Göyçay: bütün
istiqamətlərdə sürətli inkişaf
Ucalıq
rəmzi olan çinarlar
vətəni Göyçayda son illər həyatın bütün
sahələrində sürətli inkişaf
gedir. Ölkəmiz müstəqillik qazanandan sonra iri təsərrüfat rayonu
olan bölgənin sosial–iqtisadi mənzərəsi tanınmaz dərəcədə
dəyişmişdir.
2012–ci ildə rayonun sosial–iqtisadi
inkişafının yekunları və 2013–cü
ildə qarşıda duran vəzifələr
barədə hesabat məruzəsində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı
Mənsur Məmmədov ətraflı məlumat vermişdir.
Rayon
rəhbəri bu münasibətlə keçirilən
yığıncaqda fərəh hissi ilə bildirmişdir ki,
yola saldığımız 2012–ci il respublikamızın
bütün bölgələrində olduğu kimi rayonumuzda
da sosial–iqtisadi inkişafın sürətləndirilməsi
istiqamətində bir sıra uğurlar əldə
edilmişdir.
Hesabat
ilində rayonda ümumi məhsul
buraxılışının həcmi 2011–ci ilə nisbətən
2,5 faiz artaraq 215,1 milyon manat olmuşdur.
2012–ci
ildə iqtisadi və sosial sahələrin inkişafı
üçün bütün maliyyə mənbələrindən
əsas kapitala 38,7 milyon manat və ya əvvəlki illə
müqayisədə 3 faiz çox investisiya yönəldilmişdir.
Tikinti–quraşdırma işlərində istifadə
edilmiş investisiyanın həcmi əvvəlki illə
müqayisədə 3,7 faiz artaraq 36,3 milyon manat olmuşdur.
İnvestisiyaların 89 faizi istehsal təyinatlı obyektlərin
tikintisində istifadə edilmişdir.
Rayonun
tikinti təşkilatları tərəfindən 13,1 milyon
manatlıq inşaat işləri görülmüşdür
ki, bu da 2011–ci illə müqayisədə 2,3 dəfə
çoxdur.
Hesabat dövründə rayonda aqrar bölmənin inkişafına xüsusi diqqət yetirilmişdir. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007–ci il 23 yanvar tarixli sərəncamı rayonda kənd təsərrüfatı bitkilərinin əkin sahələrinin genişlənməsinə və məhsul istehsalının artımına böyük təkan vermiş, 2012–ci ildə rayon üzrə istifadə etdikləri yanacaq və motor yağlarına görə, dövlət büdcəsinin vəsaiti hesabına 6777 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına 826,3 min manat yardım verilmişdir ki, bu da 2011–ci ilə nisbətən müvafiq olaraq 256 nəfər və 76,2 min manat çoxdur. Həmçinin 2013–cü ilin məhsulu üçün əkilmiş buğda əkinlərinə görə bu günlərdə 2424 nəfər istehsalçıya 287,3 min manat yardım verilmişdir.
Keçən il rayonda 35668 ton və ya 2011–ci ilə nisbətən 1504 ton çox taxıl istehsal edilmiş, orta məhsuldarlıq 1,2 faiz artaraq 24,8 sentnerə çatmışdır.
Meyvə istehsalı 65598 ton, tərəvəz istehsalı 27733 ton olmuşdur ki, bu da ötən ilə nisbətən müvafiq olaraq 6,2 faiz və 0,8 faiz çoxdur.
Rayonda quşçuluq sənayesi müəssisələrinin fəaliyyətinin canlandırılması üçün əməli tədbirlər görülmüş, 528 min başlıq broyler quşçuluq fabrikinin istehsal gücünün artırılması məqsədi ilə 2012–ci ildə fabrikin ərazisində 6 ədəd yeni istehsal sexi inşa edilmişdir. Bu məqsədlər üçün müəssisəyə 1,5 milyon manat investisiya qoyulmuşdur.
2012–ci ildə rayonun kənd təsərrüfatında ümumi məhsul istehsalının həcmi 2,7 faiz artaraq 91,4 milyon manata çatmışdır.
Hesabat dövründə rayon əhalisinin həyat səviyyəsi xeyli yaxşılaşmış, pərakəndə əmtəə dövriyyəsinin həcmi 8,8 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 12,2 faiz, əhalinin gəlirləri 7 faiz, adambaşına düşən gəlirlər 6 faiz, orta aylıq nominal əməkhaqqı 14,3 faiz artmışdır.
Ötən ilin ən mühüm sosial hadisələrindən biri də iyun ayından vətəndaşların SSR–i dövründən əmanət bankında qalmış əmanətlərinin qaytarılmasına başlanılması olmuşdur. İyun ayının 1–dən dekabr ayının 30–dək Kapital bankın rayon filialından 8300 əmanət hesabı üzrə 4174586 manatlıq ödəniş aparılmışdır.
Əhaliyə 639,9 min manatlıq rabitə və poçt xidmətləri göstərilmişdir ki, bu da 2011–ci ilə nisbətən 5 faiz çoxdur.
Əhaliyə göstərilən rabitə xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilmiş, analoji tipli avtomat telefon stansiyalarının rekonstruksiyası tam başa çatdırılmış, müasir rəqamsal tipli interneti dəstəkləyən elektron ATS–lərlə əvəz olunmuşdur.
Hesabat dövründə rayon əhalisinin təbii qaz ilə təchizatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər görülmüş, şəhərin küçələrində 18200 poqonmetr uzunluğunda müxtəlif diametrli istismar müddətini başa vurmuş qaz boruları yeniləri ilə əvəz olunmuşdur. İl ərzində rayonun 9 kəndində qazlaşdırma işləri aparılmış, Kürdəmiş və Türkmən kəndlərində qazlaşma işləri başa çatdırılmaqla, həmin kəndlərin əhalisinə 20 illik fasilədən sonra təbii qazın verilişi bərpa olunmuşdur.
Kənd yaşayış məntəqələrinin təbii qazla təminatının bərpa edilməsi işləri sürətləndirilməlidir. Hazırda rayonun 38 yaşayış məntəqəsində təbii qazdan istifadə edilmir. Sərf edilmiş elektrik enerjisinin və təbii qazın dəyərinin toplanmasında da gerilik mövcuddur. 2012–ci ildə rayon üzrə istehlak edilmiş təbii qazın və elektrik enerjisinin dəyərinin müvafiq olaraq 95,6 və 95,1 faizinin toplanması təmin edilmişdir. Təkcə yanvar ayında elektrik enerjisindən istifadə edən abonentlərin 35,4 faizi, təbii qazdan istifadə edənlərin 34,5 faizi ödənişlərə cəlb edilməmişdir.
Hesabat ilində şəhərin abadlaşdırılması və yaşıllaşdırılması, küçə və meydanların yenidən qurulması istiqamətində xeyli işlər görülmüşdür.
Şəhərin 11 küçəsində ümumi sahəsi 60,1 min kvadratmetr olan yeni asfalt örtüyü salınmış, bir sıra küçələrdə abadlıq işləri aparılmış, şəhərin mərkəzində bayraq meydanı inşa edilmişdir. M.Ə.Rəsulzadə və Heydər Əliyev prospektində çoxmənzilli yaşayış binalarının fasad hissələri müasir memarlıq üslubunda yenidən qurulmuş, dam örtükləri təzələnmişdir.
Şəhərin təmiz saxlanması, məişət tullantılarının vaxtında daşınması üçün müəyyən tədbirlər görülmüş, şəhərin mərkəzi küçələrinin təmiz saxlanılmasına nail olunmuşdur. Nazirlər Kabineti tərəfindən Kommunal Təsərrüfatı İdarəsinə məişət tullantılarının toplanması üçün iki ədəd xüsusi nəqliyyat vasitəsinin ayrılması şəhərin daha da təmiz saxlanmasına öz müsbət təsirini göstərmişdir. Şəhərdə aparılan abadlıq və yaşıllaşdırma işlərində rayonun idarə, müəssisə və təşkilatları, yerli icra və bələdiyyə orqanları yüksək mütəşəkkillik göstərmişlər. Mövcud yaşıllıqlara qulluq edilməsi və yeni yaşıllıqların salınması istiqamətində bir sıra tədbirlər görülmüş, ötən il rayon ərazisində 30 mindən artıq ağac və bəzək kolu əkilmişdir.
Ötən ilin fevral ayından başlayaraq Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşdirilən Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin ikinci mərhələsi həyata keçirilir. Bütün bunlarla yanaşı, əhalinin içməli su ilə təminatında problemlər qalmaqdadır. Dövlət Proqramında nəzərdə tutulmasına baxmayaraq, kəndlərin içməli su ilə təminatının yaxşılaşdırılması üçün lazımi tədbirlər görülməyib, içməli su mənbəyi olmayan kəndlərin təminatında ciddi problemlər qalmaqdadır.
Əlaqədar təşkilatlar şəhər təsərrüfatında işlərin qaydaya salınması, şəhərin ekoloji və sanitar vəziyyətinin yaxşılaşdırılması üçün öz işlərində ciddi dönüş yaratmalıdırlar.
RİH başçısı M.Məmmədov demişdir ki, “Azərbaycan Respublikası Regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nda 2012–ci il üçün Göyçay rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi sahəsində də müəyyən işlər görülmüşdür.
Yuxarı Şirvan kanalının Bığır kəndi ərazisindən keçən hissəsində inşa edilən 3 Mva gücü olan “Göyçay–1″ su elektrik stansiyasının tikintisi sürətlə aparılır.
Dövlət Proqramına müvafiq 2012–ci ildə Ləkçıplaq və Çərəkə kəndlərində 360 şagird yerlik, Ulaşlı–Şıxlı kəndində 220 şagird yerlik tam orta, Şəkili kəndində 80 şagird yerlik ümumi orta məktəblər inşa edilmiş, şəhər 12 saylı uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
2012–ci ildə fəaliyyətdə olan obyektlərin genişləndirilməsi və yenidən qurulması, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və görülmüş digər tədbirlər nəticəsində 712 daimi iş yeri açılmışdır. Bütövlükdə 2003–2012–ci illərdə rayonda 9274 yeni iş yeri açılmışdır ki, bunun da 7230–u və ya 78 faizi daimi iş yerləridir.
Ötən il rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət və digər humanitar sahələrin kollektivləri öz işlərini yüksək səviyyədə qurmağa səy göstərmişlər.
Ötən ildən təhsil sistemində buraxılış imtahanlarının keçirilməsində yeni təlimat qaydaları tətbiq edilməyə başlanılmış, 4 dəfə daxili sınaq imtahanları təşkil olunmuş, XI siniflər üzrə 1105 nəfər şagirddən 933 nəfəri müsbət qiymət almışdır.
Sənəd qəbulu komissiyasına 575 nəfər abituriyent sənəd vermiş, 343 nəfər ali məktəb tələbəsi adını qazanmış, 13 nəfər 600–dən, 43 nəfər isə 500–dən çox bal toplamışdır.
Test üsulu ilə qəbul imtahanları başlayandan bəri ən yüksək nəticə 2012–ci ildə olmuş, ali məktəblərə qəbulun sayı 36 nəfər artmışdır ki, bu da əvvəlki ilə nisbətən 11,7 faiz çoxdur.
Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2012–ci il tarixli 611 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2012–ci il tarixli 29 saylı qərarı ilə rayonda Tələbə Qəbulu Komissiyasının Göyçay rayon filialı yaradılmış və fəaliyyətə başlamışdır.
“Azərbaycan Respublikasında körpələr evinin, körpələr evi–uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011–ci il tarixli 11 saylı sərəncamına əsasən uşaq bağçaları Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilmişdir.
Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir.
Ötən il mərkəzi rayon xəstəxanasında əsaslı təmir işlərinə başlanılmış, Bioloji Təbabət Klinikasının rayon filialı fəaliyyətə başlamışdır.
2012–ci ildə rayonda xüsusilə təhlükəli infeksion xəstəliklər qeydə alınmamışdır. İl ərzində yoluxucu xəstəliklərə qarşı peyvəndlər vaxtında aparılmış, aprel ayında keçirilən “İmmunlaşdırma həftəsində” peyvənddən kənarda qalan 462 nəfər peyvəndə cəlb olunmuşdur. Nəticədə polimielit, difteriya, göy öskürək, qızılca, məxmərək, parotit, tetanus kimi xəstəliklər qeydə alınmamışdır.
Keçən ilin dekabr ayında “Sağlam həyat uğrunda” şüarı altında keçirilən səhiyyə aylığında yerlərdə həkim briqadaları tərəfindən keçirilən qəbullarda 23167 nəfər vətəndaş iştirak etmiş, xəstələr ambulator və stasionar müalicəyə cəlb edilmiş, ehtiyacı olanlar Bakı şəhərində xəstəxanalara müalicəyə göndərilmişlər.
Həmçinin Elmi Tədqiqat Kardiologiya və Hematologiya İnstitutunun əməkdaşları rayonda olmuş, 300 nəfərdən çox vətəndaşa xidmət göstərmişlər.
Hesabat dövründə rayon mədəniyyət və turizm şöbəsi tərəfindən əhaliyə göstərilən mədəni xidmətin yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Kitabxana–informasiya şəbəkəsinin təkmilləşdirilməsi məqsədilə fəaliyyətsiz filiallar ləğv edilmiş, Mərkəzi Kitabxanada “Kitabxana–biblioqrafiya proseslərinin avtomatlaşdırılması” və “İnformasiya–resurs” şöbələri yaradılmışdır.
2012–ci il rayon icra hakimiyyəti başçısının sərəncamı ilə “Kitabxanalar ili” elan edilmişdir. “Kitabxanalar ili”ndə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mərkəzi Kitabxanaya 7 dəst kompyuter hədiyyə etmişdir.
4 noyabr 2012–ci il tarixdə 20–dək xarici diplomatik korpusun nümayəndələrinin və yüzlərlə qonağın iştirakı ilə ənənəvi 7–ci nar bayramı festivalı keçirilmişdir.
Rayon gənclər və idman idarəsi öz fəaliyyətini genişləndirmiş, gənclər arasında aparılan işləri yaxşılaşdırmış, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan gəncliyi 2011–2015–ci illərdə Dövlət Proqramı” haqqında 6 aprel 2011–ci il tarixli sərəncamı dövlət gənclər siyasətinin yeni mərhələsinə çevrilməklə, ölkəmizdə, eləcə də rayonumuzda gənclər siyasətinin daha da inkişaf etdirilməsi, gənclərin işlə təmin olunması və digər sosial problemlərin həllində başlıca meyar olmuşdur.
Rayon üzrə 1 yaşadək olan uşaqların sayı 2011–ci ilə nisbətən 4 nəfər artmışdır. Lakin təəssüf ki, rayon icra hakimiyyəti başçısı aparatı mərkəzi rayon xəstəxanası ilə birgə əhaliyə xidmətlərin göstərilməsi, əhalinin sağlamlıq durumu və digər göstəriciləri əks etdirən statistik məlumatları vaxtaşırı təhlil etmirlər. Rayon ərazisində gigiyena tədbirlərinin və epidemiya əleyhinə işlərin həyata keçirilməsində, əhalinin sanitariya epidemioloji sağlamlığının təmin olunmasında, yoluxucu və qeyri–yoluxucu kütləvi xəstəliklərin profilaktikası sahəsində aparılan işin səviyyəsi də günün tələbləri səviyyəsində deyildir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2012–ci ilin sosial–iqtisadi inkişafının yekunlarına və 2013–cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş 15 yanvar 2012–ci il tarixli iclasındakı yekun nitqində 2013–cü ilin də ölkəmiz üçün uğurlu olacağına və hər bir dövlət məmurunun öz vətəninə və xalqına sədaqətlə xidmət edəcəyinə əminliyini vurğulamışdır, hamıdan fəallıq, fədakarlıq gözlədiyini bildirmişdir.
Məruzəçi demişdir ki, cənab Prezidentin bu sözləri hər birimizin məsuliyyətini bir daha artırır.
Göyçaylılar bundan sonra da
möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməklə,
bütün qüvvələri ölkə
başçısının müəyyən etdiyi sabitlik və inkişaf konsepsiyasının uğurla
həyata keçirilməsinə, rayonun
iqtisadiyyatının möhkəmləndirilməsinə,
əhalinin rifah halının daha da
yaxşılaşdırılmasına səfərbər edəcəklər.
Vəli İLYASOV
Respublika.- 2013.- 20 fevral.- S. 8.