Həmyerlimizin sənət dünyası

 

Deyirlər, insanı doğulub boyabaşa çatdığı mühitbirzaman formalaşdırır. Lakin bir mühitdə yaşayıb fərqli bir dünyanın insanı olanlar da az deyil. Anar Eynini də əhatə edən mühit tam fərqli olsa da, balaca rəssam özünün qurduğu sirlisehirli rənglər dünyasının qoynunda böyüyürdü. O, 1973– ildə sadə, sənətkar mühəndis ailəsində dünyaya gəlib. Hələ kiçik yaşlarından rəsm çəkməyi xoşlayır, boş vaxtlarında gördüklərini, duyduqlarını alboma köçürürdü. Və bir də müxtəlif rəngli, irili–xırdalı daşları toplamağı çox sevirdi. Kim bilir, bəlkə də o vaxtlar daşlara olan sonsuz marağı gələcəkdə onun heykəltəraş olacağına bir işarə idi

Hələ uşaqlıqdan öz seçimini valideynlərindən gizlətsə də, günlərin birində çəkdiyi rəsmlər atasının əlinə keçir. Başqa bir sahənin mütəxəssisi olan ata oğlundakı fitri istedadı, sənətkarlıq cücərtilərini sezirbu istedadı üzə çıxarmağa, ona istiqamət verməyə çalışır. 10 yaşında ikən Anarı Y.Qaqarin adına Pionerlər evinin rəsm–heykəltəraşlıq dərnəyinə üzv yazdırır. Yerə–göyə sığmayan, çox böyük həvəslə məşğələlərə gedən və qısa müddət ərzində müəllimlərinin sevimlisinə çevrilən balaca Anar ilk olaraqAnalar günü” münasibətilə anasının büstünü yaradır. Elə Anarın sənətdə atdığı ilk kövrək addımlar da burdan başlanır…

Biləcəri qəsəbəsindəki 5 saylı dəmiryol orta məktəbini bitirdikdən sonra sənədlərini Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin heykəltaraşlıq fakültəsinə veriroxuduğu müddətdə müəllimlərindən seçdiyi sənətin incəliklərini öyrənməyə, öyrəndiklərini yaradıcılığına tətbiq etməyə səy göstərir. Az bir müddətdə müəllimlərinin etimadını qazanan Anar Eyni 4 il sonra buranı qırmızı diplomla bitirir. 1992–ci ildə isə sevibseçdiyi sənətini daha dərindən öyrənmək və sənətdə sözünü deyə bilmək üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinin heykəltəraşlıq fakültəsində təhsilini davam etdirir. Tələbəlik illərində yaradıcılıqla müntəzəm məşğul olan gənc rəssam bu illərdə birbirinin ardınca məktəb yoldaşının xatirəsinə həsr etdiyi “Abidə–heykəl”, “Atatürk, Gənclik və Demokratiya”, “Aliaddin Keykubat” və bu kimi onlarla heykəllər yaradır.

Bu günədək Ankara, Adana, Uşaq, Tarsus, Afyon, İzmir, Beyşəhər, Konya, Bolu kimi şəhər və qəsəbələrdə ucaldılmış “Osman Qazi”, “Dədə Qorqud”, “Bilgə Qağan”, “Əbülfəz Elçibəy”, “Zəfər abidəsi” və başqa monumental heykəl və büstlərin müəllifi olan Anar Eyni gecə–gündüz yorulmaq bilmədən çalışır. O, “hər bir xalqın tarixini onun heykəlləri üzərindən oxuya bilərsən” fikrinə əsaslanaraq yaratdığı hər bir əsərdə böyük türk xalqının qüdrətini, şanlı qəhrəmanlıq səhifələrini araşdırır, qəhrəmanlarının simasını, onların fərdi xüsusiyyətlərini, xarakterlərini dəqiqliklə verir. Rəssam əsərlərində mənsub olduğu xalqın adət–ənənələrini, mədəniyyətini və qəhrəmanlıq salnamələrini bütün dünyaya çatdırmağa çalışır. “Zəfər abidəsi” heykəltəraşın Mavərənnəhr sərhədlərindən Ağdəniz sahillərinə qədər olan sərhədləri öz sərhədlərinə qatmış, IV əsrdə fəth etdiyi torpaqlarda Türkİslam mədəniyyətinin şah əsərlərini inşa etmiş, Konyanı özünə mərkəz seçmiş Səlcuq imperatorluğununAnadolu Səlcuq dövlətinin qurucusu Kutalmışoğlu Süleyman Şahinin əziz xatirəsinə həsr etdiyi cahan dövlətinin qüdrətini əks etdirən sənət əsəridir.

Soyuq daşlardan yaratdığı hər bir əsərinə ürəyinin istiliyini verən Anar Eyni heykəltəraşlığı digər sənətlərdən fərqləndirərək deyir: “İnsanlar gündəlik həyatlarında bir çox şeyi görərək, iyləyərək, hiss edərək mənimsəyirlər. Biz heykəltəraşlar isə toxunaraq mənimsəyirik. Toxunmaq heykəldəki ən vacib hisslərdən biridir. Mən gözü qapalı halda, yalnız əllərimlə toxunaraq bir daşın mərmər olub–olmadığını tanıyıram. Bir sözlə, gözümə güvənmirəm, əllərimlə toxunduqdan sonra qəti qərar verirəm”.

Ətrafında baş verənlərə həssas yanaşan, daim üzərində çalışan, inkişaf edən Anar Eyni hər zaman sənət axtarışındadır. O, sənətdə atdığı hər bir addımında öz “mən”ini daha dolğun ifadə etmək üçün müxtəlif texnikalardan, bədii imkanlardan ustalıqla istifadə edir. Sənətində hər zaman yeniliyə, müasirliyə və ən əsası öz fikrinə əsaslanan heykəltəraş özünün dediyi kimi var olan obyekti yüngül dəyişdirərək bir–birindən maraqlı əsərlər yaratmışdır. Bu baxımdan Konya Mövlanə Muzeyindəki Mövləvi həyatını izah edən köhnə heykəlləri işləyərək Mövləvi heykəllərinin əllərini və üzlərini dəyişdirmiş, Konyada yaşayan insanların əlləri və üzlərindən qəlib götürərək Mövləvilik ruhunu əks etdirməyə çalışmışdır.

Ankarada, Konyada, Azərbaycanda və bir sıra xarici ölkələrdə sərgilədiyi 17 şəxsi sərgisindəki əsərlər nümayiş etdirdiyi dəyərli layihələr heykəltəraş Anar Eyninin sənətə baxışını, fikir və düşüncələrini əks etdirir.

Fəal, işgüzar, daim zamanla ayaqlaşan heykəltəraş zəngin yaradıcılığı ilə bərabər, pedaqoji fəaliyyətə də böyük önəm verir. Belə ki, o həm də Səlcuq Universitetinin Gözəl Sənətlər fakültəsinin heykəltəraşlıq şöbəsində müəllim işləyir. Dərs verdiyi yetirmələrinin uğuru ilə fəxr edən rəssam həm həyatda, həm də yaradıcılıqda onlara dəstək olur. O, tələbələrinə ənənəvi daş oymaçılığı təhsili vermək və onları xatirə heykəltəraşlığı, heykəl böyütmə texnikası ilə bilgiləndirməklə yanaşı, eyni zamanda, milləti, vətəni üçün yararlı bir insan yetişdirmək əzmi ilə çalışır.

Bu dünyanı anbaan, dəqiqəbədəqiqə arzularında yaşadan, böyüdən, rəngarəng sənət dünyasına çevirən Anarın arzuları, istəkləri bitib–tükənməzdir. Biz də həmyerlimizə addım–addım gəzdiyi bu sirlisehrli sənət dünyasını fəth etməyi arzulayırıq.

 

 

Mehparə ƏLİYEVA

 

Respublika.- 2013.- 19 fevral.- S. 7.