Qocaman təhsil ocağının uğurları

 

Bu gün ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, ümumi, texniki–peşə, orta ixtisas, eləcə də ali təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmipedaqoji kadr potensialı vardır. Bütün bunlar öz mənbəyini hələ keçən əsrin 70–ci illərindən, ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan uzaqgörən və məqsədyönlü siyasətdən almış, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu işi bugünkü inkişafın möhkəm təməlini qoymuşdur. Həmin dövrdə Azərbaycanda məktəbəqədər təhsil müəssisələrindən tutmuş ali məktəblərədək bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə yüksəlmiş, bu istiqamətdə aparılan ardıcıl dövlət siyasəti ölkə əhalisinin təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynamışdır. Bu, danılmaz tarixi həqiqətdir.

Ölkəmizin təhsil sisteminin müasir mərhələdə daha da inkişaf etdirilməsi isə xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu, gələcəyə hesablanmış düzgün siyasətin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir.

Son doqquz il ərzində ölkədə bütün sahələrdə olduğu kimi, təhsil sistemində də əldə olunan böyük nailiyyətlər, təhsil müəssisələrinin madditexniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş qlobal işlər yüzlərlə yeni məktəblərin, uşaq bağçalarının tikintisi, əvvəllər yararsız vəziyyətdə olan təhsil ocaqlarının əsaslı şəkildə təmir olunaraq istifadəyə verilməsi, təhsil ocaqlarının kompyuterləşdirilməsi yeni, müasir tələblərə cavab verən idman qurğularının yaradılması və sairbütün bunlar günümüzün reallığıdır.

Heydər Əliyev fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra olunması ölkəmizin paytaxtı ilə yanaşı, hər bir bölgədə də təhsil sisteminin inkişafında yeniyeni uğurların qazanılmasında müstəsna əhəmiyyət kəsb etmişdir.

Ölkəmizin qədim tarixə malik yaşayış məskənlərindən olan Şəkidə də təhsil sahəsində son illərdə əldə olunan nailiyyətlər, tədris ocaqlarının madditexniki bazasının gücləndirilməsi istiqamətindəki çoxsaylı işlər, xüsusən Heydər Əliyev fondunun, fondun prezidenti Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın qayğısı ilə həyata keçirilən tədbirlər ürəkaçandır.

Şəki şəhər 5 saylı tam orta məktəb üçün 320 yerlik tədris korpusunun, Şorsu kəndində 360 şagird yerlik, Çələbi xan qəsəbəsində 180 şagird yerlik yeni məktəb binalarının tikintisi başa çatdırılmışdır. Əliyar kəndində 80 şagird yerlik ümumi orta məktəbin tikintisi, Baş Küngüt kənd tam orta məktəbin və şəhər fizikariyaziyyathumanitar təmayüllü liseyin əsaslı təmiri və sair təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Bu qayğıya əməli işləri ilə cavab verən təhsil ocaqları içərisində Nizami Gəncəvi adına şəhər 7 saylı orta məktəbin xüsusi çəkisi vardır.

Ötən əsrin əvvəllərindən — 1925–ci ildən Şəkidə qızlar məktəbi kimi fəaliyyətə başlamış bu təhsil ocağı həmişə yüksək uğurları ilə seçilmişdir.

Məktəbə təcrübəli pedaqoq, öz işinin mahir ustası olan Bəkir Xəlilov rəhbərlik edir. Söhbət zamanı Bəkir müəllim qeyd etdi ki, məktəbimizdə 716 nəfər şagird təhsil alır. Onların təlim–tərbiyəsi ilə 150 nəfər müəllim məşğul olur.

2011–2012–ci tədris ilində 7 saylı tam orta məktəbi 51 nəfər şagird bitirmişdir ki, bunlardan 1 nəfəri “Fərqlənmə Attestatı” və “Qızıl Medal” almışdır. Məzunlarımızdan 50 nəfəri ali təhsil müəssisələrinə sənəd vermiş, 26 nəfər ölkənin müxtəlif ali məktəblərinə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olunanlardan 10 nəfəri 500–dən yuxarı, 5 nəfəri 600–dən yuxarı bal toplamışdır. Şagirdlərimizdən 1 nəfəri – Yaşar Nəsibov isə 679 bal toplayaraq, Prezident təqaüdçüsü olmuşdur.

Məktəbimizin girişində təhsili uğurla başa vuran şagirdlərimizin əzəmətli şərəf lövhəsi hazırlanmışdır. Söz yox ki, bunun indi təhsil alan şagirdlərin daha yaxşı oxumaları üçün böyük təsiri vardır.

Pedaqoji kollektivimizin hər bir üzvünün qazandığımız bütün uğurlarda payı vardır. Gərgin əməyin, metodiki səriştənin, uzun illərdən bəri əldə olunmuş pedaqoji təcrübənin, ən başlıcası isə doğma işə can yanğısının uğurlu nəticəsi olan bu nailiyyətləri artırmaq üçün bundan sonra səyimizi əsirgəməyəcəyik.

Sevindirici haldır ki, “Abituriyent

2013″ jurnalında 2012–ci ildə respublikada ən yüksək göstəricilərə nail olan 31 qabaqcıl təhsil müəssisələri arasında Şəki şəhər 7 saylı tam orta məktəbin adı da vardır. Həmçinin 2012–2013– tədris ilində məktəbimiz əldə etdiyi uğurlara görə, “İlin məktəbi” müsabiqəsinin iştirakçısı hüququ qazanmışdır.

Əldə etdiyimiz müvəffəqiyyətlərlə kifayətlənmək fikrində deyilik. Qarşıdakı illərdə də neçə–neçə uğurlara imza atmaq, layiqli vətəndaşlar tərbiyə etmək üçün səylərimizi əsirgəməyəcəyik.

 

 

İlham PƏNAHOV

 

Respublika.- 2013.- 16 fevral.- S. 5.