Bərdə: sosial–iqtisadi inkişafın yeni mərhələsi

 

Dahi Nizaminin doqquz əsr bundan əvvəl böyük məhəbbətlə tərənnüm etdiyi qədim diyar bu gün öz tarixinin daha şərəfli və daha maraqlı anlarını yaşayır. Bərdə, sözün əsl mənasında, günbəgün deyil, hər an dəyişir, gözəlləşir və inkişaf edir. Bərdəlilər ötən il oktyabrın 7–də Prezident İlham Əliyevin rayona səfərinin xoş təəssüratı altında qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə nail olmuşlar. 2012 –ci ilin sosial–iqtisadi inkişafının yekunlarına həsr edilmiş rayon icra hakimiyyəti başçısı yanında şuranın geniş tərkibdə yığıncağı keçirilmişdir. Yığıncaq iştirakçıları əvvəlcə icra hakimiyyəti binasının foyesində rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarından ibarət sərgi ilə tanış olmuş, sosial–iqtisadi inkişafı əks etdirən stendə baxmışlar.

 

Sonra rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin hesabat məruzəsi dinlənilmişdir. Hesabat məruzəsində qeyd olunmuşdur ki, regionların 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq ötən il rayonda geniş miqyaslı tikinti–quruculuq işləri həyata keçirilib. Belə ki, rayon mərkəzinin və kəndlərin müfəssəl plan əsasında yenidən qurulması, əhalini narahat edən sosial–iqtisadi problemlərin həlli ardıcıllıqla davam etdirilmişdir.

İl ərzində Heydər Əliyev prospekti Ağdam rayonu istiqamətində Əliyanlı kəndinədək və Yevlax şəhəri istiqamətində Cəyirli kəndinədək, Həzi Aslanov küçəsi Tərtər rayonu istiqamətində Zümürxan kəndinədək uzadılmış və yenidən qurulmuş, yaşıllıq sahələrinin salınması üçün yolun kənarlarındakı yarğanlar doldurulmuş, Zümürxan kəndinin girişində yolun kənarında geniş meydan yaradılmış və park salınmışdır. Cəyirli və Əliyanlı kəndi istiqamətində 2 kilometr piyada yolu tikilmiş və gecə işıqlandırılması verilmiş və burada yaşıllıq zolaqları salınmışdır. Həmçinin Uşaq xəstəxanası istiqamətində səkilərə 200 kvadratmetr tamet döşənmişdir. Heydər Əliyev prospekti boyunca rayonun kəndlərinə dönən yollarda abadlıq işləri aparılmış, yol ayrıcları asfaltlaşdırılmış, yaşıllıq zolaqları salınmış, gecə işıqlandırılması verilmişdir. Bərdə–Tərtər avtomobil yolu 1,5 kilometr məsafədə genişləndirilmiş, yolun kənarlarına 3000 poqonmetr bordür düzülmüş, 8400 kvadratmetr istinad divarları tikilmiş, istinad divarlarına 600 kvadratmetr aqlay və 800 kvadratmetr qaya daşından üzlük çəkilmış, Koroğlu küçəsində 300 kvadratmetr tamet döşənmişdir.

Sahəsi 0,6 hektar olan Bayraq meydanı, Nüşabə parkının, Səhəngbulağın tikintisi başa çatdırlmış və burada yaşıllıq sahələri salınmışdır. Bayraq meydanında hündürlüyü 70 metr olan Azərbaycan Bayrağı ucaldılmış, milli memarlıq üslubunda giriş qapısı tikilmiş, fontan inşa edilmişdir. Nüşabə parkında dahi Azərbaycan şairi Nizaminin böyük məhəbbətlə tərənnüm etdiyi Aranın hökmdar qadınının heykəli ucaldılmış, divarlara şairin “İsgəndərnamə” əsərindən tunc miniatür rəsmlər quraşdırılmış, ərazidə çay evi inşa edilmişdir. Əraziyə qranit və tamet üzlük çəkilmiş, yaşıllıq zolaqları salınmış, qiymətli dekorativ ağaclar əkilmiş, yaşıllıqlara xidmət etmək üçün suvarma sistemləri çəkilmiş, müasir gecə işıqlandırması verilmiş, parkda oturacaqlar və güldanlar qoyulmuşdur.

Sahəsi 2 hektar olan mərkəzi meydanın tikintisi başa çatdırılmış, meydanda 85 metr hündürlükdə Azərbaycan Bayrağı ucaldılmış, bayrağın ətrafı mərmərlə üzlənmiş, Azərbaycan gerbi quraşdırılmış və dövlət himni yazılmış, ulu öndər Heydər Əliyevin pannosu ucaldılmış və monitor quraşdırılmışdır. Burada 400 poqonmetr qranit və 130 poqonmetr dəmir–beton bordür, 500 kvadratmetr qranit və 12 min kvadratmetr tamet döşənmiş, 1200 kvadratmetr hasar hörülmüşdür. Ətrafdakı 2 mərtəbəli kommunal və 3 fərdi yaşayış evləri əsaslı təmir edilmiş, anfiteatr və fontan kompleksi tikilmişdir. Bundan başqa 1400 ədəd qiymətli dekorativ ağac və 8700 ədəd gül əkilmiş, yaşıllıqlara xidmət etmək üçün suvarma sistemi yaradılmışdır.

Qəhrəmanlar parkında yenidənqurma sahəsində işlər aparılmış, ərazidə ulu öndər Heydər Əliyevin pannosu ucaldılmış, ətrafdakı 5 mərtəbəli 4 ədəd kommunal binanın dam örtükləri yenidən qurulmuş, Tərtər çayının sağ sahilində 3 hektaradək ərazi abadlaşdırılmış, parkda 2 ədəd istirahət guşəsi quraşdırılmış, 10 mindən çox gül əkilmiş, oturacaqlar və güldanlar qoyulmuşdur. İl ərzində küçə və meydanların gecə işıqlandırılması üçün Heydər Əliyev prospekti boyunca Cəyirli kəndi ərazisində 60 ədəd, şəhərin daxilində 22 ədəd, A.Əhmədov küçəsində 9 ədəd, Heydər Əliyev prospektində, İsmət Qayıbov və Üzeyir Hacıbəyov küçələrində, Bərdə–Tərtər avtomobil yolu boyunca şəhərin çıxışında 116 ədəd gecə işıqlandırılması dirəkləri quraşdırılmış, 64 dirəyin yeri dəyişdirilmişdir. 43660 kvadratmetr əraziyə qazon, 40 kvadratmetr əraziyə isə yonca səpilmişdir. Hesabat dövründə məişət tullantılarının daşınması üçün 5 ədəd müasir texnika, 210 ədəd zibil qabı alınmış və şəhərin təmizliyi üçün tədbirlər görülmüşdür.

Rayonda aparılan tikinti–abadlıq işlərində 1 milyon 377 min ədəd mişar daşı, 1700 kvadratmetr qranit və 29500 kvadratmetr aqlay üzlük, 880 ton sement, 4650 kubmetr qum, 16500 poqonmetr armatur, 750 poqonmetr qranit və 33.5 min poqonmetr dəmir–beton bordür. 23,9 ton yağlı boya işlədilmiş, 37286 kvadratmetr küçələr asfaltlaşdırılmış, 81 min kvadratmetr hörgü və 25,5 min kv. suvaq işləri görülmüş, 30,5 min kubmetr torpaq daşınmış, 207 ədəd yeni işıqlandırma dirəyi basdırılmış, evlərin damlarına 32,3 min kvadratmetr müasir dam örtüyü vurulmuşdur.

Rayonun kəndlərində də abadlıq işləri davam etdirilmişdir. İnzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin köməyi ilə il ərzində 3,7 kilometr baş arxlar, 70,9 kilometr təsərrüfatdaxili arxlar və 1,8 kilometr drenlər lildən təmizlənmiş, 6,4 kilometr kəndlərarası, 204.2 kilometr kənddaxili yollar qum–çınqıl verilməklə cari təmir edilmiş, 24.3 kilometr təsərrüfatlararası yollar hamarlanmış, 68.35 kilometr yollar kol–kosdan təmizlənmiş, 14 kənddə 14.7 kilometr su xətləri çəkilmiş və bərpa edilmiş, 24 bulaq tikilmişdir. Mehdili və Otuzikilər kəndlərinin hər birində 1 ədəd su qülləsi quraşdırılmış, Lənbəran, Mirzalıbəyli, Yeni Əyricə və Çələbilər kəndlərində 5 körpü bərpa edilmiş, Dəymədağıldı, Kətəlparaq, Mirzalıbəyli, Şatırlı kəndlərində 4 su keçidi yenidən qurulmuşdur.

Rayonun ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması üçün Tağılar kəndində 6.5 kilometr, Güloğlular kəndində 8 kilometr uzunluğunda yol qum–çınqılla əsaslı təmir edilmiş, Lək kəndində küçələrə içməli su xətti çəkilmiş, Çəmənli kəndində içməli su üçün 1 ədəd subartezian quyusu vurulmuşdur.

2012–ci il ərzində rayonda yaşıllaşdırma işləri davam etdirilmiş, rayonda 554316 ədəd ağac və gül, o cümlədən 310 ədəd palma, 1200 ədəd xan çinarı, 70 ədəd cökə, 520 ədəd limon–tuya, 100 ədəd safora, 1280 ədəd lelandra, 1200 iventus, 750 ədəd yeddi gözəl, 5007 ədəd sərv və giparis kimi qiymətli ağaclar əkilmişdir. Yeni salınmış bütün yaşıllıq sahələrinə suvarma xətti çəkilmişdir və yaşıllıq sahələrinə aqrotexniki qaydada xidmət göstərilir.

İl ərzində Vergilər Nazirliyinin terminalı, pasport qeydiyyatı xidmətinin inzibati binası inşa olunmuş və istifadəyə verilmişdir. 360 şagird yerlik Soğanverdilər və Zümürxan kənd tam orta məktəbi üçün yeni və müasir binalar tikilmişdir. Bundan başqa gündəlik gücü 30 ton olan çörək zavodu, gündəlik gücü 15 ton olan ətkəsmə müəssisəsi, Qaradırnaq kəndində həkim məntəqəsi, Əmirli kəndində sahə baytarlıq məntəqəsi, Təhlə kəndində məcburi köçkünlər üçün 195 ailəlik qəsəbə, Maliyyə İdarəsinin inzibati binası tikilmiş və rayonun tikinti xəritəsini daha zəngin etmişdir. Uzun illərdən bəri istifadəsiz qalmış 528 min başlıq quşçuluq broyler fabriki yenidən qurulmuş, şəhər 6 saylı uşaq bağçası əsaslı təmir edilmişdir. Hazırda 1 saylı uşaq incəsənət məktəbinin, tutumu 2 min ton olan soyuducu anbarın, 220 şagird yerlik Mirzalıbəyli və 180 şagird yerlik Qurdlar kənd məktəblərinin, rayon təhsil şöbəsinin, Əmlak Komitəsinin rayon şöbəsinin inzibati binalarının tikintisi davam etdirilir. Həsənqaya kəndi ərazisində məcburi köçkünlər üçün 866 ailəlik qəsəbə salınır. Qədim və zəngin tarixi öz daşlarında, memarlıq üslubunda yaşadan, uzun illərdən bəri diqqətdən kənarda qalmış “Allah–Allah” türbəsinin bərpası bərdəlilər üçün gözəl töhfədir. Şəhəri sel sularından qorumaq üçün Tərtər çayının Bərdədən keçən hissəsində sahilbərkitmə işlərinə başlanmışdır.

Ötən dövrdə Qarabağ müharibəsi əlilləri üçün 36 mənzilli bina istifadəyə verilmişdir. Əhalinin sosial müdafiəsi mərkəzi, Dövlət Toxum Müfəttişliyi və Aqrokimya laboratoriyası, Ədliyyə Nazirliyinin regional şöbəsi üçün inzibati binaların, Gənclər mərkəzinin, qəza vəziyyətində olan Bərdə şəhər 7 saylı tam orta məktəbin, 4 kənd orta məktəbinin, rayon mədəniyyət sarayının, qəza vəziyyətində olan körpələr evi uşaq bağçaları üçün yeni binaların tikintisi, məktəblərin və körpələr evi – uşaq bağçalarının, rayonun tarixi abidələrinin bərpası, Bərdə şəhərinin içməli su və kanalizasiya və elektrik şəbəkəsinin yenidən qurulması, kənd yollarının asfaltlaşdırılması yaşayış məntəqələrinin qazlaşdırılması üçün ardıcıl tədbirlər görülmüşdür. Ümumiyyətlə, 2012–ci ildə Bərdədə bütün maliyyə mənbələri hesabına 48 milyon manatlıqdan çox tikinti, quruculuq və abadlıq işləri görülmüşdür. Bir sözlə, regional inkişafa dair Dövlət Proqramının ikinci mərhələsində nəzərdə tutulan əsas vəzifələr uğurla yerinə yetirilmişdir.

Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində il ərzində 2758 yeni iş yeri açılmışdır ki, bunun da 1052–si daimi iş yerləridir. Yeni açılmış iş yerlərindən 78–i yeni yaradılmış müəssisə və təşkilatlarda, 19–u mövcud müəssisə və təşkilatlarda, 955–i fiziki şəxslərdə, 1706–sı digər sahələrdədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayonumuza tarixi səfərindən sonra “Bərdə rayonunun sosial–iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 8 oktyabr 2012–ci il tarixdə sərəncam imzalamış və rayonun sosial–iqtisadi inkişafının sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2012–ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan rayonumuza ilkin olaraq 5 milyon manat vəsait ayırmışdır.

Ötən müddət ərzində möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə ayrılmış vəsait hesabına 8 ədəd kommunal binanın dam örtükləri və fasadları əsaslı təmir edilmiş, 0,5 kilometr uzunluqda M.Ə.Sabir küçəsi müasir memarlıq üslubunda yenidən tikilmiş, divarlar hörülərək aqlay və təbii qaya daşı ilə üzlənmiş, kommunikasiya xətləri yenidən qurulmuşdur. Hazırda İsmət Qayıbov küçəsi yenidən qurulur, rayon mərkəzində Heydər Əliyev parkı salınır.

Dövlət Proqramında nəzərdə tutulmuş vəzifələrin icrası nəticəsində rayonun infrastrukturu daha da inkişaf etmiş, bir sıra sosial–iqtisadi problemlər həll edilmişdir. Həyata keçirilmiş tədbirlər iqtisadiyyatın daha sürətlə inkişaf etməsinə münbit şərait yaratmışdır.

2012–ci ildə rayonda 234.0 milyon manat dəyərində ümumi məhsul, o cümlədən 9.9 milyon manat dəyərində sənaye, 110.8 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 48,3 milyon manat dəyərində tikinti–quraşdırma işləri görülmüşdür. 2011–ci ilə nisbətən 2012–ci ildə fiziki həcm indeksi ilə ümumi məhsul buraxılışının həcmi 17.8 faiz, sənaye məhsulu buraxılışı 9.1 faiz, kənd təsərrüfatı məhsulu buraxılışı 4.0 faiz, tikinti–quraşdırma işləri 91.9 faiz, nəqliyyatda məhsul buraxılışı 10.6 faiz, informasiya və rabitə xidmətində məhsul buraxılışı 5.5 faiz, ticarət xidmətlərində məhsul buraxılışı 12.7 faiz artmışdır.

Hesabat dövründə rayonun iqtisadiyyatının inkişafı üçün əsas fondlara 40.4 milyon manat və ya 2011–ci ildəkindən 32.1 faiz çox investisiya yönəldilmişdir.

Bu gün rayonun sosial–iqtisadi inkişafı sahəsində görülən işlər rayonun gələcək inkişafına, sakinlərin daha firəvan yaşamasına yönəlmişdir. Bazar iqtisadiyyatı yolu ilə inkişaf edən ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biridir. Dövlət tərəfindən verilən dəstək nəticəsində artıq ölkəmizdə sahibkarlar sinfi formalaşmışdır. Sahibkarlığın inkişafı üçün bütün istiqamətlərdə tək pəncərə metodu tətbiq olunmuşdur.

Rayonda sahibkarlığın inkişaf etdirilməsi üçün hər cür şərait yaradılmışdır. Dövlət tərəfindən göstərilən diqqət və qayğının artırılması, yeni iqtisadi münasibətlərin formalaşmasının daha da sürətləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi nəticəsində rayonda əvvəllər muzdla işləyən bir çox şəxsiər fiziki şəxs kimi fəaliyyət göstərməyə başlamışlar. 01 yanvar 2013–cü il tarixə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 2012–ci ilin müvafiq dövrünə nisbətən 21.3 faiz artaraq 6619 nəfər təşkil etmişdir.

Hesabat dövründə rayonda istehsal olunan sənaye məhsulunun 3.8 milyon manatı və ya ümumi məhsulun 31.7 faizi, kənd təsərrüfatı məhsulunun, tikintinin göstərilən nəqliyyat xidmətinin hamısı və ticarət xidmətinin 98.9 faizi qeyri— dövlət sektorunun payına düşür. Rayonda istehsal olunan ümumi məhsulun 96.6 faizi qeyri–dövlət sektorunda istehsal olunmuşdur.

Sahibkarlığın inkişaf etdirilməsi üçün rayonda fəalliyyət göstərən SKMF–nin müvəkkil olduğu kredit təşkilatları tərəfindən 2012–ci ildə 75 sahibkara 833.0 min manat güzəştli kredit verilmişdir. 2011–ci ilə nisbətən kredit alan hər sahibkara verilən kredtlərin həcmi 1.8 faiz artmışdır. Rayonda həyata keçirilən tədbirlərdə kompleksliyin təmin edilməsi, ərzaq təhlükəsizliyinin təmini başlıca məqsəd kimi diqqətmərkəzində saxlanılır. İl ərzində “Aqrolizinq” xəttilə rayona 297 baş cins mal–qara gətirilmişdir.

Təsərrüfatları yüksək keyfiyyətli toxumlarla təmin etmək məqsədilə ardıcıl işlər aparılmış, toxumların laborator analizdən keçirilməsi təmin edilmiş, istehsalçılara müvafiq tövsiyələr verilmişdir. İl ərzində 277 təsərrüfatlardan 13 növ adda məhsul üçün 440 nümunə götürülərək yoxlanılmış və müvafiq qərarlar qəbul edilmişdir. Həmçinin dövlət reyestrinə daxil olmayan və rayonlaşdırılmayan toxumların səpilməsi hallarının qarşısı alınmış, əkinlərdə abrobasiya işləri aparılmış, toxum saxlanılan anbarlar dezinfeksiya edilmişdir.

Cari ildə taxıl istehsalı sahəsində 10 toxumçuluq təsərrüfatı fəaliyyət göstərmiş, bu təsərrüfatlarda 2011–ci ildəkindən 324 hektar çox — 1150 hektar sahədə toxumluq, o cümlədən 242.5 hektar sahədə Etil reproduksiyalı toxum əkilmiş, rayonda 3667.6 ton, 2011–ci ildəkindən 1167.6 ton çox toxum istehsal olunmuşdur. İstehsal olunmuş 2915 ton 65 kiloqram toxumlara görə 216 min 709 manat subsidiya verilmişdir.

2013–cü ilin məhsulu üçün ilin sonuna 14763 hektar sahədə payızlıq taxıl, o cümlədən 11888 hektar sahədə buğda və 2875 hektar sahədə arpa, 4850 hektar sahədə təzə yonca, 1250 hektar sahədə soğan, 1250 hektar sahədə tərəvəz və digər bitkilər əkilmişdir.

“Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2008–ci il tarixli Sərəncamının icrası ilə əlaqədar istehsalçıların dəstəklənməsi üçün 2012–ci ildə 19743 nəfər istehsalçıya istifadə edilmiş yanacaq və motor yağlarına görə 49583 hektar sahəyə görə 1 milyon 983 min manat subsidiya verilmiş, 5536 istehsalçıya buğda əkininə görə 11115 hektar əkinə görə 444 min 600 manat subsidiya hesablanmış və yaxın günlərdə ödənilməsi təmin ediləcəkdir.

2011–ci ilə nisbətən dənli və dənli paxlalılar əkini 1015 hektar, o cümlədən buğda əkini 1027 hektar artmışdır. Belə ki, 54212 ton dənli və dənli paxlalılar, o cümlədən 49656 ton buğda, 3691 ton arpa istehsal edilmişdir. Bunlarla yanaşı rayonda 865 ton dən üçün qarğıdalı, 5221 ton pambıq, 14080 ton şəkər çuğunduru, 409 ton dən üçün günəbaxan, 2576 ton kartof, 27920 ton tərəvəz, 26610 ton bostan məhsulları, 7965 ton meyvə, 143426 ton yem istehsal edilmişdir.

Hər hektardan 34,1 sentner buğda, 34.4 sentner arpa, 28.7 sentner dən üçün qarğıdalı, 27.1 sentner pambıq, 350.3 sentner şəkər çuğunduru, 18.1 sentner dən üçün günəbaxan, 92.7 sentner kartof 100.3 sentner tərəvəz, 154.3 sentner bostan məhsulları, 48.8 sentner yonca götürülmüşdür.

İlin sonuna rayonda iribuynuzlu mal–qaranın baş sayı 84436 başa, o cümlədən ana inək və camışların sayı 39297 başa, qoyun və keçilərin baş sayı 134463 başa çatmış, 2011–ci ilə nisbətən iribuynuzlu mal–qaranın baş sayı 1 faiz, o cümlədən ana inək və camışların sayı 0.8 faiz qoyun və keçilərin baş sayı 1.6 faiz artmışdır.

Diri çəkidə 14550 ton ət, 51450 ton süd, 25,9 milyon ədəd yumurta, 410 ton yun istehsal edilmiş, ötən ilə nisbətən ət istehsalı 4,3 faiz, süd istehsalı 3,0faiz, yun istehsalı 2,5 faiz və yumurta istehsalı 3,1 faiz artmışdır.

Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004–cü il tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” əsasında rayonun Təhlə kəndində 195 ailəlik qəsəbə tikilib istifadəyə verilmiş, Həsənqaya kəndində 866 ailəlik qəsəbənin tikintisinə başlanmışdır. Məcburi köçkünlərin kompakt yaşadıqları ərazilərdə 5 ədəd yeni 100 kv–luq transformator, 4 ədəd subartezian quyusunun dərinlik nasosu, 8 kilometr elektrik naqili çəkilmiş, Qarabağ yaşayış massivində, Təhlə və Çəmənli kəndi ərazisində yaşayan sakinlərin evlərinə təbii qaz verilmiş, Kələntərli kəndi ərazisindəki qəsəbə hazırda qazlaşdırılır.

Əhalinin təbii qaza, elektrik enerjisinə və içməli suya olan tələbatının ödənilməsi üçün rayonda ardıcıl tədbirlər həyata keçirilir. 20 il bundan əvvəl su təminatı olmayan kücələrdə indi əhali kifayət qədər sudan istifadə edir. Əhaliyə təbii qaz verilməsi ötən il xeyli artmışdır.

Hazırda 14 kənd qazlaşdırılır, Qaradəmirçi kəndində yeni Avtomatik Qaz Paylayıcı stansiya tikilir. Son iki ildə həyata keçirilmiş tədbirlər nəticəsində 4699 ailəyə təbii qaz verilmiş, qaz abonentlərinin sayı 41.5 faiz artmışdır.

“Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən rayonun Soğanverdilər və Zümürxan kəndlərində 360 şagird yerlik tam orta məktəblər tikilmiş, Bərdə şəhər 6 saylı uşaq bağçası əsaslı təmir edilmiş, 220 şagird yerlik Mirzalıbəyli kənd tam orta məktəbinin və 180 yerlik Qullar kənd əsas məktəbin, rayon təhsil şöbəsinin inzibati binasının tikintisinə başlanmış, ümumtəhsil məktəblərinin həyətində 7 min ədəddən çox ağac və gül əkilmişdir.

Əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi, səhiyyənin maddi–texniki bazasının möhkəmləndirilməsi üçün işlər davam etdirilmişdir. Qaradırnaq kəndində həkim məntəqəsi tikilmiş, məntəqə müasir avadanlıq və inventarla təchiz edilmişdir.

Rayonda aparılan ideoloji işin leymotivini ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi təşkil edir. Heydər Əliyev Mərkəzi rayonun siyasi həyatında mühüm yer tutur. Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi üçün 25 nəfərdən ibarət yaradılmış işçi qrupu geniş ictimaiyyətin iştirakı ilə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı il ərzində 7 tədbir keçirmiş, ulu öndər Heydər Əliyevlə təmasda olan bərdəlilərin xatirələrini, fotoşəkilləri, qəzet səhifələrini, 1969–1982–ci illərdə rayonda nəşr edilən “Kommunizm yolu” (indiki “Bərdə”) qəzetini toplamış və ziyarətçilərə təqdim olunur. Eyni zamanda mərkəzdə kompyuter, rəsm və şahmat dərnəkləri fəaliyyət göstərir.

Üç min ilə yaxın yaşı olan Bərdə şəhərinində çoxlu tarixi abidələr mövcuddur. Təəssüf ki, onların bir çoxu uzun illər boyu baxımsızlıq üzündən öz ilkin görkəmini dəyişmişdir. Artıq qədim tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edən bu abidələrin bərpasına və yenidən qurulmasına başlanmışdır. Altıncı əsrə aid Torpaq qala və 1322–ci ildə inşa edilmiş Bərdə türbəsində işlər sürətlə davam etdirilir. Bölgədə analoqu olmayan yeni və müasir mədəniyyət sarayının inşasına başlanacaqdır. Bundan əlavə 16 hektar ərazini əhatə edən Heydər Əliyev parkının salınması da ən iri və mühüm lahiyələrdən hesab olunur. Cari ildə istifadəyə veriləcək bu möhtəşəm istirahət məkanı xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə böyük töhfə olacaqdır.

Hesabat yığıncağında qeyd olunmuşdur ki, rayonun yaşayış məntəqələrində aparılan tikinti–abadlıq işlərinə rayon icra hakimiyyəti başçısını ərazilər üzrə keçirdiyi səyyar qəbullar əsaslı şəkildə təsir göstərmişdir. Vətəndaşlarla öz yaşayış yerlərində keçirilən bu cür səmərəli görüş–qəbullarda əhalini daha çox narahat edən problemlər geniş təhlil olunur, onların həlli istiqamətində konkret tədbirlər həyata keçirilir. Ümumiyyətlə, hesabat ilində rayon icra hakimiyyəti başçısı aparatına 2045 vətəndaş müraciəti daxil olmuşdur ki, bu da əvvəlki ildəkindən 38 faiz azdır.

Hesabat yığıncağında çıxış edən Prezident Administrasiyasının məsul işçisi Pənah Cahangirov, Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Zahid Oruc diqqəti daha çox respublikamızın Prezidenti İlham Əliyevin fevralın 13–də regional inkişafa dair Dövlət Proqramının 4–cü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqindən irəli gələn vəzifələrə yönəltdilər.

Bərdəlilər bir daha Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi əmin etdilər ki, onlar həm quruculuq işlərində, həm də bütün ictimai–siyasi tədbirlərdə mütəşəkkillik nümayiş etdirəcək, ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsi üçün var qüvvələrini sərf edəcəklər.

 

 

Salman ALIOĞLU

 

Respublika.- 2013.- 19 fevral.- S. 3.