ERMƏNİLƏRİN
AZƏRBAYCAN XALQINA QARŞI ƏRAZİ İDDİALARI,
SOYQIRIMLARI VƏ DEPORTASİYALAR
Dünyanın
fövqəlgüc dövlətlərinin himayəsi
altında olan “Şərq məsələsi”
və onun əsas tərkib hissəsi kimi “erməni məsələsi”nin
yaranmasından iki əsrdən artıq zaman keçsə də, siyasi–hərbi təzyiq
vasitəsi olaraq beynəlxalq münasibətlər sistemində öz
təsir gücünü saxlamaqda,
həm Türkiyə, həm də Azərbaycana yeni–yeni problemlər
doğurmaqdadır.
Hazırda
neoimperialist mövzuda
yazılan qərəzli yazılar və söylənilən riyakar fikirlər tarixi həqiqətlərə,
arxiv sənədlərinə deyil, müəyyən dairələrin
maraqlarına və zərərli ideologiyaların təbliğatına
əsaslanmışdır. Buna görə də “Şərq məsələsi”nin,
o cümlədən də “erməni məsələsi”nin
əsl mahiyyətini tarixi həqiqətlərə,
arxiv sənədlərinə əsasən
şərh etmək və beynəlxalq ictimaiyyətə
çatdırmaq Azərbaycan
tarixşünaslığının əsas vəzifələrindəndir.
Tarix elmləri doktoru
Ataxan Paşayevin “Ermənilərin
Azərbaycan xalqına qarşı ərazi iddiaları,
soyqırımları və deportasiyalar
(XIX–XX əsrlər)” adlı tədqiqatı bu
baxımdan çox əhəmiyyətlidir.
Kitab 20
ildən artıqdır ki, beynəlxalq
münasibətlər sisteminin gündəliyində
olan, lakin ikili standartlar və qərəzli
yanaşmalarla “tənzimləndirilməyə”
çalışılan Qarabağ probleminin, 20 Yanvar faciəsinin,
Xocalı soyqırımının, Azərbaycan ərazisinin
20 faizinin işğalının, bir milyondan artıq qaçqın–köçkün probleminin
əsl səbəblərini, bu hadisələr
zamanı törədilən vəhşilikləri, cinayətləri
ortaya qoymaqla
yanaşı, son Qarabağ
hadisələrinə qədər də Azərbaycana və azərbaycanlılara
qarşı törədilmiş soyqırım və
deportasiyaların real mənzərəsini
göstərmişdir.
Bu kitab “erməni məsələsi”lə
bağlı Azərbaycan həqiqətlərini yaymaq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini
təhrif edənlərə elmi ədəbiyyat
və arxiv sənədlərindən
istifadə etməklə tutarlı cavab
vermək baxımından təqdirəlayiqdir.
Mövzunun aktuallığını nəzərə
alaraq əsəri oxuculara
təqdim edirik.
Allahşükür QURBANOV,
“Respublika”.
(əvvəli
12, 13, 15, 16 və 17 fevral tarixli saylarımızda)
Qubada
baş vermiş hadisələr, bu hadisələrin törədilməsində
Sovet hakimiyyəti adından ilk olaraq iştirak etmiş
gürcü David Qolovaninin, Quba şəhərinin nüfuzlu
şəxslərindən Hacı İsmayıl Orucovun və
şəhər rəisi Ə.Əlibəyovun Fövqəladə
Təhqiqat Komissiyasının üzvü A.Novatskiyə verdiyi
məlumatlardan aydın olur ki, ilk dəfə D.Qolovaninin rəhbərliyi
ilə Qubaya gəlmiş əksəriyyəti daşnaklardan
ibarət Bakı kommunasının silahlı dəstələri
Qubada Sovet hakimiyyəti quracaqlarını elan edirlər. Vəziyyətin
gərgin olduğunu hiss edən Quba şəhər əhalisi
buna razılıq verir.
Lakin
tezliklə dəstənin üzərinə ləzgilər və
ətraf kəndlərdən azərbaycanlılar hücum edirlər.
Vəziyyətin ağır olduğunu görən
poruçik Ağacanyanın dəstəsi Qubada bir yerə
topladığı erməniləri bəlkə də bilərəkdən
taleyin ümidinə buraxıb qaçırlar. D.Qolovani
yazırdı ki, Ağacanyanın toplayaraq taleyin ümidinə
buraxdığı ermənilərin bir hissəsini mənim dəstəm
çıxara bildi, bir hissəsi isə ləzgilər tərəfindən
məhv edildi.
D.Qolovaninin
dəstəsi Qubadan getdikdən bir neçə gün sonra
S.Şaumyanın göstərişi ilə G.Korqanov daşnak
Amazapsın komandanlığı altında 2 min nəfərdən
ibarət cəza dəstəsini Qubaya göndərir.
Quba
şəhər rəisi Ə.Əlibəyovun məlumatına
görə, 1918–ci il mayın 1–də üç istiqamətdə
şəhərə daxil olan Amazapsın dəstəsinin 4 top
və 8 pulemyotu var idi. Mayın 10–na qədər şəhərdə
azğınlıqlar edən Amazapsın dəstələri tərəfindən
təkcə birinci gün şəhərin aşağı
hissəsində 713 nəfər, ikinci gün isə 1.012 nəfər
azərbaycanlı öldürülmüşdü.
Amazapsın
hərəkətləri haqqında məlumat verən Ə.Əlibəyov
bildirmişdi ki, Amazaps şəhər məscidinin
yanındakı meydana gələrək bildirdi ki, “Mən əslən
Ərzurumdanam. Uzun müddət türklərlə
vuruşmuşam. Mən ermənilərin mənafelərinin
müdafiəçisiyəm. Mən Sovet hökuməti tərəfindən
cəza dəstəsi ilə göndərilmişəm ki, iki
həftə əvvəl burada öldürülmüş ermənilərin
qisasını alım. Sizin müsibətiniz o vaxt
başlayacaq ki, (o, əlini üzərində toplar
dayanmış dağa tutaraq) mən sabah o dağa qalxım.
Sabah mən o dağa qalxaraq şəhəri topa tutduracaq və
yerlə yeksan edəcəyəm”.
Beləliklə,
10 gün ərzində Amazapsın rəhbərliyi ilə
Sovet hökuməti adından S.Şaumyan və G.Korqanovun
göndərdiyi erməni cəza dəstələri
böyük vəhşiliklər törədir. Şəhər
rəisi Ə.Əlibəyovun məlumatına görə, 2
min nəfər öldürülmüş, ölüləri
dəfn edən mollanın məlumatına görə isə
o, 2.800 nəfərin cənazəsini torpağa
tapşırmışdı.
Təxmini
hesablamalara görə, Amazapsın quldur dəstəsi tərəfindən
təkcə Quba şəhərində oğurlanmış əmlak
4 milyon rubl nağd pul, 4,5 milyon rublluq brilyant, qızıl,
gümüş və digər qiymətli daş–qaş, 25 milyon
rublluq xalça və digər ev əşyaları
olmuşdur. Bundan əlavə, təkcə Quba şəhərində
105 ev və digər tikililərin tamamilə yandırılaraq
dağıdılması nəticəsində şəhər
əhalisinə vurulmuş maddi zərər 100 milyon rubldan
çox olmuşdur.
Amazapsın
Qubaya doğru hərəkət edən erməni hərbi hissələri
yol boyu Quba qəzası ərazisində 122 kəndi
dağıtmış və yandırmış, imkan tapıb
qaça bilməyən 60 nəfər kişi, qadın və
uşağı qətlə yetirmiş, 53 kişi
yaralanmışdı.
Quba
şəhər rəisi Ə.Əlibəyovun izahatında bu
qırğınlardan sonra Bakıya gedərək bolşeviklərin
rəhbərləri S.Şaumyan və A.Caparidze ilə
görüşərək onlarla danışıqları barədə
verdiyi məlumat da çox maraqlıdır. O, yazırdı
ki, Amazapsın dəstələrinin Qubada törətdikləri
vəhşiliklər barədə məlumat verdikdə
A.Caparidze bərk həyacanlandı, S.Şaumyan isə
üzündəki sevinc hissini gizlətməyərək məni
dinlədi və sərt şəkildə dedi: “Müsəlmanlar
(azərbaycanlılar – A.P.) və türklər yüz minlərlə
ermənini öldürüblər, indi nə olub ki, ermənilər
Qubada iki müsəlman öldürən kimi müsəlmanlar
şikayət edir və göz yaşı tökürlər”.
Fövqəladə
Təhqiqat Komissiyasının üzvü A.Novatskinin məruzəsində
“cəza dəstəsinin” rəhbəri Amazaps, müavini
Nikolay və komissarı Venutsla yanaşı, vaxtı ilə
Quba şəhəri sakinləri olmuş və bu
qırğında fəal iştirak etmiş ermənilər
barədə cinayət işi qaldırmaq, habelə bu işə
xeyir–dua vermiş S.Şaumyan və G.Korqanov haqqında isə
cinayət işinin öldükləri üçün xətm
olunması təklif olunur.
Təəssüflər
olsun ki, 1920–ci ilin aprel çevrilişi S.Lalayev kimi cəllad
Amazaps və onun cinayətkar daşnak məsləkdaşlarının
da törətdikləri cinayətlər cəzasız və
minlərlə azərbaycanlının qanı isə yerdə
qaldı.
e)
Qarabağ bölgəsində erməni vəhşilikləri.
1918–1920–ci
illərdə ermənilərin ən çox vəhşiliklər
törətdiyi Azərbaycan bölgələrindən biri də
Qarabağ bölgəsi olmuşdu. Hələ XIX əsrin əvvəllərində
ruslar tərəfindən bu ərazilərə
köçürülən ermənilər burada
türk–müsəlmanlara qarşı daimi hiylə və məkr
yuvası olan erməni məlikləri ilə birləşərək
xalqımıza qarşı əsl təhlükəyə
çevrilməkdə idilər. Ermənilərin “Kiçik
Ermənistan” adlandırdıqları Qarabağ torpaqlarına
açıq iddiaları və silahlı təcavüzü
Rusiyada fevral inqilabı və bolşeviklərin Oktyabr
çevrilişindən sonra xüsusilə qüvvətlənir.
Daşnak
partiyasının rəhbərliyi ilə ermənilərin
Qarabağın Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında
türk–müsəlmanlara qarşı törətdikləri vəhşiliklər
Azərbaycan Cümhuriyyəti hökumətinin
yaratdığı Fövqəladə Təhqiqat
Komissiyası tərəfindən geniş təhqiq
edilmişdir. Komissiya tərəfindən zərərçəkmişlərin
və şahidlərin ifadələri, dağıdılmış
yerlərə baxış protokolları, məruzələr,
həmin qəzaların polis idarələrində tərtib
olunmuş rəsmi sənədlər və s. kimi çoxlu məlumatlar
toplanmışdır.
N.Mixaylov
topladığı faktlar əsasında tərtib etdiyi məruzədə
göstərirdi ki, ermənilər bütün vasitələrdən
istifadə edərək silahlanırdılar. Cavanşir qəzasının
müsəlman əhalisi isə özlərinin tarixi
qonşuları olan ermənilərə çox sadəlövhlüklə
inanır və hər ehtimala qarşı onların hərəkətlərinin
başqa istiqamətə yönəldiləcəyini təsəvvürlərinə
belə gətirə bilmirdilər. Belə ki, Yevlax
stansiyası və Bərdə şose yolu üzərində
azərbaycanlılar tərəfindən ermənilərin bu
cür silah gətirmə halları dəfələrlə
aşkar edilmiş, lakin onlar buna “elə bir prinsipial əhəmiyyət
verməmişdilər”.
Rusiyada
bolşeviklərin 1917–ci ilin oktyabrında etdiyi dövlət
çevrilişindən sonra isə Yuxarı Qarabağda, erməni
kəndlərinə silah və sursat gətirilməsi
açıq şəkildə həyata keçirilirdi. 1917–ci
ilin dekabrından başlayaraq ermənilər müsəlmanlara
qarşı özlərinin düşmənçilik niyyətlərini
gizlətmir, onlara qarşı zor tətbiq etməyə
başlayırlar. Cavanşir qəzasının Kolanlı
icmasına daxil olan azərbaycanlı kəndlərinə
hücum edən ermənilər hələ dünyada
mövcud olmayan Ermənistan Respublikasına tabe olmağı tələb
edir və öz dövlətləri üçün onlardan
zorla vergi yığırdılar.
Fövqəladə
Təhqiqat Komissiyasının topladığı materiallarda
göstərilirdi ki, Cavanşir qəzası Milli Müsəlman
Şurasının üzvləri dəfələrlə ermənilərin
yanına barışıq üçün nümayəndə
heyəti göndərmişdi. Nümayəndə heyətinin
üzvlərindən biri – Məşədi Alış İsmayılov
Fövqəladə Təhqiqat Komissiyasının üzvlərinə
bildirmişdi ki, hər dəfə ermənilər heyət
üzvlərini hədələyir, qorxudur və təhqir
edirdilər. Marağa erməni kənd icmasının kəndxudası
Nerses Manukov bizi hədələyərək demişdi: “Bu hələ
harasıdır, siz bir dayanın, görün, hələ sizi
nələr gözləyir”.
Şahid
İsgəndərov bildirirdi ki, ermənilərin həyasızlığı
o yerə çatmışdı ki, onlar dəstələrlə
müsəlmanlar yaşayan ərazilərə gələrək
onların mal–heyvanlarını yığıb aparır, ertəsi
gün isə Tərtər bazarında alver etməkdən
qalmayıb, həm də azərbaycanlılardan
apardıqları mal–qaranı yenidən onlara satmaqdan belə
çəkinmir və utanmırdılar.
Qarabağ
bölgəsində 1918 və 1919–cu ilin əvvəllərindən
ermənilərin təzyiqlərinə məruz qalan ərazidən
biri də Cəbrayıl qəzası idi. Bu qəza 12 azərbaycanlı
və 3 erməni kənd icmasından ibarət idi.
Qarabağın başqa qəzalarında olduğu kimi, Cəbrayıl
qəzasında da düzənlik hissədəki kəndlər
azərbaycanlı kəndləri idi. Ermənilər bilirdilər
ki, hücum etsələr layiqli cəzalarını alacaqlar.
Ona görə də onlar dağətəyi azərbaycanlı
kəndlərinə hücum edərək onlara daha çox zərər
yetirmişlər.
Maraqlıdır
ki, ermənilər Qarabağ bölgəsinin digər qəzalarında
vəhşiliklər törətdikləri bir zamanda Cəbrayıl
qəzasının düzənlik hissəsindəki müsəlman
əhalisi heç cür buna inanmaq istəmirdilər.
1918–ci
il dekabrın ilk günlərindən ermənilər qəzanın
müsəlman əhalisinə qarşı silahlı hücuma
başlayırlar. Bununla əlaqədar Cəbrayıl qəza
rəisi 1919–cu il fevralın 17–də Qarabağ general–qubernatoru
X.Sultanova yazırdı: “Qəzanın müsəlman əhalisi
bu cür hadisələri təəssüf hissi ilə
qarşılayaraq, heç bir fəal mübarizə yoluna
keçməyərək yalnız özlərini və öz
əmlaklarını erməni hücumlarından qorumaq
üçün müdafiə mövqeyi tutmuş və ermənilərə
qarşı heç bir qeyri–qanuni hərəkətə yol
verməmişlər. Buna sübutda odur ki, bu müddət ərzində
erməni kəndlərindən heç biri müsəlmanlar tərəfindən
zərər görməmişdir”.
1918–ci
ilin dekabrı və 1919–cu ilin əvvəllərində ermənilər
Cəbrayıl qəzasının azərbaycanlı kəndlərindən
Düdükçü, Aşıq Məlikli, Şıxlar,
Mülkədarlı, Dələnlər, Ağcakənd,
Dolanlar və Axulluya hücum edərək bu kəndlərin hər
birində eşidilməmiş vəhşiliklər törədir,
günahsız uşaq, qadın və qocaları qətl edir,
kəndləri qarət edərək yandırır, ev əşyalarını
və mal–qaranı daşıyıb aparırdılar.
Qarabağ
bölgəsində ermənilər tərəfindən ən
böyük ziyan görən bölgələrindən biri də
Şuşa şəhəri və Şuşa qəzasının
müsəlmanlar yaşayan kəndləri olmuşdur.
(davamı növbəti
saylarımızda)
Respublika.- 2013.- 19 fevral.- S. 5.