ƏKRƏM ƏYLİSLİNİN
“DAŞ YUXULAR”I
Lap qədimlərdə, Antik dövrdə də yazıçıdan tələb olunub ki, o yazıçı olmaya bilər, amma vətəndaş olmalıdır. Bəlkə də buna görə ədəbiyyat—dövlət atributlarından biri sayılır.
Ədəbiyyat —əslində xarakterlər qalereyasıdır. Homerdən bu günə kimi. Əlbəttə, mütləq ədəbi qanunlar da yoxdu.
Əkrəm Əylislini çoxdan tanıyıram. Müxtəlif vaxtlarda, Moskvada, M.Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşuq… Sonralar da münasibətimiz pis olmayıb. İndi hamısının üstdən xətt çəkdi. O, daş yuxularda ikən öz içindəki boşluğa yıxıldı.
“Daş yuxular” romanı ilə istər–istəməz erməni ideologiyasına xidmət elədi. Keçdi düşmən tərəfə və ordan öz vətəninə, xalqına daş atdı. İyirmi faiz torpaqları işğal olunan, qədim tarixi, müasir mədəniyyəti olan bir xalqı vətənimizə göz dikən təhlükəli bir düşmənin ayaqları altına atmaq niyyətini güddü.
“Daş yuxular” romanından sonra ermənilər Əkrəm Əylislini hər şeyi başa düşən yeganə yaradıcı şəxs kimi qəbul etdilər, daha Azərbaycanın bizimlə torpaq iddiası yoxdur, —itirdiyi yerləri də istəmir, —deyərək sevincək oldular.
Bu da oldu yazıçı Əkrəmin erməni yazıçılarına bu əsəriylə verdiyi “mesaj”.
Azərbaycan xalqı, onun müstəqil dövləti, Prezidenti isə bütün münaqişəli məsələlərin Azərbaycan torpaqlarının ərazi bütövlüyü çərçivəsində həll olunmasını israrla tələb edir və belə də olacaq…
Əkrəm Əylisli “rekviyem”, yəni “matəm” adlandırdığı romanında erməni irqçilərə (androniklərə, drolara, lalayan və hamazasplara) yas saxlamış oldu. Xalqımızın tarixini dolaşdırıb taleyilə oynadı.
İndi hər kəsə aydındır ki, bu roman–rekviyem erməni millətçi ədəbiyyatı motivləri üstdə köklənib, erməni mənbələri əsasında yazılıb.
Ermənipərəst Qorbaçovun “Əhalinin köçürülməsi” adlı artıq həyata keçirilməyə başlayan geniş planında isə Azərbaycan torpaqlarında gözü olan ermənilərin xeyrinə “…türk respublikalarındakı müsəlman əhalinin çoxunu Rusiya və başqa slavyan respublikalarına köçürmək və yerlərinə xristian əhali yerləşdirmək” nəzərdə tutulurdu. Bunlar faktdır…
Bütün türk dünyasına nifrətini gizlətməyən yazıçı artıq müsəlmanlığı, dinimizi, müqəddəs kitabımızı, adət–ənənəmizi də qəbul edə bilmir. Buna görə də bu əsər bizim üçün təhlükəlidir. O, erməni gəncliyinin məfkurəsini şovinizm mikrobu ilə zəhərləyir.
Biz xalqımızı müxalifətli–iqtidarlı ümummilli həmrəyliyə səsləyirik.
Mən hələ ötən əsrin
əvvəllərindəki “Qanlı sənələr”i (M.S.Ordubadinin əsəri nəzərdə tutulur — müəllif) demirəm, son bir neçə ildə
əsl qanlı sənələr görən, Xocalı naləsini
eşidən, Bakıya yeridilən düşmən (sovet, rus–erməni) tanklarının hücumuna məruz qalan xalq daha ayıq və təmkinli
olmalı, öz varlığını,
paklığını sapı özümüzdən olan baltalardan
qorumalıdır.
Nəriman HƏSƏNZADƏ,
Xalq şairi.
Respublika.- 2013.- 15 fevral.- S. 5.