ERMƏNİLƏRİN
AZƏRBAYCAN XALQINA QARŞI ƏRAZİ İDDİALARI,
SOYQIRIMLARI VƏ DEPORTASİYALAR
Dünyanın
fövqəlgüc dövlətlərinin himayəsi
altında olan “Şərq məsələsi”
və onun əsas tərkib hissəsi kimi “erməni məsələsi”nin
yaranmasından iki əsrdən artıq zaman keçsə də, siyasi–hərbi təzyiq
vasitəsi olaraq beynəlxalq münasibətlər sistemində öz
təsir gücünü saxlamaqda,
həm Türkiyə, həm də Azərbaycana yeni–yeni problemlər
doğurmaqdadır.
Hazırda
neoimperialist mövzuda
yazılan qərəzli yazılar və söylənilən riyakar fikirlər tarixi həqiqətlərə,
arxiv sənədlərinə deyil, müəyyən dairələrin
maraqlarına və zərərli ideologiyaların təbliğatına
əsaslanmışdır. Buna görə də “Şərq məsələsi”nin,
o cümlədən də “erməni məsələsi”nin
əsl mahiyyətini tarixi həqiqətlərə,
arxiv sənədlərinə əsasən
şərh etmək və beynəlxalq ictimaiyyətə
çatdırmaq Azərbaycan
tarixşünaslığının əsas vəzifələrindəndir.
Tarix elmləri doktoru
Ataxan Paşayevin “Ermənilərin
Azərbaycan xalqına qarşı ərazi iddiaları,
soyqırımları və deportasiyalar
(XIX–XX əsrlər)” adlı tədqiqatı bu
baxımdan çox əhəmiyyətlidir.
Kitab 20
ildən artıqdır ki, beynəlxalq
münasibətlər sisteminin gündəliyində
olan, lakin ikili standartlar və qərəzli
yanaşmalarla “tənzimləndirilməyə”
çalışılan Qarabağ probleminin, 20 Yanvar faciəsinin,
Xocalı soyqırımının, Azərbaycan ərazisinin
20 faizinin işğalının, bir milyondan artıq qaçqın–köçkün probleminin
əsl səbəblərini, bu hadisələr
zamanı törədilən vəhşilikləri, cinayətləri
ortaya qoymaqla
yanaşı, son Qarabağ
hadisələrinə qədər də Azərbaycana və azərbaycanlılara
qarşı törədilmiş soyqırım və
deportasiyaların real mənzərəsini
göstərmişdir.
Bu kitab “erməni məsələsi”lə
bağlı Azərbaycan həqiqətlərini yaymaq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini
təhrif edənlərə elmi ədəbiyyat
və arxiv sənədlərindən
istifadə etməklə tutarlı cavab
vermək baxımından təqdirəlayiqdir.
Mövzunun aktuallığını nəzərə
alaraq əsəri oxuculara
təqdim edirik.
Allahşükür
QURBANOV,
“Respublika”.
(əvvəli
12, 13, 15 və 16 fevral tarixli saylarımızda)
Bu məlumatdan
S.Şaumyanın bu işdə nə qədər rəzil rol
oynaması aydın görünür. Məktubda başkəsən
erməni daşnak cəlladları “əsl sülh göyərçinləri”,
müsəlmanlar isə qaniçən quldurlar kimi təsvir
olunur. Özü də Şaumyan Moskvanı qorxudurdu ki, Tiflis
və Yelizavetpolda öz yerlərini möhkəmləndirən
müsəlman millətçi partiyaları guya Bakıda da
“özlərini çox təcavüzkarcasına
aparırdılar… Əgər onlar Bakıda üstünlük
qazansaydılar, şəhər Azərbaycanın paytaxtı
elan edilərdi, bütün qeyri müsəlman ünsürləri
isə tərk–silah edib qırardılar”.
Öz
məktubunda o, həyasızcasına “Daşnaksütyun”a məxsus
olan hərbi hissələrin Bakıda azərbaycanlı əhalinin
qırılmasında iştirakına haqq qazandıraraq
yazırdı: “Milli hissələrin (yəni ermənilərin
– A.P.) iştirakı vətəndaş müharibəsinə
qismən milli qırğın xarakteri vermişdir. Müsəlman
yoxsulları böyük zərər çəkmiş, lakin
onlar indi bolşeviklərin və Sovetlərin ətrafında
daha sıx toplaşmışlar”.
Arxivlərdə
Bakı faciəsi ilə bağlı Fövqəladə Təhqiqat
Komissiyası tərəfindən toplanılmış
külli miqdarda sənəd və materiallar mühafizə
olunur. Onlardakı çoxlu faktlar və rəqəmlər
S.Şaumyanın Moskvaya yazdığını tamamilə təkzib
edir. Onun öz məktubunda göstərdiyi kimi, hər iki tərəfdən
cəmi 3 min nəfər deyil, böyük maddi ziyanla
yanaşı, azərbaycanlıların insan itkisi 11 min nəfərdən
çox idi.
Bu
qırğınlar zamanı bilavasitə həmin hadisələrin
şahidi olmuş, atasını və yaxın
qohumlarını itirmiş 19 yaşında yeniyetmə bir gənc
olan Məhəmməd Muradzadənin həmin hadisələri
qələmə alaraq 1919–cu ildə çap etdirdiyi “Mart
hadiseyi–əliməsi” kitabçasında gətirdiyi faktlar, məlumatlar
və həmin hadisələrə onun şəxsi münasibətləri
Şaumyanın yalanlarını bir daha ifşa edir. Ermənilər
tərəfindən əsir edilərək müxtəlif
kinoteatr binalarına doldurulmuş azərbaycanlı qocalar,
qadınlar və uşaqlar sülh elan olunduqdan sonra
küçələrdən keçirilərək evlərinə
aparılarkən həyətlərinin qapısında
dayanmış ermənilərin “Asma… Qafqaziyaya sahib oldunuzmu?”
deyən rişxəndlərinə münasibət bildirən
M.Muradzadə yazırdı: “Düşmənin bu növ tənələri
acı, fəqət doğru idi. Çalışmamaq nəticəsi
olaraq azlıq təşkil edən millətin bu gün vəhşi
qüvvələri qarşısında baş əyməyə
məcbur olmuşuq”.
Bakı
ilə yanaşı 1918–ci ilin mart–may aylarında ermənilər
Şamaxı və Quba şəhərləri və qəzalarının
kəndlərində, habelə Ərəş, Göyçay
qəzalarında və başqa yerlərdə azərbaycanlılara
qarşı qırğınlar törətmişlər.
ç)
Şamaxı qırğınları
Bakı
quberniyasında Bakı şəhərindən sonra ən
böyük qırğın Şamaxı şəhəri və
Şamaxı qəzasının kəndlərində törədilmişdir.
Maraqlıdır ki, həm Şamaxıda və həm də
sonralar Qubadakı qırğınları məhz Bakı
Kommunasının rəhbərləri S.Şaumyan və
G.Korqanovun Sovet hökuməti adından göndərdikləri
silahlı daşnak dəstələri həyata
keçirmişlər. S.Şaumyan 1918–ci il aprelin 13–də
V.Leninə göndərdiyi məktubda Şamaxıya artilleriya
və pulemyotları olan “yeni dəstələr” göndərildiyini
etiraf edirdi. Həmin dəstələrə S.Şaumyanın
yaxın silahdaşlarından və Bakı
qırğınlarının əsas təşkilatçılarından
biri olan daşnak S.Lalayan rəhbərlik edirdi.
Şamaxı
hadisələri barədə Fövqəladə Təhqiqat
Komissiyasının topladığı 7 cild və 925 vərəqdən
ibarət təhqiqat materialları (məruzələr,
şahidlərin və zərərçəkənlərin
dindirilmə protokolları, qəza və polis sahələri rəislərinin
məlumatları, dəymiş zərərlərin
hesablanması, öldürülənlərin və
yaralananların sayı barədə aktlar və s.) erməni vəhşiliyini
bir daha sübuta yetirir.
S.Şaumyanın
göstərişi və S.Lalayanın rəhbərliyi ilə
göndərilən silahlı daşnak dəstələrinin
məqsədi guya Şamaxı qəzasını quldur dəstələrdən
təmizləmək, qəzada anarxiyaya son qoyaraq ərazidə
təhlükəsizliyi bərpa etmək idi. Martın 15–də
dəstə Şamaxı şəhərinin yanından
keçərək Mədrəsə kəndinə gedəcəklərinə
söz verirlər. Həmin gün Şamaxı şəhərinin
yanından keçərkən şəhərin kənarında
öz evlərini qoruyan müsəlmanlar dəstənin şəhərə
hücum etdiyini güman edərək atəş
açırlar. Dəstə də cavab atəşi
açır. Tezliklə bütün şəhəri
atışma bürüyür. Nəticədə hər iki tərəfdən
tələfat olur. Lakin şəhərdəki hər
üç millətin (azərbaycanlı, erməni və rus)
nümayəndələri bir yerə yığılaraq and
içirlər ki, sülh şəraitində yaşayacaqlar və
qayda–qanunu pozmayacaqlar.
Bu
saziş barədə S.Şaumyanın göndərdiyi dəstənin
rəhbərlərinə məlumat verdikdə onlar bildirirlər
ki, “Müsəlman ruhaniləri erməni ruhaniləri ilə
barışa bilər, lakin erməni xalqı müsəlmanlarla
müharibə istəyir və bu işdə onları İngiltərə
müdafiə edəcək”.
Bu
razılaşmadan arxayınlaşan Şamaxı şəhərinin
azərbaycanlı əhalisi 1918–ci il martın 18–də sübh
çağı top atəşlərinin sədaları
altında yuxudan oyandılar. Şəhərin azərbaycanlılardan
ibarət olan aşağı hissəsi ermənilər və
malakanlar tərəfindən top və pulemyot atəşinə
tutulur. Ermənilər və malakanlar həmləyə
başladıqdan bir neçə saat sonra artıq şəhərin
azərbaycanlılar yaşayan bölməsinə daxil ola
bilirlər. Onlar bu hücum zamanı azərbaycanlıların
evlərini soyur, talan edir, yandırır və mülki əhalini
isə qəddarlıqla qətlə yetirirdilər. Fövqəladə
Təhqiqat Komissiyasının verdiyi məlumatda göstərilirdi
ki, ermənilər Şamaxı şəhərində bir
neçə min azərbaycanlını qətlə
yetirmişlər. Qətlə yetirilənlər arasında təkcə
Şamaxıda deyil, bütün Azərbaycanda
tanınmış nüfuzlu şəxslər və ictimai
xadimlər də var idi. Həmin şəxslər arasında
I Dövlət Dumasına Şamaxıdan deputat
seçilmiş Məmməd Əliyev, məşhur axund
Hacı Cəfərqulu və b. var idi. Komissiyanın məlumatında
bildirilirdi ki, “Şamaxı şəhərinin azərbaycanlı
əhalisinə vurulmuş zərər orta hesabla bir milyard
rubldan çox olmuşdur.
“Öldürüb
talamaq və talayıb öldürmək!” şüarından
ilham alan ermənilər Şamaxı şəhərində və
qəzasında dinc azərbaycanlı əhaliyə –
qadına, qocaya, uşağa, qəddarcasına divan tutmaqla azərbaycanlılara
qarşı milli intiqam və milli düşmənçilik
hissi ilə yanaşı həm də onların hesabına
var–dövlət əldə edib varlanmaq məqsədi
güdürdülər.
1919–cu
il iyulun 12–də Fövqəladə Təhqiqat Komissiyası
Şamaxı şəhərinin dağıdılması və
azərbaycanlı əhali üzərində zorakılıq
halları barədə komissiyanın üzvü A.Novatskinin məruzəsi
əsasında Şamaxı şəhərində törədilən
cinayətlərdə S.Lalayevlə yanaşı, əslən
Şamaxıdan olan və Bakı şəhərində
yaşayan Qavril Qaraoğlanovun, Arşak Gülbəndiyanın,
Mixail Arzumanovun, Armenak Martirosyanın və
başqalarının (cəmi 31 nəfər) Şamaxı
qırğınlarının başlıca caniləri
olduqları göstərilir. Qərarda qeyd olunurdu ki, bu canilər
ətraflarında bir neçə min daşnak qüvvələrini
toplayaraq top, pulemyot, tüfəng, tapança və xəncərlə
silahlanaraq bir neçə gündə bir neçə min dinc
azərbaycanlı əhalini – kişi, qadın və
uşağı qətlə yetirmişlər. Özü də
bu qətllər xüsusi qəddarlıqla həyata
keçirilmişdir. Ermənilər Şamaxı şəhərində
bir milyard rubldan yuxarı dəyəri olan əmlakı qarət
etmiş, şəhərin azərbaycanlılara məxsus
bütün evlərini yandıraraq məhv etmişlər.
Şəhərdə 13 məscid, o cümlədən
böyük tarixi abidə olan “Cümə məscidi” də
yandırılmışdı. Komissiya erməni vandalizminin
başlıca təşkilatçıları barədə
cinayət işi qaldıraraq onları məsuliyyətə cəlb
etməklə istintaq işinə başlamaq haqqında qərar
qəbul edir.
Şamaxı
şəhərində olduğu kimi Şamaxı qəzasının
azərbaycanlılar yaşayan 86 kəndi də ermənilər
tərəfindən dağıdılmış,
yandırılmış, əhalisi vəhşicəsinə qətlə
yetirilmişdi. Fövqəladə Təhqiqat Komissiyasının
üzvləri tərəfindən 53 kənd üçün
erməni vandallarının törətdikləri vəhşiliklər
barədə tərtib olunmuş aktlarda ayrı–ayrı kəndlər
üzrə ölənlərin sayı və dəymiş zərərlər
göstərilir.
Bu
aktlar əsasında apardığımız hesablamalara
görə, Şamaxı qəzasının 53 kəndində
ermənilər 8.027 nəfər azərbaycanlını qətlə
yetirmişlər ki, onlardan da 4.190 nəfəri kişi, 2.560 nəfəri
qadın və 1.277 nəfəri uşaqlar olmuşdur. Həmin
aktlardakı məlumatlara görə, ermənilər tərəfindən
bu kəndlərə vurulmuş maddi zərər o
dövrün qiymətləri ilə 339,5 milyon rubl olmuşdur.
d)
Quba qırğınları
S.Şaumyan
və G.Korqanovun Bakı quberniyasında böyük
dağıntılara və qırğınlara məruz
qoyduğu regionlardan biri də Quba qəzasının kəndləri
və Quba şəhəri olmuşdur. Fövqəladə Təhqiqat
Komissiyasının topladığı və 5 cilddə rəsmiləşdirilmiş
sənədlər arasında zərər çəkmişlərin
və şahidlərin dindirilmə protokolları,
komissiyanın üzvü A.Novatskinin və digər şəxslərin
hazırladığı məruzələr,
dağıdılmış və yandırılmış evlərə
baxış protokolları, aktlar, şəhərin ayrı–ayrı
ailələrinə və sakinlərinə dəymiş zərərin
miqdarı barədə siyahılar və s. var.
Fövqəladə
Təhqiqat Komissiyasının üzvü A.Novatski 1918–ci il
dekabrın 11–də S.Şaumyan və G.Korqanovun Sovet hökuməti
adından Amazapsın rəhbərliyi ilə göndərdiyi
daşnak ordusu tərəfindən dağıdılana qədər
şəhərin ümumi vəziyyəti barədə şəhər
rəisi Əlabbas bəy Əlibəyova sorğu göndərir.
Ə.Əlibəyov dekabrın 12–də sorğuya cavab olaraq
bildirirdi ki, Amazapsın quldur dəstələri Quba şəhərini
dağıdana qədər orada 20 min nəfərə
yaxın əhali və 10 minə yaxın ev olmuşdur. 1918–ci
il mayın 1–dən başlanan erməni
azğınlığı 9 gün davam etmişdi. Bu hadisələrə
qədər Qubada cəmi 500 nəfərə yaxın erməni
yaşayırmış. Əlabbas bəy öz izahatında
bildirirdi ki, mart ayında fikir verdim ki, çoxlu Quba ermənisi
özlərinin daşınan və daşınmaz əmlaklarını
sataraq çıxıb gedirlər. Bunun səbəbini
soruşduqda A.Melikov və Bağdasarov dedilər ki, “Sizinlə
bizim aramızda nə isə gözlənilir. Ona görə
komitə (Daşnaksütyun komitəsi – A.P.) bizi geri
çağırır”.
(davamı növbəti
saylarımızda)
Respublika.- 2013.- 17 fevral.- S. 6.