Türk mifologiyasının ortaq məxrəci
İstanbul Aydın Universitetinin müəllimi
olaraq ədəbiyyatımızı,
milli–mənəvi dəyərlərimizi yetərincə təbliğ
edən filologiya üzrə fəlsəfə
doktoru Rövşən Əlizadənin
yaxın günlərdə Türkiyədə nəfis şəkildə
işıq üzü görən “Türk mifologiyasında kultlar”
kitabında totemizm məsələləri bir çox baxış
bucağından araşdırılıb.
Üç
bölümdən ibarət monoqrafiyada müəllif Azərbaycan–türk
folklorundan sıx–sıx keçən canlı və cansız
əşyalarla bağlı inancların eyni kökdən,
milli düşüncədən qaynaqlandığını
haqlı olaraq önə çəkir, ruhu bir olanların eyni
düşüncəyə hesablanmasını təbii hesab
edir. R.Əlizadə ortaq mədəniyyətimizin konseptual təməlləri
üzərində xüsusi olaraq dayanarkən daha çox bir
önəmli məsələyə diqqət yetirir ki, bəhs
edilən ilkinlik, təməl əslində bütün
zamanlarda təkamül üçün ilk istinad nöqtəsi,
açıq sistem olmuşdur. Müəllif dağ, bitki, su,
qurd və s. kultlarla bağlı inancların türk
xalqları folklorunda əksər hallarda eyni anlarda ifadə
olunmasını doğru olaraq eyni gendən, düşüncə
tərzindən qaynaqlandığının fərqindədi və
bu fikri kitaba əhatəli ön söz yazmış professor
Seyfəddin Rzasoy da xüsusi olaraq diqqətə
çatdırır. Müəllif totemizmin lap qədim
çağlarda əslində bir inanc və din kimi qəbul
edilməsi səbəblərini maraqlı arqumentlərinə
ortaya qoyur, ruhla cism arası yaşanan həyat gerçəkliklərinə
zaman–zaman şütır, düşüncə, idrak
gözüylə yanaşmanın fərqli baxış
münasibətlərinin nədənliyini incələyir. O, mədəniyyət
tariximizin önəmli qaynaqlarından olan “Kitabi–Dədə
Qorqud”, “Şah İsmayıl”dastanlarına, eləcə də
dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl”
poemasına istinadən xalq inancına görə ana
maralın, ceyranın axirət dünyası ilə bu
dünya arasındakı əlaqələndirici rolunun özəl
xüsusiyyətlərini incələməklə
yanaşı görkəmli mifoloq alim M.Seyidovun marala olan xalq
inancı haqqında fikirlərini önə çəkməklə
xalq təfəkküründə qulağı haça
maralın ov qoruyucusu, əslində təbiətin
gücünü ifadə edən kutsal varlıq olması
anlayışı üzərində xüsusi olaraq
dayanır.
Monoqrafiyada
xalqımızın nağıl qəhrəmanlarından olan
Zümrüd, Humay, Simurq quşları haqqında xalq ədəbiyyatında
xüsusi əhəmiyyət kəsb edən rəvayətlər
üzərində ətraflı dayanır, qaynaqlara istinadən
qeyd edir ki, Kaşğarlı Mahmud Simruq adıyla verdiyi
quşun ərəb mənbələrində Enka adı
alması onu çox böyük güc sahibi olaraq daha əzəmətli
şəkildə göz önünə gətirir. Haqlı
müşahidədir ki, Şərq xalqları əfsanələrində
Simurq, Zümrüd və ya səməndər quşu
adlarıyla tanınan canlılar eyni zamanda günəşlə
sıx əlaqəli şəkildə qəbul olunur,
işıq–günəş–ay kimi xeyirxahlıq,
yaxşılıq təmsilçisi hesab edilir. Monoqrafiyada
Humay quşunun şahlıq quşu olaraq qəbul edilməsinin
kökləri qaynaqlar əsasında araşdırılır,
nəzərə çatdırılır ki,
Kaşğarlı Mahmudun “Divan”ına görə kim Humay
quşu əldə edə bilərsə, oğul övladı
dünyaya gətirəcəyinə şübhə yoxdur.
Əsərdə
dağın türk inanclar sistemində bəzən ata–baba, bəzən
də ana simvolu olaraq xalq təfəkküründə dərin
yer tutmasının milli–mənəvi düşüncədən
gələn özəllikləri geniş şəkildə
araşdırılır. Ağac kultu ilə ilgili qənaətlər
isə iki aspektdən – dünya modeli baxımından və əcdad,
şəcərə əlaqələri baxımından ortaya
qoyulur. Müəllif suyun xalq təfəkküründə
ölümsüzlük, əbədiyaşarlıq, təmizlik,
paklıq anlamında daha çox yer alması gerçəkliyini
də maraqlı araşdırmalar kontekstində diqqətə
çatdırır. Doğru olaraq vurğulayır ki, su
kulturun qədim türklərin inanclar sistemindəki yeri suyun
canlı və cansız aləmi bir araya gətirə bilməsi
reallığıyla bağlıdır.
Araşdırmada
türk etnik və mədəniyyət gəlişmələrində
fəal yer tutan Bozqurdun ulu əcdad olaraq qəbul edilməsi,
ilanın insan kimi danışa bilməsi, sehrli dünyanın
ifadəçisi olması, insana çevrilə bilməsi və
s. özəlliklərdən ətraflı bəhs olunur.
Bütövlükdə
türk mifologiyasının ortaq münasibət,
düşüncə tərzinin gəlimli bir mədəniyyət
hadisəsi olması qənaəti R.Əlizadənin “Türk
mifologiyasında kultlar” monoqrafiyasının ana xəttini təşkil
edir.
Sərvaz HÜSEYNOĞLU.
Respublika.- 2013.- 17 fevral.- S. 8.