Sahibkarlığa
dəstək uğurlu inkişafın təminatıdır
Həyata
keşirilən uğurlu strategiya
nəticəsində iqtisadiyyatımız dinamik
inkişaf edir.
Bölgələrimizdə müasir standartlara cavab verən dünya bazarlarında müvəffəqiyyətlə
rəqabət aparan məhsullar istehsal edən sənaye və emal
müəssisələri günü–gündən artır. Bir sözlə ən müasir
istehsal, emal və xidmət
sahələri yaradılır. Regional inkişafa dair Dövlət
proqramının ikinci mərhələsi
də uğurla həyata keçirilir.
Nəticədə ölkə iqtisadiyyatı güclənir ki, bu da
öz növbəsində ölkə həyatının
bütün sahələrində tərəqqinin
davamlılığına və insanların rifah
halının daha da
yaxşılaşmasına gətirib çıxarır.
Beynəlxalq qlobal böhranın fəsadlarının hələ aradan qalxmamasına baxmayaraq respublikamız 2012–ci ildə ümumi daxili məhsul istehsalında əvvəlki ilə nisbətən 2,2 faiz artım əldə etmişdir. ÜDM–də qeyri–neft sektorunun artımı keçən ilə nisbətən 9,7 faiz çox olmuşdur. Qeyd etmək lazımdır ki, qazanılan nailiyyətlərdə özəl sektorun olduqca böyük rolu var. Ötən əsrin sonlarında müstəqillik qazanan ölkəmiz sosialist ictimai iqtisadi formasiyasından bazar iqtisadiyyatına keçdi. Bu quruluşda özəl sektor həyati əhəmiyyətli yer tutduğu üçün dövlət sahibkarlığın inkişafına aid bütün hüquqi və siyasi addımlar ataraq daim bu istiqamətdə təkmilləşdirmə aparmaqdadır. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində gələn gəlirlərin qeyri–neft sektoruna, o cümlədən sahibkarlığın inkişafına yönəldilməsi ölkənin bütün regionlarında iqtisadi sıçrayışa, iqtisadiyyatın şaxələndirilməsinə və davamlı inkişafa səbəb oldu. Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasi regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı dövlətin sahibkarlığın inkişafı üçün qayğı və səyini əsirgəmədiyini, sahibkarların həm siyasi, həm də maddi tərəfdən dəstəkləndiyini xüsusi qeyd edib: “Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 250 milyon manat kredit veriləcəkdir. Bu vəsaitin böyük bir hissəsi əvvəlcə verilmiş kreditlərin qaytarılması hesabına olacaqdır. Bu çox gözəl göstəricidir… Sahibkarlığın inkişafı dövlət siyasətidir və yerli icra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir və o, dövlət siyasətindən kənarda heç bir iş görə bilməz. Ona görə deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaqdır. Onlardan qanunsuz tələbdə olan şəxslər öz cəzasını alacaqdır. Onlara yalnız kömək göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər”.
Dövlətin diqqət və qayğısı sayəsidə özəl sektorda davamlı inkişaf dövrü başlamışdır. Təsadüfi deyil ki, ÜDM–də sahibkarlığın payı 83 faizdir.
Dövlətin dəstəyi görülən operativ tədbirlər və düşünülmüş mütəmadi hüquqi təkmilləşdirmələr dövlətin dəstəyi, müxtəlif güzəştlər öz bəhrəsini verməkdədir. Sahibkarlara əvvəlki illərdə verilən vəsait artıq geri qayıdır və yenidən kreditləşməyə yönəldilir. Özəl sektora ayrılan subsidiyaların, lazım olan avadanlığın, texnikanın güzəştli şərtlərlə, lizinq yolu ilə verilməsi mühüm stimullaşdırıcı amillərdir. Göründüyü kimi, sahibkarlığın inkişafı istiqamətində atılan hər bir addım düzgün proqnozlaşdırılmış, gələcəyə, uğura, dayanıqlı inkişafa, milli mənafeyə, iqtisadi və milli müstəqilliyin möhkəmləndirilməsinə yönəlmişdir. Aydındır ki, real iqtisadiyyat bazar iqtsadi sistemində özəl sektorun əsasında formalaşır. Buna görə də dövlət bu istiqamətdə davamlı inkişafı təmin etmək və maneələri vaxtında, operativ aradan qaldırmaq üçün bütün tədbirləri görür. Bunların nəticəsində sahibkarların maliyyə təminatı və güzəştli kreditlərin həcmi ilbəil artır. 2012–ci ildə Sahibkarlara Kömək Milli Fondu tərəfindən 2419 sahibkara 218 milyon manat güzəştli kredit verilmişdir. Bu prosesdə ən mühüm olanı və diqqət çəkən cəhət odur ki, bu yönəltmələrin 60 faizi qaytarılan vəsaitlərin hesabına olub. Son illər ərzində SKMF tərəfindən sahibkarlara güzəştli şərtlərlə 1 milyard 200 milyon manat kredit verilmişdir. Bu isə öz növbəsində dövlətin bu istiqamətdə uğurlu siyasət həyata keçirməsindən xəbər verir. Digər bir cəhət də odur ki, verilən kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi isə sənaye və turizmin inkişafına yönəldilib. Dövlətin bu maddi dəstəyi bir daha preioritet sahələrin inkişafına olan maddi dəstəyi aydın göstərir. Bu sərmayə qoyuluşunun sayəsində çox yaxın zamanlarda 9100–dək yeni müəssisə yaradılması nəzərdə tutulur. Bir faktı da qeyd etmək yerinə düşərdi. Bakı və onun qəsəbələri üzrə müvafiq proqramın qəbulundan keçən müddət ərzində 400 investisiya layihəsi üçün 72 milyon manat güzəştli kredit verilmişdir. Göründüyü kimi, dövlət bütün mövcud iqtisadi mənbələri aşkara çıxarmaq və dövriyyəyə cəlb etmək üçün operativ surətdə vacib və zəruri addımları atmaqdadır. Bu dəstəyin hesabına ötən il SKMF tərəfindən maliyyələşdirilmiş 94 istehsal, emal və infrastruktur müəssisəsi işə başlamışdır ki, bunun da 84–ü aqrar sənaye kompleksləri, o cümlədən 15 quşçuluq, 7 heyvandarlıq, 4 ət emalı, 9 istixana, 11 kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı kompleksi, 11 çörək zavodu, 7 üzümçülük, 2 iri taxılçılıq və 5 meyvə–tərəvəz emalı müəssisəsi, 10–u isə digər sənaye sahələri– metal konstruksiyalar zavodu, toxuculuq, parça boyama, tikiş, kağız və karton məhsulları istehsalı müəssisələridir.
Sahibkarlığın inkişafında davamlılığı, yüksək tempi təmin etmək məqsədilə ötən il İqtisadi İnkişaf Nazirliyi tərəfindən sahibkarlara göstərilən xidmətlər də tamamən avtomatlaşdırılmışdır. Hazırda onlara lisenziya və sertifikatların verilməsi, bu xidmətlərə görə dövlət rüsumlarının və haqların alınması on–line rejimində elektron qaydada ödənilməsi təmin edilmişdir. Göründüyü kimi, bu cür xidmət növünün tətbiqi həm operativliyi, həm şəffaflğı təmin edir və həm də hər hansı bir məmur maneəsinin qarşısını alır. Bundan başqa, ötən ildən başlayaraq Vergilər Nazirliyi tərəfindən fərdi sahibkarlarla yanaşı, hüquqi şəxslərin də qeydiyyatı elektron qaydada həyata keçirilir. Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən fiziki şəxslərin gəlir vergisi üzrə vergi dərəcələri azaldılmış, sənaye və texnologiyalar parklarına vergi güzəştləri nəzərdə tutulmuşdur. Ölkə rəhbəri sahibkarlıq fəaliyyətinin inkişafını daim nəzarətdə saxlayır və yersiz müdaxilələrin, yoxlamaların, hər hansı digər maneələrin qarşısının alınması üçün zəruri fərman, sərəncam, tapşırıqlar verir. Ötən il dövlət başçısı regionlara 250–dən çox səfər etmişdir. Bu zaman cənab Prezident müxtəlif təyinatlı obyektlərlə şəxsən tanış olmaqla yanaşı, hər bir rayonun inkişafında rol oynaya biləcək potensialın, mənbənin dövriyyəyə cəlb edilməsi və bütün maneələrin aradan qaldırılması üçün müvafiq vəızifələri müəyyən edərək lazımi tapşılrıqlar və göstərişlər vermişdir. Bu tapşırıq və tövsiyələr həm regionların, həm də bütövlükdə respublikamızın tarazlı və davamlı inkişafına güclü dövlət dəstəyidir. Dövlət başçısı bu barədə demişdir: “Sahibkarlığın inkişafı üçün çox güclü siyasi iradə vardır, sahibkarlara yüksək səviyyədə, Prezident səviyyəsində verilən dəstək, əlbəttə ki, onları ruhlandırır və onların bəzi hallarda rastlaşdığı problemləri də aradan qaldırır. Hələ ki, bu problemlər var– bürokratiya, müəyyən əngəllər, onların işinə əsassız müdaxilələr. Əlbəttə, Prezident tərəfindən sahibkarlığın inkişafına, sahibkarlığa verilən dəstək onların da biznes mühitinin yaxşılaşdırılmasına xidmət göstərir”.
Dövlət tərəfindən zamanında tətbiq edilmiş “Bir Pəncərə” sisteminin də çox səmərəli addım olduğunu və sahibkarların fəaliyyətinə müsbət təsir göstərdiyini ötən müddət artıq sübut edib. Sahibkarların fəaliyyətini yüngülləşdirmək, əsassız tələblərin qarşısının alınması üçün bu çox vacib vaxtında atılan addım idi. Göründüyü kimi, dövlət başçısı sahibkarlığın inkişafına mane olan təzahürlərin aradan qaldırılması üçün bütün tədbirləri görür. Ölkə rəhbəri konfransdakı çıxışında sərt şəkildə hər bir məsul məmurun qarşısında qanuni tələblər qoyub və yersiz müdaxilə və maneə yaradanların cəzalandırılacağı göstərişini verib.
Bu gün Azərbaycanda sürətlə müasir uçot sisteminə keçilir. Bütün sahələrdə olduğu kimi, bu sahədə də müasirləşmə gedir, ən qabaqcıl meyarlar, texnologiyalar və təcrübə tətbiq olunur. Hazırda aparılan iqtisadi siyasətdə belə bir amil özünü aydın göstərir ki, yerli icra orqanları sahibkarlara kömək etməli, onların işinə qarışmamalı və dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdırlar. Çünki artıq buna ehtiyac da yoxdur. Azərbaycanda iqtisadi islahatlar sahəsində böyük işlər görülüb müvafiq qanunlar verilib, Prezident sərəncamları və fərmanları imzalanıb və bu proses davam edir. Beləliklə, Azərbaycanda şəffaflığa nail olunub və sahibkarlara dövlət dəstəyi davamlıdır.
Bu gün Azərbaycanın iqtisadi qüdrəti regionun sərhədlərini aşmaqdadır. Dövlətimizin dünya iqtisadiyyatında özünəməxsus yeri vardır və beynəlxalq bazarda öz mövqeyini daim möhkəmləndirməkdədir. Hazırda ölkəmizdə çox güclü transmilli şirkətlər fəaliyyət göstərir. Deməli, Azərbaycan məhsulları dünya bazarlarının tələbləri səviyyəsindədir. Dövlətin iqtisadi siyasətində əsas xətlərdən biri budur ki, ölkə ən yaxın zamanlarda inkişaf etmiş ölkələrin səviyyəsinə çatmalı və daha da irəli getmək, daha da yüksək mövqelər qazanmaq üçün möhkəm sosial–iqtisadi bünövrə yaradılmalıdır. Bunun üçün də liberal iqtisadiyyatda həlledici rol oynayan özəl sektorun inkişafına hərtərəfli şərait yaradılır, sahibkarlara bütün siyasi, hüquqi və digər dəstəyi vermək əzmi daim nümayiş etdirir. Azərbaycan nəqliyyat, ərzaq və enerji təhlükəsizliyini təmin edib və öz siyasi, iqtisadi müstəqilliyinə nail olub. Lakin bu gün bütün dünyada qloballaşma prosesi gedir. Bu prosesin tələbi isə daim irəli getmək, elmi və texnoloji tərəqqiyə nail omaq və gələcək iqtisadi–siyasi prosesləri görərək çalışmaqdır. Ölkəmiz məhz bu yolla gedir. Azərbaycan rəhbərliyi mütəmadi olaraq milli maraqlara uyğun təmkinli, düşünülmüş, müdrik, operativ, çevik, qabaqlayıcı siyasi, iqtisadi tədbirlər həyata keçirir, ölkənin qarşısına çıxan hər bir maneəni zamanında aradan qaldırır. Təsadüfi deyil ki, hazırda iqtisadiyyatımızda əsas diqqət kiçik və orta sahibkarlığın inkişafına yönəlib. Çünki bütün dünyada, xüsusən də inkişaf etmiş ölkələrdə iqtisadiyyatın əsasını məhz bu təbəqə təşkil edir. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012–ci ilin sosial–iqtisadi inkişafının yekunlarına və 2013–cü ildə qarşıda duran vəzifələrə həsr olunmuiş iclasında dövlət başçısı sahibkarlığın inkşafına dövlət dəstəyi barədə deyib: “Sahibkarlara verilən kreditlərin həcmi artır və bu il də artacaqdır. Bu real iqtisadiyyata verilən böyük töhfədir və eyni zamanda, Azərbaycan dövlətinin sahibkarlıqla, özəl sektorun inkişafı ilə bağlı siyasətinin təzahürüdür…Bizneslə məşğul olmaq üçün bütün imkanlar vardır, heç bir məhdudiyyət yoxdur, əksinə, qeyd etdiyim kimi, dövlət də öz dəstəyini əsirgəmir”.
Göründüyü kimi, dövlət sosial–iqtisadi
inkişafın davamlılğını, bu
prosesdə həlledici rola malik
sahibkarlığın hərtərəfli və
çoxşaxəli tərəqqisini təmin etmək, bununla da rəqabətədavamlı
məhsul istehsalına nail olmaq
üçün ən yüksək səviyyədə
bütün
lazımi tədbirləri operativ surətdə
görür. Beləliklə,
ölkəmizi lazım olan zəruri mallarla təmin etmək, xarici
bazarlara rəqabətədavamlı məhsullarla
çıxmaq, yenilərini əldə etmək və həmin
yerlərdə möhkəmlənmək üçün
mütəmadi olaraq daha
da ciddi addımlar
atılır və sahibkarlar bu işdə də ciddi
surətdə dəstəklənirlər.
Ataş CƏBRAYILOV
Respublika.- 2013.- 15 fevral.- S. 3.