiyasının yaradılması barədə hökumətin 1918–ci il iyulun 15–də Gəncədə keçirilən iclasında çıxış edən xarici işlər naziri M.H.Hacınski bildirir: “4 aydan artıqdır ki, Azərbaycan ərazisinin müxtəlif bölgələrində bolşevik adı ilə məsuliyyətsiz erməni hərbi hissələri və başqaları türk–müsəlman əhalisinin həyatı və əmlakına qarşı eşidilməmiş vəhşiliklər törədirdilər. Eyni zamanda həmin quldur dəstələri tərəfindən göndərilən yalan məlumatlar əsasında Avropa ölkələrində bütün ictimai fikir əks istiqamətə (yəni azərbaycanlılara qarşı–A.P.) yönəldilir. Ümumi dövlət mənafeyi və əhalinin zərər çəkmiş qruplarının mənafeyi elə bir təşkilatın yaradılmasını tələb edir ki, o, 1) bütün zorakılıq hadisələrinin dəqiq qeydiyyatını aparsın; 2) bu zorakılıqların həyata keçirdiyi şərait müəyyənləşdirilsin; 3) cinayətkarları aşkar etsin və onların vurduqları zərərin ümumi həcmini müəyyənləşdirsin”.

Məruzəçi həm də təklif edirdi ki, “komissiyanın işinin nəticələri başlıca Avropa dillərində – fransız, alman dillərində və əlbəttə ki, həm də türk dilində elan edilməlidir”. Bu məsələni geniş və ətraflı təhlil edən Cümhuriyyət hökuməti “… Avropa müharibəsi başladığı vaxtdan bütün Zaqafqaziya ərazisində müsəlmanlar və onların əmlakı üzərində işlədilmiş zorakılıq hallarını təhqiq etmək üçün Fövqəladə Təhqiqat Komissiyası yaradılması barədə qərar qəbul edir.

Həmin il avqustun 31–də Xarici İşlər Nazirliyi yanında andlı iclasçı Ələkbər bəy Xasməmmədovun sədrliyi ilə 7 nəfərdən ibarət yaradılmış Fövqəladə Təhqiqat Komissiyası sonralar Ədliyyə Nazirliyinin sərəncamına verilir. Bu Komissiyaya Ə.Xasməmmədovla yanaşı, Y.Şahmalıyev, A.Novatski, N.Səfikürdski, N.Mixaylov, V.Qubvillo və M.C.Axundzadə daxil idi.

Komissiya Bakı, Quba, Şamaxı şəhərlərində, Şamaxı, Göyçay, Cavad, Quba, Nuxa, Cavanşir, Cəbrayıl, Şuşa və Zəngəzur qəzalarında ermənilərin törətdikləri vəhşiliklər haqqında topladığı sənəd və materiallar əsasında 6 cilddən ibarət təhqiqat materiallarını və 95 ədəd foto şəkli hazırlayaraq əyani vəsait kimi Parisə, Azərbaycanın Versala getmiş sülh nümayəndə heyətinə göndərir.

1919–cu il iyunun 4–nə qədər apardıqları işlər və topladıqları materiallar əsasında komissiya günahkarları məsuliyyətə cəlb etmək üçün 128 qərar layihəsi hazırlamışdı ki, onların əsasında da 194 nəfər erməni cinayət məsuliyyətinə cəlb olunmalı idi.

1919–cu il avqustun 27–nə olan müddətə komissiya tərəfindən toplanmış materiallar 36 cild və 3500 vərəq olmuşdur. Fövqəladə Təhqiqat Komissiyası tərəfindən aparılan təhqiqat işləri nəticəsində ermənilərin türk–müsəlman əhalisinə qarşı həyata keçirdiyi zorakılıq hallarının təşkilində günahkar olanlar məsuliyyətə cəlb edilməyə başlayarkən müxtəlif şəhər və qəzalarda olan erməni milli şuraları, “Daşnaksütyun” partiyasının Cümhuriyyət Parlamentindəki fraksiyası və erməni mətbuatı erməniləri müdafiəyə qalxır.

Azərbaycanda ilk təhlükəsizlik orqanı olan Əksinqilab ilə Mübarizə Təşkilatının Bakıda və Cümhuriyyətin digər ərazilərində təxribatlarla məşğul olan erməni casuslarının hətta Azərbaycan Cümhuriyyət hökumətinə yol tapmaq cəhdləri, habelə Bakı qırğınlarında iştirak etmiş ermənilərin aşkar edilərək ölkədən qovulması və cinayətə cəlb edilməsi barədə də çoxlu məlumatlar var.

Bu iki təşkilatın fəaliyyətini ümumiləşdirərkən belə bir ümumi nəticəyə gəlinir ki, qısa müddət fəaliyyət göstərmələrinə baxmayaraq, bu təşkilatlar erməni vandalizmini ifşa etməklə yanaşı, gənc respublikanın xaricidaxili düşmənlərinə qarşı barışmaz mübarizə aparmışlar.

b) Ermənilərin İrəvan quberniyası və Ermənistan Respublikası ərazisində yaşayan türk–müsəlmanlara qarşı soyqırımı və deportasiyaları

İrəvan quberniyası və Ermənistan Respublikasında türk–müsəlmanlara qarşı soyqırımı və deportasiyalar əvvəlcə İrəvan quberniyasında və 1918–ci ilin mayında yaranan Ermənistan Respublikasının xalqımıza qarşı həyata keçirdiyi “yandırılmış torpaq” və “etnik təmizləmə” siyasətinin bir məqsədi var idi. “Böyük Ermənistan”ın bərpası” işinə zəmin hazırlamaq.

Rusiya imperiyasında buraxılmış statistik məlumatlarda, xüsusilə hər il nəşr olunanQafqaz təqvimi” məlumat kitablarında Ermənistan Respublikasının indiki ərazisində Rusiyanın köçürmə siyasətindən sonra da azərbaycanlılar əhalinin əksər hissəsini təşkil edirdi. Məsələn, 1886–cı ildə İrəvan quberniyasının 539 min nəfər əhalisindən 211 min nəfəri (39,2%) türk–müsəlman, 1896–cı ildə İrəvan şəhərindəki 14,7 min nəfər əhalidən 7,2 min nəfəri (49%) türk–müsəlman, 7,1 min nəfəri (48%) ermənilər idi. İrəvan qəzasındakı 99 min nəfər əhalidən 52,8 min nəfəri (53,5%) türk–müsəlman, 36,4 min nəfəri (48,4%) isə ermənilər idi.

1916–cı ilin yanvarın 1–nə olan məlumatda isə həmin regionun azərbaycanlı və erməni əhalisinin sayı arasındakı nisbət birinci dünya müharibəsi və Qafqaz cəbhəsindəki hərbi əməliyyatların təsiri nəticəsində müəyyən qədər dəyişsə də yenə də türk–müsəlmanlar İrəvan qəzasında 74,2 min nəfər (48%), Zəngəzur qəzasında 119,5 min nəfər (53,3%), Sürməli qəzasında 45,9 min nəfər (43,9%) və Yeni Bayazit qəzasında isə 50,7 min nəfər (29,2%) təşkil edirdi.

1917–ci ildə Rusiyada bolşeviklər tərəfindən edilmiş Oktyabr çevrilişindən sonra Sovet Rusiyasının müharibədən çıxması ilə Qafqaz cəbhəsində Rusiya tərəfindən Osmanlı imperiyası ilə müharibədə iştirak edən ermənilər öz silah–sursatları ilə Güney Qafqaza qayıdırlar. Əllərində çoxlu silahsursat toplamış ermənilər vaxt var ikən onlar üçün yaranmış əlverişli şəraitdən istifadə edərək türk–müsəlmanların yaşadıqları torpaqları ələ keçirmək fikrinə düşürlər. Nəticədə erməni yaraqlıları 1918–ci ilin martına qədər İrəvan quberniyasının İrəvan, Sürməli, Eçmiədzin, Yeni Bayazid qəzalarının 199 kəndini dağıdaraq orada yaşayan 135 min azərbaycanlını qəddarcasına qırır və qovurlar.

1918–ci ilin yazında Zaqafqaziya ərazisində yaşayan üç millətin daxil olduğu Zaqafqaziya Seymi və hökuməti yaradılsa da, “Daşnaksütyun” partiyası başda olmaqla ermənilər təkcə İrəvan quberniyası ərazisində deyil, həm də Bakı və Yelizavetpol quberniyalarının ərazilərində də türk–müsəlman əhalisinə qarşı geniş miqyasda soyqırımı siyasətini həyata keçirirlər. Zaqafqaziya Seyminin müsəlman fraksiyası bu barədə seymin iclaslarında məsələ qaldıraraq erməni nümayəndələrinə etdikləri xəbərdarlıqlar heç bir nəticə vermir. Seymin müsəlman fraksiyası bu məsələni dəfələrlə öz iclaslarında da müzakirə edib ermənilərə xəbərdarlıqlar edir ki, bu haqda fraksiyanın protokollarında ətraflı məlumatlar var.

1918–ci il mayın 26–da Gürcüstanın Zaqafqaziya Seymi və hökumətindən çıxaraq öz müstəqilliyini elan etməsindən sonra mayın 27–də bölgədə yaranmış siyasi vəziyyəti müzakirə etmək məqsədi ilə buraxılmış seymin bütün müsəlman fraksiyaları nü–mayəndələrinin də fövqəladə iclası keçirilir. İclasda çıxış edən Batum konfransından qayıtmış N.B.Yusifbəyli bildirir ki, Türkiyə nümayəndə heyətinin qənaətinə görə Güney Qafqazın çiçəklənməsinin başlıca yolu bu bölgənin xalqlarının birliyi və həmrəyliyidir. Bu məqsədə çatmaq üçün tərəfimizdən ermənilərə bir qədər torpaq güzəşt edilməlidir.

1918–ci il mayın 29–da H.Ağayevin sədrliyi ilə Müsəlman Milli Şurasının ikinci iclası keçirilir. İclasda xalqımız üçün çox taleyüklü bir məsələ olanbu günböyük mübahisələr, müx–təlif fikirlər doğuran İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəştə gedilməsi məsələsi müzakirə olunur. Məruzə ilə çıxış edən yeni təşkil olunmuş Azərbaycan hökumətinin sədri F.X.Xoyski Aleksandropol türk ordusu tərəfindən tutulduqdan sonra İrəvanın Ermənistana güzəştə gedilməsinin qaçılmaz olduğunu bəyan edir. Çıxış edənlər X.Xasməmmədov, M.Y.Cəfərov, Ə.Şeyxülislamov və M.Məhərrəmov çıxış edərək İrəvanın Ermənistana güzəştə gedilməsinin tarixi zərurət, lakin bizim üçün qaçılmaz acı bir həqiqət olduğunu qeyd edirlər. 28 nəfər Şura üzvündən 16 nəfər bu təklifin lehinə səs verməklə o qəbul olunur.

Milli Şuranın iyunun 1, 7, və 13–də Tiflisdə keçirilmiş iclaslarında yeni yaradılmış Ermənistan Respublikası ərazisində türk–müsəlman əhalisinin acı taleyi bir daha müzakirə olunur. İyunun 13–də keçirilən iclasda məruzə edən Şura üzvü İbrahim ağa Vəkilov bildirir ki, İrəvan quberniyası ərazisində çılpaq, acyalavac dolaşan müsəlman qaçqınlarının sayı 150 min nəfəri keçib; Natiq öz çıxışını zərər çəkmişlərin sayını və adlarını da çəkməklə 206 kəndin dağıdıldığını sadalamaqla bitirir.

 

(davamı növbəti saylarımızda)

 

 

Respublika.- 2013.- 15 fevral.- S. 5.